Məhkəmə qərarları › İş №1(103)-224/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-224/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-224/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.5-ci maddəsilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X3) 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 16 (on altı) gün həbsdə saxlama müddəti təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən X8 zərər çəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2022-ci il tarixdə saat 13:30 radələrində metronun «28 may» stansiyasından «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibindən sonuncuya məxsus dəyəri 1034 manat olan «Xiaomi Mi 11 Lite» markalı **********29664 və **********29672 İMEl kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 20 manat olan ***-***-**-** saylı GSM mobil nömrəni, dəyəri 20 manat olan telefon kabrosunu, dəyəri 6 manat ekran qoruyucusunu və dəyəri 20 manat olan 15 GB mikro yaddaş kartını çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022 ci il tarixli Hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.5ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası həddən artıq çoxdur və törədilmiş cinayətə adekvat deyildir. İlk növbədə bildirir ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən işsiz olmuş, heç bir yerdən maddi gəliri olmamış və ailədə yeganə qazanc gətirə biləcək şəxs olmuşdur. Bundan əlavə onun himayəsində üç azyaşlı uşağı və uşaqları böyüdən, onlara hər gün analıq edən işləməyən arvadı vardır. Bundan əlavə, o ibtidai araşdırma müddətində zərər çəkmiş şəxslə barışmış, ona vurduğu maddi zərəri ödəmiş və bunun nəticəsində də zərər çəkmiş şəxs ərizə ilə müraciət edərək ona vurulmuş maddi zərərin ödənildiyini, barışdığını və heç bir şikayətinin olmadığını bildirmişdir. CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almalıdırlar. Həmin maddənin tələbləri ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2022 ci il tarixli hökmünün əsaslandırıcı hissəsinin müqayisəli təhlil edərkən müəyyən olunur ki, həmin hökmü qəbul etmiş məhkəmə azadlıqdan məhrum etmə barədə cəza verərkən həmin cəzanın heç bir maddi gəliri olmayan üç azyaşlının və işləməyən ananın həyatı şəraitinə təsirini nəzərə almamış, hətta həmin hökmlə eyni vaxtda üç azyaşlını və işləməyən ananı ailənin yeganə gəlir yeri olan, gündəlik maddi qazanc gətirən atadan məhrum etmiş, bununla da həmin hökmlə CM-nin 58.3-cü və 8-ci maddəsinin tələbləri kobud pozulmuşdur. Yuxanda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilərkən CM-nin 58.2-ci maddəsində nəzərdə tutulduğu hallar rəhbər tutulmalı idi və törədilmiş həmin cinayətə görə CM-nin Xüsusi hissəsinin 62-ci maddəsi tətbiq olunmaqla CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cəzadan daha yüngül, yəni azadlıqdan məhrum etmə ilə əlaqdar olmayan cəzanın təyin olunması məsələsi həll olunmaqla bu barədə qərar verilməli idi. Məhkəmə cəzanı yüngülləşdirən bir neçə halları və həm də həmin halların məcmusunu müstəsna hal hesab etməmiş və həmin halların hansı səbəbə görə müstəsna hal hesab etməməsini CPM-nin müvafiq normaları ilə əsaslandırmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona ağır cəza təyin edildiyini, məhkəmənin onun zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etdiyini, himayəsində üç azyaşlı övladının olduğunu nəzərə almadığını qeyd edib əməlindən peşman olduğunu, ailəyə ondan başqa baxan və qazanc gətirən şəxs olmadığını bildirərək barəsində daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Hökmdən zərər çəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişlər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək, törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi onlar, cəzanın yüngülləşdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 4 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 02 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1.-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmış cinayətə görə bu Məcəllənın Xüsusi hissəsinin müvafiq maddəsındə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, onunla barışmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzasını, cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını, o cümlədən CM-nin 65.2-ci maddənin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Müdafiəçi və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan onun barəsində CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi yalnız həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkündür ki, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətlərində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 177.2.5ci maddəsi ilə təqsirli bilinməsinə dair 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair 27 oktyabr 2022-ci il tarixli, 1(006)-381/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Anar Tanrıverdiyev, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar