Məhkəmə qərarları › İş №1(103)-2132/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2132/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2132/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; X7 Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4, Zərərçəkmiş şəxs hüquqi varisi X3, Qanuni nümayəndə X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1787/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1787/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 üçün Penitensiar Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın əvvəli 27 iyul 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən futbol meydançasında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı aralarında əvvəlcədən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərinə son qoymaq məqsədilə sonuncunu meydançadan təxminən 30 metr aralıda olan məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırmış, orada tərəflər arasında sözügedən narazılıqdan irəli gələn əsəbi şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş münaqişə əsnasında Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbələr endirərək həmin zərbələrin zərərçəkmişin ölümünə səbəb ola biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyib sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid ölümlə səbəbli əlaqəli olan sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin əzilməsi və ödemi kimi xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs “Respublika Neyrocərahiyyə Xəstəxanası” PHŞ-nə yerləşdirdərək ona göstərilmiş tibbi yardımlara baxmayaraq xx.xx.2025-ci il tarixdə müalicə aldığı xəstəxanada sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin əzilməsi və ödemi səbəbindən ölmüş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarətlər yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlilləri və cinayət prosesi iştirakçılarının çıxışları: Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək CM-in 62-ci maddəsini tətbiq etməklə, onun barəsində həmin Məcəllnin 126.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddən az ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi materiallarında olan sübutların, xüsusilə də proses iştirakçılarının istər ibtidai araşdrrma zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əlaqəli təhlili vaxtı ilə bir sinifdə oxumuş və bir blokda qonşu mərtəbələrdə yaşamış məhkumla zərərçəkmiş şəxs arasında mövcud olmuş dostluq münasibətlərinin müəyyən səbəblərdən pozulduğunu müəyyən etmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X4 "lnstaqram" sosial şəbəkəsindəki "niggal907" adlı profilində apardığı yazışmalarından məlum olmuşdur ki, həmin şəxs guya Təqsirləndirilən şəxs tərəfindən Ramin Nəsirovun ünvanına təhqiredici ifadə işlətdiyini bəhanə edərək sonuncunu məhkumla münaqişəyə təhrik etmiş və nəhayət 26 iyul 2025-ci il tarixində buna nail olmuşdur. Belə ki, həmin gün saat 17 radələrində Ramin Nəsirov məhkumun yaşadığı evin həyətindəki stadionda futbol oynadığını görüb, guya onlara qoşulmaq üçün meydana daxil olmuş, bir neçə dəqiqə keçməmiş o, qəsdən Təqsirləndirilən şəxs itələmişdir. Buna cavab olaraq məhkum, Ramin Nəsirovu itələdikdə sonuncu - "Peysər, ovun oynamağı öyrən!" – ifadəsini işlədərək hər iki komandanın oyunçularının qarşısında təhqir etmişdir. Bunu dost-tanışlarının yanında şəxsiyyətinin alçaldılması kimi qəbul edən məhkum Zərərçəkmiş şəxs biraz kənara çəkib Məni söydün? Deyə soruşaraq sağ əli ilə iki dəfə baş nahiyyəsindən zərbə vurmuşdur. İkinci zərbədən sonra Fərid Nəsibovun yerə yıxıldığını görən Manaflı dərhal onun qaldıraraq yaxınlıqdakı taxta skamyaya əyləşdirmiş, huşunun başında olduğunu görüb bir qədər söhbət etdikdən sonra yenidən stadiona qayıdaraq oyunlarını davam etdirməşlər. Təxminən 15-20 dəq sonra özünü pis hiss edən Fərid Nəsibov onlardan aralanaraq evə getmişdir.Göründüyü kimi yetkinlik yaşına çatmayan məhkum Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə səbəb məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti olmuşdur. Həmiçinin təqsirləndirlən şəxs cinayəti törədərkən, indinin özündə də yetkinlik yaşına çatmayan şəxs olmuş, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, törətdiyi əməldən səmimi peşman olmuş, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanı ödəməyə və onunla barışıq əldə etməyə cəhd etmiş, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları onun cəzasını yüngülləşdirən halla kimi qiymətləndirsə də, yetkinlik yaşına çatmayan şəxslərə azadlıqdan məhruetmə növündə cəzanın 10 ildən çox olmayan müddətə təyin edildiyini nəzərə alsaq, məhkəmə məhkuma 9 il müddətə azadlıqdan məhruetmə növündə cəza təyin etməklə onun cəzasını faktiki olaraq yüngülləşdirməmişdir.Birinci instansiya məhkəməsi təqsirləndirlən şəxs tərəfindən cinayət əməlinin affekt vəziyyətində törədilməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını və onun şəhid ailəsinin üzvü olmasını nəinki nəzərə almamış, buna ümumiyyətlə münasibət bildirməmişdir. Odur ki, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya həmin Məcəllənin 59 və 60-cı maddələrinin müddəaları nəzərə alınmaqla aşağı həddə cəza təyin etdilməsi barədə qərar qəbul edilsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamı cəza hissəsində əsassız hesab edir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o, uşaqlarla həyətdə futbol oynayırdı. Fərid sonradan yanlarına gəlmişdir. Onlar Fəridlə 8ci sinifdə tanış olmuşlar. Bir ildən çox dost olmuşlar. Bir müddətdən sonra Fəridlə araları qız söhbətinə görə dəymişdir. Belə ki, Fərid ona əvvəllər onun sevgili olduğu qızla danışmaq və münasibət qurmaq istədiyini demiş, o isə buna etiraz etmişdir. Bu zaman aralarında narazılıq başlamış və bir müddət danışmamışlar. 1-2 ay sonra onlar futbol oynayanda Fərid ilə aralarında dava yaranmış və Fərid onun ünvanına nalayiq söz işlətmişdir. Bundan sonra Fəridi stadiondan təxminən 30 metr kənara çəkmiş və anidən gicgah nahiyyəsinə iki dəfə yumruq vurmuşdur. Bundan sonra Fərid yerə yıxılmışdır. O, Fəridi ayağa qaldırmış və halını soruşmuşdur. Fərid yaxşı olduğunu dedikdən sonra el sıxışaraq Fəridi yola salmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə yaranmış münaqişədən dərhal sonra zərərçəkmiş şəxsə bilavasitə digər yardım göstərilməsi ilə bağlı, yəni dolayısı ilə ilkin tibbi yardım kimi qiymətləndirilə biləcək addım atmışdır. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə ilkin tibbi və ya digər yardım göstərilməsi ilə bağlı mühüm elementi araşdırmamış, bu hissədе ətraflı şahid ifadələri alınmamışdır ki, bu hal özlüyündə gözlənilən cəza təyininə təsir edəcək haldır. Habelə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşman olması və digər onu xarakterizə edən halları nəzərə almamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi imkanlarını geniş şərh etməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirən şəxsin ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə hazır olduğunu qeyd edərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs hüquqi varisi X6 qarşı tərəfdən barışıq əldə edilməsinə cəhd edilsə də, heç bir barışığın olmadığını və gələcəkdə də barışığın əldə olunması barədə qəti şəkildə düşünmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya şikayətini əsassız hesab edərək tərəflər arasında barışığın olmamasını və bununla da CM-nin 62-ci və 70-ci maddələrinin tətbiqinə əsasların olmadığını qeyd edərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalaпnın tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1787/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirlən şəxsin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin hər ikisindən də göründüyü kimi, müdafiə tərəfi təqsirləndirlən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsini hər hansı şəkildə mübahisələndirməmişdir. Bununla belə, məhkəmə kollegiyası ilk növbədə təqsirləndirlən şəxsin əməlinin hüquqi tövsifinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirlən şəxsin etirafedici ifadəsinin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinin, şahid ifadələrinin, ekspertiza rəylərinin, eləcə də iş materiallarında olan digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin əsas dəlilləri qismində təqsirəndirlən şəxsin cinayəti törədən zaman yetkinlik yaşına çatmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında və bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törədilməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, təqsirini boynuna alması və əməlindən peşmanlıq çəkməsi, şəhid ailəsinin üzvü olması, yaşayış yerində müsbət xarakterizə olunması və.s halların müstəsna hallar kimi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi göstərilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlilləri qismində isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə yaranmış münaqişədən dərhal sonra zərərçəkmiş şəxsə bilavasitə digər yardım göstərilməsi ilə bağlı, yəni dolayısı ilə ilkin tibbi yardım kimi qiymətləndirilə biləcək addım atmasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşman olması və digər onu xarakterizə edən halları nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya həmin Məcəllənin 59 və 60-cı maddələrinin müddəaları nəzərə alınmaqla aşağı həddə cəza təyin etdilməsi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin qeyd olunan dəlillərinə münasibətdə təqsirləndirlən şəxsə təyin edilmiş cəza məsələsini müzakirə edərək və təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə görə doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirlən hökmündən göründüyü kimi məhkəmə təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, habelə əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi və onun cəzasını ağırlaşdıran halları müəyyən etmədən ona təqsirli bilindiyi maddənin sanksiyası nəzərdə tutulmuş minimum həddə, yəni 09 il müddətinə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətində müdafiəçi təqsirləndirlən şəxs tərəfindən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında və bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törədilməsi ilə əlaqəndirilməklə həmin halın birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmadığını göstərsə də, məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, müdafiə tərəfi cinayətin hansı qanunsuz hərəkətlərin təsiri altında törədilməsini təsdiq edən dəlili göstərmədən yalnız zərərçəkmişin nalayiq ifadələr işlətməsi mülahizəsini irəli sürmüşdür. Həmçinin qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) şəxsin öz hərəkətlərinə nəzarət etmək və onu idarə etmək imkanlarından məhrum olmasını ehtiva edən bir vəziyyətdir ki, hazırki iş üzrə təqsirləndirlən şəxsin birinci instansiya məhkəməsində vediyi ifadəsinə əsasən onun istər mübahisə əsnasında, istərsə də mübahisədən sonrakı davranışlarında affekt vəziyyətinin mövcud olmasını göstərən hər hansı əlamət müəyyən olunmamışdır. Bundan əlavə, hər iki apellyasiya şikayətində də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə yaranmış münaqişədən dərhal sonra zərərçəkmiş şəxsə bilavasitə digər yardım göstərilməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə bağlı dəlil irəli sürülsə də, məhkəmə kollegiyası qeyd edir ki, həmin yüngüləşdirici hal yalnız zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması şərtilə tətbiq oluna bilər. Belə ki, həyata dəyən zərər ölümdə ifadə olunduğuna görə cinayət törədən şəxsin ölümə səbəb ola biləcək cinayətin nəticəsini azaltmalı deyil, aradan qaldırmalıdır, yəni zərərçəkmiş şəxsi dərhal həkimə çatdırmaqla, yaxud ona tibbi yardım göstərməklə ölümün baş verməməsinə öz töhfəsini verməlidir. Lakin hazırki işə nəzər saldıqda təqsirləndirlən şəxs tərəfindən onun əməli ilə səbəbli əlaqədə olan zərərçəkmişin ölümündən ibarət nəticənin qarşısı almağa yönələn hər hansı hərəkət mövcud olmamışdır. Apellyasiya şikayətində qeyd olunan təqsirləndirlən şəxsin zərərçəkmişi yerdən qaldırması və onun halını soruşması kimi hallar onun barəsində CM-nin 59.1.11-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərə almağa əsas vermir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətlərinin təqsirləndirlən şəxsin yetkinlik yaşına çatmaması, onun ilk dəfə cinayət törətməsi və törətdiyi əməldən səmimi peşman olması kimi halların yüngülləşdirici hallar kimi nəzərə alınmamasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi məhz həmin halları öz hökmündə yüngülləşdirici hallar kimi göstərərək təqsirləndirlən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında yeganə cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhruetmə cəzasını minimum həddə təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi dəlilinə münasibətdə qeyd edir ki, müdafiəçi həmin tələbi birinci instansiya məhkəməsində də irəli sürmüş və həmin məhkəmə haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir ki, hazırki halda məhkəmə cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq təqsirləndirilən şəxs barəsində qeyd edilən halların hər hansı birinin müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətə münasibətdə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın (həm cəzanın növünə, həm də təyin edilmiş cəzanın müddətinə münasibətdə) təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə münasibətdə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilmədən onun islah olunmasını mümkün olmadığıni müəyyən etmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar bir daha iş materiallarını tədqiq edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini, habelə təqsirləndirlən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışığın əldə olumamasını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və təqsirləndirlən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqi barədə apellyasiya şikayətlərinin təmin olunmasına hər hansı əsas olmadığı qənaətinə gəlir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1787/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1787/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar