Məhkəmə qərarları › İş №1(103)-1898/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1898/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1898/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 qızının, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Nigar Qədirli) xx xxxxx 1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq ona qəti cəza – 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 13 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə, ümumi təmiz çəkisi 0,692 qram narkotik vasitə heroini və 02 ədəd dərman kapsulunun tərkibində 0,6 qram preqabalin təsiredici maddəsi olan güclü təsir edici maddəni qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 2 ünvanına daşıyaraq narkotik vasitə heroinin bir hissəsini üzərində, qalan hissəsini isə güclü təsiredici maddə ilə birlikdə həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında 13 yanvar 2024-cü il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,248 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 14 yanvar 2024-cü il tarixdə saat 11:40 radələrində onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı sonuncunun yataq otağında pəncərənin qarşısında eynək qabının içərisindən 04 ədəd bükümdə üzərindən aşkar edilən narkotik vasitə ilə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram; 0,112 qram; 0,109 qram; 0,092 qram; ümumi təmiz çəkisi 0,444 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd blister kəsiyində 02 ədəd qəhvəyi/ağ rəngli dərman kapsulunun tərkibində ümumilikdə 0,6 qram preqabalin təsiredici maddəsi olan güclü təsiredici maddə və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun himayəsində bir azyaşlı övladının olmasını, atasının yataq xəstəsi olmasını, özünün ailənin tək gəlir gətirəni olmasını nəzərə almamışdır. Övladının psixoloji problemləri olduğundan fərdi psixoloqa ehtiyacı vardır. Övladının təhsil və səhiyyə xərcləri ödənilmir, borc yığılır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 240.1-ci maddəsi üzrə bəraət verilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və humanist qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 qızı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə əməlin hüquqi tövsifi mübahisələndirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi üzrə bəraət hökmünün çıxarılması xahiş edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı yalnış olaraq Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə tövsif edilməsi, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən 13 yanvar 2024-cü il tarixdə, saat 02:30-da ünvan 3 ünvanının qarşısında saxlanılarkən və üzərinə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş, şəxsi istifadəsi üçün üzərində daşımışdır. Lakin mənzilindən aşkar olunmuş narkotik vasitə və dərman preparatları ona məxsus olmamışdır. Mənzilə baxış keçirilərkən şokda olduğu və qorxduğu üçün narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, Taleh adlı şəxsi tanımır, qeyd olunan mobil nömrə ona məxsus olsa da, telefonunda aşkar olunan mesajlardan məlumatı yoxdur. Himayəsində bir azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlunun narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olmuşdur. Belə ki, oğlunun revmatizma xəstəliyi olmuş, onunla bağlı ağrıları olmuş və müalicə almışdır. Mənzilə baxış keçirilən günü polis əməkdaşlarına qapını o açmış, polis əməkdaşları mənzilə daxil olduqdan sonra otaqlara baxış keçirilmiş, Eminin otağına baxış keçirərkən onlardan biri onu dəhlizə çağırmış və baxışda iştirak etməsinə icazə verməmişdir. O, otağa daxil olanda artıq eynək qabının içərisindən narkotik vasitə aşkar olunduğunu görmüşdür. Həmçinin öz ifadəsinə əlavə olaraq bildirmişdir ki, bir neçə gün öncə rayondan oğlunun evinə gəlmiş, polis əməkdaşları evə baxış keçirmədən öncəki gün mənzili yığışdırmış, oğlunun otağını təmizləmişdir. Əgər oğlunun əşyalarının içəsirində narkotik vasitə olmuş olsaydı, o polis əməkdaşlarından öncə narkotik vasitə və dərman preparatlarını tapmış olardı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onun bir müddətdir ki, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuş, bu barədə anasına da məlumat vermişdir. Hadisə baş verən gün gecə saatlarında yuxudan oyanmış, Eminin evdə olmadığının şahidi olmuşdur. Daha sonra Emindən bir neçə gün məlumat ala bilməmiş, nəhayət Eminin polis əməkdaşları tərəfindən saxlanıldığı bəlli olmuşdur. Həmçinin qeyd etdi ki, yaşadıqları mənzildə pəncərənin qarşısında eynək qabı olmamış, yalnız onun özünə məxsus bir ədəd eynək qabını otaqdakı paltar şkafda saxlamışdır. Himayəsində bir azyaşlı xəstə uşağının olmasını və Emin Xasıyevin ailəyə qazanc gətirən yeganə şəxs olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı heroin olduğunu, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından “zakladka” yolu ilə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 13 yanvar 2024-cü il tarixli 3-16- 16/2-6/209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” möhür əksi, “..Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,248 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,248 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,198 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. Mobil telefona baxış keçirilməsi haqqında 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilərkən çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 15 yanvar 2024-cü il tarixli 3-16- 16/2-6/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 53 mənzil 45- də aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,112 qram, 0,109 qram, 0,092 qram, ümumi təmiz çəkiləri 0,444 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd blister kəsiyindəki 02 ədəd qəhvəyi/ağ rəngli dərman kapsulunun tərkibində ümumilikdə 0,6 qram preqabalin təsiredici maddəsi müəyyən edildi; üzərində “Metronidazol” yazısı olan 01 ədəd blisterdə ümumilikdə 09 ədəd ağ rəngli dərman tabletinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Elektron tərəzinin üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. – üzərində “Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 53 mənzil 45-də aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 04 ədəd bükümdə olan narkotik vasitə - heroin kütlələri ilə üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məxsus “Tədqiqat obyekti №60”, “Ekspert rəyi 6/209...13 yanvar 2024-cü il... Nizami RPİ TŞ...” və s. yazılar olan kağız paketdəki heoiun kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Zərfdə heroinin ümumi təmiz çəkisi 0,444 qram olub, 0,12 qramı tədqiqata sərf edilmiş, 0,324 qramı isə qalıq qalmış, paketdə heroinin qalıq təmiz çəkisi 0,198 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,148 qramı isə qalıq qalmış, preqabalin 02 kapsul olub, 01 kapsul tədqiqata sərf edilmiş, 01 kapsul qalıq qalmış, metronidazol 09 tablet olub, 01 tablet tədqiqata sərf edilmiş, 08 tablet qalıq isə qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 fevral 2024-cü il tarixli 1008 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş – ümumi təmiz çəkisi üzərindən aşkar edilmiş 0,248 qram və yaşadığı evdən aşkar edilmiş 0,444 qram narkotik vasitə heroin və 02 kapsul preqabalin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,472 qram narkotik vasitə heroin, 01 kapsul preqabalin, həmçinin 09 tablet metronidazol maddi sübut kimi tanınmadan ekspertiza tədqiqatından sonrakı qalıq 08 tablet metronidazol maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Nikah haqqında və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 25 fevral 2016-cı il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-258/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 53 nömrəli evin 45 nömrəli mənzili binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin qapısı döyüldükdən sonra qapı Təqsirləndirilən şəxs anası Şahid3 tərəfindən açılmışdır. Lakin o, baxışda iştirak etmək istəmədiyini bildirmişdir. Mənzil 3 otaqdan ibarətdir, dəhlizdə sağ tərəfdə Təqsirləndirilən şəxs yataq otağı vardır. Otağa daxil olduqda pəncərənin qarşısında bir ədəd qara rəngli eynək qabının içərisindən 04 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmiş, həmçinin 02 kapsulda pereqabalin dərman preparatı və pəncərənin qarşısında olan kapokanın içərisindən 01 listdə metrodipazol dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri iranlıdan əldə etdiyini, həmin narkotik vasitələri üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni zamanda əldə etdiyini, həmin narkotik vasitədən bir bükümünü üzərində götürdüyünü, 4 bükümünü isə evdə şəxsi istifadəsi üçün saxladığını, elektron tərəzənin də ona məxsus olduğunu və həmin tərəzi ilə aldığı narkotik vasitəni çəkdiyini, bununla da onu aldadıbaldatmamalarını, narkotik vasitənin az verilibverilmədiyini müəyyən etmək üçün çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 0,472 qram olan narkotik vasitə - heroin, 01 kapsul preqabalin və 08 tablet metronidazol, elektron tərəzi, 1 ədəd “Redmi” markalı mobil telefon və digər sübutlar məhkum edilmiş şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlaması, daşımasına dair ittihamı təsdiq edir, eyni zamanda Cinayət Məcəlləsinin 240.1-ci maddəsi üzrə bəraət verilməsinə əsaslar müəyyən etmir. Odur ki, məhkəmənin tövsiflə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi şəxsin əməlində ittiham olunduğu cinayət tərkibinin əlamətlərinin olmasının istintaq orqanı tərəfindən sübuta yetirilməsini düzgün olaraq təsdiq etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır və işin halları ilə ziddiyyət təşkil edir. Çünki işdə şəxsin cinayət əməlini törətməsinə dair təkzibedilməz sübutlar vardır. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri araşdırılarkən qeyd edilir ki, məhkum edilmiş şəxsin himayəsində bir azyaşlı övladının olması, atasının yataq xəstəsi olması, özünün ailənin tək gəlir gətirəni olması kimi dəlillər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün deyil, yalnız məsuliyyətin yüngülləşdirilməsi üçün nəzərə alına bilər. Bununla yanaşı, cinayət işi materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 eyni tələblə apellyasiya şikayəti vermiş və həmin şikayət üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1636/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı ilə məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 1(103)-1636/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş hallar Təqsirləndirilən şəxs barəsindəki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin qərarın preyudisial əhəmiyyəti nəzərə alındıqda məlum olur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri aidiyyəti məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, apellyasiya şikayətinin dəlilləri şəxsə Cinayət Məcəlləsinin 240.1-ci maddəsi üzrə bəraət verilməsi üçün, həmçinin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsas deyil və şikayətin formal mülahizələr əsasında verilməsi qənaətinə gəlməyə ciddi əsaslar var. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1(007)- 319/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-319/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar