Məhkəmə qərarları › İş №1(103)-187/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-187/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-187/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bərdə şəhəri, Natəvan küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda çəkisi 4,956 qram və 4,150 qram olmaqla ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib sonradan ayrı-ayrı şəxslərə satıb gəlir əldə etmək məqsədilə üstündə saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 6-cı Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda çəkisi 4,956 qram və 4,150 qram olmaqla ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşməsini xahiş etmişdir. Apellyasiya şikayətində əməlinin tövsifi mübahisələndirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması nəzərə almamışdır. Belə ki, məhkum edilmiş şəxsin məhkumluğunun olmamasını, səmimi peşmanlığı və qadın olması kimi hallar nəzərə alınmalı və ona aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmə ilə bağlı dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin özünün qismən etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan : - Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 6-cı patrul bölüyünün əməkdaşıdır. xx.xx.2022-ci il tarixdə saat 20:00-da xidmət yoldaşları Şahid1 və Şahid3 ilə birlikdə onlara təhkim olunmuş ərazidə xidmətə başlamışlar. Həmin tarixdə saat 20:50-də onlar ünvan 4 ünvanın qarşısında avtopatrulla hərəkətdə olan zaman iki nəfər qadının özlərini şübhəli aparmasını görüb onlara yaxınlaşmışlar. Bu zaman həmin qadınlar həyəcanlanaraq uzaqlaşmaq istəmişlər. Onlar hər iki qadını saxlayıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və etdikləri qeyri-adekvat hərəkətlərin səbəbini soruşub şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin qadınlar heç bir sənəd təqdim etməmiş, aralarında nisbətən yaşlı olan qadın üzərində narkotik vasitə daşımasını etiraf etmişdir. Odur ki, həmin qadınları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə dəvət etmişlər. Yolda olarkən yaşlı qadın uzun müddətdir ki, narkotik vasitə qəbul etməsi barədə bildirmişdir. Polis bölməsində onların Təqsirləndirilən şəxs və onun qızı Şahid4 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin, həmçinin, dəvət edilmiş bir nəfər qadının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin və metamfetamin olmasını bildirmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və bir bükümün içərisində qəhvəyi rəngli kütlə, digər iki bükümün içərisində isə ağ rəngli kristallik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olmasını, şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən almasını və üzərində daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Tədbirin nəticələri ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. - Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. - Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Sonuncu uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, o, özü isə səhhətində yaranmış problemlərlə əlaqədar bir ildən çoxdur ki, narkotik vasitə qəbul edir. Buna görə də, hazırda övladları Bakı şəhərində qayınanası ilə birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anası Təqsirləndirilən şəxs müayinə olunmaq üçün Bakı şəhərinə gedəcəyini bildirmiş, o da uşaqlarını görmək üçün anası ilə birlikdə getməyə qərar vermişdir. Odur ki, xx.xx.2022ci il tarixdə günorta saatlarında onlar Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə çatdıqdan sonra o, qayınanasıgilə getmiş, anası isə müayinə olunmaq üçün getmişdir. Həmin gün axşam saatlarında anası qayınanasıgilə gəlmiş, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində onlar qayınanasıgillə sağollaşıb Bərdəyə qayıtmaq üçün yola düşmüşlər. Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi ilə piyada hərəkət edərkən özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə aparılmışlar. Yolda anası üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bunadək anasının üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsindən xəbəri olmamışdır. Polis bölməsində anası və o ayrı-ayrı xidməti otaqlara dəvət edilmişlər. Onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilsə də, heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. Sonradan polislər anasının üzərindən psixotrop maddə və narkotik vasitə aşkar edilməsini bildirmişlər. Saxlanılarkən və bölməyə aparılarkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisində olan narkotik vasitənin heroin, iki ədəd ağ rəngli polietilen bükümün içərisində olan psixotrop maddənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən 250 (iki yüz əlli) manata almasını bildirmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2436 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,956 qram və 4,150 qram, ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Azərbaycan Respublikası DİN-in Əlahiddə X11 əməkdaşlarının, bir nəfər qadın cinsindən olan dəvət edilmiş şəxsin və 22 saylı vəkil bürosunun müdafiəçisi Nofəl Əhmədovun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli, içərisində psixotrop maddə metamfetamin olan iki ədəd ağ rəngli bükümü təqdim edərək şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən 250 manata almasını bildirmişdir. - Ambulator-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsnm məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cəzanın aşağı həddə təyin edilməsi ilə bağlı dəlillərini, eləcə də bu barədə məhkum olunmuş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdiklərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancından 15 faiz tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 03 il şərti sınaq müddəti təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş, Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri hökmdən xaric edilərək qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 132-ci maddəsi tətbiq edilərək aylıq qazancından 15 faiz tutulmaqla 06 ay islah işləri cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq dərhal həbsdən azad edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il şərti sınaq müddətinin müstəqil icra edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə dəyişdirlərək 2 ilə endirilmiş sınaq müddəti xx.xx.2009-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən həmin tarixdə onun məhkumluğu ödənilmişdir Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cəzanın yüngülləşməsi xahiş edilsə də, apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs ifadəsində ittiham edildiyi əməli qismən qəbul edərək verilmiş ittihamla tam razılaşmamışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya icraatı zamanı “şantaj edilməsi” ilə bağlı dəlilini də qəbul etməyərək bunun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59, və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın məhkum olunmuş şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə uyğun azadlıqdan məhrumetmə cəzasını təyin etmiş və təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas yoxdur. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi ilə bağlı dəyişdirilməlidir. Belə ki, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4067 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X3 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi ilə bağlı dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X3 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar