Məhkəmə qərarları › İş №1(103)-226/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-226/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-226/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-584/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim E.Z.Ağayev) xx.xx.2022-ci il tarixli, 1(001)-584/2022 saylı hökmü ilə 03 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,324 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:05-də Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında yerləşən baxçanın yanında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,324 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona köməklik edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Binəqədi Rayon Məhkəməsinin hökmündən narazıdır, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquqlar çərçivəsində ona kömək edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması cəzasının təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-584/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, məhkum edilmiş şəxs apellyasiya şikayətində təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsini mübahisələndirməmişdir. Cinayət işinin materiallarına əsasən, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkumun etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə sonuncu ona azadlığın məhdudlaşdırlması cəzasının edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlər daxilində minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan birinci instansiya məhkəməsinin məhkəmə iclaslarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan edilmiş, axtarışla tutularaq məhkəməyə təqdim edilmişdir ki, bu isə öz növbəsində onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1(001)-584/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1(001)- 584/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar