Məhkəmə qərarları › İş №1(103)-211/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-211/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-211/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Masallı rayonunun Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum yaşayış sahəsində evdə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 1(008)-54/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Mirheydər Zeynalov) 21 oktyabr 2022-ci il tarixli, 1(008)-54/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 10 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 1 (bir) gün müddət nəzərə alınaraq CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmış və təqsirləndirilən şəxsin üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 25 iyul 2022-ci il tarixdən hesablanması, ona cəza çəkdiyi müddətdə CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə xərcləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.787 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0.575 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 10 avqust 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Mirakl» restoranın yaxınlığında saxlanılaraq Bakı şəh., Sabunçu RPİ-in 15-ci PB-nə aparılmış və bölmədə onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə şəffaf sellofanın içərisindən təmiz çəkisi 0.787 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0.575 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu qeyd edib bildirmişdir ki, məhkəmə onun məhkumluğunun ödənildiyini, himayəsində bir azyaşlı övladının olduğunu və əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq ona daha az və daha yüngül cəza növü təyin edə bilərdi. Sadaladığı halların nəzərə alınaraq məhkəmənin hökmünün dəyişdirilməsini, ona daha yüngül və az həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmaldır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi o, cəzasının yüngülləşdirilərək ona daha yüngül cəza növünün, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənildiyinin və əməlindən peşmançılıq çəkdiyinin nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını və cəzanın CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.787 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0.575 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır ki, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin növ müxtəlifliyi Təqsirləndirilən şəxs əməlinin daha ictimai təhlükəli olduğuna dəlalət edir. Bundan əlavə iş materiallarından aydın olduğu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığından məhkəmənin 04 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulanadək dayandırılmış, təqsirləndirilən şəxs bundan təqribi 08 aydan çox müddət keçdikdən sonra, yəni 25 iyul 2022ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən tutularaq 26 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası yuxarıda qeyd edilən halları da nəzərə alaraq onun şikayətinin təmin edilməsini məqbul hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin, təyin edilən cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 21 oktyabr 2022-ci il tarixli, 1(008)-54/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 21 oktyabr 2022-ci il tarixli, 1(008)-54/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), İbrahim İbrahimli, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar