Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-213/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, Əmir Novruz oğlu Bayramov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, “xxxxxx” Mənzil Tikinti Kooperativinin direktoru işləyən, ünvan 1 mənzil 76 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Anar Tanrıverdiyev) xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Bəraət almış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx xxx 2015-ci il tarixdən dövlət qeydiyyatına alınmış «xxxxxx» Mənzil Tikinti Kooperativinin direktoru vəzifəsində işləyərkən, Kooperativin xx xxxx 2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 5-ci bölməsinə əsasən, kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, orqanlarını seçmək (təyin etmək), onlara seçilmək, kooperativin ümumi yığıncağında iştirak etmək, səsvermədə (şəxsən) iştirak etmək, mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq, kooperativin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə həmin Kooperativ tərəfindən ünvan 3 ünvanında 2006-cı ildən inşasına başlanılmış 2 girişli 16 mərtəbəli binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 140,1 m2 sahəsi olan 3 otaqlı mənzilin x xxxxxx 2013-cü il tarixdə 98.070 (doxsan səkkiz min yetmiş) manata Zərərçəkmiş şəxs satılmasını bildiyi halda, həmin mənzili aralarında yaranmış mülki hüquq öhdəliklərinin icra edilməsinin, yəni xx xxxxx 2018-ci il tarixdə Şahid2 Taptıq oğlundan götürdüyü 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat borcun xx xxxxxx 2018-ci il tarixədək qaytarılmasının təminatı qismində, yəni götürdüyü mülki öhdəlikləri icra etmədiyi halda, mənzilin sonuncunun adına keçəcəyinə razılaşmaqla və mənzilin əvvəlcədən Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsini Şahid2 bildirmədən, xx xxxxx 2018-ci il tarixdə Kooperativin Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki ofisində tamah niyyəti ilə qeyd edilən mənzilin Şahid2 dostu Şahid3 adına rəsmiləşdirilməsi barədə məzmununa vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx xxxxx 2018-ci il tarixli mənzil alqısatqısı haqqında müqaviləni, həmçinin həmin tarixli tam ödəniş haqqında maliyyə arayışını və kassa mədaxil qəbzini tərtib edib imzası və Kooperativin möhürü ilə təsdiq edərək Şahid2 verib vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə mənzilin qanuni əsaslarla satıldığı Zərərçəkmiş şəxs mənzilinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, onun qeyd olunan cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib məhkəmənin hökmdə göstərilən arqumentlərlə Təqsirləndirilən şəxs bəraət verməkdə haqlı olmadığını, onun müvafiq sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə Şahid2 Tapdıq oğlundan borc almasının maddi nemət əldə edilməsində ifadə olunan tamah niyyəti ilə həmin əməli törətdiyinin göstəricisi olduğunu, qeyd olunan cinayətin məqsədli olduğunu və tamah niyyəti ilə məhz həmin pul məbləğinin alınmasından ibarət olduğunu, məhkəmənin gəldiyi nəticəni hökmdə əsaslandırmadığını qeyd edərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs AR CM-nin 313cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası hüdudlarında cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 313-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin əsassız olduğunu, məhkəmənin gəldiyi nəticənin iş materialları tam təsdiq olunmaqla əsaslı olduğunun qeyd edib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş müvafiq ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayətəməli üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı və özlüyündə ümumi sözlərlə ifadə olunan formal xarakter daşıyan dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs müvafiq sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə Şahid2 Tapdıq oğlundan borc almasının maddi nemət əldə edilməsində ifadə olunan tamah niyyəti ilə həmin əməli törətdiyinin göstəricisi olduğunu, qeyd olunan cinayətin məqsədli olduğunu və tamah niyyəti ilə məhz həmin pul məbləğinin alınmasından ibarət olduğunu göstərsə də, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edərək aşağıdakı sübutlarla təkzib olunduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin tərkibi- vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Həmin Qərarda qeyd olunur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Qərara əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, qərarda qeyd olunur ki, göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxxxx” MTK tərəfindən inşa edilən binanın tikintisini tamamlamaq üçün Şahid2 borc götürmək məqsədilə əslində “ borc və borcun təminatı” mahiyyətində olan alqı-satqı müqavilələri bağlamış, bunu isə xx.xx.2018-ci il tarixli razılaşma sənədi ilə rəsmiləşdirərək həmin borc məbləğini qarşı tərəfə qaytarmağı öhdəlik götürmüşdür. Həmçinin təqsirləndirilən şəxsin öz ifadəsi,şahid ifadələri və digər iş materialları ilə belə müəyyən olunur ki, həmin pul (140.000 ABŞ dolları) Təqsirləndirilən şəxs tərəfindən artıqlaması ilə, yəni 230.950 ABŞ dolları olmaqla, qarşı tərəfə qaytarılmışdır ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 308-ci maddəsinin başlıca motivi olan “vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi” əlaməti mövcud deyildir ki, belə olan halda iş materiallarında olan sübutlarla Araz Əbdüləzimovun “xxxxxx” MTK tərəfindən tikilən binada adı çəkilən 4 mənzilin alqı-satqı müqaviləsinin əslində borc münasibətləri zəminində bağlandığı, bu borcun isə tam şəkildə qaytarıldığı müəyyən olunduğundan, həmin müqavilələrin rəsmiləşdirildiyi və ya borc alındığı zaman tamah niyyətinin olması sübuta yetmir. Bundan əlavə, iş materiallarından görünür ki, məhkəməyə qədərki istintaq mərhələsində eyni epizodlarla bağlı Araz Əbdüləzimovun əməlində dələduzluq cinayət tərkibinin olması istisna edilmişdir. Həmçinin, Araz Əbdüləzimovun əməlində AR CM-in 308-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan-fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi faktı mövcud deyildir. Belə ki, həmin ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.), həmçinin zərərçəkmiş şəxs vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, vurulmuş maddi ziyanın həcmi, xarakterində ifadə oluna bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə təqsirliliyi cinayət işi materialları ilə sübuta yetmir. Təqsirləndirilən şəxs törədilməsi istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin tərkibi vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə yaranır. İş materiallarından göründüyü kimi CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin başlıca motivi olan tamah niyyətinin Araz Əbdüləzimovun əməlində mövcud olmadığı aşkardır və bu hala birbaşa istintaqın özü tərəfindən qiymət verilmişdir. Belə ki, təqsirləndirilən şəxs barəsində ilk öncə AR CM-in 178-ci maddəsi üzrə cinayət işi başlanılmış, daha sonra onun Şahid2 pulunu vaxtlı vaxtında qaytardığı və öncədən əmlakı ələ keçirmək niyyəti olmadığı aydınlaşdığına görə, onun əməlində AR CM-in 178-ci maddəsinin tərkib əlamətləri, yəni dələduzluq cinayətinin mütləq əlaməti olan tamah məqsədinin olmadığı müəyyən olunmuşdur. Belə olduğu halda, yəni tamah, habelə sair şəxsi niyyətin olmaması halında, araşdırılan cinayət işinin predmeti olanrəsmi sənəd hesab edilmiş, hüquqi şəxs “xxxxxx” MTK ilə Şahid3 arasında rəsmiləşdirilmiş, A.Abbaszadə küçəsi 17 ünvanında 2006-cı ildən inşasına başlanılmış 2 girişli, 16 mərtəbəli binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 140,1 m2 sahəsi olan 3 otaqlı mənzilin sonuncuya satılmasına dairxx xxxxx 2018-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilənin, həmçinin həmin tarixli tam ödəniş haqqında maliyyə arayışının və kassa mədaxil qəbzinin Təqsirləndirilən şəxs tərəfindən tərtib edilib məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməsi ictimai-təhlükəli əməl sayılmır. Belə ki, Təqsirləndirilən şəxs öhdəliyin təminatı məqsədilə əqd bağlasa da Şahid2 olan öhdəliyi tamamilə icra etmiş, əqdin predmeti olan mənzilin faktiki sahibi Zərərçəkmiş şəxs mənzillə bağlı hər hansı sahiblik, istifadə və ya sərəncam vermək hüququna zərər vurmamış, ümumiyyətlə, cəmiyyətə və ya dövlətə zərər yetirməmiş və ya belə zərər yetirmək təhlükəsi yaratmamışdır. Azərbaycan Respublikası CM-nin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai-təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa birinci instansiya məhkəməsi və apellyasiya baxışı zamanı verdiyi ifadələrində mənzilə sahiblik, istifadə və ya sərəncam verməklə bağlı ona məhdudiyyət qoyulmadığı, hər hansı maddi və ya mənəvi ziyana məruz qalmadığını bildirmişdir. Şahid2 qarşısında öhdəliyi tam icra etməsi, yəni sonuncudan aldığı borcu faizi ilə birlikdə ödəməsi də onu təsdiq edir ki, Təqsirləndirilən şəxs ona maddi ziyan vurmaq niyyəti olmamış və ya belə bir ziyan vurulması təhlükəsi yaranmamışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Araz Əbdüləzimovun əməlində ona elan olunmuş hər iki ittiham üzrə cinayət tərkibinin olması sübutların məcmusu ilə sübuta yetmir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsi baxımında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X5 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmədiyinə əsaslanaraq, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Odur ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya protesti və kassasiya protesti verilə bilər. Sədrlik edən Kamran Əkbərov, hakimlər Əmir Bayramov, Elmar Rəhimov.
Məhkəmə qərarları › İş №1(103)-213/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-213/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver