Məhkəmə qərarları › İş №1(103)-240/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-240/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-240/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Tərcüməçi – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən X6), xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixindən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 30800 (otuz min səkkiz yüz) ABŞ dolları məbləğində pul borcunu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və 30 (otuz) manat məbləğində ödənilməmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qüvvəyə minmiş 19 noyabr 2018-ci il tarixli 2(011)-7308/2018 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqədar 10 gün müddətində verilmiş vaxtda yerinə yetirmədiyi halda inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 26 fevral 2020-ci il tarixli 3(011)-373/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə bildiriş təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərərçəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 12 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi 12-də yerləşən obyektdə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək ona məxsus 01 ədəd 12000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə X5 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs3 12000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 29 fevral 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “N Studio” qadın salonunda Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 28000 manat dəyərində «Epiray Mantis» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə Şahid6 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs2 28000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 24 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədzadə küçəsi ev 57, 36 saylı mənzilin qarşısında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 16000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 4000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs1 16000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə ona bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə isə onun barəsində hökmü dəyişdirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən qanunvericilklə müəyyən edilmiş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, 30800 ABŞ dollar 2015-ci ilin məzənnəsi ilə 24.024 AZN məbləğ təşkil edir. Bu müddət ərzində Təqsirləndirilən şəxs tələbkara 5.000 manat ödəniş etmişdir. Bu halda borc məbləği 19.024 manat qalmışdır. Lakin nə ibtidai istintaq, nə də məhkəmə bu halı araşdırmamış, qərəzli olaraq onun ittiham edilməsi istiqamətində araşdırma aparmışdır. Belə ki, tələbkar Zərərçəkmiş şəxs4 da məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən ona 5.000 manat ödənilmişdir. İş üzrə həmin qərəzin sübuta yetirilməsi və işin belə bir halının olması barədə bir dənə də olsun sübut mövcud deyildir. Belə olan halda, formal olaraq məhkəmə qərarını icra etməyən bütün şəxslərə qarşı hazırki maddə üzrə cinayət işi açılaraq məhkum edilməsi barədə president yaranacaq, bu isə gələcəkdə xoşagəlməz hal kimi həm daxildə bu kateqoriya cinayətdən olan halların sayını süni şəkildə artıracaq, həm də dövlətimizin nüfuzunu beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə kölgə altına salmış olacaqdır. Zərərçəkmiş şəxslərə dəymiş zərər aradan qaldırılmış, habelə ittiham verilməsi zamanı da ibtidai istintaq dövründə bu hallar yüngülləşdirici hallar kimi qiymətləndirilmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmalı olduğu halda, nədənsə məhkəmə təqsirləndirilən şəxs barəsində daha ağır cəza veriləməsi məsələsini hökmündə əsaslandırmamışdır. Halbuki, CM-nin 306.1-ci maddəsi üzrə borc məbləğindən bir qismi qaytarılmış, habelə ittiham aktında və hökmdə həmin maddə üzrə qərəzli məhkəmə qərarını icra etməmə sübuta yetirilməmişdir. CM-nin 306.1-ci maddəsi sübuta yetirilmiş olsa belə, həm daxili qanunvericiliklə, həmdə dövlətimizin tərəfdar çıxdığı beynalxalq hüquq normaları və təsdiq etdiyi beynəlxalq qanunvericik aktlarına əsasən borca görə cəza verilərəkən həbs məsələsində, yəni mülki xarakterli məsələlər üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə ilə bağlı olamyan cəza veriləməsi barədə tövsiyələri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməli idi. CM-nin 178.2-ci maddəsi üzrə isə dəymiş zərərlərin ödənilmələrini nəzərə almaqla həmin maddələr üzrə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməli idi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə ona bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə isə onun barəsində hökmün dəyişdirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəillərindən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi şikayətində təqsirləndirilən şəxsin AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmamasını mübahisələndirilmiş və ona bəraət verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə bağlı isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində AR CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyi mübahisləndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində AR CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyi ilə bağlı iş materiallarında olan sübutların qərarda sadalanmasına zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(011)-7308/2018 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30800 (otuz min səkkiz yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu Zərərçəkmiş şəxs4 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və 13367/2019-1-19 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(011)-7308/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 8(011)- 519/2019 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 3(011)-373/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (min) manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ondan 30800 ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ondan 30800 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi qeyd edilmişdir. Lalə inzibati məsuliyyətə cəlb edildikdən sonra da ona olan borcunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tələbin könüllü icrası ilə bağlı xəbərdarlıq edilməsinə, barəsində məcburi icra tədbirləri tətbiq edilməsinə. həmçinin məhkəmə qətnaməsini qəsdən icra etməməsinə görə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq icra etməmişdir ki, qeyd edilən hallar onun əməlində cinayət hadisəsinin olmasına və əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkib əlamətlərinin movcud olmasına dəlalət edir. Həmçinin Təqsirləndirilən şəxs 19 noyabr 2018-ci il tarixli qətnaməsindən sonra şikayətində qeyd etdiyi kimi 5000 manat pul ödəməsi onun bu cinayət əməlinin törədilməsində təqsirli olmasını istisna etmir. Təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etməməsində qərəzi onun təqsirləndirildiyi digər cinayət əməllərindən də görünür. Belə ki, təqsirləndirilən şəxs dələduzluq cinayəti törədərək ittihamda qeyd edilən məbləğdə pul vəsaitləri ələ keçirməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasına yönəlmiş heç bir ödəniş etməmişdir. Məhkumun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları tam araşdırmadan Təqsirləndirilən şəxsnun barəsində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, Təqsirləndirilən şəxsnun tərəfindən cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnun ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə Təqsirləndirilən şəxsnun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. Birincinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda göstərmişdir ki, hazırda lazer aparatı ona qaytarılsa da, ona 1500 manat dəyərində ziyan dəymişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Birincinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda göstərmişdir ki, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “3D Max” markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Epiray Mantis” markalı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “3 D Max” markalı lazer aparatı maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmünün nəticə hissəsindən görünür ki, cinayət işi üzrə maddi sübut - 01 ədəd “3D Max” markalı lazer aparatının Zərərçəkmiş şəxs3, 01 ədəd “Epiray Mantis” markalı lazer aparatının Zərərçəkmiş şəxs2 və 01 ədəd “3 D Max” markalı lazer aparatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəatai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilmiş, CM-nin 69.4-cü maddəsi tətbiq edilərək 1000 manat cəzimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsi 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 1(102)- 1097/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün və 15 noyabr 2017-ci il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası- 1 il 20 gün, ümumilikdə isə 1 il 22 gün təşkil edən müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış, 2 il 1 ay 14 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, onun üzərində qəti olaraq 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxsna təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Cinayət işinin materiallarına əsasən, Azərbaycan Respublikası CM-nin 59 və61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məhkum Təqsirləndirilən şəxsna münasibətdə müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 1 ədəd lazer aparatını və həmin aparata məxsus 3 ədəd boru kəmərini təhvil almışdır; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus T120-Z6 nömrəli aparatı təhvil almışdır; X4 tərəfindən yazılaraq imzalanan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “Epiray Mantis” markalı lazer aparatını təhvil almışdır. «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər şikayətçi olmalarına baxmayaraq, həmin epizodlar üzrə talanmış əmlaklar zərərçəkmiş şəxslərə qaytarılmışdır və bu halın hökm etdi hissədə nəzərə alınması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cəza AR CM-nin 58.3-cü maddəsinin tələblərinə və ədalət prinsipinin müddəalarına uyğun gəlmədiyindən, bu hal nəzəra alınaraq dələduzluq epizodu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Həmçinin məhkəmə kollegiyası məhkəmə qərarının qərəzli olaraq icra edilməməsi epizodu üzrə də təyin edilmiş cəzanı AR CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun hesab etmir və hesab edir ki, bu epizod üzrə də təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti cəza sərt olduğundan azaldılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair 02 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza yüngülləşdirilməklə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Məhkum Təqsirləndirilən şəxsnun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 16 sentyabr 2022-ci il tarixindən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər Sədrlik edən: Fərid Əyyubov Hakim: Emin Mehdiyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar