Məhkəmə qərarları › İş №1(103)-253/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-253/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-253/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs1, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(101)-1549/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X5, hakimlər X4 və X7) 19 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin məsləhətləri və zəruri məlumatları ilə etdiyi köməkliklər əsasında Şahid şadlıq sarayının sahibi olması, yaşadığı mənzildə külli miqdarda pul saxlaması barədə məlumat alıb, həmin məlumatları ona ötürdükdən sonra, qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə kuryer xidmətinin əməkdaşları olmaları görünüşünü yaratmaqdan ötrü 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, 01 ədəd motosiklet kaskası və ağqara rəngli jilet əldə etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, özü ilə 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu götürüb, qrupun digər üzvü isə başına motosiklet kaskası, əyninə isə ağ-qara rəngli jilet geyinməklə, 11 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, Şamhar Abdullayev pilləkanlarda durub gözlədiyi halda, o, mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nail olduqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aerozol qurğu vasitəsi ilə onu sifət nahiyəsinə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, müqavimətini qırmaqla halsızlaşdırıb, onun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə onun ağızından və boynundan tutaraq, mənzilin içərisinə doğru itələyərək Təqsirləndirilən şəxs2lə birgə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Zərərçəkmiş şəxs ayağının büdrəyib yerə yıxılmasından sonra onu stul üzərində əyləşdirib, qorxu və həyəcan hissləri keçirməsi səbəbindən müqavimət göstərə bilməyəcəyini dərk etdikdə Təqsirləndirilən şəxs2 evdə axtarış aparıb, mənzilin yataq otağındakı dolabın içərisindən seyf aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs seyfə aid açarı alıb oradan sonuncuya məxsus qızıl-ziynət əşlayarını, habelə həmin otaqdakı dolabın siyirtməsindən içərisində 10 manat pul olan 01 ədəd qadın portmanatı və digər əşyalar aşkar etməklə, həmin əşyaları özləri ilə gətirdikləri çantaya yığmalarına baxmayaraq, mənzildən pul tapa bilmədikləri üçün götürdükləri qızıl-zinət əşyaları, portmanat və digər əşyaları götürməkdən imtina edib, portmanatdakı ümumilikdə 10 manat pul ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq, quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzadan narazı olduğunu, özünü qismən təqsirli bildiyini, işinin lazımı qədər araşdırılmadığını, hadisə yerindən heç bir şey götürmədiklərini və zərərçəkmiş şəxsə ziyan vurmadıqlarını qeyd edib himayəsində yaşlı və xəstə valideynlərinin olduğunun, habelə evin ilk övladı olduğunun nəzərə alınaraq barəsində daha az müddətə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum edilmiş şəxs ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etsə də, şikayətində həmçinin barəsində olan cinayət işi üzrə düzgün araşdırma aparılmadığını da qeyd etmişdir ki, məhkəmə kollegiyası bunu nəzərə alaraq onun dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, Şahmar tanıdığı Vüqar adlı şəxsin bir çox kafe və restoran sahibi olduğunu, yaşadığı evdə təxminən 100.000-150.000 manat pul saxladığını deyib, məhz həmin şəxsin evindən oğurluq edəcəkləri halda, yaxşı qazanc götürəcəklərini demiş, lakin Vüqarla tanışlığı və onun barədə bu məlumatları haradan və ya kimdən əldə etməsi barədə məlumat verməmiş, bunu necə və hansı şəkildə edəcəkləri barədə Şahmardan məlumat aldıqda, sonuncu Vüqarın evindən oğurluqla bağlı əvvəlcədən düşünərək, özündə müəyyən planlar qurduğunu deyib, qurduğu plan barədə ona məlumat verməyə başlamış, belə ki, Şahmar Vüqarı tanıdığı üçün onun evdə arvadı ilə birgə yaşadığını, evdə digər kənar şəxsin olmadığını, Vüqarın gecə saatlarınadək işdə olması ilə əlaqədar arvadının evdə tək qaldığını deyib, bu işin onlara asanlıqla başa gələcəyini demiş, eyni zamanda həmin evə kuryer qismində gedəcəklərini, qadın qapını açdıqdan sonra onun sifətinə özündə olan qaz balonu vasitəsi gözyaşardıcı maddə vuraraq müqavimətini qıracaqlarını, ardınca evə daxil olub rahatlıqla oğurluq edərək oranı tərk edəcəklərini əlavə etmiş, Şahmarın dediklərini dinlədikdən sonra, pula ehtiyyacı olduğu üçün təklifi ilə razılaşmış, belə olan halda, Şahmar ona bir ədəd boş qutu, qələmi ilə birlikdə bir ədəd blaknot və 01 ədəd gövdəsi dəmir materialdan olan, yaşıl rəngli, üzərində inglis dilində yazılar olan qaz balonunu təqdim edib, cinayəti törədərkən hərəkətləri barədə izah etməyə başlamış, razılaşmalarına əsasən o, əlinə həmin qutu və blaknotu götürməklə, Şahmarla birgə kuryer qismində Vüqarın yaşadığı evə gələrək, qapını döyməli, həmin ərəfədə Şahmar pilləkanlarda qalıb hərəkətlərini izləməli, qadın qapıya yaxınlaşdığında Vüqara çatacaq bağlama gətirdiyi barədə məlumat verməklə, onun qapını açmasına nail olmalı, qadın qapını açdıqdan sonra o, qaz balonu vasitəsi ilə qadının üzünə gözyaşardıcı maddəni vurmalqa, onun müqavimətini qırıb evə daxil olaraq qadını saxlamalı, həmin zaman da Şahmar arxası ilə evə daxil olub, oğurluq etməli olmuş, hərəkətləri barədə konkret razılaşma əldə etdikdən sonra onlar razılaşdıqları kimi də, hərəkət etmiş, belə ki, 11 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində Şahmar kuryer görüntüsü yaratmaq məqəsdi ilə evdən bir ədəd motosiklet kaskası, 01 ədəd ağ qara rəngli jilet, o isə bir ədəd qutu, 01 ədəd qaz balonu və 01 ədəd blaknot götürməklə çıxmış, ardınca yol taksi avtomobili ilə ilk əvvəl Razin qəsəbəsində yerləşən sexlərin birinə gəlmiş, Şahmar həmin sexin ayaqyoluna daxil olaraq, həmin özü ilə götürdüyü kasa və jileti əyninə geyinmiş, ondan həmin əşyaları hansı səbəbdən məhz Razin qəsəbəsində geyinməsi barədə məlumat aldıqda, o, bunu kamera görüntülərinə düşməməsindən ötrü etdiyini demiş, ardınca onlar birgə Razin qəsəbəsindən çıxaraq, başqa bir taksi avtomobili ilə sonradan öyrəndiyi ünvan 2 ünvana çatdıqlarında artıq saat 19 radələri olarmış, qeyd edilən ünvanda taksi avtomobilindən düşüb, Şahmarın göstərməsinə əsasən həmin ünvanda yerləşən binalardan birinin blokuna daxil olub, pilləkanlar vasitəsi ilə səhv etmirsə binanın 4- cü mərtəbəsinə qalxmış, həmin mərtəbəyə qalxdıqda, Şahmar pilləkanda qalıb, sol tərəfdə yerləşən mənzili işarə edib, mənzilin Vüqara aid olduğunu bildirməklə, planlaşdırdıqları kimi hərəkət etməyi tapşırmış, o da, öz növbəsində həmin mənzilə yaxınlaşıb, qapını döymüş, qapıya tanımadığı qadın yaxınlaşıb, kimliyi barədə maraqlandıqda, o, kuryer olduğunu və Vüqar müəllimə çatacaq bağlama gətirdiyini deyib, bağlamanı qəbul etməsini xahiş etmiş, əvvəllər tanımadığı təxminən 50-55 yaşlarında olan sonradan adını öyrəndiyi Rəna adlı qadın qapını açdığında, o, sağ əlində saxladığı qaz balonu vasitəsi ilə qadının üzü istiqamətdə gözyaşardıcı maddə püskürdüb müqavimətini qıraraq cəld şəkildə üzərinə gəlib qışqırmasının qarşısını almaq üçün hər iki əli ilə onun ağız və boyun nahiyəsindən tutub, mənzilin içərisinə doğru itələyib mənzilə daxil olmuş, həmin zaman Şahmar da, onun ardı ilə evə daxil olub, mənzilin giriş qapısını arxadan bağlamış, mənzilə daxil olduqlarında Rənanın ayağı büdrəyib yerə yıxıldığı üçün, onun əllərindən tutmaqla, qaldırıb stul üzərində əyləşdirərək, səs-küy salmamasını tapşırmış, həmin ərəfədə isə Şahmar evin otaqlarına daxil olub axtarış aparmağa başlamış, bir neçə dəqiqə sonra Şahmar səhv etmirsə yataq otağından kiçik ölçülü bir ədəd seyf tapıb, həmin seyfi Rənaya nümayiş etdirməklə, seyfi açmasını tələb etmiş, Rəna seyfə aid açarı Şahmara təqdim etdiyində, o, həmin açarlar vasitəsi ilə seyfi açıb içərisinə nəzər salmış, seyfə nəzər saldığında Şahmar orada yalnız hazırda xatırlamadığı bir neçə qızıi-ziynət əşyaları aşkar etmiş, lakin seyfdə pul olmadığı üçün Şahmar Rənaya ünvanlanıb, ondan evə olan pul barədə maraqlanmış, Rəna da, evdə yalnız qeyd edilən qızıl- zinət əşyalarının olduğunu və hər hansı məbləğdə pulunun olmadığını dedikdə, Şahmar seyfdəki qızıl-zinət əşyalarınə götürməklə, özü ilə gətirdiyi idman çantasına yığmağa başlamış, ardınca yataq otağındakı dolabın siyirtməsindən 01 ədəd portmanat və hazırda yadında qalmayan digər əşyları da, götürüb həmçinin çantasına yığmağa başlamış, həmin ərəfədə Rəna onlara ünvanlanıb, hər hansı şəxs tərəfindən mənzilə göndərildiklərini sorğuladıqda, Şahmar “hə” deyərək sualını cavablandırmış, Şahmar qızıl-zinət və digər əşyaları çantaya yığdıqdan sonra, o, etdikləri əməldən peşimançılıq keçirib, bu əməllərinə son qoyaraq mənzili tərk etməyi qərarlaşmış, əməlinin düzgün olmadığı barədə Şahmara deyib, onun götürdüyü qızıl-zinət, 01 ədəd portmanat və digər əşyaları çantadan çıxarıb, mənzildəki türmonun üzərinə qoymaqla, Şahmardan heç bir əşya oğurlamadan mənzili tərk etməyi xahiş etmiş, Şahmar da, dedikləri İlə razılaşmış, həmin zaman Rəna adlı qadın onlara ünvanlanıb, mənzildən götürdükləri portmanatda 10 manat pulunun olduğunu deyib, həmin pulu götürə biləcəklərini demiş, yol pulları olmadığı üçün Rəna adlı qadının təklifi əsasında yalnız həmin 10 manat pulu götürüb, mənzili tərk etmişlər. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, həmin evə Şahmarın təklifi əsasında biryerdə getmişlər. Evə birinci o girmişdir. Evə girmədən əvvəl ev sahibi xanımın ağzından tutaraq onun gözünə dezodorant püskürtmüş və xanımla evə daxil olmuşlar. Qışqırmağını istəmədiyi üçün xanımın ağzını tutmuşdur. Xanım evə daxil olduqdan sonra ayağı büdrədiyi üçün yıxılmışdır, Şahmarla birlikdə xanımı ayağa qaldırıb sakitləşdirmişlər, ona heç bir xəsarət yetirməmişlər. O, xanımın yanında dayanmışdır, Şahmar isə həmin vaxt evdə axtarış aparmağa başlamışdır. Şahmar bir neçə yerə baxdıqdan sonra evdən qızıl-zinyət əşyaları tapmışdır, lakin xanımla bir qədər söhbət etdikdən sonra peşman olduqları üçün evdən heç nə götürmədən çıxıb getmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Evdən oğurluq etmək istəyirmişlər. Dezodorantı evdən çıxıb getdikdən sonra yolda zibil qabına tullamışdır. Məhkum edilmiş şəxs özünü qismən təqsirli bilib evdən heç bir şey götürmədiklərini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkum edildiyi cinayət əməli formal tərkibli cinayətdir və belə olduğu təqdirdə həmin əməl hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün basqın edildiyi andan bitmiş hesab olunur. Qeyd edilən mövqe “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il Qərarının 7-ci bəndində də təsbit olunmaqla göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Cinayət işi materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, 11 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, Şamhar Abdullayev pilləkanlarda durub gözlədiyi halda, o, mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nail olduqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aerozol qurğu vasitəsi ilə onu sifət nahiyəsinə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, müqavimətini qırmaqla halsızlaşdırıb, onun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə onun ağızından və boynundan tutaraq, mənzilin içərisinə doğru itələyərək Təqsirləndirilən şəxs2lə birgə yaşayış sahəsinə qanunsuz daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs1 zərərçəkmişə qarşı basqın etsə də, sonda ona heç bir maddi ziyan vurmayaraq əməlindən çəkinməsini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları sadalasa da, məhkum edilmiş şəxsə münasibətdə yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (cild 01, səh140-141) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa iş materiallarından görünür ki, hazırki cinayət əməlinin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur və onun əməlində cinayətin residivi vardır ki, birinci instansiya məhkəməsi bunu Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Belə olduğu halda məhkəmə kollegiyasının qənaətinə görə cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması nəzərə alındıqda ona təyin edilmiş cəza ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza arasında birinci instansiya məhkəməsi tərəfindən cəmi 06 ay fərq qoyulması ədalətli olmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum edilmiş şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hökmdə sadalanan yüngülləşdirici hallarla yanaşı, əlavə yüngülləşdirici hal kimi məhkum edilmiş şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2-ci 1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olsa da, Təqsirləndirilən şəxs1 hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 08 il müəyyən etməklə də həmin cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və qeyrisinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair 19 oktyabr 2022-ci il tarixli, 1(101)-1549/2022 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.5 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və qeyrisinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair 19 oktyabr 2022-ci il tarixli, 1(101)-1549/2022 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 ilə endirilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), İbrahim İbrahimli, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar