Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-244/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Fərid Qələmşah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1617/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1617/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əli Məmmədov, hakimlər Telman Hüseynov və Səbinə Məmmədzadə) xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 4-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilərək, ona təyin edilmiş cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, 17 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən «Mərkəzi» parkda vətəndaşların istirahəti üçün quraşdırılmış oturacaqda əyləşən hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlində olan silah qismində istifadə etdikləri soyuq silah hesab edilməyən turist bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə hədələyərək basqın etməklə üzərindəki pul qabından 240 manat nağd pulunu, həmin pul qabında olan sonuncuya məxsus "xxxx" ASC-ə aid 5375-7337-6063- 4123 nömrəli kart hesabından Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” supermarketinin qarşısında yerləşən «Kapital Banka» aid ATM vasitəsilə çıxardıqları 180 manat nağd pulu, o cümlədən həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsi hədəsini davam etdirərək Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə telefon əlaqəsi yaratdıraraq sonuncudan tanıdıqları Şahid1 adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına köçürülmüş 50 manat pulu çıxararaq ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 470 manat ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, məhkumun əməlinin Cinayət Məcəlləsinin 180-ci maddəsinin müvafiq hissəsinə tövsif edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək, əməlindən peşman olmasını nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1617/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, müdafiə tərəfindən törədilən əməlin hüquqi tövsifi mübahisələndirildiyindən, məhkəmə kollegiyası bu məsələyə münasibət bildirməyi zəruri sayır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onunla eyni məhəllədə yaşayır. Onlar məhəllədən tanışdırlar. Onlar qardaş kimi münasibət saxlamışlar. Hadisə günü onlar parkda oturacaqda oturub söhbət etmişlər. Onlardan bir qədər aralıda olan oturacaqda isə bir qızla bir oğlan oturmuşdur. Oğlanla qız həmin vaxt öpüşmüşlər. Həmin vaxt Ramazan ayı olduğundan və parkda çoxlu sayda adam olduğundan Nicat oturacaqdan qalxaraq həmin oğlan tərəfə gedərək oğlanı yanına çağırmışdır. Həmin oğlanın adı Həbib olmuşdur. Həbib də ayağa qalxaraq Nicata yaxınlaşmışdır. X6 birlikdə onun oturduğu oturacağa tərəf gəlmişlər. Onlar orada söhbət edərək Həbibə səhv etdiyini, parkda qızla öpüşməyin düzgün hərəkət olmadığını bildirmişlər. Onların arasında başqa söhbət olmamışdır. Onlar Həbibə təzyiq göstərməmişlər. Bundan sonra Həbib onlara demişdir ki, “düzdür, mən səhv etmişəm”. Həbib sonra onlara demişdir ki, “qızı yola salıb, gəlirəm”. Onlar Həbibə heç nə deməmişlər. Sonra Həbib qızı yola salıb onların yanına yenidən gəlmişdir. Həbib onların yanına yaxınlaşan zaman bir daha səhv etdiyini və öz səhvini başa düşdüyünü bildirib onlara pul təklif etmişdir. Onlar da Həbiblə razılaşmışlar. Sonra Həbib pul qabısını açaraq onlara pul vermişdir. Həmçinin Həbib bank kartında pul olduğunu bildirib onlara kartdakı puldan da vermək istədiyini bildirmişdir. Onlar da bununla razılaşmışlar. Sonra onlar birlikdə “Grandmart” marketinə tərəf getmişlər və orada Həbib kartdan pul çıxarıb onlara vermişdir. Eyni zamanda Həbib pulun bir hissəsini də dönərçinin bank kartına dostu vasitəsi ilə göndərtmişdir. Onlar dönərçinin yanında adama bir dönər və bir dənə də ayran içmişlər. Bundan sonra onlar ayrılmışlar, Həbib də çıxıb evinə getmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda o, müddətli həqiqi hərbi ximətdədir. O, 17 aprel 2022-ci il tarixdə yeni tanış olduğu, lakin hazırda adını xatırlamadığı qızla “Qış parkı” adlanan parkdan yuxarıda yerləşən parka getmişdir. Onlar orada biraz söhbət etmək üçün skamyaların birində oturmuşlar. Onlar orada təxminən bir saat oturduqdan sonra Nicat yanına gələrək uzaqdan onu yanına çağırmışdır. O, Nicatın yanına yaxınlaşan zaman Nicat ona bir qədər qabaqda oturan dostunun yanına getməyini bildirmişdir. O, da Nicatın arxasınca bir qədər qabağa getmişdir. Onlar digər təqsirləndirilən şəxsin yanına çatdıqda, Nicat ondan niyə qızla skamyada səmimi oturduğunu soruşmuş və onun qızla hərəkətlərinin ətrafda olan insanlara narahatçılıq yaratdığını bildirmişdir. O, Nicatın arxasınca getdikdə və digər təqsirləndirilən şəxsin oturduğu skamyaya çatdıqda, skamyanın üstündə bıçaq olduğunu görmüşdür. O, bıçağı gördükdən sonra, eləcə də təqsirləndirilən şəxslərin iki nəfər olmasından və sonuncuların fiziki cəhətdən ondan daha güclü olmalarından çəkinərək üzrxahlıq etmiş və bir daha belə səhvə yol verməyəcəyini bildirmişdir. O, necə üzrxahlıq edə biləcəyini soruşduqda, Nicat ona demişdir ki, “pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik”. Bundan sonra o, başa düşmüşdür ki, təqsirləndirilən şəxslərə pul verməsə, bu məsələ pis qurtara bilər. O, Nicat və Səxavətdən, daha çox isə skamyanın üstündə olan bıçaqdan çəkinərək cibində olan pul qabını çıxarıb təqsirləndirilən şəxslərə 240 manat vermişdir. Lakin o, pul qabını açdıqda, təqsirləndirilən şəxslər bank kartını görmüşlər və kartda pulun olub-olmadığını soruşmuşlar. O da kartda 50 manat pul olduğunu bildirmişdir. Nicat və Səxavət həmin vaxt onun kartında olan 50 manat pulu onlara verməyini tələb etmişlər. O da etiraz etməyərək kartında olan pulu onlara verə biləcəyini bildirmişdir. Sonra o, təqsirləndirilən şəxslər ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” marketinin giriş hissəsində yerləşən “Kapital Bankın” bankomatına getmişlər. O, orada kartı bankomata daxil edərək 50 manat pul çıxarmışdır. O, pul çıxararkən səhv etmirsə Səxavət onun kartında 50 manat deyil, daha çox pul olduğunu görmüşdür. Ona görə də Səxavətgil ondan kartda olan 130 manatı da çıxarıb verməyini tələb etmişlər. O da kartını bankomata salıb kodu daxil edərək kartda olan 130 manat pulu da çıxarıb Nicat və Səxavətə vermişdir. Lakin sonuncular bu dəfə də ona demişlər ki, “bizi aldatdığına görə bizə əlavə pul verməlisən”. O, təqsirləndirilən şəxslərə üzərində pul olmadığını dedikdə, həmin şəxslər pulu hər hansı dostunun kartı vasitəsi ilə onlara göndərməyini tələb etmişlər. O da dostu Ayxana zəng edərək 50 manata ehtiyacının olduğunu, kart nömrəsi göndərəcəyini və 50 manat pulu həmin karta göndərməsini xahiş etmişdir. Sonra onlar birlikdə dönərxanaya gedərək orada dönər yemişlər. Sonra onun dostu dönərçinin bank kartı hesabına 50 manat pul göndərmişdir. Nicatgil 50 manat pulun karta göndərilməsini bildikdən sonra ondan əl çəkmişlər. O da oradan çıxıb getmişdir. Bu hadisə ona çox pis təsir etdiyindən o, bu hadisə barəsində əvvəlcə DİN-nin “102” xidmətinə məlumat vermiş, daha sonra isə Yasamal RPİ-nin 27-ci Polis bölməsinə gedərək, ərizə ilə müraciət etmişdir. Cinayət nəticəsində ona ümumilikdə 470 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlibaba oğlu ifadəsində göstərmişdir ki, 17 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində o, işdə olarkən, eyni həyətdə qaldığı Səxavət, Nicat və tanımadığı bir nəfər şəxs onun işlədiyi dönərxanaya gəlmişlər və sonuncular üç ədəd dönər sifariş vermişlər. O, dönəri hazırlayarkən Səxavət ondan “Kapital Banka” məxsus kartının olub-olmamasını soruşmuşdur. O da kartının olduğunu bildirmişdir. Sonra Səxavət ona məxsus kartın nömrəsini istəmiş və bildirmişdir ki, həmin karta təxminən 10 dəqiqə ərzində 50 manat pul göndəriləcək. Həmin pul onun kartına oturduqdan sonra pulu kartdan çıxarıb Səxavətə verməyi ondan xahiş etmişdir. O, da kartının nömrəsini Səxavət və Nicatın yanında olan oğlana demişdir. Həmin şəxs isə telefonla kiməsə zəng edərək onun kart nömrəsini bildirib karta 50 manat göndərməsini xahiş etmişdir. Sonra Nicatgil kənara çəkilmişlər və pul onun kartına oturduqdan sonra Nicatgilə xəbər verməsini ona demişlər. Təxminən 10 dəqiqədən sonra onun mobil nömrəsinə bankdan karta 50 manat pul göndərilməsi barədə mesaj gəlmişdir. Bundan sonra o, bu barədə Səxavətə demiş və Səxavət də onun yanına gələrək ondan kartı alıb kodu soruşmuşdur. O da öz kartının kodunu Səxavətə bildirərək həmin kartı sonuncuya vermişdir. Səxavət pulu çıxardıqdan sonra kartı geri qaytaracağını bildirmişdir. O, kartı Səxavətə verdikdən sonra Səxavət digər şəxslərlə birlikdə sağollaşaraq çıxıb getmişdir. Təxminən bir saatdan sonra Səxavət onun işlədiyi dönərxanaya tək gələrək kartı ona geri qaytarmış və sonra çıxıb getmişdir. Bundan sonra, yəni 18 aprel 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Nicat və Səxavətin yanında bir gün əvvəl gəlmiş Həbib adlı şəxs polis əməkdaşları ilə birlikdə onun işlədiyi yerə gələrək Nicat və Səxavətin Həbibə qarşı quldurluq etdiklərini bildirmişlər və onun köməkliyi ilə Nicat və Səxavəti tapmağı istəmişlər. O, yalnız Səxavətin evini tanıdığından polis əməkdaşlarına Səxavətin yaşadığı ünvanı göstərmişdir. Hadisə barədə onun başqa məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Əlibaba oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 18 aprel 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 01:20-də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək tanımadığı iki nəfər şəxsin “Nizami” metro stansiyasının yaxınlığında onun qarşısını kəsərək bıçaqla hədələyib pul almalarını və bank kartı hesabına pul göndərildikdən sonra oradan uzaqlaşmalarını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 18 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Rəsulov X3 RPİ-nin 27-ci Polis bölməsinə ərizə ilə müraciət edərək, 17 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mərkəzi” parkda olarkən 2 (iki) nəfər şəxsin ona bıçaqla hədə-qorxu gələrək pul tələb etməsini, əks halda onu döyəcəklərini və bıçaqla xəsarət yetirəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs da qorxduğundan həmin şəxslərə ümumilikdə 470 manat pul vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 18 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Mərkəzi Park” istirahət parkıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 18 aprel 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Rəza oğlu tanınmaya təqdim edilmiş şəxslərin arasından 1 nömrəli sırada dayanmış Təqsirləndirilən şəxs2 tanımışdır Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 01 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/702 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 191) görünür ki, 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malıik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilməyib. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı tədqiq olunmuş, 24 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1679 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 193-194) görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs2 əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərini tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 zahirən sakitdir. Düşüncəsi aydındır. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən suallara mahiyyətinə uyğun qısa cavablar verir. Mühakimələri kifayət qədər məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Ona ittiham olunan əməl barədə soruşduqda əməlini etiraf edərək peşiman olduğunu bildirir. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, psixi - emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməli özünün qismən etirafı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri və istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla, Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 23-cü bəndinə əsasən CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmin Qərarın 25-ci bəndinə əsasən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, əməlində cəzanı yüngülləşdirən halların, yəni Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, cavan olması, Zərərçəkmiş şəxs onunla barışması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması, cinayət nəticəsində vurulmuş ziyanın hələ ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsi, o cümlədən əməllərində cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun apellyasiya şikayətinin təmin edilmədən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1617/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1617/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: MirzŞahid1 Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-244/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-244/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver