Məhkəmə qərarları › İş №1(103)-2127/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2127/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2127/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)- 1058/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən), Aytən Əliyeva, Vüqar Quliyev) 31 iyul 2024-cü il tarixli, 1(101)-1058/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 06 avqust 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə iş üzrə maddi sübutlar məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən ticarət köşkündən spirtli energetik içki alaraq içərkən həmin ticarət köşkünə spirtli energetik içki almaq üçün gəlmiş əvvəllər tanımadığı, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxslə dialoqa girmiş, sonuncu ona Bakı şəhəri, Suraxanı rayonu, Balaxanı qəsəbəsində yaşadığını deyib orada yaşayan müxtəlif şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşmuş, o adları çəkilən həmin şəxsləri tanımadığını deyərək söhbəti bitirməyə çalışmışdır. Zərərçəkmiş şəxs isə əsəbiləşərək nəyə görə dediklərini ciddiyə almadığını deyib qəflətən ona başı və əli ilə zərbələrək yetirərək dodaq, burun və çənə nahiyəsindən vurub dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və dərəcələri təyin edilməyən boyun nahiyəsinin qançır xəsarətləri yetirməklə yanaşı onun özü və ailə üzvləri barəsində nalayiq ifadələr işlətmişdir. Ticarət köşkündə satıcı işləyən Şahid1 münaqişənin qarşısını aldıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işlətdiyi nalayiq ifadələrə görə üzr istəməyə məcbur etmək məqsədi ilə yaşadığı mənzilə gedib mətbəxdən götürdüyü məlum olmayan bıçaqla ticarət köşkünün qarşısına qayıtmış, Zərərçəkmiş şəxs onu görüb üstünə hücum etdikdə aralarında yenidən baş vermiş münaqişə zamanı o, xx.xx.2023-cü il tarixdə, saat 05:30 radələrində ünvan 2 ünvanının qarşısında yerə yıxarkən Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinin yerə dəyməsi nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik ənsə nahiyəsinin hematoması və əzilmiş yarası xəsarəti yetirmiş, sonra isə əlində olan bıçaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik alt çənənin sol yarısının deşilmişkəsilmiş yarası xəsarəti və zərərcəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə bir başa səbəbli əlaqəli olan sol budun dizaltı arteriyasının kəsilməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası xəsarəti, cəmi 3 (üç) ədəd bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yerləşdirildiyi “X8” X9 almış olduğu sol budun dizaltı arteriyasının kəsilməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmədən ölmüş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi X3 apellyasiya şikayəti vermişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işin obyektiv həlli ilə bağlı mühüm halları təsdiq edən faktlara bir tərəfli yanaşmaqla, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmasına və məsuliyyətini yüngülləşdirən halların olmamasına, dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır azadlıqdan məhrum etmə cəzası istəməsinə əhəmiyyət verməmişdir. Əslində Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan mərhum əri ilə mübahisə etmişdir. Təqsirləndirilən şəxs mübahisədən sonra evə getmiş, bıçaq götürmüş, təkrar qayıdaraq məlum ağır cinayəti törətmişdir. Ona görə də məhkəmədən hökmün qismən ləğv edilməsini, Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sankiyasında nəzərdə tutulmuş ən yuxarı həddə ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin etmə ilə bağlı prinsip və əsasları nəzərə almadan, heç bir əsaslı səbəb müəyyən etmədən, Təqsirləndirilən şəxs sanksiya həddində ən aşağı cəza vermişdir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən qeyd olunan cinayətin törədilməsində təqsirli bilinən şəxsə cəza təyin edilərkən ilk növbədə nəzərə alınan hal zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmasıdır. Hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan arvadı X3 ilə Təqsirləndirilən şəxs arasnda nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışları dövründə barışıq əldə olunmamış, əksinə zərərçəkmiş şəxsin hüquqi varisi olan arvadı X3 da hökmün cəza təyini hissəsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmənin hökmündə Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən halların olmaması birbaşa göstərildiyi halda, açıq aşkar ona yüngül cəza təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cinayəti törədən zaman alkoqol sərxoşluğu vəzyyətində olması və sərxoş vəziyyətdə törətməsi də cəza təyininə təsir edən amillərdəndir. Göründüyü kimi, məhkəmənin Təqsirləndirilən şəxs təyin etdiyi cəza yüngüllüyünə görə ədalətsiz olduğundan cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab olunmaqla, cəzanın məqsədi ona yalnız yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə təmin oluna bilər. Birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə 11 (on bir) müddətinə azadlıqdan məhrum etmə cəzası istənilsə də, məhkəmə ona yüngül cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilindiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmünü ona daha ağır cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin yekun qərarından narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində hadisənin baş verməsində mərhum Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi söyməsi, bu zaman Təqsirləndirilən şəxs onu sakitliyə dəvət etsə də, təkrarən söyüş söydükdən sonra hadisənin baş verməsini göstərmişdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman ruhi həyəcan vəziyyətində olmuş və törətdiyi əməlin fərqində olmamışdır. Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs heç bir vaxt tanımamış, onu öldürmək məqsədi və niyyəti olmamışdır. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsüf edilməsini və ona şərti cəza verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, apellyasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərər çəkmiş şəxsin hüquqi varisi öz tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas olmadığını, bu səbəbdən birinci instansiya məhkəməsinin hökmünün yalnız özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi və ya ləğv edilməsini məhkəmədən xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin, zərər çəkmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs minimum həddə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ağırlaşdırımalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini mübahisələndirsə də, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırıb Təqsirləndirilən şəxs baş vermiş hadisənin törədilməsi mexanizminə uyğun olan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-in 126.3cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi qarışıq tərkibli cinayət əməlini özündə ehtiva edir. Təqsirkarın qəsdən sağlamlığa ağır zərər vurma ilə əlaqədar hərəkətləri qəsd formasında olsa da, onun baş vermiş nəticəyə, yəni ölümə münasibəti təqsirin ehtiyatsızlıq formasında özünü büruzə verir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müştəri kimi tanıyır, Ülvi onun işlədiyi köşkün yaxınlığındakı binada yaşayır. 06 avqust 2023-cü il tarixdə, gecə 12-dən sonra saatını dəqiq xatırlamadığı vaxtda Ülvi gələrək ondan alış-veriş etmiş, daha sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi başqa bir şəxs yaxınlaşaraq spirtli içki almışdır. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs Ülviyə nalayiq ifadələr işlətmiş, ağır söyüşlər söymüşdür. Daha sonra Ülvini vuraraq yerə yıxmışdır. O, mübahisə edən şəxsləri aralaşdırmağa çalışmış, Ülvi yerdən qalxaraq oradan uzaqlaşmışdır. 3-5 dəqiqə keçdikdən sonra əlində bıçaqla geri gəlmiş və çatan kimi Zərərçəkmiş şəxs ayağından bıçaqla zərbə vurmuşdur. Yenə də onları aralaşdırmış, Ülvi oradan uzaqlaşaraq getmişdir. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, ayağından çoxlu qan getdiyi üçün bağlamağa çalışmışdır. Sonra hadisə yerinin yaxınlığında polis əməkdaşlarını görmüş və polis əməkdaşlarına məlumat vermiş, onlar təcili tibbi yardım çağırmışlar. Birinci instansiya məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən siqaret köşkündə satıcı işləyir. İşlədiyi köşkün yaxınlığında yaşayan Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. Ülvi bir neçə dəfə o işləyən köşkdən siqaret və müxtəlif içkilər almışdır. 06 avqust 2023-cü il tarixdə, gecə saat 04 radələrində Ülvi ona yaxınlaşaraq siqaret və spirtli energetik içki olan “Jaguar” almışdır. Bir neçə dəqiqə sonra ilk dəfə gördüyü başqa bir kişi cinsli şəxs ona yaxınlaşaraq spirtli energetik içki almışdır. Ülvi ilə tanımadığı həmin şəxs bir qədər söhbət etdikdən sonra əsassız yerə mübahisə etməyə başlamışdırlar. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs Təqsirləndirilən şəxs əvvəlcə kəllə zərbəsi vuraraq onun dodağını qanatmış, sonradan isə Ülviyə yumruq zərbələri vurmağa davam etmişdir. Ülvi də Dmitriyə qarşılıq verərək ona yumruqla zərbələr vurmuşdur. Həmin vaxt onları ayırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Dmitriyin sonuncu zərbəsindən sonra Ülvi yerə yıxılmış, Ülvi yerə yıxıldıqdan sonra Dmitriyi ondan ayırmışdır. Həmin münaqişə zamanı Dmitriy Ülviyə qarşı onun anası barədə təhqiredici ifadələrdən istifadə etmişdir. Bundan sonra Ülvi ayağa qalxaraq heç nə demədən oradan uzaqlaşmış və bir neçə dəqiqə sonra əlində bıçaqla geri qayıtmışdır. Ülvi Dmitriyi bıçaqla vurmağa çalışarkən o, yenə də onları ayırmağa çalışmış, lakin onlar qarşılıqlı münaqişə zamanı yerə yıxılmışlar və yerdə olan zaman Ülvi sağ əlində tutduğu bıçaqla Dmitriyin sol ayaq nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Dmitriyin ayağından qan axmağa başlamış və o, güclə də olsa onları ayıra bilmişdir. Dmitriyi stola əyləşdirmiş və yaxınlıqdan keçən “Post-patrul xidməti”nin əməkdaşlarından xahiş etmişdir ki, təcili tibbi yardıma məlumat versinlər. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası hadisə yerinə gələrək Dmitriyi xəstəxanaya aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Dmitriy xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023cü il tarixli, 2440 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hərhansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünəməxsus mövqe və prinsipə malik olmaq, söz götürməmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin emosional halın yaranma səbəbləri situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ruhi həyəcan vəziyyətində olması kimi apellyasiya şikayətinin dəlilləri iş materialları ilə tam təkzib olunur. Belə ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2440 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onda cinayət əməlini törədərkən psixi- emosional halında hirslilik yaranmış, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, və o cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Digər tərəfdən işin faktiki halı kimi müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəlki mübahisə zamanı dava-dalaş olmuş, iş üzrə hadisənin bilavasitə şahidi olmuş Şahid1 onları aralaşdırmağa çalışmış, Ülvi yerə yıxıldıqdan sonra oradan uzaqlaşmış və 3-5 dəqiqə keçdikdən sonra əlində bıçaqla geri gəlmiş və çatan kimi Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmuşdur. Odur ki, hadisənin ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs törətmiş oluduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edildiyi və təqsirləndirilən şəxsin müdafiəçisinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürməsinə dair apellyasiya şikayətlərində göstərilən xüsusat öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 124-cü maddəsi ilə tövsif edilməsinə nisbətdə apellyasiya şikayəti təmin edilməməlidir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1058/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi öz hökmündə təyin etdiyi cəzanı əsaslandıraraq göstərmişdir: «məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini …. cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir». Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, işin faktiki hallarını, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, sonuncunun ondan şikayətçi olmaqla daha ağır cəza təyin etmə tələbini nəzərə almamış, hökmdə cinayət və cinayət prosessual qanunvericiliyin normalarını sadalasa da, yuxarıda qeyd edilən hallara etinasız yanaşıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə cəza təyin etməsini kifayət qədər əsaslandırmayaraq yekun qənaətə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi CM-in 126.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməlidir. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 31 iyul 2024-cü il tarixli, 1(101)-1058/2024 nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 403.0.2, 405.1.4, və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1058/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412 maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar