Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2404/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (ilkin baxış) Hakimlər – Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X3 iştirakı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Aytəkin Azay qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı X8 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cənayət məsuliyyətinə cəlb edilərək 6(altı)ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi X9, xüsusi ittiham qaydasında 2016-cı ildə ünvan 1 ünvanında yerləşən hüquq xidmətləri ofisinə müraciət edərək, əvvəllər yaxın münasibətlərdə olduğu tanışının ona 1250 manat borcu olduğunu, pulu geri ala bilmədiyini, ona bu məsələnin həlində köməklik edilməsini xahiş etmişdir. Qaydalara uyğun olaraq adına etibarnamə almış və zəhmət haqqı olaraq 200 (iki yüz) manat pul almışdır. Kassa mədaxil qəbzi yazaraq pulu mədaxil etmiş və sənədləri toplayaraq əvvəlcə, Nərimanov, daha sonra Xətai rayon məhkəməsinə imzalatdırıb göndərmişdir. X9 bir neçə gün sonra hay-küy salmış, ofisə soxulmuş, pulunu qeri qaytarmışdır. Bir müddət sonra məlum oldu ki, X9 1250 manatı və əlavə olaraq 100 manat hüquq xidmətlərinə görə pulu qarşı tərəfdən Xətai rayon icra şöbəsindən hissə-hissə almışdır. Lakin bundan sonra X9 Azərbaycan Respublikası DİN-nə, Bakı Şəhər BPİ-nə, Xətai rayon 34-cü Polis Bölməsinə aramsız şikayətlər etmişdir. Xüsusi ittihamçı hər dəfə həmin polis idarə və şöbələrində olub izahatlar yazmışdır. Sonuncu dəfə X9 DİN-də olmuş, İdarə rəisinin müavini onu qəbul etmiş və şikayətini qəbul edərək Bakı şəhər BPİ-nə, ordan isə Xətai RPİ-nə, sonda Xətai rayon RPİ-in 34-cü PB-nə göndərilmişdir. Sahə rəisi xüsusi ittihamçının yaşadığı evə gələrək onu avtomobilində 34-cü PB-nə gətirib, izahatını almış və sərbəst buraxmışdır. Xüsusi İttiham qaydasında şikayətinə baxan Xətai rayon məhkəməsi iş materiallarını tələb etməmiş, iş üzrə heç bir halı və sübutu araşdırmadan şikayətini rədd etmişdir. Xətai rayon məhkəməsinin həmin qərarı qanunvericiyin mahiyyətinə zidd olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli “xüsusi İttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi “haqqında Qərarının 5-ci abzasına ziddir. Eləcədə Xətai rayon məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli qərarına ziddir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 çıxışını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bundan başqa, şikayət ərizəsində X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X6 qarşı məhz hansı hərəkətləri törətdiyi göstərilməmiş, X4 yalan olduğunu bilə-bilə X3 barəsində şərəf və ləyaqətini ləkələyən hansı məlumatları və harada yayması, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin şikayət vermiş şəxsin şərəf və ləyaqətinin məhz X9 tərəfindən alçaldılmasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının tələblərinə və cinayət prosessual qanunvericiliyin tələblərinə istinad edərək düzgün olaraq şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsin əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-nin 398.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, AR CPM-nin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-2404/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2404/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver