Məhkəmə qərarları › İş №1(103)-2225/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2225/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2225/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X9 (sədrlik edən və məruzəçi hakim), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclası katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)- 19/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim X2) xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvələr məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması, onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş cəzanın əvvəlinin 17 noyabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə və ev dustaqlığında saxlanılma müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş tanışı Təqsirləndirilən şəxs1 ilə satış məqsədi ilə saxta pul əldə etmə və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 eyni nominallı həqiqi Azərbaycan manatından istifadə edilməklə rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsi ilə axınlı çap üsulu ilə hazırlanmış A44705159, A31781362, A28164052 nömrəli «10 Azərbaycan manatı» və B18199573, B19639979, B68922040, B34190775 nömrəli «20 Azərbaycan manatı» nominallı cəmi 2.250 manat məbləğində Azərbaycan manatına oxşar obyektləri istintaqa məlum olmayan mənbədən, vaxtda və şəaritdə satış məqsədi ilə əldə etdikdən sonra 2022-ci ilin noyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə ünvan 2 ünvanına gətirib 45 ədəd A44705159, A31781362, A28164052 nömrəli «10 Azərbaycan manatı» və 73 ədəd B18199573, B19639979, B68922040, B34190775 nömrəli «20 Azərbaycan manatı» nominallı cəmi 1910 manat məbləğində saxta pulu ona satış məqsədi ilə təqdim etməklə əvəzsiz olaraq satdıqdan sonra qalan 12 ədəd A44705159, A31781362, A28164052 nömrəli «10 Azərbaycan manatı» və 11 ədəd B18199573, B19639979, B68922040 nömrəli «20 Azərbaycan manatı» nominallı cəmi 340 manat məbləğində saxta pulu üzərində satış məqsədi ilə daşımaqla saxlamış, xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindəki saxta pulun 01 ədəd B19639979 nömrəli «20 Azərbaycan manatı» nominallı hissəsini qardaşı X4 öz sifarişi əsasında meyvə almaq üçün təqdim etməklə təkrar satmış, sonuncu saxta olduğunu bilmədiyi pul vəsaitindən həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan» şəhərciyində yerləşən dükanda tədavül prosesində istifadə etdikdən sonra dükanda çalışan Zərərçəkmiş şəxs müraciəti əsasında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib saxladığı 12 ədəd A44705159, A31781362, A28164052 nömrəli «10 Azərbaycan manatı» və 10 ədəd B18199573, B19639979, B68922040 nömrəli «20 Azərbaycan manatı» nominallı cəmi 320 manat məbləğində saxta pul aşkar edilərək götürülmüşdür. Zəngilan Rayon Polis Şöbəsindən daxil olmuş material əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 22.42 radələrindən etibarən ünvan 2 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 yataq otağındakı dolabdan tanışı Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədi ilə əldə edib saxladığı 45 ədəd A44705159, A31781362, A28164052 nömrəli «10 Azərbaycan manatı» və 73 ədəd B18199573, B19639979, B68922040, B34190775 nömrəli «20 Azərbaycan manatı» nominallı cəmi 1.910 manat məbləğində Azərbaycan manatına oxşar obyektlər aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmünün ona aid hissədə ləğv olunmasını və barəsində ədalətli məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya icraatı qaydasında baxılarkən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 məhkəməyə apellyasiya şikayətinə əlavə ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 ağır xəstəliyinə heç bir əhəmiyyət verilməmiş, prosessual əsaslar formal olaraq sadalanmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə verilmiş əlavənin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə əlaqədar ittiham üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bildirir ki, istintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu halların heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi üzrə ittiham hökmü çıxarmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi istintaq zamanı şahidlərin ifadələrini, ekspert rəylərini, diskə baxış protokolunu və s. əsas götürmüş, ümumi sözlərlə «təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi» qənaətinə gələrək ona sərt cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tutulma günü, yəni xx.xx.2022-ci il, axşam saat 11:00 radələrində ünvan 3 ünvanında yerləşən evdə əməliyyat-axtarış tədbiri keçirən zaman Təqsirləndirilən şəxs2 evdə olmuş, qapının döyüldüyünü eşidib kimin gəldiyini soruşduqda Samir olduğunu bildirmişdir. Qapını açan zaman Baş Mütəşəkkilin əməkdaşları içəri daxil olmuşlar və zor tədbiq edərək evdə axtarış aparmışlar. Pulları balkonda onlar gəlməmişdən qabaq çox qismini yandırmışdır. Baş Mütəşəkkilin əməkdaşları tapdıqları saxta pullardan 100 manat narkotik vasitə aldığını videoçəkiliş zamanı deməsini tələb etmişlər. Buna etiraz etdikdə onu evdə döymüşlər. Fiziki zorakılığa dözməyən Təqsirləndirilən şəxs2 onların hər bir tələbini yerinə yetirəcəyinə razılıq vermişdir. Daha sonra onlar təkrar evdən çıxaraq videoçəkiliş edərək evə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 heç bir zaman narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşlarının tapdıqları narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş alətlər və həmin saxta pul əskinasları onun ilə birlikdə yaşayan Tofiq adlı şəxsə məxsus idi. Həmçinin həmin saxta pul əskinaslarından heç vaxt istifadə etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya təşkil edir. Məhkəmə mütləq nəzərə almalı idi ki, həmin saxta pul əskinaslarından xəbəri olsa da onlardan hec vaxt istifadə etməmiş, şəxs istintaq vaxtı ev dustaqlığı olduğu dövürdə azadlıqda olmuş və həmin müddətdə istintaqın gedişində fəal iştirak etmiş və hərəkətləri ilə nümunəlik nümayiş etdirmişdir. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Raespublikası Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılır. Halhazırda səhhətində olan ciddi problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssəsinə yeləşdirilməsi üçün müraciətlər olmuşdur. Belə ki, məhkəməyə təqdim edilən Penitensiar Xidmətin Müalicə Müəssisəsinin arayışında "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə göndərimişdir. Həmçinin kompüter tomoqrafiya müayinəsinin protokolunda qaraciyərin serroz olması öz təstiqini tapmışdır. Gəncə şəhər Birləşmiş Xəstəxanasının PHŞ A.Səhhət adına xəstəxanasının arayışında da qaraciyər fibrozu və serrozu göstərilmişdir. Hesab edir ki, bu hal təqsirləndirilən şəxsin davamlı müalicə almasına baxmayaraq, yaxşılaşma yaranmır. Proses dərinləşsə qaraciyər catışmamazlığı baş vermə riski var ki, bu da həyati təhlükədir. Zərərcəkmiş şəxslə barışması, sonuncunun şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması, müsbət xarekterizə olunması, anasının xəstə olması, atasının İİ qrup əlil olmaqla, yataq xəstəsi olması, valideynlərinin maddi və mənəvi durumlarının cox pis vəziyyətdə olması nəzərə alınmalıdır. Belə olan halda ona təyin edilmiş cəza şərti hesab edilməli və islah olan bir şəxsə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməli idi. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkarın haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən, cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib- göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Sadalanan bu tələb, izah və tövsiyələrdən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən də islah oluna biləcəyi mümkündür və buna görə də ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiqdir. Belə qənaətə gələrkən cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərardakı tövsiyyələrə əsaslanmışdır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; məhkumun şəxsiyyəti; cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Təsvir edilənlərə əsasən hesab edirik təqsirləndirilən şəxsin ilk növbədə məhz sağlamlıq durumuna görə onun barəsində şərti məhkumetmənin tətbiqi ilə islah olunması mümkündür və ittihama əsasən heç də onun mütləq şəkildə azadlıqdan məhrum etmə cəzasını real, yəni cəmiyyətdən təcrid edilməklə çəkməli olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Bununla yanaşı təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı halların olmaması, əməlindən peşiman olması, əvvəllər məhkum olunmaması, cavanlığı, ağır xəstə olması, ən əsası bir daha belə əməllərə yol verməyəcəyi barədə vədi də nəzərə alınmalıdır. Müdafiəçisi olduğu şəxsin azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması üçün heç bir əsas görmür və eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini kifayət qədər nəzərə almamış, onun cəza çəkmədən də islah olunması məsələsinə laqeyd yanaşmışdır. Hökmdən digər məhkum edilmiş şəxs və zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Müdafiəçi4 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətini və özü tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəni müdafiə edib apellyasiya şikayətinə əlavədə göstərilən dəlillərə uyğun şəkildə çıxış edib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəni müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmünün dəyişdirilməsini və onun ağır xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınaraq mübahisələndirilən məhkəmə hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X1 bildirdi ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübut olunur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Dövlət ittihamçısı qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin olunmamasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti və Müdafiəçi4 apellyasiya şikayətinə əlavəsinin əsas dəlilləri Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsindən, yəni təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədən göründüyü kimi müdafiə tərəfi Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini təqsirli bilib etirafedici ifadə versə də, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və törətmiş olduğu cinayət əməlini inkar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla və araşdırmaqla Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədən göründüyü kimi apellyasiya məhkəməsinin qarşısında qaldırılmış məsələ - Təqsirləndirilən şəxs2 ağır xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi məsələsinin həll edilməsidir. Məhkəmə hökmündən görünür ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsini, digər təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin onun əleyhinə ayrı-ayrılıqda verdikləri ifadələri, habelə şahid ifadələrini, ekspertiza rəyini, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilərək cəzalandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin onunla barışmasını və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini cəzanı ağırlaşdıran hal kimi əsas götürərək, Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşadığı yer üzrə müsbət xarakterizə olunması görünsə və bu hallar birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasa da, göstərilən hallar özü-özlüyündə cəzanı yüngülləşdirən hallar kimi çıxış edir. Cəzanı yüngülləşdirən hallar kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşadığı yer üzrə müsbət xarakterizə olunması, eləcə də xəstəlikdən əziyyət çəkməsi hazırda müəyyən edilsə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə ən aşağı həddə cəza təyin edildiyindən ona təyin edilmiş cəzanın azadılması mümkün deyil. Həmçinin göstərilən hallar ona təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi üçün əsas kimi çıxış edə bilməz. Həmçinin Təqsirləndirilən şəxs2 xəstəliyi ilə bağlı o da qeyd edilməlidir ki, cinayət işinin materialları əsasında qoyulmuş diaqnoz üzrə onun müalicə olunması görünsə də, məhkəmə hesab edir ki, o, törətmiş olduğu cinayət əməlinə tənqidi yanaşmamış və elan olunmuş ittiham üzrə özünü məhkəmədə təqsirli bilməyərək məhkəməyədək icraat zamanı vermiş olduğu etirafedici və qismən etirafedici ifadələrini birinci instansiya məhkəməsində dəyişərək inkaredici ifadə vermiş, bununla da törətmiş olduğu cinayət əməli üzrə təqsiri digər şəxsin üzərinə atmağa cəhd etmişdir. Göstərilən hallar, ələlxüsus onun məhkəmədə özünü təqsirli bilməməsi təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini istisna edən hallar kimi çıxış edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə haqlı olmuş və bununla da düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntuya yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(001)-19/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əli Məmmmədov Hakimlər: Emin Əliyev Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar