Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1851/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum edilmiş şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri “Mərkəz” Hüquq Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 41-də pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi məhəllə 6, ev 19C-də pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1363/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X15, həmçinin digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadə) 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1363/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmə saxlanılmışdır. Məhkəmə hökmü ilə, həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona 10 (on) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın çəkilməsinin əvvəli onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 22 aprel 2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun ailə üzvləri haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onlar, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 12 aprel 2021-ci il tarixdən etibarən 21 aprel 2021-ci il tarixədək olan müddət ərzində ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 340.000 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu hədə-qorxu ilə telefonun “WhatsApp” proqramı vasitəsilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 21 aprel 2021-cu il tarixdə saat 18:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi və sonuncunun qohumu olmaqla əməliyyat-axtarış tədbirinə cəlb edilmiş Şahid1 DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ələ keçirərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanın yaxınlığında, cinayətin digər üzvü Təqsirləndirilən şəxs2 isə 22 aprel 2021-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi nömrəsiz evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-c tarixli hökmü ilə razı olmadığını bildirmişdir. Apellyasiya şikayətini onun əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun özünü qismən təqsirli bilməsi, həqiqətin aşkara çıxarılmasında təşəbbüs göstərməsi, himayəsində ağır xəstəsi olan atasının və qardaşının olması, həmçinin zərərçəkmiş şəxslə arasında olan barışığın olması nəzərə alınmamışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyasında birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X12 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-c tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin əməlinin Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 307-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə ədalətsiz, çox ağır və sərt cəza təyin edilmişdr. Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı heç bir əlaqəsi olmamış və onun cinayət törətməsinə dair heç bir sübut yoxdur. Hökmdən, həmçinin, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021ci tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Özü dəfələrlə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə dostluq münasibətləri olmuşdur və İntiqamın xahişi ilə çantanı götürmüşdür. Çantanın içində pulun olması, həmin pulun hədə-qorxu ilə tələb etmə nəticəsində əldə olunması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə bildirmişdir ki, Zərərçəkmiş şəxs heç vaxt telefonla zəng etməmiş və telefonun “WhatsApp” proqramı vasitəsilə hədə-qorxu ilə pul tələb etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə araşdırması zamanı bildirmişdir ki, “Huawei” markalı mobil telefonu ona Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci İl tarixdə səhər saatlarında vermişdir. Həmin telefonu çantanı verən adamın tanıması məqsədi ilə İntiqam ona vermişdir. Telefonda olan mesajlar barəsində məlumatı olmamışdır. Məhkəmədə digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 da oxşar ifadə vermişdir və Xudaverdinin mesajlar barəsində məlumatı olmadığını bildirmişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı bəraət verilməsi üçün əsasdır. Hökmdən, eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 digər müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-c tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə təyin edilmiş cəza hissəsində dəyişdirilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, sonuncuya cəza təyin edilən zaman cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza onun şəxsiyyətinə uyğun olmamış, cəza təyin edilən zaman azadlıqdan məhrumetmə ilə bağlı cəzanın təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hərdən iş olanda Bakı şəhərində yerləşən restoranlarda kababçı kimi də işləmiş, Təqsirləndirilən şəxs2 isə uzun illərdir tanımış sonuncu ilə dost münasibətində olmuşlar. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində İntiqam maddi vəziyyəti yaxşılaşdırmaq üçün yaxşı imkan olduğunu ona demişdir. O, nə imkan olduğunu dedikdə ona demişdir ki, tanınmış iş adamı və müğənni Ruhi xanımın sürücüsü Xanmirzə onun dostudur və sonuncunun özündən xəbərsiz Ruhi xanımın nömrəsini dedikdə eşidib yadında saxlamışdır. X10 yanında Ruhi xanımın özü və ailəsi barəsində bir sıra məlumatları danışmışdır. O, İntiqamdan bunun ona nə aidiyyətinin olduğunu soruşmuş, İntiqam Ruhi xanımın imkanlı adam və həyat yoldaşının isə tanınmış iş adamı olduğunu demişdir. Əgər həmin xanımın telefon nömrəsinə zəng edib mesaj yazıb hədə-qorxu gəlsələr o, istədikləri məbləği verəcəkdir, onun üçün bu məbləğ heçnədir. O, hansı formada hədə-qorxu gələ biləcəklərini soruşduqda, İntiqam xarici mobil operatora aid nömrə alıb Ruhi xanımla özü danışacağını demişdir. Onlar İntiqamla belə qərara gəlmişlər ki, Ruhi xanıma mesajlar yazıb guya ona aid rüsvayedici foto və videoları olduğunu deyib ondan 200.000 ABŞ dolları tələb etsinlər. Təxminən 12 aprel 2021-ci il tarixdən başlayaraq əsasən İntiqam olmaqla onlar müxtəlif formada Ruhi xanıma hədə-qorxu dolu Whatsapp vasitəsilə zənglər etməyə və smslər yazmağa başlamışlar. Onlar sosial şəbəkə vasitəsilə bu iş üçün + 1(650)649-15-02 telefon nömrəsi almış və Ruhi xanıma məxsus ***-***-**-** saylı telefon nömrəsinə mütəmadi olaraq Whatsapp vasitəsilə smslər yazmışlar. Onlar qərara gəlmişlər ki, nə pul ala bilsələr bərabər bölüşsünlər. 21 aprel 2021-ci il tarixdə İntiqam bu iş üçün aldığı Huawei markalı mobil telefonu içində yuxarıda qeyd etdiyi nömrə ilə birlikdə ona vermiş və artıq Ruhi xanıma gəldikləri hədə-qorxuların nəticə verdiyini, onun 100.000 ABŞ dolları pul verməyə hazır olduğunu bildirmişdir. O, səhər saat 08 radələrindən başlayaraq telefonla Ruhi xanımla, daha sonra pulu gətirib verəcək onun qohumu Müşfiq adlı şəxslə danışmışdır. Müşfiqlə danışıb görüşü saat 18:55 dəqiqədə Bakı şəhəri, Binəqədi şosesinə təyin elmişlər. Onlar İntiqamla hədə-qorxu gələrkən yalandan Ruhi xanıma demişlər ki, guya Ruhi xanımın onlarda olan rüsvayedici materiallarını bir ədəd yaddaş kartında saxlayırlar və pul verilən zaman həmin kartı da özlərinə təhvil verəcəklər. Danışılan saatda o, orada olmuşdur. İntiqam onunla getməmişdir. İntiqam onu şəhərdə gözləməli və iş bitdikdən sonra, yəni o, pulu aldıqdan sonra İntiqama zəng etməli idi. Ona Müşfiq adlı şəxs telefonla zəng etdikdə onlar bir-birini görüb tanımışdır. Müşfiqin əlində qəhvəyi rəngli çanta olmuşdur. O, Müşfiqə əlindəki yaddaş kartını vermiş, sonuncu da ona əlindəki çantanı vermişdir. O, açıb içinə baxan zaman içində ABŞ dolları pulun olduğunu görmüş, lakin pulun sayını bilməmişdir. O, bir qədər aralandıqdan sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmiş, o, öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişdilər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O, vəkillə söhbət etmiş ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ardınca ona və iştirakçılara Zərərçəkmiş şəxs şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilmişdir. Bundan sonra ona seriya nömrələri onlara məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs qohumu Şahid1 Edman oğlu tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. O, pulların ona verildiyini bildirib, əlində olan qəhvəyi rəngli kağız materiallı çantanı masanın üzərinə qoymuş və içindəki pul vəsaitini bir-bir çıxararaq təqdim etmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Honor" markalı mobil telefonunu və iki ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən “Huawei" markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Şəxsiyyət vəsiqələrinə baxış zamanı onlardan birinin özünə, digərinin isə Təqsirləndirilən şəxs2 aid olduğu müəyyən olunmuşdur. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi barədə sual olunduqda bildirmişdir ki, “Huawei” markalı mobil telefonu şəxsiyyət vəsiqəsini təqdim etdiyi Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə səhər saatlarında ona vermişdir. Həmin telefonda Zərərçəkmiş şəxs hədə-qorxu məzmunlu mesajların yazıldığı +1 (650) 649-1 502 mobil telefon nömrəsi olmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Ona əynində olan gödəkçəni çıxarıb ciblərini açmaq, həmçinin gödəkçənin və şalvarının ciblərini tam olaraq göstərmək, ayaqqabı larini çıxarmaq təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından heç nə aşkar edilməmişdir. Təqdim etdiyi mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Sonra təqdim etdiyi pul vəsaiti barədə sual olunmuşdur. O, danışığa əsasən ona 100.000 ABŞ dolları pul verilməli olduğunu, lakin Miişflq Abbasov tərəfindən ona verilən pulun dəqiq sayım bilmədiyini bildirmişdir. Təqdim etdiyi pul əskinasları əvəllcədən üzərinə “BMCMİ" yazıldığından süni işıq şüaları altında yoxlanılmış və əskinasların üzərindəki yazılar görünmüşdür. Təqdim olunan müxtəlif bağlamalardan bir neçə pul əskinası süni işıq altında yoxlanılmış və məlum olmuşdur ki, həmin pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış pul əskinaslarıdır. Sonra Şahid1 bir ədəd yaddaş kartını təqdim edərək bildirmişdir ki, ona içində pul vəsaiti olan çanta verdikdən sonra o, yaddaş kartını ona (Müşfiqə) vermişdir. O, Şahid1 dediklərini təsdiq etmiş və yaddaş kartının boş olduğunu, içində heç bir məlumatın olmadığını, sadəcə hədə-qorxu yolu ilə pul əldə etmək üçün kartdan bir üsul kimi istifadə etdiklərini bildirmişdir. Qeyd olunmaldır ki, təqsirləndirilən şəxs X3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkmiş, təqsirini etiraf etmişdir. Zərərçəkmiş şəxsin də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 evlidir və himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmçinin Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, onun barəsində şikayətlər daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 ailə üzvləri arasında, həm də yaşayış yerindən müsbət xarakterizə olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 bu günədək heç bir təhsilə yiyələnməmiş, 1-ci sinif üzrə ibtidai təhsil belə almamışdır. Hazırda o, mədə xorası xəstəliyindən, dil qüsurundan (kəkələmədən) əziyyət çəkir. Təqsirləndirilən şəxs1 fərdi əməklə məşğul olaraq restoranlarda kababçı kimi işləmişdir. X2 ümumi xəstəlikdən İ qrup əlil olduğundan ailənin yeganə gəlir yeri və dolanacaq mənbəyi Təqsirləndirilən şəxs1 qazancı olmuşdur. Onun azadlıqdan məhrum elmə cəzasına məhkum edilməsi həm ailəsində maddi çətinlik yaradacaq, həm də azyaşlı uşaqlarının psixologiyasına, gələcək təhsil, şəxsi və ailə həyatına mənfi təsir göstərəcəkdir. Göstərilən halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli, 1 (101 )-l303/21 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanı şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə əlavədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Ruhi Əliyevanı hələ ticarətlə məşğul olduğu mağazadan onun sabiq sürücü Xanızadə Gülməmmədov ilə olan münasibətlərinə görə tanımış, hətta bu tanışlıq vasitəsilə bir neçə dəfə onun tapşırıqlarını da icra etmişdir. X18 Federasiyasının Moskva şəhərində yaşayan İlham Rəhimlinin qeyri-rəsmi arvadı olduğunu və ondan 2 uşağının olmasını bildiyini, lakin onun Nəcəf adlı şəxslə də münasibətləri olmasını bildiyi üçün ona telefon zəngi edərək əri olduğu halda belə işlərlə məşğul olmamasını, əks halda bunu ərinə bildirəcəyini söyləmişdir. Ruhi Əliyeva isə ona bu məlumatları verən şəxsin adını ona bildirməsini nəyə ehtiyacı varsa onu təmin edəcəyini vəd etmişdir. O, böyrək xəstəsi olduğuna görə 20.000 manat pula ehtiyacı olduğunu buna ona bildirməklə ona 200.000 manat pul lazım olmasını söyləmişdir. Ruhi isə ona 100.000 manat pulu və həmin dəyərdə də qızıl verə biləcəyini desə də o qızıldan imtina edərək həmin məbləğdə pul ilə kifayətləndiyini bildirmişdir. Ruhi ona pulu verəcəyini vəd etdiyindən o, Ruhi onu tanımasın deyə dostu Təqsirləndirilən şəxs1 göstərilən ünvana gedərək Ruhinin verəcəyi pulu alıb gətirməsini tapşırmışdır. Həmin vaxtda dostu Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən yaxalanmışdır. Hədə qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhətini aşağıdakı əlamətləri özündə əks etdirir 1) özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunan əməl:2) belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə onların haqqında rüsvayedici məlumat yayınmaqla və ya onların əmlakın tələf etməklə hədələmə Hədə qorxu ilə tələb etmə cinayəti CM-nin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Ruhi Əliyevadan 200.000 manat pul istəməsi zamanı onun tələbi hədə qorxu ilə bağlı olmuş olsaydı sonuncunun ona pul əvəzinə təklif etdiyi 100.000 manat dəyərində qızıl-zinət əşyaları verməsi təklifini qəbul etmiş olardı. X20 hədə qorxu gəlməklə pul tələb etmədiyini real həqiqətdə Ruhinin törətdiyi qeyri etik hərəkətlərini ona bildirdiyini, Ruhinin isə həmin məlumatı verən şəxsin adını ona deməsi müqabilində pul təklif etməsini, xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan onun təklifini qəbul etməsini, bu təklifdən şirniklənərək ona lazım olan məbləğdən artıq miqdarda pul istədiyini bildirməsini söyləmişdir. Göstərilən cinayətdə isə Təqsirləndirilən şəxs2 tərəfindən Ruhi Əliyevadan heç bir tələb olmaması, o həmin fikirləri ona çatdırdıqdan sonra pulun verilməsini ona məhz zərərçəkmişin özü təklif etməsi hədə qorxu ilə tələb etməni istisna edir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini dəqiqləşdirərək, məhkum edilmiş şəxsin əməlini mübahisləndirmədiklərini, yalnız sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdiklərini bildirmişlər. Bu səbəbdən apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1303/21 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanı şərti olaraq tətbiq edilməsini, digər məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin də təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini dəqiqləşdirərək hazırkı halda onların Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən Həmin Məcəllənin 307-ci maddəsinə tövsif edilməsinə yox, sonuncuya tam bəraət verilməsini xahiş edirlər. Belə ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 182.3.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. O, sadəcə olaraq Zərərçəkmiş şəxs məlumatı vermək əvəzinə pul istəmiş və sonuncu ona həmin məbləği vermişdir. Bu səbəbdən məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraətin verilməsini, digər məhkum edilmiş şəxsin də apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı C.Əliyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərini düzgün olaraq Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi maddələri ilə tövsif edildiyini, sonunculara təyin olunmuş cəza həddinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın olmasını qeyd edərək verilmiş apellyasiya şikayətlərinin əsasız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlilərini və apellyasiya şikayətinə əlavədə əks olunmuş dəlilləri müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1363/2021 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və apelyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, hadisənin baş verməsini özündə əks etdirən sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, verilmiş apellyasiya şikayətlərində məhkum edilmiş şəxslərin müdafiəçilərinin əsaslandırdıqları halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən yalnız onların ifadələrinə deyil, həmin ifadələri təsdiq edən iş materiallarında olan digər mötəbər sübutlara istinad etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, iş materiallarına əlavə edilmiş videogörüntüyə və həmin videogörüntüyə baxış keçirilməsinə dair protokola, o cümlədən, qeyd olunan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərini düzgün olaraq Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tövsif etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X12 apellyasiya şikayəti verib müdafiə etdiyi şəxsin törətmiş olduğu əməlinin tövsifi mübahisələndirdiyi halda işə apellyasiya qaydasında baxılarkən qoşulan digər müdafiəçisi apellyasiya şikayətinə əlavə verib Təqsirləndirilən şəxs2 əməlində ümumiyyətlə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmamasına istinad etmişdir. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 əməlində hədə qorxu ilə tələb etmə cinayətinin tərkibinin olmamasını əsaslandırarkən sonuncunun X19 Federasiyasının Moskva şəhərində yaşayan İlham Rəhimlinin qeyri-rəsmi arvadı olduğunu və ondan 2 uşağının olmasını bildiyini, lakin onun Nəcəf adlı şəxslə də münasibətləri olmasını bildiyi üçün ona telefon zəngi edərək əri olduğu halda belə işlərlə məşğul olmamasını, əks halda bunu ərinə bildirəcəyini, Ruhi Əliyeva isə ona bu məlumatları verən şəxsin adını ona bildirəcəyi təqdirdə nəyə ehtiyacı varsa, onu təmin edəcəyini, Təqsirləndirilən şəxs2 böyrək xəstəsi olduğuna görə 20.000 manat pula ehtiyacı olduğunu və bunu R.Əliyevəya bildirməklə ona 200.000 manat pul lazım olmasını söylədiyini, Zərərçəkmiş şəxs isə ona 100.000 manat pulu və həmin dəyərdə də qızıl verə biləcəyini desə də o qızıldan imtina edərək həmin məbləğdə pul ilə kifayətləndiyini göstərsə də, məhkum edilmiş şəxsin həm ibtidai araşdırma dövründə həmdə birinci instansiya məhkəməsinə vermiş olduğu ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Ruhiyyənin şəxsi həyatından məlumatlı olmuşdur. Belə ki, onun Rusiya Federasiyasında yaşayan məşhur iş adamı ilə yaxın münasibətlərindən xəbərdar olmuşdur. Maddi çətinlik çəkdiyi üçün qərara almışdır ki, hədə-qorxu və şantaj yolu ilə Ruhiyyədən pul tələb etsin. Bu işdə ona köməkçi lazım olmuş və dostu Təqsirləndirilən şəxs1la görüşüb Ruhiyyə adlı qadına qarşı hədə-qorxu ilə pul tələb etməklə bağlı planı barədə məlumat vermiş, bu işdən 100.000 manat əldə edə biləcəklərini, pulu yarı böləcəklərini bildirmişdir. Xudaverdi də razılaşmışdır. Plana uyğun olaraq İnstaqram vasitəsi ilə ABŞ-ın mobil operatorlarına aid +1(650) ***-**** mobil nömrə alıb “Vatsap” ani mesajlaşma proqramında qeydiyyatdan keçmişdir. Bundan sonra 12 aprel 2021-ci il tarixdə “Vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə həmin nömrədən Ruhiyyənin ***-***-**-** nömrəsinə mesaj yazaraq, onun Rusiyadakı iş adamı ilə intim münasibətlərindən xəbəri olduğunu, əgər ona pul verməsə müəyyən adamların vasitəsi ilə həmin informasiyanı bütün Azərbaycana yaydıracağını bildirmişdir. Bundan sonra məsələnin hazır olduğunu görüb dostu Xudaverdiyə tapşırmışdır ki, özü Ruhiyyə ilə yazışıb pulu götürsün. Xudaverdi də yazışıb Binəqədi rayonu ərazisinə görüş təyin etmişdir. Bundan sonra o, öz evinə getmiş, Xudaverdi isə axşam vaxtlarında Ruhiyyə ilə görüşüb pulu götürməli olmuşdur. Həmçinin Xudaverdiyə boş istifadə olunmamış flaş kart vermişdir ki, Ruhiyyəyə göstərsin, guya orada rüsvayedici məlumatlar olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadələrində göstərdikləri xüsusatlarla da öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında olan DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X14 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 21 aprel 2021-ci il tarixdə saxlanılaraq Baş İdarəyə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən əməliyyat-axtarış tədbirində iştirak edən Şahid1 seriya və nömrələri götürülmüş 700 ədəd 100 ABŞ dollarlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Huawei” və bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Honor” markalı mobil telefon cihazlarına baxış keçirilən zaman digər iki mobil telefon cihazılarından fərqli olaraq “Huawei” markalı mobil telefon cihazının qabaq və arxa kameraları qala rəngli yapışqan lentlə bağlanmış vəziyyətdədir. Baxış keçirilən mobil telefon cihazlarında, menyu və daxil yaddaşlarlarında müxtəlif proqram, kontakt, foto və video faylları və digər məlumatlar olmuşdur. “Samsung” və “Honor” markalı mobil telefon cihazılarında cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməsə də, video kameraları bağlanmış vəziyyətdə olan “Huawei” markalı mobil telefonun “Foto qalereya” proqramının “ekran şəkilləri” papkasında “+994 50 807 7...” və “+994 50 807 77 77” abonenti ilə whatsapp proqramı vasitəsi ilə sms mətn yazışmalarının 78 ədəd fotoşəkillərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda şəxsi məlumatların yayması ilə bağlı hədə-qorxu məzmulu yazıların olması müəyyən edilmişdir. Həmin fotoşəkillər 20 ədəd A4 formatlı vərəqdə protokola əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 AR CM-nin 182.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi bir digəri ilə uzlaşan sübutlarla öz təsdiqini tapmışdır ki, belə olan halda onun əməlinin digər maddəyə tövsif edilməsi və ya əməlində ona istinad edilən cinayət tərkibinin olmamasından söhbət gedə bilməz. Digər tərəfdən müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin olmamasını əsaslandırarkən sonuncunun zərərçəkmiş şəxs Ruhi Əliyevadan 200.000 manat pul istəməsi zamanı onun tələbi hədə qorxu ilə bağlı olmuş olsaydı sonuncunun ona pul əvəzinə təklif etdiyi 100.000 manat dəyərində qızıl-zinət əşyaları verməsi təklifini qəbul etməsinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayət olmaqla özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir ki, hazırki halda da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxsdən 200.000 ABŞ dolları məbləğində nağd pulu “WhatsApp” proqramı vasitəsilə tələb etdiyi andan həmin cinayət başa çatmışdır və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsdən qızıl-zinət əşyaları verməsi təklifini qəbul edib-etməməsi şəxsin əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və müdafiəçinin apellyasiya şikayətində heç bir mötəbər əsasa söykənməyən dəliləri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhd kimi qiymətləndirilməlidir. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin AR Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsini, sonuncunun Təqsirləndirilən şəxs2 ilə dostluq münasibətləri olmasın və İntiqamın xahişi ilə çantanı götürməsini, çantanın içində pulun olmasından və həmin pulun hədə-qorxu ilə tələb edilməsi barədə heç bir məlumatın olmamasını, Zərərçəkmiş şəxs heç vaxt telefonla zəng etmədiyni və telefonun “WhatsApp” proqramı vasitəsilə hədə-qorxu ilə pul tələb etmədiyini, “Huawei” markalı mobil telefonu ona Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə səhər saatlarında verdiyini, həmin telefonu çantanı verən adamın tanıması məqsədi ilə İntiqam ona verdiyini, telefonda olan mesajlar barəsində məlumatı olmamasını bildirsə də, məhkum edilmiş şəxsin həm ibtidai araşdırma dövründə həmdə birinci instansiya məhkəməsinə vermiş olduğu ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmuşdur. O, onu uzun illərdir tanımışdır. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində İntiqam maddi vəziyyəti yaxşılaşdırmaq üçün yaxşı imkan olduğunu ona demişdir. O, nə imkan olduğunu dedikdə ona demişdir ki, tanınmış iş adamı və müğənni Ruhi xanımın sürücüsü Xanmirzə onun dostudur və sonuncunun özündən xəbərsiz Ruhi xanımın nömrəsini dedikdə eşidib yadında saxlamışdır. X10 yanında Ruhi xanımın özü və ailəsi barədə bir sıra məlumatları danışmışdır. O, İntiqamdan bunun onlara nə aidiyyəti olduğunu soruşmuş, İntiqam Ruhi xanımın imkanlı adam və həyat yoldaşının isə tanınmış iş adamı olduğunu demişdir. Əgər həmin xanımın telefon nömrəsinə zəng edib mesaj yazıb hədə-qorxu gəlsələr o, istədikləri məbləği verəcəkdir, onun üçün bu məbləğ heç nədir. O, hansı formada hədə-qorxu gələ biləcəklərini soruşduqda, İntiqam xarici mobil operatora aid nömrə alıb Ruhi xanımla özü danışacağını demişdir. Onlar İntiqamla belə qərara gəlmişlər ki, Ruhi xanıma mesajlar yazıb guya ona aid rüsvayedici foto və videoları olduğunu deyib ondan 200.000 ABŞ dolları pul tələb etsinlər. Təxminən 12 aprel 2021-ci il tarixdən başlayaraq əsasən İntiqam olmaqla onlar müxtəlif formada Ruhi xanıma hədəqorxu dolu Whatsapp vasitəsi ilə zənglər etməyə və smslər yazmağa başlamışlar. Onlar sosial şəbəkə vasitəsi ilə bu iş üçün +1(650) ***-**** telefon nömrəsi almış və Ruhi xanıma məxsus ***-***-**-** saylı telefon nömrəsinə mütəmadi olaraq Whatsapp vasitəsi smslər yazmışlar. Onlar qərara gəlmişlər ki, nə pul ala bilsələr bərabər bölüşsünlər. 21 aprel 2021-ci il tarixdə İntiqam bu iş üçün aldığı Huavei markalı mobil telefonu içində yuxarıda qeyd etdiyi nömrə ilə birlikdə ona vermiş və artıq Ruhi xanıma gəldikləri hədə-qorxuların nəticə verdiyini, onun 100.000 ABŞ dolları pul verməyə hazır olduğunu bildirmişdir. O, səhər saat 08 radələrindən başlayaraq telefonla Ruhi xanımla, daha sonra pulu gətirib verəcək onun qohumu Müşfiq adlı şəxslə danışmışdır. Müşfiqlə danışıb görüşü saat 18:55 dəqiqədə Bakı şəhəri Binəqədi şosesinə təyin etmişlər. Onlar İntiqamla hədə-qorxu gələrkən yalandan Ruhi xanıma demişlər ki, guya Ruhi xanımın onlarda olan rüsvayedici materiallarını bir ədəd yaddaş kartında saxlayırlar və pul verilən zaman həmin kartı da özlərinə təhvil verəcəklər. Danışılan saatda o, orada olmuşdur. İntiqam onunla getməmişdir. İntiqam onu şəhərdə gözləməli və iş bitdikdən sonra, yəni o, pulu aldıqdan sonra İntiqama zəng etməli idi. Ona Müşfiq adlı şəxs telefonla zəng etdikdə onlar bir-birini görüb tanımışdır. Müşfiqin əlində qəhvəyi rəngli çanta olmuşdur. O, Müşfiqə əlindəki yaddaş kartını vermiş, sonuncu da ona əlindəki çantanı vermişdir. O, açıb içinə baxan zaman içində ABŞ dolları pulun olduğunu görmüş, lakin pulun sayını bilməmişdir. O, bir qədər aralandıqdan sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin istər ibtidai araşdırma dövründə istərsə də birinci instansiya məhkəməsində, həmçinin işə apellyasiya qaydasında baxılarkən tərəfindən törədilmiş cinayəti etiraf etməsi (məhkəmə iclasında həm özü, həm də müdafiəçisi onun tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifini mübahisələndirmədiklərini, yalnız ona təyin edilmiş cəzanın dəyişdirilərək azadlıqdan məhrum etməklə bağlı olmayan cəza ilə əvəz olunmasını xahiş etmişlər) özü-özlüyündə Müdafiəçi2 apellyasiya şikayətində istinad etmiş olduğu dəlilərin əsasız olmasına dəlalət edir. Digər tərəfdən qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs heç vaxt telefonla zəng etməməsi, WhatsApp” proqramı vasitəsilə ilə yazışmaması, başqa sözlə desək, zərərçəkmiş şəxslə birbaşa əlaqədə olmaması, özlüyündə toplanmış sübutların məcmusu (yuxarıda sadalanmış) ilə cinayətlərin yuxarıda qeyd edildiyi kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında (Təqsirləndirilən şəxs1 faktiki iştirakı ilə) törədilməsinin təsdiq edildiyi şəraitdə, sonuncu tərəfindən ona istinad edilmiş cinayətin törədilməmiş olmasına və yaxud toplanmış sübutların mötəbərliyinə şübhə yaradan hal kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq həmin sübutlar əsasında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları əməlləri törətmələri barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə işin hallarını, məhkumların hər birinin şəxsiyyətini, Təqsirləndirilən şəxs1 münasibətdə cəzasını yüngülləşdirən hallar kimi əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 münasibətdə cəzasını yüngülləşdirən hallar kimi əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərər çəkmiş şəxslə barışmasını (faktiki olaraq apellyasiya şikayətində istinad olunmuş yüngülləşdirici halları hər iki məhkum edilmiş şəxsə münasibətdə nəzərə almaqla) və məhkum edilmiş şəxslərin cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə sonunculara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, verilmiş apellyasiya şikayətlərində əlavə yüngülləşdirici hallara istinad edilib məhkəmə kollegiyasından nəzərə alınması xahiş edilsə də, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın cəza təyin edildiyindən, həmin halların məhkəmənin hökmünün dəyişdirilməsi əsası olaraq hazırki halda çıxış etməsi mümkünsüzdür. Bundan başqa Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi xahiş etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Lakin məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq bildirir ki, Təqsirləndirilən şəxs1 cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir. Lakin məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs1 barəsində qeyd edilən halların heç biri aşkar edilməmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifindən asılı olmayaraq, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs1 şəxsiyyəti nəzərə alınaraq məhkəmə kollegiyası onun cəzasını real olaraq çəkmədən islah olunmayacağı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin hər birinə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin şəxsiyyətini, həmçinin, təyin edilən cəzanın məhkum edilmiş şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq sonunculara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1363/2021 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətləri və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1363/2021 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Qədim Babayev Əli Seyfəliyev
Məhkəmə qərarları › İş №1(103)-1851/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1851/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver