Məhkəmə qərarları › İş №1(103)-229/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-229/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-229/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1537/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X3, hakimlər X9 və X5) 10 noyabr 2022-ci il tarixli, 1(101)-1537/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 03 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan Əli adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya görə “Əli” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan, lakin sonuncunun “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi üsulla göndərmiş olduğu dəyərini sonradan ödəmək şərti ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 173,3 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, 03 aprel 2022-ci ildə saat 20:00-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 22:30-da onun dəvəti, icazəsi və iştirakı ilə kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən həmin evin yataq otağında çarpayının üzərinə qoyduğu cins şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edərək saxladığı bir ədəd bükümdə təmiz çəkisi 173,3 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1537/2022 saylı hökmünün dəyişdirilməsini, onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə sanksiyada nəzərdə tutulan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası daxilində ona ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən 2022-ci ilin fevral ayının əvvəllərində Əlinin ona “WhatsApp” proqramı vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, metronun "İnşaatçılar" metrosunun yaxınlığında olan yerin şəkilini göndərdiyi və "malı" qoydurmuşam, get götür” dediyi, onun isə Əlinin dediyi yerə getdiyi, bir büküm götürüb kirayə yaşadığı ünvan 2 ünvanda olan evə gəldiyi və bu barədə heç kimə bir söz demədiyi, bundan sonra narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisini bilmək üçün elektron tərəzi aldığı və narkotik vasitə heroini çəkdiyi, heroinin 10 qram gəldiyi, metamfetamini isə çox olduğu üçün çəkmədiyi, axır zamanlar metamfetamin istifadə etmədiyi və həmin metamfetamini saxlamaq üçün evdə cins şalvarın cibində gizlətdiyi, bu barədə heç kimə bir söz demədiyi, 03 aprel 2022-ci ildə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısına çıxdığı və həmin vaxtı üzərində bir büküm narkotik vasitə heroin olduğu barədə ifadələr verməklə törətdiyi əməlləri qismən etiraf etmiş, bununla da hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr vermiş, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin qabaq sağ cibindən 01 ədəd üstü ağ, içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddəni və sol cibindən isə “Rothmans” markalı siqareti çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd üstü ağ, içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddənin narkotik vasitə sayılan “kakos” olduğunu bildirib, öz istifadəsi üçün təxminən 2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adını Əli kimi təqdim edən İran vətəndaşından narkotik vasitə olan "şüşə" ilə birlikdə 300 manata aldığını, həmin narkotik vasitələri yaşadığı evdə saxlayıb gündəlik götürüb istifadə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan “kakos” qalmadığını, ancaq “şüşə” qaldığını deyib həmin maddəni yaşadığı evdə təqdim edə biləcəyini söyləmişdir. Aşkar olunmuş bir ədəd üstü ağ içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 27-28). “Mənzilə axtarış və götürmə aparılması haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, ünvan 4 ünvanında axtarış keçirilmiş, mənzilində axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək kirayədə yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qanunla qadağan olunmuş psixotrop maddə metamfetaminin yataq otağında olan çarpayının üzərində yerləşən göy cins şalvarın sol qabaq cibində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs geyinmədiyi cins şalvarından şəffaf sellofana bükülmüş və rezin ilə bağlanmış içərisində ağ rəngli kristal şəklində narkotik vasitəyə bənzər maddə olan bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni öz istifadəsi üçün təxminən 2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adını Əli kimi təqdim edən İran vətəndaşından 300 AZN məbləğinə aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəklində olan narkotik vasitəyə oxşar maddə və elektron tərəzi kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). Məhkəmə ekspertizasının 04 aprel 2022-ci il tarixli, 6/1806 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 173,3 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqi 37-41). Birinci instansiya məhkəməsində aparıldığı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilib narkotik vasitəni satış məqsədilə əldə etmədiyini qeyd etməsinə baxmayaraq, onun dəlilləri ətraflı araşdırılmış və sonuncunun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təqsirləndirilən şəxsin tutulmasında iştirak etmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları Şahid2 və Şahid1 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 0,15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında metamfetaminin xalis çəkisinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarında əks olunmuş mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən metamfetaminin külli miqdar təşkil etməsi, ondan aşkar edilib götürülmüş dövriyyəsi qadağan olunmuş predmetlərin növ müxtəlifliyi (metamfetamin və heroin), eləcə də elektron tərəzinin aşkar edilərək götürülməsi onun həmin narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda və şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi təqsirləndirilən şəxsin qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsini, cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilnməsinə dair 10 noyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına 6 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Anar Tanrıverdiyev, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar