Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2321/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 Hüseyn oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 0,525 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3erləşən Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram və 0,153 qram olmaqla ümumi təmiz çəkisi 0,525 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən (sədrlik edən: S.Mustafayeva), Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilərək cinayət qanunu norması düzgün tətbiq edilməklə, təqsirləndirilən şəxsə cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, hökmün ləğv edilməsini və əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilərək, təqsirləndirilən şəxsə cinayət hüquq norması düzgün tətbiq edilməklə cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin dəlillərinə etiraz edərək, protestin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi, apellyasiya protestində hökmün ləğv edilməsi və əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilərək, təqsirləndirilən şəxsə cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilərək, şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, həmçinin cəzanın cinayət hüquq normalarının tələbləri pozulmaqla təyin edilməməməsi qeyd edilməklə cəzanın təyin edilməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya protestinin əməlin hüquqi tövsifi ilə bağlı hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, narkotik vasitə qəbul edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata bir büküm “kakos” adlanan narkotik vasitə almış, həmin narkotik vasitədən bir qədər istifadə etmiş, lakin xoşuna gəlməmiş, səhəri gün, yəni xx.xx.2024-cü il tarixində 40 manata başqa bir büküm almış, ondan da bir qədər istifadə etmişdir. Narkotik vasitəni alarkən onu çəkidə aldatmasınlar deyə üzərində tərəzi də aparmışdır. xx.xx.2024-cü il tarixində günorta saatlarında evə gələrkən polis əməkdaşlarının mətbəxdə anası ilə söhbət etdiklərini görmüş, o, evə daxil olduqda polis əməkdaşları qonşuların ondan şikayət etdiklərini bildirərək onu polis bölməsinə dəvət etmiş, o da onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinə gedərkən onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları narkotik vasitəni və elektron tərəzini sonradan evindən gətirib ona vermiş və cinayət əməlini boynuna almadığı təqdirdə anasını polis bölməsinə gətirəcəkləri ilə hədələmişlər. Bu zaman o, əsəbindən telefonunu yerə çırpmış, polis əməkdaşları telefonunda narkotik vasitələrin satışı ilə bağlı sübutlar olduğunu düşünmüş, sonra telefonu təmir etdirərək telefona baxış keçirilmiş, lakin narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir sübut aşkar edilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə istifadəçisi olmuşdur. Üzərində olan narkotik vasitələr də fərqli bükümlərdə, yəni biri şəffaf sellofan bükümdə, digəri isə gümüşü bükümdə olmuşdur. O, anasını polis bölməsinə gətirməsinlər deyə ona qarşı irəli sürülən ittihamla razılaşmış, lakin onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham etdiklərini düşünmüş, Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə ittiham olunduğunu isə iş məhkəməyə verildikdən sonra bilmişdir. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamış, narkotik vasitələrin istifadəsindən uzaqlaşmaq istədiyi üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə razılaşaraq ittihamı qəbul etmişdir. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə o, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə, Nəsimi rayonu ərazisində “Mobil” adlı şəxsin narkotik vasitə əldə etdiyi və saxladığı barədə məlumat əldə etmişdir. Həmin məlumat üzrə qeyd olunan “Mobil” adlı şəxsin ifşa edilməsindən ötrü şöbə rəhbərliyinə müraciət etmişdir. Ondan və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanına gəlmişlər, “Mobil” adlı kimi bildikləri şəxsi gördükdə həmin şəxsə saat 12:45-də yaxınlaşmışlar, özlərini təqdim edib və narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirirək sonuncunu Nəsimi RPİ-nin 21-ci PBnə dəvət etmişlər, “Mobil” adlı şəxs də buna etiraz etməmişdir. Həmin şəxs bölməyə gətirildikdən sonra Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyatasalınmış, həmin şəxsin Təqsirləndirilən şəxs olması təsdiqlənmişdir. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçiriliməsi məqsədi ilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Nicat Qasımzadəyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və onun öz istəyi ilə şəxsi axtarışda vəkil iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, açıq boz rəngli şalvarının cibindən 01 ədəd şəffaf sellofana və 01 ədəd gümüşü rəngli bükümə bükülmüş 02 ədəd bükümü, 01 ədəd elektron tərəzini və “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. O, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.28-29); “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.78); Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.106-110); “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının cibindən 01 ədəd elektron tərəzi, 01 ədəd şəffaf sellofana və 01 ədəd gümüşü rəngli bükümə bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.54-56); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməkimyəvi ekspertizasının 06 mart 2024-cü il tarixli 3-16-16/2-6/1327 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qram, 0,153 qram ümumi təmiz çəkisi 0,525 qram olan qəhvəyi rəngli maddələr kimvəyi komponent tərkiblərinə görə fərqli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə - heroinə məxsus izlər vardır. Heroin iz şəklində olduğundan çəkisini müəyyən etmək və bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (i.v.62-65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1814 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.140-141); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsinə verilmişdir (i.v.146-151); Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilir, Təqsirləndirilən şəxs açıq boz rəngli şalvarının cibindən 02 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb masanın üstünə qoyur, həmin bükümü Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 70 manata aldığını bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 və 0,153 qram olmaqla narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun üzərində tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). İttiham tərəfi apellyasiya protestində də qeyd edilən plenum qərarına istind edərək, məhkəmənin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müddəalarına əhəmiyyət vermədiyini bildirmişdir. Kollegiya protestin bu dəlilinə münasibətdə qeyd edir ki, adı çəkilən Plenum qərarında narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması halları təkbaşına satış məqsədinin olmasına dəlalət edən hallar kimi təsbit edilməmiş, həmin halların başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə yanaşı olması təsbit edilmişdir. Plenum qərarında ifadə edilən mövqeyə görə şəxsin üzərindən aşkar edilmiş iki bükümdə narkotik vasitənin və tərəzinin olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 0,525 qram narkotik vasitə heroin 02 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün narkotik vasitəni iki bükümə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını, habelə üzərində aşkar olunmuş tərəzinin narkotik vasitəni alarkən çəkisini ölçmək üçün saxladığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 bükümdə narkotik vasitə heroin olsa da, o, həmin vəziyyətdə narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs ilə bağlı heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, sadəcə olaraq hadisənin təsadüfi axımı zəminində bu fakt aşkar olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda aşkar edilmiş tərəzi və narkotik vasitənin 02 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Protestdə həmçinin qeyd edilmişdir ki, narkotik vasitə istifadəçisinin həmin vasitəni alarkən çəkidə aldadılmaması üçün özü ilə gəzdirdiyi tərəzidə çəkməsi inandırıcı deyildir. Bununla bağlı Kollegiya vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Habelə, Təqsirləndirilən şəxs ambulator X1nın xx.xx.2024-cü il tarixli, 1814 saylı rəyinə görə opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması, həmçinin iş materiallarında olan tələbnaməyə əsasən onun daha əvvəl dəfələrlə narkotik vasitələrin istifadəsinə görə (234.1) məhkum olunması bir daha ona dəlalət edir ki, o, belə vasitələrin istifadəçisidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai stintaq orqanının qənaəti onda aşkar edilmiş tərəzi və narkotik vasitənin 02 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur və birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi əsaslıdır. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin deyil, 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Sadalanan xüsusatlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı istintaq hərəkətlərinin aparılması haqqında protokolları, ekspert rəyi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur. Apellyasiya protestində əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə baxmayaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətlərinin olması və həmin cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya protestinin cəza təyin etmə ilə bağlı cinayət hüquq normalarının düzgün tətbiq edilməməsinə dair hissəsinə münasibətdə isə protesti əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası cəza təyin etmə ilə bağlı cinayət hüquq normalarının düzgün tətbiq edilməməsi hissəsində apellyasiya protestində istinad edilmiş dəlillərlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivinin növünün müəyyən edilməsi məsələsində cinayət qanunun tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024- cü il tarixdə verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3, 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 07 ay 07 gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli hökmləri üzrə yaranmış məhkumluqları ödənilmədən hazırki cinayət əməlini törətmiş və belə olduğu təqdirdə onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlini onun əvvəllər məhkum olunduğu yuxarıda qeyd olunan hökmlərə nisbətdə düzgün qiymətləndirməyərək, cinayət qanunu normasını düzgün tətbiq etməməklə hökmdə cinayətin residivinin növünü düzgün müəyyən etməmiş və sonuncuya residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etmişdir. Bununla da məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Kollegiya həmçinin müdafiə tərəfinin apellyasiya protestinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xaraktreinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə əsasən cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cti maddəsinin tələblərinə görə cəzanı təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmiş və həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəl il iyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-.in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təlılükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti dəfələrlə məhkum olunması ilə xarakterizə olunur. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, təqsirləndirlən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan, həmin hissədə məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalı, həmin hissədə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, cəza təyin etmə ilə bağlı cinayət hüquq normasının düzgün tətbiq edilməsinə dair hissədə isə protest təmin təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilərək, ona cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası artırılaraq 02 (iki) il 06 (altı) ay həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs cinayətlərin təhlükəli residivi nəzərə alınmaqla cəza təyin edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası artırılaraq 02 (iki) il 06 (altı) ay həddində müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq, “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-2321/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2321/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver