Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-244/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Əflatun İbrahim oğlunun sədrliyi və məruzəsilə, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi X4iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1993-ci il tarixdə Qazaxıstan Respublikasının Kustanay vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, İmişli rayonunun Sarxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra) CM-nin 126.2.4 və 221.3cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o xx xxxx 2019-cu il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanda yerləşən “Netto markef’in qarşısında sərxoş vəziyyətdə olarkən kafedən kənarda mobil telefonla onun uca səslə danışmasına tanımadığı Zərərçəkmiş şəxs1 irad tutmasından narazı qalaraq, əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradıb, həmin vaxt mübahisəyə qoşulan, istintaqla müəyyən edilməyən şəxslərlə bir qrup şəxs halında ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ictimai yerdə cibindən çıxartdığı bıçaqdan silah qismində istifadə edib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin aşağı payının yaralanması, sol tərəfli hemopnevmotoraks və kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən zərbə vuraraq ona həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri və qeyriləri isə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 əllə və ayaqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin hematomasindan ibarət olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilməsini və törətdiyi cinayət əməllərini nəzərdə tutan maddələrin sanksiyasının aşağı həddindən də yüngül cəza təyin edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, ilk məhkumluğu və əməlindən səmimi peşiman olması, ailədə işləyən tək şəxs olması, ataanası xəstə olduğundan onun himayəsində olması nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavədə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif olunması, CM-nin 221.3-cü maddəsinin hökmdən çıxarılması və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona şərti cəza verilməsi xahiş edilimiş və belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.2.4-cü maddənin tərkibi yoxdur, onun əməli CM-nin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətləri ilə cinayəti törətməyə sövq etmişdir. Müdafiəçi Səbirə Hacıyeva məhkumla birlikdə vəsatət verərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətlərini müzakirə edib, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngülləşdirilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və həmin Məcəllənin normalarının düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən, Milli Qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının tövsiyyələrini və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərə almağı vacib hesab edir. Apellyasiya qaydasında iş materiallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs inkriminə olunmuş cinayət əməllərinin tövsifinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün hüquqi qiymət vermişdir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının tövsiyəsində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyət ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Habelə Plenumun qərarının tövsiyəsində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CM-nin 126.1-cimaddəsinin dispozisiyasında, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.2.4-cü madəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tövsifini nəzərdə tutan iki hal müəyyən edilmişdir ki, bu da qeyd olunan Maddədə nəzərdə tutulan əməlin tövsifi üçün əməlin - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədilməsinin müəyyən edilməsi üçün konkret göstəriş verən qanunun mütləq normasıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş cinayət əməlinin hüquqi tövsifini müəyyən edərkən, məhkumun, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və müvafiq ekspert rəyi əsasında müəyyən olunmuş məqamları nəzərə alır. Əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün, birinci halda ümumi təhlükəli üsulla törədilməsi, qeyd olunan Maddədə nəzərdə tutulan cinayət tərkibinin məcburi elementi qismində çıxış edir. Cinayət Qanununun mənasına görə, əməlin ümumi təhlükəli üsulla törədilməsi zamanı, təqsirkarın hər hansı şəxsə qarşı yönəldilmiş qəsdi həyata keçirərkən, tətbiq etdiyi üsulun zərər çəkmiş şəxslə yanaşı bir neçə şəxsin həyatı və sağlamlığı üçün də təhlükə törətdiyini dərk etdiyi hallarda mövcud olur. Yəni, təqsirkarın əməli o halda ümumi təhlükəli üsulla tövsif olunur ki, tətbiq edilən üsul nəinki zərər çəkmiş şəxsin, həm də başqa şəxsin (şəxslərin) də həyatı və sağlamlığı üçün təhlükə törədir. Əməlin ümumi təhlükəli üsulla tövsif edilməsi üçün başqa şəxsin (şəxslərin) həyatı və sağlamlığı üçün yaranan təhlükə xəyali deyil, real olmalıdır. Təhlükənin real təhlükə hesab edilməsi cinayətin konkret törədilmə şəraiti ilə müəyyən edilir. Yəni, Qanunverici əməlin bu növünü yalnız cinayətin törədilmə üsulu ilə əlaqələndirir. Əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan ikinci hal, yəni xuliqanlıq niyyətidir ki, bu da qeyd olunan Maddədə nəzərdə tutulan cinayət tərkibinin məcburi elementi hesab edilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin, ikinci halda xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeyidliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Konkret halda, həm təhlükəli üsulla, həm də xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə qarşı cinayət əməli törətməsi faktı, cinayətin konkret törədilmə şəraiti ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli qiymət verərək, düzgün nəticəyə gəlməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum Təqsirləndirilən şəxs təqsiri özünün etirafından başqa, zərər çəkmiş şəxsin və şahidlərin işin faktiki hallarına uyğun olan fadələri ilə, həmçinin müvafiq ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi məhkumun, zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş, tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ona görə ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Habelə, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Qeyd olunanlara əsasən, işin faktiki hallarını hərtərəfli tam və obyektiv araşdıran məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifini müəyyən edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndini və Azərbaycan Respublikası CPM-nin 21ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, birinci instansiya məhkəməsi tərəfindən onun törətmiş olduğu cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Bu əsasları nəzərə alan məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın hökmdən xaric edilməsi və əməlin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi haqqında şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair apellyasiya şikayəti əsassızdır. Belə ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi baxımından məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkünsüzdür və onun barəsində şərti məhkum etmənin tətbiq edilməsi işin konkret hallarına uyğun deyil. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cinayət qanununun normalarının həm məzmununa, həm də mənasına görə məhkəmələr məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəldikdə şərti məhkum etmə tətbiq edə bilər və bu zaman ilk növbədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 25-ci bəndinə əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə əsasən şərti məhkumetmə cəza növü hesab edilmir, bu yalnız şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyünü və onun davranışının islah olunması üçün yetərliyinin nəzarətdə saxlanılması halıdır. Odur ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza şərti məhkumetmə ilə şərtləndirilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqi cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi ilə şərtləndirilmişdir. İttiham hökmünə əsasən, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin məqsədi və motivi, cinayətin törədilməsindəki rolu nəzərə alınaraq, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar iş üzrə müəyyən edilməmişdir. Odur ki, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqinə əsaslar yoxdur. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Qanunvericiliyinin müddəalarından göründüyü kimi, sözü gedən xüsusi normalarda törədilmiş əməllərə görə cəza növlərinin aşağı və yuxarı hədləri konkret müəyyən edilmişdir. Qeyd olunan normalarda azadlıqdan məhrum etmə cəzalarının iki-altı və altı-on bir il hədlərində təyin edilə bilməsinin nəzərdə tutulması ondan irəli gəlir ki, cinayət törətmiş şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 7, 8.1, 9, 18.5, 41.2, 58, 59, 61 və 65.2-c- maddələrinin prinsipləri gözlənilməklə təyin edilməlidir. Yəni, şəxsin əvvəllər məhkum edilməməsi və barəsində cəzanı yüngülləşdirən halların mövcud olması, cəzanı ağırlaşdıran halların olmaması məhkəmə baxışı zamanı müəyyən edildiyi hallarda (barəsində belə hallar müəyyən edilməmiş məhkumlara münasibətdə) Cinayət Qanunvericiliyi məhkum olunan şəxsə CM-nin 221.3 və 126.2.4-cü maddələrinin sanksiyasının hüdudlarında daha ədalətli, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təyin edilməsini nəzərdə tutur. Belə ki, Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Hökmdən görünür ki, məhkum Təqsirləndirilən şəxs törədiyi cinayət əməlini etiraf etməklə peşmançılıq çəkməsi, əvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmış və onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğunun təqdim olunmuş ərizəsindən (notarial qaydada təsdiq olunmuş) görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun məhkuma qarşı iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası bu xüsusatı məhkum Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsi cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinə, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələrinə uyğun olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təyin olunmuş cəzanın həddi azaldılmaqla, ona cinayətlərin məcmusu üzrə cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 2-ci maddəsi). Məhkəmə kollegiyası iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı pozuntular müəyyən etməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngüllşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətinə endirilməli və həmin cəzanı Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L İ R: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum ediməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-sü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətinə endirilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, bu cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-244/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-244/2020
13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver