Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2108/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991 -ci il tarixdə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 06 ay vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Ağstafa rayonunun Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, ev 5/E ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(101)-1646/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən), Səbinə Məmmədzadə, Aytən Əliyeva) 24 iyul 2024-cü il tarixli, 1(101)-1646/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 12 noyabr 2023-cü tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti naməlum İran İslam Respublikası vətəndaşı "Məhəmməd” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum mənbədən, naməlum vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 6932,21 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2460 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək, narkotik vasitə heroinin külli miqdarda 32,210 qram çəkidə olan hissəsini öz üzərində, qalan 6900 qram hissəsini və digər külli miqdarda 2460 qram çəkidə psixotrop maddə metamfetamin, külli miqdarda 7355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 12 noyabr 2023-cü il tarixdə saat 19:20-də ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 12 noyabr 2023-cü il tarixdə saat 21:00-dan etibarən üzərində şəxsi axtarış və qötürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda 32,210 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 12 noyabr 2023-cü il tarixdə saat 22:30-dan etibarən Xali Bağırovun özünün razılığı və könüllü iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, ev 5/E ünvanında yerləşən evinə baxış keçirilən zaman evin qonaq otağında 01 ədəd qara rəngli torbanın içərisindən iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1375 qram, 1085 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2460 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yeddi ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1090 qram, 1125 qram, 1025 qram, 1000 qram, 1015 qram, 1045 qram, 1055 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 7355 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, beş ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1040 qram, 800 qram, 850 qram, 2130 qram, 2080 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 6900 qram çəkidə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkiblərində kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyini sübut edə biləcək kifayət qədər dəlillər mövcuddur, təqsirləndirilən şəxsin bir sıra hüquqlarının kobud surətdə pozulması ilə bağlı mötəbər sübutlar irəli sürülmüş, həmçinin iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün vəsatətlər verilmiş, məhkəmədə tədqiq edilməsi üçün sübutlar təqdim olunmuşdur. Lakin uzun sürən məhkəmə istintaqı zamanı bu dəlillərin heç birinə əhəmiyyət verilməmiş, müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, hökmün ləğv edilməsini Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(101)-1646/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində əməlini etiraf edərək, hadisənin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilib, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən istifadə etmək üçün İran vətəndaşı olduğunu bildirən şəxsdən cəmi 32 qram heroin almasını bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Göründüyü kimi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini düzgün olaraq əsas götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirib əsaslı hesab etməyərək məsuliyyətini yüngülləşdirmək üçün planlaşdırılmış formada verilmiş, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla, ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi himayəsində bir uşağının olmasını, cəzasını ağırlaşdıran hal kimi isə əməlində cinayətlərin təhlükəli residivinin olmasını qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, əməlində cinayətlərin təhlükəli residivinin olmasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(101)-1646/2024 nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 24 iyul 2024-cü il tarixli, 1(101)-1646/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-2108/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2108/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver