Məhkəmə qərarları › İş №1(103)-21/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-21/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-21/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021ci il tarixli hökmündən təqsirləndiirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə (sədrlik edən: Telman Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə xərcləri və maddi sübut məsələləri həll edilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İşin halları: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid1 tanışı Zərərçəkmiş şəxs İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, 10-RV400 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, Zərərçəkmiş şəxs Şahid1la birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Şahid1la Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X12 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə Zərərçəkmiş şəxs 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etməklə, bilə-bilə yalan məlumatlarla, aldatma yolu ilə özgə əmlakını ələ keçirməmişdir. O, borcun qarşılığında avtomobilin verilməsinə inandırılmışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında hər hansı tanışlıq münasibəti olmamışdır. Belə olan halda, o Zərərçəkmiş şəxs etibarından sui-istifadə edə bilməzdi. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini mübahisələndirməklə, dələduzluq niyyətinin olmadığını, avtomobili Şahid1 sonuncunun ona olan borcunun əvəzində verildiyini qeyd edib ona bəraət verilməsini xahiş etmişdir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli etibarnamədən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu ildə saat 18:15-də təsdiq edilməklə Zərərçəkmiş şəxs ona məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Təqsirləndirilən şəxs etibar edir. Bu etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə 10 gün müddətə verilib və xx.xx.2019-cu ilədək qüvvədədir (cild 2, iş vərəqi 10-12). Zərərçəkmiş şəxs ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün ona məxsus “Chevrolet Camaro” markalı, 10-RV400 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün Şahid1 etibar etmək istəmiş, lakin Şahid1 sürücülük vəsiqəsinin müddəti bitdiyindən və avtomobilin icbari sığortası olmadığından Baxışın tanışı Fazilə mülki etibarnamə vermişdir. Zərərçəkmiş şəxs kollegiya iclasında verdiyi ifadələrində də, avtomobilə dair Fazil adlı şəxsə mülki etibarnamə verməsində əsas məqsədinin avtomobildən Baxışın o istirahətdən qayıdanadək müvəqqəti istifadə etməsi olmuşdur. İş materiallarında olan etibarnamədən də görünür ki, etibarnamə zərərçəkmişin səyahətdə olacağı müddət ərzində (10 günlük) verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, zərərçəkmişin niyyəti həqiqətən də səyahətdə olduğu müddətdə avtomobili idarə etmək üçün Şahid1 verilməsi olmuş, lakin, sonuncunun sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə, avtomobili Təqsirləndirilən şəxs etibar etmişdir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2021-ci il tarixli № 016- 21235-1221 nömrəli məktubundan görünür ki, DİNin Baş X12i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AB 525899 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 2, iş vərəqi 14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-21234-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş X12i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Şahid1 xx.xx.2007-ci il tarixdə (xx.xx.2017-ci il tarixədək müddətə etibarlı olan) AA 973149 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 2, iş vərəqi 15). Kollegiya təqsirləndirilən şəxs X4 avtomobili Şahid1 ona olan borcunun əvəzində verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Şahid1 ona borcunun olubolmamasından asılı olmayaraq, Təqsirləndirilən şəxs ona avtomobili verən Şahid1 adına olmayan və ya onun tərəfindən deyil, tanımadığı başqa bir şəxs (Zərərçəkmiş şəxs) tərəfindən verilən avtomobili borcun əvəzinə qəbul etməsi əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Kollegiya bununla bağlı mövqeyini onunla əsaslandırır ki, Mülki Məcəllənin qeyd edilən normalarından göründüyü kimi, etibarnamə birtərəfli əqd olmaqla, etibar edilən şəxsin onu qəbul etməsi ilə şərtlənmir. Lakin, birtərəfli əqd olan etibarnamənin bu xüsusiyyəti onu deməyə əsas vermir ki, etibarnamə etibar edənin tanımadığı şəxsə hər hansı məqsədi olmadan kortəbii şəkildə verilir. İşin hallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etibarnamə verməklə, əslində aralarında olan razılaşmaya əsasən, Şahid1 avtomobili sürmək üçün vermək istəmişdir. Lakin, B. İsmayılovun sürücülük vəsiqəsi olmadığına görə etibarnamə verilməsi üçün sonuncunun tanışı Təqsirləndirilən şəxs etibarnamə verilməsini təklif etmiş, Zərərçəkmiş şəxs da bununla razılaşmışdır. Göründüyü kimi, avtomobil Təqsirləndirilən şəxs əslində formal olaraq etibar edilmiş, mülkiyyətçinin əsas məqsədi ölkə xaricində olduğu müddətdə Baxışın onun işlərini həll etmək məqsədilə maşından istifadə edilməsi üçün Fazilə sözügedən avtomobili sürməyə dair etibarnamə verməsi niyyəti olmuşdur. Bunu həm də etibarnamənin müddətindən də görmək olur. Belə ki, etibarnamə cəmisi 10 (on) günlüyünə, yəni, Səbuhinin ölkədə olmayacağı müddət üçün verilmişdir. Lakin, buna baxmayaraq, hadisələrin sonrakı gedişatından məlum olduğu kimi Təqsirləndirilən şəxs əslində ona formal olaraq etibar edilmiş bu avtomobili bilərəkdən özgəninkiləşdirmişdir. Kollegiya bir məsələni də qeyd edir ki, etibarnamədə əmlaka sərəncam vermək səlahiyyəti verilsə də, Zərərçəkmiş şəxs niyyəti buna yönəlik olmamış, ona avtomobili sürmək məqsədilə etibar etmişdir. Təqsirləndirilən şəxs isə etibarnamədə ona verilən hüquqdan faydalanaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmiş və avtomobili özgəninkiləşdirmişdir. Kollegiya həmçinin Təqsirləndirilən şəxs avtomobilin Şahid1 tərəfindən satın alınması və ona borcun əvəzi olaraq verilməsini bildirməsinə də, qiymət verərək vurğulayır ki, təqsirləndirilən şəxs avtomobilin ona tanımadığı şəxs (Zərərçəkmiş şəxs) tərəfindən etibar edildiyini gördüyü halda onu başqa bir şəxsin (Şahid1) borcunun əvəzi olaraq, qəbul etməsi inandırıcı sayıla bilməzdi. Belə ki, Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, Şahid1 onu avtomobili Zərərçəkmiş şəxs satın alınmasına inandırsa da, təqsirləndirilən şəxs bu halı heç bir şəkildə araşdırmamış, hətta avtomobili ona etibar etmiş Zərərçəkmiş şəxs ilə telefon və ya hər hansı digər əlaqə vasitəsilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa belə cəhd göstərməmişdir. Ən azınnan avtomobilin mülkiyyətçisi olan Orucovun həqiqətən sözügedən avtomobili borcun əvəzi kimi Baxışa verməsini aydınlaşdırmalı idi, çünki, Hüsənova yaxşı məlum idi ki, Baxışın maddi durumu pis olduğundan belə bir avtomobili almağa imkanı olmamalıdır. Lakin, Təqsirləndirilən şəxs bu hərəkətsizliyi onun adına etibarnamə verilməsindən əvvəl məqsədli şəkildə avtomobili ələ keçirmək niyyətinin olmasını deməyə əsas verir. Bunlardan başqa kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs ifadələrində Şahid1 onu aldatdığını, avtomobili Zərərçəkmiş şəxs satın aldığını, onun ucbatınnan başına bu işlərin gəldiyini, sonunda həbsə düşdüyünü bildirsə də, nəyə görəsə Şahid1 barəsində müvafiq qaydada şikayət verməmiş və məhkəmə iclasında bu hala aydınlıq gətirə bilməmişdir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs Şahid1 onu aldatdığını bildirsə də, onun barəsində şikayət etməməsi bir daha onun özünün dələduzluq niyyətinin olmasını göstərir. Halbuki, təqsirləndirilən şəxs Şahid1 həqiqətən də onu aldatmış olsaydı, onda elə Hüsənovun şikayəti ilə Baxışın təqsirliliyinin sübut ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs təqsirsiz olması aşkar edilə bilərdi. Lakin, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs hətta barəsində həbs qəti imkan tədbiri seçilməsinə baxmayaraq, nədənsə yenə də Şahid1 təqsirli olmasının aşkara çıxmasında maraqlı olmamış, bu səbəbdən də onun barəsində şikayət verməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Şahid1 şahid qismində dəvət olunmuş və ifadəsində bildirmişdir ki, “2019-cu ilin aprel ayında tanışı Rəşid Apayev yanına gələrək Səbuhi adlı bir şəxsin "xxxx" adında MMC-si olduğunu, xaricdən investorlar gələn zaman Səbuhinin də özünə məxsus “Qırğızıstan” lahiyəsini nümayiş etdirmək üçün şərait yaratmağını xahiş etdi, Mən 2019-cu ilin may ayının sonlarında “SHİNE” oteldə xarici investorlar üçün təşkil olunmuş tədbirdə tərcüməçi işləyərkən Rəşid Apayev ilə Zərərçəkmiş şəxsla birlikdə zala daxil oldum, onlar görüşdükdən sonra Səbuhi öz lahiyəsini xarici investorlara təqdim etdi və beləcə Səbuhi ilə münasibətlərimiz yarandı. Bundan sonra Səbuhi məni rəhbərlik etdiyi "xxxx" MMC-yə baş menecer vəzifəsinə gətirmişdi, Səbuhi aramızda olan razılaşmaya əsasən hər ay səkkiz yüz manat və lahiyədə hər görülən işdən 5 faiz pul verməli idi. “Qırğızıstan” lahiyəsində isə Səbuhi ilə şərik olmuşdum. Mən Səbuhidən ümumilikdə 5200 (beş min iki yüz) manat borca pul alıb həmin pulları da Almaniyada talasemiya xəstəliyindən müalicə alan azyaşlı övladıma göndərmişdim. Səbuhinin İndoneziya Respublikasının Bali adalarına istirahətə getməyindən 1 gün əvvəl, yəni 19 iyul 2019-cu il tarixdə günorta saatlarında “Malakan bağı”nda Səbuhi ilə görüşüb bizim 22 iyul 2019-cu il tarixdə xaricdən qonaqlarının gəlməsi barədə söhbət zamanı Səbuhidən sonuncu gələnə kimi avtomobilini idarə etmək üçün mənə verməsini demişdim, Səbuhi razılıq vermisdi. Mən Səbuhiyə mənim sürücülük vəsiqəmin müddətinin keçdiyini, bu səbəbdən dostum Fazilin adına sürmək üçün etibrnamə verə bilməsini soruşdum, Səbuhi də mənimlə razılaşmışdı. Mən də həmin günü tanışımın maşınını adına etibarnamə ilə götürmək üçün Fazilə zəng edərək sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqənin surətini telefona atmağı, mənim sürücülük vəsiqəmin vaxtı bitdiyindən Fazilə demişdim. Belə olan halda Fazil öz sürücülük və şəxsiyyət vəsiqəsinin surətlərini “Whatsapp” vasitəsi ilə mənə göndərmişdi. 20 iyul 2019-cu il tarixdə saat 16 radələrində Səbuhi ilə birlikdə Bakı şəhəri, H.Əliyev prospektində Mərkəzi poçtun yanında yerləşən, nömrəsini unutduğum Notariat kontoruna gəldim, öz mobil telefonumda dostum Fazilin şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin sürətini təqdim etdim, Notariat kontorunda olan xanım bir qədər sənədləşmə apardıqdan sonra “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının bitdiyini, bu səbəbdən də nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verə bilməyəcəyini, lakin mülki etibarnamə verməyin mümkün olduğunu dedi. Mən də həmin vaxtı Fazilin şəxsiyyət vəsiqəsinin surətini verərək Fazilin adına mülki etibarnamə verildi, Səbuhi avtomobilin açarını mənə verdikdən sonra sağollaşaraq oradan çıxıb getdim. Mən 26 iyul 2019-cu il tarixdə dostum Fazil ilə Bakı şəhəri, Azadlıq prospektində yerləşən Amerika səfirliyinin qarşısında görüşdüm, Fazil ailəmi aparmaq üçün məndən avtomobili istədi, mən də etibar edib avtomobili Fazilə verdim. Fazil saat 16 radələrində gələcəyini deyərək avtomobillə çıxıb getdim. Həmin gün saat 16 radələrində Bakı şəhəri, 28 May küçəsində S.Vurğun parkının yanında Fazil ilə görüşməli oldum, tez-tez Fazilə zəng edib nə üçün gəlmədiyini soruşduqda sonuncu müxtəlif bəhanələr gətirməyə başladı. 27 iyul 2019-cu il tarixdə, saat 00:30-da Fazil ilə Rəşid Apayev mənim yanıma gəldi, həmin vaxt Fazil tutulduğu üçün Səbuhiyə məxsus avtomobili “Şamaxinka” deyilən ərazidə girov qoyub 12000 ABŞ dolları pul götürüb verdiyini dedim, o, da buna əsəbləşərək Fazil ilə yaxalaşmışdır. Həmin vaxt Rəşid araya girərək “Səbuhi mənim dostumdur, özüm danışaram” sözünü dedi, Fazil isə iki gündən sonra avtomobili girovdan çıxarıb geri qaytaracağını dedi. Qeyd edilən müddət keçsə də Fazil avtomobili girovdan çıxarıb gətirmədi. 29 iyul 2019-cu il tarixdə, saat 16 radələrində Səbuhi yaşadığı evə geri qayıtmışdı. Mən də baş verən hadisəni danışmaq üçün Səbuhinin yaşadığı evə gəldim, Səbuhi ilə görüşdükdən sonra təmkinli olmağını istəyərək tanışı Fazilin “Chevrolet” markalı avtomobili girov qoyub pul götürdüyünü dedim, Səbuhi də əsəbləşərək Fazildən avtomobilini harada girov qoymasını soruşmağını istədim, mən də əlaqə yaratdıqda Fazil lombard işlədən Aqil adlı şəxsin sonu 64-64-lə bitən mobil nömrəsini göndərdim. Mən də mobil nömrə ilə Aqilə zəng edərək hadisəni danışıb avtomobilin olduğu yeri soruşdum, eləcə də bu barədə danışıb avtomobili götürmək istədiyimizi dedim, Aqil də avtomobilin Binəqədi rayonu, “Nəsimi” metrosunun yanında olduğunu dedi. Mən də Səbuhi ilə birlikdə qeyd edilən yerə gəldikdə “Nəsimi” metrosunun çıxışında Səbuhiyə məxsus avtomobili gördüm. Elə həmin vaxt Səbuhi özündə olan ehtiyat açar ilə avtomobili açdı və salona oturmağımı dedi. Mən də avtomobilə əyləşdikdən sonra Səbuhi avtomobili üzü Azadlıq prospekti istiqamətində idarə etməyə başladı. Bir neçə dəqiqədən sonra Aqil mənim mobil telefonuma zəng edərək avtomobili geri gətirmələrini istədim, Səbuhi isə əsəbi cavab verib avtomobilin özünə məxsus olduğunu dedikdə Aqil avtomobilin bardaçokunda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə baxılmasını istədi, o özü avtomobilin bardaçokunu açıb qeydiyyat şəhadətnaməsinə baxdıqda avtomobilin Aqilin adına sənədləşdirilməsini görüb bu barədə Səbuhiyə məlumat verdi, Səbuhi isə avtomobili Bakı şəhər prokurorluğunun qarşısında saxlamışdım. Tanışım Fazilin onu aldatmağı ona çox pis təsir bağışladı. Çünki mən Fazilə inanmışdım, buna baxmayaraq Fazil mənim güvənməyimdən istifadə edib avtomobili Aqil adlı şəxsin adma keçirdi. Buna görə mən əsəbləşərək Fazil barəsində DİN-nin 102 zəng xidmətinə məlumat vermişdim. Bundan sonra arxaları ilə Aqil də gəlmişdir. Aqil isə artıq polisə şikayət etdiyini və məsələnin aydınlaşdırılması üçün birlikdə Binəqədi rayon 7-ci Polis bölməsinə gəlmələrini istədi, mən də tanışı Səbuhi ilə birlikdə Binəqədi RPŞ-nin 7-ci Polis bölməsinə gəlib izahat verdi. Səhəri gün isə zəngləşərək Aqilin işlətdiyi lombarda getmiş, orada Səbuhi və Fazil olmuşdu. Aqil həmin vaxt avtomobilə ehtiyacı olmadığını bildirib pulu verildikdən sonra avtomobilin götürülə biləcəyini demişdi, bu zaman izah edərək Fazilə heç bir borcunun olmadığını, avtomobili də ona satmaq üçün vermədiyini demiş, Fazil də oynadığı oyunun alınmadığını gördükdə mübahisə yaratdı və bir-birilərinin yaxasından tutdular. Orada olan şəxslər araya girib mübahisəni sakitləşdirdilər. Bundan sonra mən həmin yerdən çıxıb getmişdim. Sonradan eşitmişdim ki, Səbuhi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bizdən şikayət etmişdi. Mən də həmin idarədə olan vaxt öyrənmişdim ki, Aqil uzun müddət pulu verilmədiyi üçün sonuncu avtomobili tanımadığım şəxsə satıb. Səbuhinin telefonlarına nə Rəşid nə də Fazil cavab vermədi. Səbuhi ilə arada danışırdım, deyirdim ki, gəlin yığışaq bu məsələni ortaq məxrəcdə yoluna qoyaq, çıxış yolu tapaq. Məndə artıq neçə dəfə zəngdən sonra Səbuhinin telefon zənglərinə cavab vermədim. Sonra Səbuhi ilə olan əlaqələrim pozuldu.” Məhkəmə kollegiyasının sonrakı iclaslarına Şahid1 dəvət edilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməkdən yayınmışdır. Hətta onun barsində məcburi gətirilmə ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq, onun ölkə xaricində olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Sonunda məhkəmə əlavə tədbirlər görərək, diğər yanaki sübutları tədqiq etməklə kifayətlənərək, işin lüzumsuz dərəcədə uzanmamasından ötrü işi yekunlaşdırmaq qərarına gəlmişdir. Kollegiya sadalanan xüsusatlara əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə qarşı dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Kollegiya dəymiş zərərin məbləğinə münasibətdə qeyd edir ki, işdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1472 nömrəli rəyindən görünür ki, ibtidai istintaq zamanı aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm3, göy qara parıltısız rəngli, ekspertiza tədqiqatına təqdim edilmiş “Chevrolet Camaro minik” markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2020-ci il tarix üçün, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 55.000 manat müəyyən olunur (cild 2, iş vərəqi 32-34). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, əlli min manatdan yuxarı olmayan, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Birinci instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini müəyyən edərkən ibtidai istintaq zamanı keçirilmiş ekspertizanın rəyini əsas götürmüşdür. Lakin, işə apellyasiya instansiyası məhkəməsində baxılan müdafiə tərəfinin vəsatətinə əsasən təqdim edilən “Azərekspertiza” Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyinə əsasən istehsal ili 2012-ci il , mühərrik həcmi 6200 m3, göy qara parıltısız rəngli, sürətlər qutusu avtomat, yanacaq növü benzin, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, zədəsiz vəziyyətdə olan Chevrolet Camaro markalı avtomobilin orta bazar qiyməti 38.475 manat müəyyən edilmişdir. Kollegiya cinayət işinin materiallarında olan və iş üzrə ibtidai istintaq zamanı həyata keçirilmiş məhkəmə-əmtəəşünasliq ekspertizasının rəyini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş 19 may 2022-ci il tarixli, 87 saylı müstəqil ekspert rəyini, həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edərək belə hesab etmişdir ki, ibtidai istintaq zamanı alınan ekspert rəyi ilə müstəqil ekspert rəyinin müəyyən etdiyi qiymətlər arasında kəskin fərq olduğundan (55.000 və 38.475), birinci instansiya məhkəməsinin əsas götürdüyü ekspertiza rəyi (ibtidai istintaq zamanı alınmış) kollegiyada şübhə yaratmış və iş üzrə hərtərəfli, tam və obyektiv, habelə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Ekspert qarşısında Buraxılış ili 2012-ci il, mühərrik həcmi 6200 sm3, göy qara parıltısız rəngli, sürətlər qutusu avtomat, yanacaq növü benzin, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, zədəsiz vəziyyətdə olan "Chevrolet Camaro" minik markalı avtomobilin 2019, 2020, 2021 və 2022-ci il üçün orta bazar pərakəndə satış qiyməti hansı məbləğdə müəyyən olunur? – sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan avtomobilin maksimal orta bazar dəyəri 2019-cu il üzrə 45000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə metodik vəsaitdən istifadə edilməməsi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikasından istifadə edilməsi səbəbindən ekspert rəyinin əsaslı olmasına dair şübhələr yaranmış və təkrar ekspertiza təyin edilmişdir. Ekspertlər qarşısında Buraxılış ili 2012-ci il, mühərrik həcmi 6200 sm3, göy qara parıltısız rəngli, sürətlər qutusu avtomat, yanacaq növü benzin, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, zədəsiz vəziyyətdə olan Chevrolet Camaro markalı avtomobilin 2019, 2020, 2021 və 2022-ci il üçün orta bazar pərakəndə satış qiyməti hansı məbləğdə müəyyən olunur? Avtomobilin “Chevorlet Camaro 6.2 SS” markalı olmaqla, “Anniversary Edition 45Th” yubiley buraxılış komplektasiyasında olması, yubiley buraxılış komplektasiyada olmayan avtomobilə münasibətdə həmin avtomobilin 2019, 2020, 2021 və 2022-ci il üçün orta bazar pərakəndə satış qiymətinə təsir edirmi? Əgər təsir edirsə bu zaman həmin komplektasiyada avtomobilin qeyd edilən illər üzrə orta bazar pərakəndə satış qiyməti nə qədərdir? – sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan avtomobilin maksimal orta bazar dəyəri 2019-cu il üzrə 45000 manat məbləğində müəyyən edilmişdir. İşə baxılan zaman məhkəmə prosesinə rəy vermiş ekspertlər X1 və X7 dəvət olunmuş və onlar bildirmişlər ki, həmin dövrlər üçün orta bazar qiymətini müəyyən etmək üçün avtosalonlardan, internet saytlarınnda olan qiymətlərdən və Ekspertiza Mərkəzinin ekspert profilaktikasından istifadə edərək ekspert rəyi verilmişdir. 6.2 motor “Camaro”nun satışı ilə bağlı məlumat əldə edilməmişdir. Lakin, 3.6 və 2 motor ilə 6.2 motorun arasıda gömrük rəsmiləşməsində qiymət fərqi var. Buraxılış ili köhnə olan maşınların motoru yüksək olsa belə gömrük rəsmiləşməsində qiymət fərqi cuzidir. Kollegiya sadalanan hallara əsasən qeyd edir ki, cinayətin predmeti olan buraxılış ili 2012-ci il, mühərrik həcmi 6200 sm3, göy qara parıltısız rəngli, sürətlər qutusu avtomat, yanacaq növü benzin, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, zədəsiz vəziyyətdə olan "Chevrolet Camaro" minik markalı avtomobilin dəyərinin 50000 manatdan yuxarı olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə deyil, 178.2.4-cü maddəsi ilə, yəni xeyli miqdarda ziyan vurmaya görə tövsif edilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməsi öz təsdiqini tapsa da, ona külli miqdarda, yəni 50000 manatdan yuxarı məbləğdə ziyan vurulması hissəsində sübuta yetirilməmişdir. Həmçinin, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, maşını 25000 ABŞ dollarına (42500 AZN) almışdır. Belə olduğu halda, avtomobilin dəyərinin 50000 manatdan yuxarı olmaması bir daha öz təsdiqini tapır. Bundan başqa, iş materiallarında olan Şahid2 (lombard) izahatından görünür ki, Fazil həmin avtomobili 25000 ABŞ dollarına satmaq istədiyini bildirsə də, onlar 17500 dollara razılaşmış, daha sonra Aqil həmin avtomobili 22000 ABŞ dollarına internet vasitəsilə başqa şəxsə satmışdır. Bu hal da onu deməyə əsas verir ki, heç bir lombard avtomobili 50000 manatdan yuxarı dəyəri olduğu halda, ondan xeyli aşağı qiymətə - 25000 ABŞ dollarına (42.000 AZN) satmaqla öz mənfəətini aşağı salmazdı. Qeyd edilən hallar, yəni zərərçəkənin maşını 25000 ABŞ dollarına alması, sonradan lombardın da avtomobili 25000 ABŞ dollarına satması, həmçinin ekspertlərin izahatları əlavə sübut kimi qeyd edilən ekspert rəyinin qeyri-mötəbərliyi ehtimalını istisna edir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkum edilmiş şəxsin əməlinin ağır cinayət əməli olan CM-in 178.3.2-ci maddəsindən az ağır cinayət əməli olan CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsi nəzərə alınmaqla hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəza təyin olunarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Bununla yanaşı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 178.2.4-cü maddəsi ilə tövsif olunması ilə sonuncunun əməli ağır cinayət əməlindən az ağır cinayət əməlinə tövsif edilmişdir ki, bu da öz növbəsində sonuncuya cəza təyini zamana nəzərə alınmalıdır. İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir (cild 2, iş vərəqi 54-59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Hüşənov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə tövsif olunsun və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Anar Tanrıverdiyev Hakimlər Qədim Babayev İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar