Məhkəmə qərarları › İş №1(103)-1929/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1929/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1929/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1-ci yeni yaşayış massivi ev 7-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 28 dekabr 2023cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-489/2023 nömrəli, xx.xx.2023- cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-489/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus fermaya qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərələri, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 3735 manat olan 83 ədəd çuqun qabı, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik metal qapını,16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq olaraq oradan Zərərçəkmiş şəxs məxsus, bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan 01 ədəd metal qapını, qiyməti 250 manat olan 01ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastmas boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 270 manat olan 180 ədəd plastmas rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan bir ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna cəmi 19335 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək törətdiyi əməldən peşman olduğunu, islah və cəmiyyətə yenidən inteqrasiya olunmaq üçün üzərinə qoyulmuş bütün vəzifələri yerinə yetirdiyini, dəymiş ziyanın bir qismini ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, atasının 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etdiyini, yaşlı anasının tək kirayədə yaşadığını, özünün nişanlı olmaqla ailə həyatı qurmağı arzuladığını, atası və əmilərinin birinci Qarabağ müharibəsi veteranı, əmisi oğlunun isə ikinci Qarabağ qazisi olduğunu qeyd edib sadalananların nəzərə alınaraq ona təyin edilmiş cəzasının müddətinin azaldılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza müddətinin azaldılmasını, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirmir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 təyin edilən cəza məsələsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivini yaratmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə aldığını qeyd edərək ona azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olsa da, məhkəmə kollegiyasının qənaətinə görə ona daha az müddətə cəza təyin etməklə də islah olunması mümkündür. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı heç bir iddiası, şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını qeyd etmişdir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə olduğu təqdirdə məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən əlavə hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs2 şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf edərək peşman olmasını ilə yanaşı zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən əlavə hal kimi CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran halı da nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hökmlə müəyyən edilmiş həddən daha az müddətə (CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olmasına baxmayaraq, yuxarıda qeyd edilənlər məcmu halında nəzərə alındıqda, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın həddinin azaldılması məqsədəmüvafiq hesab edilə bilər. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-nin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə CM-in 66.5 və 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cəzanın hesablanması zamanı səhvə yol verərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(001)-489/2023 nömrəli və Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(060)-344/2023 nömrəli hökmləri ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə toplayıb, daha sonra CM-in 69.3cü maddəsinə əsasən tutulduğu müddətləri yekun təyin edilmiş cəzadan çıxmaq əvəzinə Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(060)-344/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 66.5-ci maddəsinə əsasən ümumiyyətlə toplamamış, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(001)-489/2023 nömrəli hökmü ilə təyin edilmiş cəzanın 66.5-ci maddəsinə əsasən toplanılması və eləcə də CM-in 69.3-cü maddəsinin tətbiq olunması hissəsində də səhvə yol vermişdir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-in 397.1, 397.2, 399.1.4, 399.1.5 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(003)-509/2023 nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 4 (dörd) aya endirilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(001)- 489/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(060)-344/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-489/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X2 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar