Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-23/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs – X4, Müdafiəçi –17 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə, Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, maşın ustası işləyən, Bakı şəhəri, Xəzər rayonu, X12, Abdulov küçəsi, ev 145 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 1(005)-427/2019 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim H.Kamranov) 11 dekabr 2019cu il tarixli, 1(005)-427/2019 nömrəli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 19.09.2019-cu il tarixdən 21.09.2019-cu il tarixədək tutulduğu müddət, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Məhkəmənin hökmünə əsasən, X9 xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, X9 özgənin xeyli miqdarda əmlakını talamaq məqsədilə 12 iyun 2019-cu il tarixdə, saat 01:40 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanında yolun kənarında olan Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilini gizli olaraq talayıb həmin yük avtomobilini idarə edərək hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs 12500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, X9 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək X4 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunaraq məhkum edilmiş şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin ibtidai istintaqı bir çox pozuntularla aparılmış, bütün istintaq zamanı müstəntiq baş vermiş cinayət hadisəni örtbasdır etməklə məşğul olmuş, ittiham aktında və məhkəmə hökmündə təqsirləndirilən şəxsin ifadəsinə əsasən göstərilmişdir ki, guya E.M.Elçiyev onun maşınına yaxınlaşanda görüb ki, maşının qapısı açıqdır, ona görə maşını kabinasına daxil olub. Deməli maşının qapısı açıq olmasaydı, təqsirləndirilən şəxs maşınının kabinasına daxil olmazdı. Halbuki, o, maşınını səhərə qədər həmin yerdə qalması üçün saxladığından qapıları bağlamışdır. Bağlayandan sonra da nəzarət qaydasında güc verib açılmasını yoxlamışdır, qapıların isə açılmadığına əmin olduqdan sonra maşından uzaqlaşmışdır. Müstəntiqin və məhkəmənin təqsirləndirilən şəxsin bu sözlərinə inanması onda təəccüb doğurur. O, gözləyirdi ki, heç olmasa ittiham prokuroru məhkəmə iclasında bu halın araşdırmasında maraqlı olar, lakin o da bu hala hüquqi qiymətin verilməsində maraqlı olmamışdır. Onun dediklərinə isə bir qayda olaraq məhkəmədə də qulaq asmamışlar. Bu iş barəsində ədaləti və elementar peşəkarlığa əməl olunmaqla, istintaq aparılsaydı, avtomobilləri oğurlayıb sənədlərinin saxtalaşdırılması ilə əlaqədar bəlkə də böyük bir cinayət şəbəkəsini ifşa etmək olardı. Çox güman ki, həmin şəbəkə barəsində məlumatlı olan müstəntiq onu ifşa etməyə cəhd etməmişdir. Dəhşətlisi odur ki, açıq-aşkar təqsirləndirilən şəxs ondan oğurladığı maşını sıradan çıxmış başqa maşının sənədlərinə uyğunlaşdıraraq rəngini dəyişdirib qardaşının istifadəsinə vermişdir. Qardaşı həmin saxta sənədlərlə həmin maşını 3 ay idarə etdikdən sonra, maşın ondan alınır. Bu cinayət şəbəkədə qardaşlardan başqa da 3 nəfər iştirak edir. Lakin istintaq elə sənədləşmə aparır ki, guya bu cinayətdə iştirak edənlərin əməllərində cinayət tərkibi yoxdur. Bundan əlavə onun mülki iddiası da geri qaytarılmış və buna heç bir münasibət bildirilməmişdir. Bu səbəblərdən dolayı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunmasını və yük avtomobilinin oğurlaması və sənədlərinin saxtalaşdırılması ilə bağlı təqsirləndirilən şəxsdən başqa, cinayətdə iştirak edən digər şəxslərin istintaqa cəlb olunub cəzalandırılması, həmçinin ona dəymiş ziyan ödənilmədiyindən məhkum edilmiş şəxsə azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı isə apellyasiya protesti verərək X4 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilərək ona maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilib dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, X1 Respublikasında doğulmaqla həmin ölkənin vətəndaşlığın əldə etmiş, yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, X12, Abdulov küçəsi, ev 15 olmasına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmamış, yuxarıda qeyd edilən qanunun tələbinə əsasən da statusu əcnəbi, yəni xarici ölkənin vətəndaşı olaraq qalmışdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin maddənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Təqsirləndirilən şəxs Elvin Elçiyevin daimi yaşayış yeri Azərbaycan Respublikası ərazi hüdudlarında olsa da, faktiki olaraq Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olduğundan məhkəmə ona CM-nin 177.2.4-cü maddəsinin sankiyasında nəzərdə tutulmuş iki alternativ cəzadan, yəni azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması cəzasından yalnız azadlıqdan məhrum etmə cəzasını təyin etməli idi. Lakin, məhkəmə təqsirləndirilən şəxsi azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməklə cinayət qanunun normasını pozmuşdur. Bundan əlavə konkret halda məhkəmənin qanunun normasını düzgün tətbiq etməməsini bir kənara qoyaraq təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin 6 aydan uzun müddət dövr ərzində işsiz qalmasını və bu kimi halları nəzərə alaraq onun CM-nin 177.2-ci maddəsinin sankiyasında göstərilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi daha məqsədəmüvafiq olardı. Göründüyü kimi, məhkəmə tərəfindən ibtidai istintaq zamanı, həmçinin məhkəmə tərəfindən istintaqı zamanı toplanmış mötəbər sübutlara düzgün hüquqi qiymət verilməyərək təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq azadlığın məhdudlaşdırılması cəzası çıxarılmışdır. Sadalananları nəzərə alaraq X4 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq edilərək ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, eləcə də apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin tam və apellyasiya şikayətinin isə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum X9 və müdafiəçisi X10 apellyasiya şikayəti və apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti tam və apellyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxs X8 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxsin hazırkı cinayəti tək törətmədiyi və ondan əlavə cinayətin törədilməsində daha 3 nəfər şəxsin də iştirak etdiyi qeyd edib, X8 qarşı daha ağır ittihamın irəli sürülməsi barədə məsələ qoyulmuşdur. Azərbaycan Respublikası CPM-in 383.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmündən və ya digər yekun qərarından zərərçəkmiş şəxs öz mənafeyinə aid hissədə şikayət vermək hüququna malikdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 391-8.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair məsələyə baxılmasına yalnız Azərbaycan Respublikası Baş prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti əsasında yol verilir və bu hal yalnız apellyasiya instansiya məhkəməsinin ilkin baxış iclasının predmetinə daxil olan məsələ olduğundan, həmin baxış zamanı müzakirə olunduğundan zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərmiş olduğu bu dəlili rədd edilməlidir. Digər tərəfdən verilmiş apellyasiya protestindən və apellyasiya şikayətindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilibyetirilməməsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs X9 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X8 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs X8 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü məhkum edilmiş şəxs X8 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə alaraq, məhkum edilmiş şəxs X4 himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını əsas tutmaqla ona yekun cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs X8 cəza təyin edən zaman törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyələndirən halları nəzərə almamış, habelə cinayət qanunu normasını düzgün tədqiq etməməklə sonuncunun törətdiyi əmələ münasibətdə sanksiyada nəzərdə tutulan və əcnəbi vətəndaşa tətbiq edilməsi istisna olunan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hökmlə məhkum edilmiş şəxsə münasibətdə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Aydın olduğu kimi cinayət qanunu ilə azadlığın məhdudlaşdırılması cəzasının əcnəbilərə təyin edilməsi istisna olunur. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” 13 mart 1996-cı il tarixli Azərbaycan Respublikası qanununun 2-ci maddəsində göstərilmişdir ki, əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi olmağa müvafiq qaydada icazə aldıqda, yaxud onlara Azərbaycan Respublikasında daimi yaşamaq hüququ verildikdə Azərbaycan Respublikasında daimi yaşayan hesab edilirlər. Həmin qanunun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində cinayət, inzibati və digər hüquqpozma törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. X4 şəxsiyyətinin dəqiqləşdirilməsi zamanı onun xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikasında anadan olması, Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Bakı şəhəri, Xəzər rayonu, X12, Abdulov küçəsi, ev 145 ünvanında qeydiyyatda olub yaşaması müəyyən edilmişdir. Göründüyü kimi X9 başqa dövlətin vətəndaşı olduğundan əcnəbi hesab olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etməyib ona qanunla əcnəbilərə tətbiq edilməsi istisna edilən azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulu və təqsirkarın bundan sonrakı davranışını kifayət qədər nəzərə almamış və törədilən cinayətə, eləcə də məhkum edilmiş şəxsin şəxsiyyətinə mütənasib olmayan cəza təyin etmişdir. Belə ki, cinayət işi materiallarından müəyyən olunur ki, məhkum edilmiş şəxs X9 cinayət hadisəsini törətdikdən sonra, yəni “Kamaz” markalı maşını oğurlayıb yaşadığı evin həyətinə gətirdikdən sonra izi itirmək məqsədi ilə qanunsuz hərəkətlərinin davam etdirərək həmin avtomobilin ban hissəsini sürtmüş və ağ rəngli qrunt vurmuş, avtomobilin ön hissəsində barmaklığın altında yerləşən ban nömrəsini laqonda ilə silmiş və dövlət qeydiyyat nişanlarını da açıb evə qoymuşdur. Daha sonra X9 oğurladığı həmin maşını satmaq üçün saxta sənədlərin əldə edilməsi ilə bağlı Lənkəran şəhərinə getmiş və orada nasaz vəziyyətdə olan yarasız yük maşını sənədlərinin əldə edilməsi ilə bağlı razılığa gəlmişdir. Bundan başqa keçən bu uzun müddət ərzində X9 zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə cəhd belə etməmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən 11 dekabr 2019-cu il tarixli yekun məhkəmə aktı qəbul edilərkən cinayət qanunvericiliyin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhəd müəyyən edilməmiş və cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə üsulu və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti, təyin edilmiş cəzanın sonuncun islah olunmasına təsiri nəzərə alınmayaraq X8 münasibətdə ədalətsiz və cəzanın məqsədlərinə təmin etməyən yüngül həddə cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası qeyd olunanları, eləcə də X9 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti tam və apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü məhkum edilmiş şəxs X8 cəza təyini hissəsində dəyişdirilməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən X4 həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməklə, o, məhkəmə iclas zalından həbsə alınmalı, az ağır cinayət əməlini törətməsi nəzərə alınmaqla, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 may 2021-ci ildən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum olunmasına dair 11 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilsin. X8 həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli qərar elan edildiyi gündən, yəni 05 may 2021-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən məhkum edilmiş şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Səbail rayon şöbəsindəki hesabına (kod 805551, VÖEN **********, Corr.Acc: **********944, SWİFT BİK AİİBAZ 2X, hesab №-si ********************, VÖEN **********) köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Əli Seyfəliyev Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-23/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-23/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver