Məhkəmə qərarları › İş №1(103)-2106/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2106/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2106/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi X2, Məhkum edilmiş Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxxxxx 1999-cu ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olan, Beyləqan şəhəri, Avtosovxoz küçəsi, fərdi nömrəsiz evdə yaşayan, 14 – 16 dekabr 2021-ci il tarixləri üzrə tutulmuş, 16 dekabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və xx xxxx 1997-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu Park» yaşayış massivi, bina 9, mənzil 29-da yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyul 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, barəsində həbsnövündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)-151/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.Qədimov) 25 may 2022-ci il tarixli, 1(010)-151/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əzasının əvvəli 14 dekabr 2021-ci il tarixindən hesablanmış, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 11 dekabr 2021-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 15 saylı evin qarşısında işlək vəziyyətdə dayanmış, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Azsamand” minik markalı Az02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (sedan tipli, 2007-ci il buraxılışlı, qızılı rəngli, ********** mühərrik nömrəli, 17646604 ban nömrəli) Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs1 11 dekabr 2021-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 15 saylı evin qarşısında işlək vəziyyətdə dayanmış, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Azsamand” minik markalı Az02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (sedan tipli, 2007-ci il buraxılışlı, qızılı rəngli, ********** mühərrik nömrəli, 17646604 ban nömrəli) Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)- 151/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilib onun cəzasını yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən digər məhkum və zərərəçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellasiya protesti verməmişlər. Apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməlinin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X4 apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya şikayətində göstərilən əsaslarla onun cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)- 151/2022 nömrəli hökmünü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında işirak etmir və məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)-151/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə qanuni və əsaslı olduğundan onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bəraəbr, Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını cəzasını yüngüləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyul 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmuş və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə daha ciddi cəza növünün Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla son həddinin yarısı 2 il 6 ay təşkil edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 həmin müddətə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri də gözlənilməklə cəza təyin etmiş, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 65.2-cü maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)-151/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(010)-151/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar