Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-196/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2361,552 qram psixotrop maddə metamfetamin, 0,403 qram narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd elektron tərəzinin, həmçinin maddi sübut olmayan 1 ədəd turist bıçağının məhv edilməsi, digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD formatlı diskin iş materiallarında saxlanılması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsinin, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 234,82 (iki yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında sonuncu tərəfindən Masallı rayonu ərazisində gizlədilmiş külli miqdarda 2373,417 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,423 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində o, ünvan 3 ünvanında saxlanılaraq ünvan 4ən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən külli miqdarda 3 (üç) bükümdə ayrı-ayrılıqda 9,630 qram, 1,005 qram, 1,230 qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 18:45-də “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən külli miqdarda 6 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 verdiyi ifadələri deyil, ibtidai istintaq zamanı onların adından yazılmış ifadələri nöqtə vergülünə kimi məhkəmənin çıxarmış olduğu ittiham hökmünə köçürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxud cinayət əlaqələrinin və ya götürülmüş narkotik vasitələrin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, yəni əməliyyat tapşırığında göstərilənlər öz təsdiqini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan daxil olan və çıxan zənglər və həmin şəxslərin dairəsi, mobil nömrələrlə şübhəli əlaqələrin olub-olmaması, müvafiq Azərfon MMC, Bakcell MMC-dən rəsmi məlumatların götürülməsi təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyən edilməmişdir. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, satış məqsədilə narkotik vasitələri saxlaması və daşıması sübuta yetirilməmiş, 11 yanvar 2021-ci il tarixli BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport, həmin raport əsasında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 11 yanvar 2021-ci il tarixli, Ə8-008-21 saylı əməliyyat qrupunun yaradılması barədə əmr, həmin əmr əsasında keçirilmiş əməliyyat axtariş tədbirləri formal olaraq, Təqsirləndirilən şəxs təsadüfən YPX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra geri tarixə qəbul edilmiş, hadisələrin baş vermə mexanizmi bilərəkdən saxtalaşdırılmışdır. Hakim cinayət işinin materiallarında olan bütün mötəbər faktlar, sübutlar, cinayətin ağırlıq dərəcəsi, kateqoriyası, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan sadəcə olaraq təqsirləndirilən şəxsin cəza təyin etməklə əsassız və qanunsuz yerə məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)- 1424/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2009-cu il tarixdə X6 ilə nikaha daxil olmuş, birgə nikahdan 29.05.2010-cu il təvəllüdlü X7 və X8 adlı azyaşlı övladları vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin cinayət əməli törətməsinə kifayət qədər sübutlar toplanmışdır. Belə ki, şəxs üzərində narkotik vasitəsinin olduğunu etiraf etmişdir. Lakin miqdarını fərqli söyləmişdir. Bu da özünümü müdafiə xarakterli olması nəzərə alınmalıdır. Çünki digər sübutlar bunun əksini göstərir. Həmçinin, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01.03.2021-ci il tarixli, 605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)- 1424/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 saylı hökmü Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X9
Məhkəmə qərarları › İş №1(103)-196/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-196/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver