Məhkəmə qərarları › İş №1(103)-259/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-259/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-259/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Neftçala şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, işləməyən, subay, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 15 mənzil 34-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Zeynal Ağayev hakimlər Azad Məcidov və Səbuhi Hüseynov) 02 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Baba” adlı şəxs tərəfindən göndərilmiş təmiz çəkisi 12,864 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 13:40-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq şöbənin inzibati binasına aparılmış və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əlində olan, üzərində «Mysilver» sözləri yazılmış torbanın içərisindən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf selofan paketdə aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs verilmiş ittihamın ümumi işin xarakteri ilə uyğunluq təşkil etmədiyini və hökmün qanunsuz və əsassız olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil yalnız şəxsi istifadə üçün əldə etdiyini, tanımadığı şəxslət tərəfindən ona göndərilən smslərə cavab vermək imkanı olduğuna baxmayaraq heç birinə cavab vermədiyini, həmçinin cinayət işi materiallarında qeyri mötəbər sübutlara istinad olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə onun əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib verilmiş cəzadan narazı olduğunu, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, fiziki və psixi təzyiq altında məcburi olaraq ifadəyə qol çəkdiyini qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etməklə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə razılaşaraq ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin isə apellyasiya şikayətlərinin təmin edilməsi, hökmün ləğv edilməsi, ədalətli cəza təyin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi və məhkum edilmiş şəxs apellyasiya şikayətlərində məhkum edilmiş şəxsin AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək X2 barəsində ədalətli cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlər Şahid1 Zülfüqar oğlunun, Şahid2 ifadələri, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 6/1071 nömrəli məhkəməkimyəvi ekspert rəyindən, Təqsirləndirilən şəxs məxsus 055- 572-10-47 saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatları, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü iş materiallarına əlavə olunan 1 ədəd DVD diskdən, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Müdafiəçi apellyasiya şikayətində iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitələrin satışı barədə olmadığını, həmçinin onun, narkotik maddələrin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda olmuşdur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından görünür ki, 03.01.2021-ci il tarixdə saat 23:21-də ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «qardaşım atacanı imkanım yaxşı deyil, dedim qiymət münasib olsaydı 7 manatdan 5 dene götürərdim, dedim götürüremse 1 defelik götürüb atardım nənəmgilə. Elə alınar?» mətndə göstərilən sms, həmçinin 25.01.2021- ci il tarixdə saat 23:27 dəqiqədə ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 572-10-47 saylı mobil nömrəsinə «Qaqa mənə bir az pati bir azda kola verersen imkan olan qeder men sene neye imkan varsa verecem borcluda qalsam sora raşotlaşacaqıqik, imkan varsa gəlim mehelle terefe» sms göndərilmişdir. Bundan başqa 27.01.2021-ci il tarixdə saat 23:00 dəqiqədə 070- ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «qaqa menem Murad, duran kimi meni yığda, qaqa heç olmasa 1 dene verə bilmirsən? Qaqacanı lomkadayam hemde alınsa heç olmasa kola elə qaqa 2 dene de pati mende rahat olsun» sms göndərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verdiyi əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmiş və məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 02 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 02 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar