Məhkəmə qərarları › İş №1(103)-1915/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1915/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1915/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi İsgəndər oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-194/2024 saylı, 03 iyul 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Babək Pənahov) 1(006)- 194/2024 saylı, 03 iyul 2024-cü il tarixli hökmü ilə xx.xx.1991-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin olunmuş cəza CM-in 70-ci maddəsinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, üzərinə vəzifələr qoyulmuşdur. Hökmlə, həmçinin, məhkəmə xərci, qətimkan tədbiri və maddi sübut məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı mağazasının qarşısında sonuncu ilə belə əşyalarının alqı-satıqısı barədə aralarında apardıqları söhbət əsnasında Zərərçəkmiş şəxs satışı ilə məşğul olduğu əşyaları aldığı qiymətdən ikiqat baha qiymətə sataraq insanları aldatmasını iddia etmiş, nəticədə yaranmış sözlü mübahisənin daha da böyüməməsi üçün ona mülayim şəkildə öz iradını bildirən Zərərçəkmiş şəxs işlətdiyi mağazada işçi kimi fəaliyyət göstərən X1 əhəmiyyət verməyərək daha sonra görüşüb münasibətlərinə aydınlıq gətirmək üçün təkidlə Şahid6 mobil telefon nömrəsini deməsini tələb etdiyi anda Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmədən ona irad tutmasını bəhanə edərək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə mübahisəyə ara verib həmin keçidin digər tərəfində yerləşən dükandan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını alaraq geri qayıtdıqdan sonra həmin bıçağı sağ əlində tutmaqla ictimai yer hesab edilən yeraltı keçiddə olan metronun sərnişinləri, orada işləyən və piyada hərəkət edən digər şəxslərin normal iş fəaliyyətinə və hərəkətinə mane olmaqla müxtəlif insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan kobud şəkildə uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə həmin bıçaqdan istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sol qoluna və üzünün sağ nahiyyəsinə bir neçə dəfə zərbə vurub sonuncuya sağ yanağın, orta sinirin posttravmatik neyropatiyası ilə müşayiət edilən sol bazu və sol saidin kəsilmiş yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sol saidin xətvari cızıqları ilə nəticələnən və sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilərək CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-nin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cəzanın olmaması qeyd edilən əməlin ictimai təhlükəliliyinin yüksək olduğunu göstərir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və X7 ilə mübahisə etdikdən sonra oradan uzaqlaşmış, lakin öz gücünü nümayiş etdirmək, sonuncularda vahimə yaratmaq üçün bıçaq götürərək yenidən geri qayıtmış, Ramin Osmanova səsləmiş, lakin sonuncu ona yaxınlaşmadığından xəsarət yetirə bilməmiş, həmin vaxt qarşısına keçən Əll Əliyevə həmin bıçaqla xəsaret yetirmiş, öz iradəsi ilə deyil, polis əməkdaşları tərəfindən saxlanıldığına görə xuliqanlıq hərəkətlərini davam etdirə bilməmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin ictimai qayda, əhalinin sağlamlığı, ümumilikdə dövlət və cəmiyyət üçün ciddi ictimai təhlükə törətməsinə dəlalət edir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edərkən sonuncunun islah olunmasına cavab verməyən nəticəyə gəlmiş və cinayətin törədilmə şəraitini yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında yaranmış münaqişəni öz təşəbbüsü ilə başlayaraq xuliqanlıq cinayətini özünün şəxsiyyətini üstün tutmaqla ictimai yer sayılan yeraltı keçiddə, ətrafda olan insanların narahatçılığına səbəb olan şəraitdə törətməsini, hadisə vaxtı bıçaqdan istifadə edərək təhlükəli davranmasını nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bıçaq alıb geri qayıtmasında məqsədi zərərçəkmiş şəxsdə yalnız qorxu yaratmaq olmamış, bıçaq alan zaman niyyəti xəsarət yetirmək olmuş, həmin bıçaqdan istifadə etməsi nəticəsində yaranmış xəsarətlərə görə hətta cərrahi işləm aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə almayaraq cəzanın şərti hesab edilməsini şərtləndirən arqumentləri hökmdə əsaslandırmamış və əsassız qənaətə gəlmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas hesab etməkdə tam haqsız olmuşdur. Belə ki, qeyd edilən hal törədilmiş əməlin ictimai təhlükəliliyini aradan qaldırmır və məhkumun cəmiyyətdən təcrid edilmədən islah edilməsi üçün yeterli deyildir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünü CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi İsgəndər oğlu verilmiş apellyasiya protestinin əsassız olduğundan təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, hökm Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. İttiham tərəfi məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə CM-in 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, habelə zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını CM-in 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzası təyin etmiş, sonuncunun cəza çəkmədən də islah oluna biləcəyi qənaətinə gəlmişdir. Bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-in 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cinayət əməli hadisələrin təsadüfi axarı zəminində baş verməmiş, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra yeraltı keçidin digər hissəsinə getmiş, ordan bıçaq alaraq geri qayıtmış, bıçaqla zərərçəkmiş şəxsə bir neçə nahiyədən (sağ yanaq, sol bazu, sol said və s) xəsarət yetirmişdir. Baş vermiş hadisələr ictimai yerdə baş vermiş, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydaları qərəzli surətdə pozulmuş, təqsirkarlar ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edilmiş, həmin hadisələri müşahidə etmiş şəxslər də bir sıra mənəvi və psixoloji sarsıntı keçirmişlər. Qeyd olunan hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini xarakterizə edən mühüm hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmuş, cəzasını ağırlaşdıran hallar olmamışdır. Lakin, cəzanı yüngülləşdirən halların olması öz-özlüyündə CM-in 70-ci maddəsinin tətbiq edilməli olması anlamına gəlməməlidir. Həmin yüngülləşdirici hallar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sankasiyasında nəzərdə tutulmuş yeganə cəza növü olan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdə təyininə əsas olmaqla eyni yüngülləşdirici halların yenidən sadalanaraq istinad etməklə cəzanın şərti tətbiq edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Bu qaydada, yəni CM-in 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı real olaraq çəkmədən və cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilən şəxsin islah olunması məqsədinə cavab verməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş şərti məhkum etmə isə cinayət qanunvericiliyində təsbit edilmiş cəzanın sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasını mümkünsüz etməklə, əksinə qeyd olunan cinayət hadisələrini müşahidə etmiş digər şəxslərdə, belə bir cinayət əməlini törətmiş şəxsin yekun etibarı ilə cəzasız qalması düşüncəsi yaratmaqla, sonuncularda zərərli sosial-psixoloji meyillərin və kriminogen xüsusiyyətlərin formalaşmasına yol aça bilər. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən təyin edilmiş cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməklə CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalı, o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 394, 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.1, 405.1.4, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-194/2024 saylı, 03 iyul 2024-cü il tarixli hökmü dəyişdirilsin. Hökmdən CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İsgəndər oğlunun həbsdə saxlanıldığı 08 (səkkiz) ay 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın üzərində qəti olaraq 01 (bir) il 03 (üç) 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar