Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1875/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Zöhrab oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 1(008)-58/2024 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim M.S.Zeynalov) 02 iyul 2024-cü il tarixli hökmü ilə, 14 avqust 1988-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etməyə bərabər tutularaq, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü üzrə cəzanın çəkilmiş 09 (doqquz) ay 02 (iki) gün hissəsi, 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutularaq, həmin cəza qəti cəza müddətinə hesablanmış və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündə nəzərə alınmış, 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə kimi, hazır ki, iş üzrə 31 may 2023-ci il tarixdən 01 iyun 2023-cü il tarixə kimi (saatlarla hesablanmaqla) şübhəli şəxs kimi tutulduğu 4 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 26 may 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0.763 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısınadək daşımış, 31 may 2023-cü il tarixdə, saat 11:00 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-in 12-ci PŞ-nə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0.763 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən, dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli hökmünü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edərkən əvvəlki hökm üzrə çəkilmiş cəzanı qəti cəza müddətinə düzgün hesablamamışdır. Belə ki, məhkəmə əvvəlki hökm, yəni Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsini düzgün hesablamamaqla 9 ay 2 gün müddət kimi qəbul edib qəti olaraq təyin etdiyi cəzadan çıxmışdır. Halbuki, Təqsirləndirilən şəxs ona əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən tutulduğu xx.xx.2024-cü il tarixədək olan müddəti yəni həmin cəzanın çəkilmiş hissəsi 10 ay 23 gün müddəti təşkil etdiyi halda, məhkəmə həmin müddəti əsassız olaraq qəti cəzadan çıxmamaqla cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya protestinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi2 apellyasiya protestinə etirazının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin olunmasına etiraz etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş apellyasiya protestini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protestinə münasibətdə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya protestini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: İlk növbədə, apellyasiya protestində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmü cinayət əməlinin hüquqi tövsifinə münasibətdə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası işdə olan məhkəmə sənədlərini nəzərdən keçirərək apellyasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, protestdə qeyd olunan xüsusatlar sözügedən hökmün dəyişdirilməsinə əsas verir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hasablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə cəzasının 10 ay 23 gün hissəsini çəkmiş və çəkilməmiş qalan cəza müddəti 2 il 1 ay 3 gün təşkil edir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi düzgün hesablanmamaqla 9 (doqquz) ay 2 (iki) gün müddət kimi qəbul edilmiş və təyin olunmuş qəti cəzadan çıxılmışdır. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı və hazırki iş üzrə axtarışla xx.xx.2024-cü il tarixdə tutulduğu nəzərə alınaraq onun cəzasının çəkilmiş hissəsinin 10 (on) ay 23 (iyirmi üç) gün müddət təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, apellyasiya protesti təmin edilməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-58/2024 saylı 02 iyul 2024-cü il tarixli hökmü dəyişdirilməli və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-576/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü üzrə çəkdiyi 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən olunan 05 (beş) ay 12 (on iki) gün müddət qəti cəza müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 399.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-58/2024 saylı 02 iyul 2024-cü il tarixli hökmü dəyişdirilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-576/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs çəkdiyi 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən olunmuş 05 (beş) ay 12 (on iki) gün müddət qəti cəza müddətinə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-576/2023 saylı 24 may 2023-cü hökmü üzrə X1 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-58/2024 saylı 02 iyul 2024-cü il tarixli hökmü üzrə 31 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1875/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1875/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver