Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1927/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızının, Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 1(101)-962/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Məhkəməsinin (sədrlik edən hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, X9 və X10 ibarət tərkibdə) 14 iyun 2024-cü il tarixli, 1(101)-962/2024 saylı hökmü ilə xx xxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu, Liman şəhəri, M.İbadov küçəsi, ev 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, ev 356/48-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 iyun 2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, xx.xx.2023- cü il tarixdə Bakı şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Mehdi adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 72,813 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni ümumi çəkisi 9,306 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 19,809 qram narkotik vasitə olan tiryəki Bakı şəhərində istintaqla müəyyən edilməmiş yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, daha sonra həmin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 356/48 nömrəli evinə daşıyıb gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 iyun 2023- cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:55-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 445/F nömrəli evin yaxınlığında saxlanılaraq 29 iyun 2023-cü il tarixdə saat 17:51-də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 356/48 nömrəli evin qonaq otağında tavanın müvafiq yerində gizlətdiyi əl çantasının və bir ədəd karton qutusunun içərisindən üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram olduğu müəyyən edilməklə, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 19,809 qram olan tünd qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 09 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,470 qram, 0,466 qram, 0,433 qram, 0,451 qram, 0,460 qram, 0,428 qram, 0,424 qram, 0,425 qram, 0,452 qram ümumi çəkisi 4,009 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr, 02 ədəd polietilen torbacıqda olan ümumilikdə 46 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385 qram, 0,107 qram, 0,089 qram, 0,088 qram, 0,082 qram, 0,091 qram, 0,315 qram, 0,279 qram, 0,120 qram, 0,278 qram, 0,083 qram, 0,268 qram, 0,290 qram, 0,084 qram, 0,094 qram, 0,109 qram, 0,380 qram, 0,352 qram, 0,097 qram, 0,408 qram, 0,112 qram, 0,303 qram, 0,095 qram, 0,256 qram, 0,091 qram, 0,107 qram, 0,362 qram, 0,267 qram, 0,404 qram, 0,092 qram, 0,243 qram, 0,123 qram, 0,253 qram, 0,364 qram, 0,400 qram, 0,104 qram, 0,097 qram, 0,097 qram, 0,103 qram, 0,284 qram, 0,078 qram, 0,387 qram, 0,082 qram, 0,098 qram, 0,405 qram, 0,100 qram olmaqla ümumi çəkisi 9,306 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çantanın içərisində 16 (on altı) ədəd ağ kağız bükülüdə ümumi çəkisi 4,54 qram, 10 (on) ədəd kağız bükülüdə (5 ədəd gümüşü, 5 ədəd qızılı rəngli) ümumi çəkisi 2,85 qram, 19 (on doqquz) ədəd qara rəngli kağız bükülüdə ümumi çəkisi 5,11 qram, 28 (iyirmi səkkiz) ədəd qırmızı rəngli kağız bükülüdə ümumi çəkisi 10,52 qram və 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqa təmiz çəkiləri 3,98 qram, 3,93 qram, 4,07 qram, 3,99 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 38,99 qram narkotik vasitə olan qurudulmuş marixuana, karton qutuda salfet kağızına bükülmüş təmiz çəkisi 33,823 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd siqaret formasında bükülmüş kağız bükülüdə tütün və təmiz çəkisi 0,970 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 1(101)-962/2024 saylı qərarı ilə CM-in 206.3.2-ci maddəsi hissədə cinayət təqibinə xitam verilmişdir. Hökmdən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmlə ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailəsinin sosial səviyyəsinin, öhdəliyində iki azyaşlı övladının olmasının, kirayədə yaşamasının, valideynlərinin xəstə və azyaşlı olmaqla himayəsində olmasının və onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin məzunu olmaqla ordu sıralarında uzun illər xidmətinin olmasının məhkəmə tərəfindən nəzərə alınmasını, ona təyin olunmuş cəzanın minimum həddə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X1 apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 1(101)- 962/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə müdafiə tərəfi onun cəzasının azaldılmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Apellyasiya şikayətində təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını bildirsə də, bunu təsdiq edəcək sənədi təqdim etməmiş, elektron məhkəm informasiya sistemindən şəxsin qohumluq məlumatlarına dair çıxarışdan isə təqsirləndirilən şəxsin himayəsində xx.xx.2010-cu il təvəllüdlü Abdinov Sinan adlı bir övladının olması müəyyən edilmiş, həmin hal isə birinci instansiya məhkəməsi tərəfindən artıq nəzərə alınmışdır. Şikayətdə göstərilən digər hallar CM-nin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalı olan hallarda göstərilməməklə nəzərə alınması imperativ olmamışdır. Həmin hallar CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən başqa hallar qismində nəzərə alına bilərdi ki, nəzərə alınsa belə qeyd edildiyi kimi Elvi Abdunova daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı məhkumda törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Məhkəməsinin Təqsirləndirilən şəxs 234.4.1 və 234.4.3 -cü maddələri ilə məhkum edilməsinə dair 14 iyun 2024-cü il tarixli, 1(101)-962/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə məhkum edilməsinə dair 14 iyun 2024-cü il tarixli, 1(101)-962/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1927/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1927/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver