Məhkəmə qərarları › İş №1(103)-243/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-243/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-243/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı –X3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – X7 və Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Masallı rayonu, Alışanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 131-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmünə əsasən (sədrlik edən hakim Cavid Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cümaddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd zavod üsülu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli deşici – kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək saxmaqla daşımış, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində ev 4 ünvanda yerləşən FHN-nin hərbi hissəsinin yaxınlığında olan «Zabitlər evi» deyilən yerin qarşısına gələrək, orada qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs öz şəxsiyyətini ondan ustün hesab edib Zərərçəkmiş şəxs onun əmisi qızı Şahid1 sataşması kimi əsassız səbəb gətirib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə ilə qərəzli hərəkət edərək, Zərərçəkmiş şəxs söyüb təhqir edərək ona zor tətbiq edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə İ.İsrafilzədinin bədən nahiyyətindən iki zərbə endirib sonuncuya sol böyrəyin yaralanması, makrohematuriya, sağ tərəfli hemornevmotoraksla müşaiyət olunan gövdənin arxa səthinin iki ədəd daxilə nüfüz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətlərini yetirərək xuliqanlıq etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)- 1048/2019 saylı hökmünün ləğv edilməsini, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməyi və zərər çəkmiş şəxslə barışmağını, törətdiyi əməldən cinayəti törətdikdən dərhal sonra peşman olmağını, ilk dəfə hər hansı ictimai təhlükəli əməl törətməyini, ölkədə həm icra, həm də qanunverici orqan tərəfindən cəzaların humanistələşdirilməsi siyasəti aparıldığını nəzərə alıb barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək CM-nin 126.1-ci maddəsinin sanksiyası həddində təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və ya həbsdə olduğu müddət də nəzərə alınaraq barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulandan da aşağı cəza verilərək azadlığa buraxılmasına dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmə görə o, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, guya xuliqanlıq etməklə, yəni ictimai qaydanı pozmaqla və s. ağır dərəcəli bədən xəsarəti yetirmiş. Həmin bədən xəsarətini də hər yerdə açıq satışda olan “soyuq silah” hesab olunan bıçaqla yetirmişdir. Nə məhkəmə, nə də ki, ibtidai araşdırma orqanı onun törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, hadisədən 7-8 ay əvvəl yaxın qohumluq münasibətlərində olduğu əmisi qızı Lamiyə ona demişdir ki, dayısı oğlu İbrahim onu sevdiyini bildirsə də, “votsap” vasitəsi ilə ona biədəb şəkillər göndərir və ondan da tələb edir ki, öz intim şəkillərini ona göndərsin. O, da Lamiyəyə irad tutub bir də vatsap işlətməməsini demişdir. Təxminən 2018-ci ilin dekabr ayında İbrahimi Bakıda çayxanaların birinə dəvət edib, əmisi qızının bu məsələsini aydınlaşdırmaq istəmiş, lakin İbrahim Lamiyəyə qarşı heç bir pis hərəkət etmədiyini, yayda məzuniyyətə çıxıb Masallıya gedərək Lamiyəylə bu məsələni aydınlaşdıracağını demişdir. 2019-cu ilin iyul ayının əvvəllərində İbrahimə zəng vurub Lamiyəylə söhbətini nə vaxt başa çatdıracağını soruşmuş. İbrahimdən bir xəbər çıxmadığı üçün xx xxxx 2019-cu il tarixdə İbrahimlə zəngləşib axşam görüşməyi qərara almışlar. İbrahimin iş yerini tanıdığı üçün axşam onun iş yerinin qarşısına gedib ona zəng vurmuş və iş yerinin yanında onunla görüşmüşdür. İbrahimlə söhbət zamanı əmisi qızı Lamiyənin ondan narazılıq etdiyini deyib, Lamiyədən əl çəkməsini təklif etmişdir. İbrahim isə Lamiyənin də ona mesaj yazdığını dediyi üçün Lamiyəyə zəng vurub danışması üçün telefonu İbrahimə vermiş. İbrahim telefonla danışarkən əmisi qızı Lamiyə ona biədəb şəkillər göndərdiyini desə də onunla kobud danışmağa başlamış və ona iki üzlü, yalançı və s. bu kimi sözlər demişdir. Bu sözləri qəbul edə bilmədiyi, həmçinin Lamiyənin haqlı olduğunu bildiyi üçün təpiklə İbrahimə bir zərbə vurmuş və onlar əlbəyaxa olmuşlar. İbrahim onu yerə yıxıb üstünə çıxmışdır. Əvvəlcədən belə bir fikri olmasa da gücü çatmadığı üçün onu özündən uzaqlaşdırmaq məqsədi ilə arxa cibindən kiçik cib bıçağını çıxarıb bir-iki dəfə onu vurmuşdur. Bu hərəkətindən dərhal peşman olub taksi ilə İbrahimi xəstəxanaya aparmışdır. Hadisədən qısa müddət sonra İbrahim və ailəsi ilə barışmışlar. Hadisə vaxtı orada ikisindən başqa heç kim olmamış, hadisəni heç kim görməmişdir. Yəni heç bir ictimai qayda pozulmamış, heç bir cəmiyyətə açıqca hörmətsizlik edilməmişdir. Bu hal həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmış, belə ki, 221.3-cü maddə ilə təqsirli bilinsə də məhkəmə hansı ictimai qaydanın pozulması, hansı formada cəmiyyətə hörməsizlik edilməsini əsaslandırmamışdır. Hökmdən də göründüyü kimi, CMnin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilindiyi iş üzrə onun öz xahişi ilə barəsində olan məsələni aydınlaşdırmaq istədiyi əmisi qızından başqa heç kimi dindirmək mümkün olmamışdır. Məhkəmə onu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilsə də, yəni guya göstərilən cinayət əməlini heç bir əsasl səbəb olmadan, özünün İbrahimdən üstün olduğunu sübut etmək üçün etdiyini göstərsə də, bu qərar gələrkən heç də işin halları və ifadələrə uyğun qərar qəbul etməmişdir. Belə ki, əmisi qızının da təsdiq etdiyi kimi, onun İbrahimlə dalaşmağının səbəbi onun əmisi qızına biədəb şəkillər göndərməsi və üstəlik onunla kobud danışması olmuşdur. Bundan başqa, onun İbrahimi bıçaqla vurmaq fikri olsa idi, onu ilk olaraq elə bıçaqla vurardı. Onlar yerə yıxılıb yaxalaşarkən İbrahim onu üstələdiyindən İbrahimi bıçaqla özündən kənarlaşdırmaq istəmişdir. Həmin bıçaqla bağlı ekspert rəyi də həqiqətə uyğun deyil. Necə ola bilər ki, metroların qarşısında 3-5 manata açıq satılan əşya soyuq silah hesab edilsin? O, bıçaq adi açılıb-bağlanan kiçik cib bıçağıdır. Alma-armud soymaq üçün və s. məişət məqsədləri üçün istifadəyə nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə cəmi 3 ifadəni formal olaraq hökmdə əks etdirib, həmin ifadələrə heç bir hüquqi qiymət vermədən, törətdiyi sağlamlığa qəsdən ağır zərər vurma cinayətində xuliqanlıq niyyətinin məhz nədə ifadə olunmasını, cinayət əməlinin nə üçün, hansı obyektiv və subyektiv əsaslarla xuliqanlıq kimi qiymətləndirilməsini əsaslandırmadan, sadəcə irəli sürülən CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddəsində nəzərdə tutulan ittihamın sübuta yetdiyini bildirərək, həmçinin zərər çəkmiş şəxslə barışmağını, heç bir şikayətin olmadığını, vurulan maddi və mənəvi zərərin ailəsi tərəfindən ödənildiyini nəzərə almadan, yəni şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, cinayəti törətdikdən sonrakı hərəkətlərimə uyğun olmayan kifayət qədər yüksək cəza vermişdir. Bütün bu göstərilənlərdən aşkar olunur ki, həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri X7 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apelyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilərək CM-nin 70-ci maddəsi tətbiq edilərək CM-nin 126.1-ci maddəsinin sanksiyası həddində təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və ya həbsdə olduğu müddət də nəzərə alınaraq barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulandan da aşağı cəza verilərək azadlığa buraxılmasına dair yeni ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, verilmiş şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış sübutlarla kifayət qədər tam sübuta yetirilmiş, onun əməli düzgün tövsif edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar nəzərə alınmışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını, apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin verilmiş olduğu apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu maddələr üzrə cinayət tərkibi yoxdur və ona bəraət verilməli, onun əməli yalnız sağlamlığa qəsdən ağır zərər vurma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun törətdiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulman cinayət əməlləri özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid1 ifadələri, məhkəmə ekspertizası rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nın 228.4-cü maddəsi ilə tövsif etmiş, lakin eyni zamanda onun əməllərini Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi əsassız olmuşdur. Belə ki, cinayət işinin faktiki hallarından da, göründüyü kimi, Təqsirləndirilən şəxs bir ədəd zavod üsülu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli deşici – kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək saxmaqla daşımış, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən FHNnin hərbi hissəsinin yaxınlığında olan «Zabitlər evi» deyilən yerin qarşısına gələrək, orada qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun əmisi qızı Şahid1 sataşmasını, həmçinin İbrahim onun yanıda telefon vasitəsi ilə Lamiyə ilə danışarkən İbrahim etdiyi hərəktələri boynuna almaması, əksinə Lamiyə ilə kobud danışmış və həmin vaxt İbrahim Lamiyəyə «iki üzlü» dediyərək təhqir etdiyindən təpiklə İbrahimin sinəsindən bir dəfə vurmuş, daha sonra hər ikisi yerə yıxılmış və yerdə əlbəyaxa olan zaman üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla İbrahimin bədən nahiyyətindən iki zərbə endirib sonuncuya sol böyrəyin yaralanması, makrohematuriya, sağ tərəfli hemornevmotoraksla müşaiyət olunan gövdənin arxa səthinin iki ədəd daxilə nüfüz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətlərini yetirmiş, İbrahim ondan taksi çağırmağını xahiş etmiş, o da dərhal taksi çağıraraq İbrahimi taksi ilə xəstəxanaya yola salmışdır. Hadisə vaxtı orada İbrahimlə ondan başqa heç kəs olmamış, hadisəni heç kim görməmişdir. İttihamda göstərilsə də, işin faktiki hallarından da, göründüyü kimi Təqsirləndirilən şəxs əməldə xuliqanlıq cinayəti və ya xuliqanlıq niyyəti ilə cinayət törədilməsi öz təsdiqini tapmır buna görə də, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilməli, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən İbrahimin sağlamlığına xəsarət yetirməsi səbəbsiz olmamış, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə yəni, İbrahim tərəfindən əmisi qızı Lamiyəyə votsap vasitəsi ilə əxlaqsız şəkillərin göndərilməsi, nəticədə öz səhvini etiraf edərək bir daha belə əməllərə yol verməməsini bildirməsi əvəzinə Lamiyəni (iki üzlü deyərək) təhqir etməsi səbəbi olmuşdur. Bundan başqa hadisə baş verdiyi vaxt Kənan və İbrahimdən başqa həmin ərazidə heç kəs olmamış, qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan cinayət əməlini törətsə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməmişdir. Bununla yanaşı cinayət işinin materiallarından da, göründüyü kimi Kənan, İbrahim və Lamiyə qohumdur və qohumlar arasında yaranan şəxsi münasibətlər zəmnində hadisə baş vermişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, cinayət hadisəsinin xuliqanlıq niyyəti ilə və ya xuliqanlıq cinayətinin törədilməsi faktı öz təsdiqini tapmır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart, 2004-cü il tarixli Qərarının 3-cü bədində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə,mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq əməli obyektiv cəhətdən həmin maddənin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Subyektiv cəhəti birbaşa qəsddir, əməl xuliqanlıq niyyəti ilə törədilir. Digər tərəfdən Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər yetirmə kimi cinayət tərkibi olmasa da, qəsdən sağlamlığa ağır zərər yetirmə olmuşdur. Belə ki, cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-ci il tarixli, T 265/2019 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol böyrəyin yaralanması, makrohematuriya, sağ tərəfli hemopnevmotoraksla müşaiyət olunan gövdənin arxa səthinin iki ədəd daxilə nüfuz edən kəsilmiş–deşilmiş yarası deşici-kəsici alətin, o cümlədən də həm ekspertizaya təqdim olunmuş həm də ona oxşar bıçağın təsirindən törənə bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu tarixə uyğun gəlir, istər ayrılıqda, istərsə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində yerləşməsinə görə onların şəxsin özü tərəfindən yetirilmələri mümkün deyildir Müdafiə tərəfinin mövqeyinə əsasən hadisə zamanı istifadə olunan bıçaq soyuq silah hesab edilə bilməz və soyuq silahın daşınmasına dair verilmiş ittiham da əsassızdır. Məhkəmə kollegiyası qeyd edilən dəlilləri əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, cinayət işində olan maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının tədqiqinə dair xx.xx.2019-cu il tarixli, 363/2019-MTKŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici–kəsici xassəyə malik soyuq silahdır. Müdafiə tərəfi apelyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci və ya 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayətində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə dair göstərilmiş dəlillər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün məhkumun cəza çəkmədən islah olunması məhkəmə tərəfindən mümkün hesab edilməsi zəruridir. Lakin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən hallar nəzərə alınsa da, həmin halların cəza çəkmədən islah olunmasına dələlat etmədiyindən, tətbiq edilmiş cəzanın şərti hesab edilməsi qanuni və əsaslı olmazdı. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilərək bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilməsi üçün hüquqi və faktiki əsasları müəyyən edilmədiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməsini mümkün saymır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən vəAzərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.3 və 405-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmüməhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi hökmdən xaric edilsin. X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edisin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-1048/2019 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov Vaqif Mursaqulov Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar