Məhkəmə qərarları › İş №1(103)-198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-198/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-198/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmündən iş üzrə məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim X6) xx.xx.2000-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, baxılan iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən – 04 mart 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasnın insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın təsdiq edilməsi barədə 1 may 2020-ci il tarixli, 161 nömrəli Qərarının tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 01 aprel 2021-ci il tarixdə saat 22.00 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə sərbəst hərəkət edərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində X9 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş və X5 Şirinovun koronavirus xəstəsi olması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini xahiş etmişdir. Müdafiə tərəfi ittiham olunduğu cinayət əməlini törətməsinə dair əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə hüquqi tövsifini mübahisələndirməyərək hökmdən məhkum apellyasiya şikayəti verməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünün ona təyin edilmiş cəza hissəsində dəyişdirilməsini, azadlığın məhdudlaşdırılması cəza növünün yüngülləşdirilməsini, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası növü ilə əvəz olunmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında ən yüngül cəza növü kimi cərimə cəzası nəzərdə tutulduğu halda məhkəmə ona ağır cəza kimi azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Onun əməlinin ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə bu halı nəzərə almamışdır Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünün ona təyin edilmiş cəza hissəsində dəyişdirilməsini, azadlığın məhdudlaşdırılması cəza növünün yüngülləşdirilməsini, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası növü ilə əvəz olunmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında ən yüngül cəza növü kimi cərimə cəzası nəzərdə tutulduğu halda məhkəmə ona ağır cəza kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə bu əsasları nəzərə almadan məhkum barəsində ittiham hökmü çıxarılmasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə olaraq cinayət əməli törətməsini) olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir Belə ki, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantintəşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları»na əsasən karantin nəzarəti yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsindən ibarətdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin cəzsını yüngülləşdirilən hallar, həmçinin cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmış və ona 1-ci instansiya məhkəməsi tərəfindən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcə, onun şəxsiyyətinə uğundur və onun islah olunmasına xidmət edir. Məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün məhkəmə kollegiyası tərəfindən əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar