Məhkəmə qərarları › İş №1(103)-221/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-221/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-221/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cavid Hüseyn Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs - X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1979-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X2) 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 03 mart 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq elmişdir. Belə ki. o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmək məqsədi ilə X8 və onun həyat yoldaşı Şahid1 özünü işgüzar şəxs kimi təqdim edərək onları və övladları Şahid2 və Kənan Qədirlini qanuni və rəsmi yollarla Polşanın Azərbaycan Respublikasında yerləşən Səfirliyindən həmin ölkəyə getmələri üçün hər birinə bir illik müddətə viza alacağı, sonradan Polşa Respublikasına göndərərək orada qarşılanacaqları, həmin ölkədə ev və müvafiq işlə təmin etdirəcəyi barədə yalan vədlər verib aldadaraq bu adla 2019-cu ilin iyul ayında sonuncuların yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, məhəllə 1055, ev 3, mənzil 153-də X4 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10.000 (on min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İ.Şahid2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)- 446/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təhvil olmuş, istintaq zamanı etdiyi cinayət əməlini könüllü etiraf etmiş, istintaqın aparılmasına müdafiə xarakterli maneçilik törətməmişdir, həm istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyanı ödəmək təşəbbüsündə olmuşdur, lakin ödəniləcək məbləğin miqdarına görə razılaşma əldə edilməmişdir. Hesab edir ki, məhkəmə cəza təyinində ədalətli yanaşma elməmişdir, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə almamışdır. Hökmdən zərərçəkmiş şəxs X11 da apellyasiya şikayəti verib bildirmişdir ki, məhkəmə istintaqı zamanı ifadəsində və işə baxan hakimin tələbi barədə suallarına cavab olaraq tələbinin ona dəymiş maddi ziyanın, yəni 10.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməli olduğunu bildirməsinə baxmayaraq, məhkəmə hökmündə tələb etdiyi maddi ziyanın məhkumdan alınıb ona verilməli olmasını göstərməmişdir, buna görə hökm qanunsuz və ədalətsizdir. Sadalananların nəzərə alınaraq məhkum Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində maddi zərərin alınıb ona verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmünə dəyişiklik edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X11 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, məhkum Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində maddi zərərin alınıb ona verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)- 446/2022 saylı hökmünə dəyişiklik edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X9 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin qanuni həllini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk növbədə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi müdafiəçi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək, törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, cəzanın yüngülləşdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 188-ci maddələri ilə təqsirli bilinərək hər ay qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2. 320.1. 320.2. 318.2-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və sonuncu Azərbaycan Respublikası CM-nin 177.3.2. 318.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzası 07 il 06 aya endirilmiş, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv ediliərək iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci ıl tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 177.3.2. 320.1 və 320.2-ci maddələri xaric edilmiş, sonuncuya Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci ıl tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 21 06.2017ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs 05 ay 06 gün cəzasını çəkmək üçün 9 saylı Çəzaçakmə Müəssisəssinə geri qaytarılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild İ, i.v. 18-20) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1.-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmış cinayətə görə bu Məcəllənın Xüsusi hissəsinin müvafiq maddəsındə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, bir azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını, o cümlədən CM-nin 65.2-ci maddənin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan onun barəsində CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi yalnız həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkündür ki, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, müdafiəçinin apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdən göründüyü kimi zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəzanı mübahisələndirmir, yalnızca təqsirləndirilən şəxsdən 10000 (on min) manat məbləğində maddi zərərin alınıb ona verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmünə dəyişiklik edilməsini xahiş edir. CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs X11 apelyasiya şikayətində Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə mübahisələndirdiyi hökmə dəyişiklik edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsdən vurduğu ziyanın əvəzi olaraq zərərçəkmiş şəxsin xeyrinə pul tutulması yalnız zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi ilə mümkün ola bilərdi ki, hazırkı halda cinayət işi materiallarının araşdırılması zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddianın verilmədiyi aydın olur və belə olan halda onun şikayətinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş şəxsə CPM-in 180.2-ci maddəsinin tələbləri izah edərək bildirir ki, zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. Belə ki, CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, həmçinin zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs X8 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X5 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar