Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1971/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1973-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, Naxşıvan şəhəri Nizami küçəsi, ev 48, mənzil 37-də qeydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhəri, Quşçulq yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(101)-1253/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(101)-1253/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 5 fevral 2021-ci il tarixdən hesablanmış və ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilərək, ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 fevral 2021-ci il tarixdə saat 22.40 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman sağ əlində olan ağ rəngli sellofan torbanın içərisindən bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan tərəzi, bir ədəd bükümdə təmiz çəkisi 1015 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 495 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kütləsi üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, onun cinayət işinə yenidən baxılmasını və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilərək cəza verilmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin müdafiəçisi X4 apellyasiya şikayətinə uyğun çıxış etməklə əlavə olaraq bildirdi ki, iş materiallarından görünür ki, X9 vasitələri İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxsdən almışdır. X11 Bəhruz adlı şəxsi tanımır. İstintaq orqanı tərəfindən Elbrusun Bəhruz adlı şəxsdə harada, necə hansı şəraitdə tanış olması, Bəhruz adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. İş materiallarında Elbrusun Bəhruzlə sosial şəbəkələr vasitəsilə tanış olması qeyd edilmişdir. Müasir texnologiyanın imkanlarından istifadə edərək Bəhruz adlı şəxsin şəxsiyyəti müəyyən edilə bilərdi. Buradan görünür ki, istintaqın istinad etdiyi mənbə uydurma mənbədir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində bildirmişdir ki, üzərindən 1,5 qram heroin, 8 ədəd M40 tabletkası çıxmışdır. Lakin istintaq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 1015 qram heroin və 495 qram metamfetamin aşkar edilmişdir. İstintaqın göstərdiyi bu hal isə yalnız videoçəkilişdə görünür. Həmin narkotik vasitələrin həqiqətən Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və yaxud onun üzərinə qoyulması məlum deyil. X9 vasitələrin qanunsuz istifadəsinə görə CM-in 234.1-ci maddəsinə əsasən məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Narkotik vasitənin qanunsuz istifadəsinə görə məhkum edilmiş şəxsin 1 kq-dan artıq heroini və yarım kiloqrama qədər metamfetamini selofana qoyaraq sərbəst şəkildə şəhərdə gəzməsi ağlabatan deyil. Elbrus Hüseyov birinci instansiya məhkəməsində üzərində 8 ədəd tabletkanın çıxdığını bildirsə də birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və bu hala hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin bir səhifəsində qeyd edilir ki, Elbrus Hüseynov 5 ildir narkotik vasitələrdən istifadə edir, hökmün digər bir səhifəsində isə qeyd edilir ki, Elbrus Hüseynov 10 ildir narkotik vasitlərdən istifadə edir. Bu hal işin mahiyyətinə təsir göstərməsə də, birinci instansinya məhkəməsində araşdırmanın nə qədər başdan sovdu aparıldığını və ittiham aktının hökmə köçürüldüyünü göstərir. Cəza məsələsi ilə bağlı isə bildirir ki, cəza ədalət psinsipinə əsaslanmaqla şəxsin islah olunmasına yönəldilməlidir. Elbrusu Hüseynov əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunsa da, cinayət törədərkən məhkumluğu ödənilmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Təqsirli bilindiyi maddənin sanksiyası 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Göstərdiyi yüngülləşdirici hallar olduğu halda şəxsə 10 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalət və humanizm prinsipinə əsaslanmır, şəxsin islah olmasına yönəlmir. Görünür ki, məhkəmə tərəfindən hökmdə qeyd edilməsə də, Təqsirləndirilən şəxs əvvələr CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsini məhkumluq ödənilsə də ağırlaşdırıcı hal kimi nəzərə alınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin çıxışı ilə razılaşaraq himayəsində 1 azyaşlı uşağının olmasının, yaşının çox olmasının nəzərə alınıb cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitənin əldə olunması onun bu əməli satış məqsədilə törətdiyini sübut edir. Təqsirləndirilən şəxs narkotik vasitələri aldığı Bəhruz adlı şəxsin şəxsiyyətinin müəyyən edilməməsi həmin şəxsin olmaması demək deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021ci il tarixli, 1(101)-1253/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarından görünür ki, 5 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncudan sağ əlində saxladığı ağ rəngli şəffaf sellofan torba, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada 2 ədəd sellofan paket və 1 ədəd elektron tərəzi olmuş, həmin 2 ədəd sellofan paketlərdən birinin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan paketdən isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə, sellofan paketlərdən içərisində qəhvəyi rəngli kütlə olan sellofan paketin çəkisinin 1 kq 20 qram, digər sellofan paketdəki ağ kristallik kütlənin çəkisinin isə 499 qram olması məlum olmuşdur. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/527 saylı 6 fevral 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar edilmiş» yazısı olan polietilen bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1015 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 495 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bağlamadakı bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 1407 saylı 6 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarı ilə 6 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 1015 qram qram narkotik vasitə heroin və 495 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra qahq 1014,8 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 494,9 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7 may 2011-ci il tarixdə doğulmuş Hüseynli Əkbər adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin, o cümlədən elektron tərəzinin aşkar edilməsi onun həmin psixotrop maddə və narkotik vasitəni qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair protokollar, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüdə əks olunan hallar və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsindən ibarətdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş şəxsə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cəzanı fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda müdafiəçinin çıxışında qeyd etdiklərinə münasibətdə hesab edir ki, həmin hallar əsassızdır və birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda sadalanan sübutlarla tam təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021ci il tarixli, 1(101)-1253/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 saat hüquqi xidmətə görə X2 60 manat (10x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(101)-1253/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil X2 dövlət büdcə vəsaiti hesabına 60 (altmış) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1971/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1971/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver