Məhkəmə qərarları › İş №1(103)-1954/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1954/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1954/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X8 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 1(101)-1082/2025 saylı hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim V.M.Seyidov, hakimlər K.Ç.Əliyev və N.A.İmanovadan ibarət tərkibdə) 01 sentyabr 2025-ci il tarixli hökmü ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək, 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində son cəza 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,484 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 30 sentyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 5 Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,484 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,315 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 27 noyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:20-də ünvan 3 ünvanın qarşısında ünvan 5 Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,315 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,730 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 11 yanvar 2024-cü il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 6 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayonu X13 küçəsi 52 saylı ünvanda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən 01 bükümdə təmiz çəkisi 4,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən, Müdafiəçi2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm tamamilə qərəzli olmaqla məhkəmə baxışında bilavasitə müəyyən edilmiş halların, faktların ciddi surətdə təhrif olunması, habelə iş üzrə əsas şahidlərin dindirilməməsi ilə çıxarıldığı üçün əsassız və qanunsuzdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs оğlunun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirsizliyi tam sübuta yetirilsə də, məhkəmə ona həmin maddə ilə bəraət vermək əvəzinə, hansı səbəbdənsə, digər sübutlarla aradan qaldırıla bilməyən şübhəli halları da onun zərərinə təfsir etməklə barəsində ittiham hökmü çıxarmaqla onu olduqca ağır cəzaya məhkum etmişdir. Hökm tamamailə əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçi apellyasiya şikayətinin dəlilləri qismində, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə və əlavə şahid qismində dindirilmiş X2 ifadəsinə istinad etmiş, həmçinin qeyd etmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirinin sübutu kimi, əməliyyat müvəkkili Şahid3 məhkəmədə verdiyi qeyri səmimi, işin faktiki hallarına zidd ifadəsini əsas götürmüşdür. Məhkəmə iclasında Müdafiəçi4, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin mənafeyinə aid hissədə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə cəzanın təyin edilməsi hissədə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin ittiham hökmü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi hissədə mübahisələndirilmişdir. Bunu nəzərə alan məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə saxlaması və daşıması epizodu üzrə törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə bağlı apellyasiya qaydasında irəli sürülmüş dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, hökmü qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından həmin epizod üzrə əsaslı sayır və məhkəmənin iş üzrə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası bu mövqedən çıxış edərək, hökm üzə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə saxlama və daşıma epizodunun mübahisəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiqinə və təhlilinə rəğmən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu əsasında müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma epizodu üzrə dəlillərinə münasibətdə təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşır və qeyd edir ki, bu xüsusda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı (müdafiəçi Rafael Allahverdiyevin iştirakı ilə) şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi 11 yanvar 2024-cü il tarixli izahatında, 11 yanvar 2024-cü il tarixdə (şəxsi axtarış və götürmə aparılması haqqında) Protokol əsasında üzərindən aşkar olunaraq götürülmüş 5,42 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin özünə məxsus olduğunu, tanımadığı şəxsin yaşadığı Yasamal rayonu ərazisində qoyduğu yerdən götürdüyünü, narkotik vasitəni istifadə etmək məqsədilə saxladığını, polis əməkdaşları tərəfindən fiziki və pisixi zor tətbiq edilməsinə məruz qalmadığını qeyd etmişdir (cild 1, i.v.31-32; 43-44). İşdə olan, 13 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) verdiyi ifadəsində, 11 yanvar 2024-cü il tarixdə üzərindən aşkar olunraq götürülmüş narkotik vasitə heroinin ona məxsus olmadığını qeyd etsə də, “...Əldə etdiyiniz narkotik vasitəni kiməsə satmaq, bağışlamaq, hədiyyə etmək niyyətiniz olmuşdurmu...”, sualına, “...Xeyr, narkotik vasitəni yalnız şəxsi istifadəm üçün nəzərdə tutub etmişəm...”, məzmunda cavab vermişdir. İfadə, təqsirləndirilən şəxs K.Ə.Tarverdiyev və müdafiəçisi E.Müdafiəçi2 tərəfindən imzalanaraq təsdiq olunmuşdur (cild 1, i.v.65-67). İşdə olan, 13 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin qərarda, Təqsirləndirilən şəxs və müdafiəçi E.Xasayev imza etmişdir (cild 1, i.v.55-56). İşdə olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilinərək məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə, müdafiəçi E.Xasayevin apellyasiya şikayətinə münasibətdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (cild 2, i.v.92-98; 99-106). İşdə olan, 14 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) verdiyi ifadəsində, 11 yanvar 2024-cü il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu qeyd etmişdir (cild 2, i.v.133-136). İşdə olan, 14 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) verdiyi ifadəsində, 11 yanvar 2024-cü il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu qeyd etmişdir (cild 2, i.v.133-136). İşdə olan, 20 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. Həmin qərarda, Təqsirləndirilən şəxs və müdafiəçi E.Xasayev imza etmişdir (cild 2, i.v.165-166). İşdə olan, 20 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə) verdiyi ifadəsində, 11 yanvar 2024-cü il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu qeyd etmişdir (cild 2, i.v.174-177). İşdə olan, 21 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs (müdafiəçi Elxan Xasayevin iştirakı ilə), “...Mənə istintaqın qurtarması barədə məlumat verildi, mənim heç bir vəsatətim yoxdur. Xahiş edirəm dərhal, yəni bu gün mənim cinayət işinin materialları ilə tanış olmağıma şərait yaradılsın...”, məzmunda ərizə ilə müstəntiqə müraciət etmişdir (cild 2, i.v.184). İşdə olan, 21 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi E.Xasayev, protokolda “...xx.xx.2023 və xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmamış, həmin heroinləri üzərinə polis əməkdaşları qoymuşlar...”, məzmunlu qeydlər etmişlər (cild 2, i.v.1845). Məhkəmə kollegiyası, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasından belə məlum olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu əsasında müəyyənləşdirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsində istinad olunan sübutlar tədqiq olunmuş və onlar mümkünlüyü üzrə qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfin şikayətində qeyd olunan hallar, işin müəyyən olunmuş faktiki halları ilə əlaqəli şəkildə təhlil olunaraq, bu xüsusda Təqsirləndirilən şəxs törətmiş olduğu və Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin hüquqi tövsifi, müvafiq olaraq qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasına rəğmən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, digər sənədlərin tədqiqi, onların müzakirəsi və təhlili ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşır və qeyd edir ki, bu xüsusda şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, birinci instansiya məhkəməsi, qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş mümkün və mötəbər sübutların əlaqəli təhlili ilə, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma epizodu üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi faktına düzgün hüquqi qiymət vermiş və həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin epizod üzrə hüquqi mövqeyi və gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair işin faktiki halları müəyyən olunarkən, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna, qanunun müddəalarına istinad olunmaqla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarlarının hüquqi tövsiyyələri də nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya şikayətində, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması epizodunun təsdiq edilmədiyi iddia olunsa da, sübutları şikayətin həmin iddiası baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlara əsasən müəyyən olunmuş hallar onun təqsirliliyi barədə yekun qənaətə gəlməyə ciddi əsaslar verir. Məhkəmə kollegiyası, müdafiə tərəfin dəlilləri ilə əlaqədar iş üzrə toplanmış sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən iddiaları təsdiq olunmur. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadə, tədqiq olunmuş digər sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etməsi, saxlaması və daşıması epizodunun müəyyən edilməsində, iş üzrə toplanmış sübutlar mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və onların məcmusu nəzərə alınmışdır. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Plenum qərarının hüquqi tövsiyyəsini nəzərə alan və işin hallarına bu xüsusda yanaşan məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı mərhələli şəkildə verdiyi ifadələr təhlil olunarkən, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışı zamanı qeyri-səmimi ifadə verdiyi müəyyən edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmədə tədqiq olunmuş biri-digərinə kifayət qədər uyğun gələn mötəbər və mümkün sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və bu xüsusda məhkəmə aktı qəbul olunarkən Ali Məhkəmənin Plenum qərarlarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, həmin sübutların məcmusu Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlaması və daşıması epizodu üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası habelə qeyd edir ki, iş üzrə aparılmış məhkəmə araşdırmasının nətcələri və tədqiq olunmuş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlama və daşıma epizodu üzrə törətmiş olduğu cinayət əməli təsdiq olunmaqla yanaşı, onun ibtidai istintaq zamanı təsir və ya təzyiqə məruz qalması ilə bağlı müdafiə tərəfin iddiaları da təkzib olunmuşdur. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı müdafiə tərəfin, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və sair zorakı hərəkətlərə məruz qalması ilə bağlı məhkəmə nəzarətini həyata keçirən orqana müraciət etməsi, həmçinin belə hallara dair şübhəli məqamlar iş üzrə müəyyən edilməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri də iş materialları və məhkəmə sənədləri ilə müqayisədə tam təkzib olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı müdafiə tərəfin Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə təkzib edilmişdir. İş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilini dir daha nəzərə alan məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlama və daşıma epizodu üzrə təqsirsizliyi ilə bağlı ona bəraət verilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar cinayət iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları bir daha tədqiq və təhlil edərək, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməməsi və ya elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun prosessual hüququ kimi qəbul edildiyindən, bu hal onun təqsirsiz olduğunu şərtləndirən mötəbər dəlil kimi qəbul edilə və ya qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret sübutlar iş üzrə müəyyən edilməmişdir. Bununla belə, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs K.Ə.Tarverdiyevə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin azaldılmasını, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.1, 58.3 və 59-cu maddələrinin tələbləri, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının hüquqi tövsiyyəsi, həmçinin ədalət prinsipi və sosial ədalətin bərpası, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza hesab edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin azaldılmasını yüngüllük və ağırlıq baxımından ədalətsiz cəza hesab etmir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə cəzanın təyin edilməsi hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək, 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində 4 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar