Məhkəmə qərarları › İş №1(103)-259/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-259/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-259/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 İbrahimovun sədrliyi və məruzəsi ilə, X4 və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə, Cəfərov Cavid Zahid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2, X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 yaşamış, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı fərdi yaşayış evinin alınması, təmiri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınması və reyestrindən çıxarış alınması adı ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 7 saylı evin, 50 saylı mənzilində yalan vəd verib aldatmaqla 16.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı fərdi yaşayış evində 6.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda eyni adla 500 manat miqdarında pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin evin Zərərçəkmiş şəxs tərəfindən alınmasını bilə-bilə sonuncudan xəbərsiz olaraq xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanda olan 35 saylı notariat ofisində Şahid2 tərəfindən verilən səlahiyyətdən istifadə edərək həmin evə dair etibarnamədən istifadə etməklə Şahid1 notarial etibarnamə ilə «sataraq» Zərərçəkmiş şəxs vermiş olduğu vədə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 22.500 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 02 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmış və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəlinin 16 sentyabr 2021-ci ildən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verib, X3 etdiyi əməldən peşman olmamasını, vurduğu zərərdən heç qaytarmamasını, məhkum edilmiş şəxsə verilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun gəlmədiyini, onun islah olunmadığını qeyd edərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində daha sərt cəzanın verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən görünür ki, verilmiş apellyasiya şikayətlərində məhkum edilmiş şəxsin təqsirliliyi məsələsi və ya törətdiyi cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işindən göünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlərə baxış keçirilməsi haqqında, təqdim etmə və götürmə haqqında protokollarla və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən дələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmişdir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CMnin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını onun ədalətliliyi prinsipi birləşdirir. Törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli hesab edilməlidir, yəni söhbət cəzanın fərdiləşdirilməsindən gedir. Cinayət hüququnda ədalət prinsipi CM-nin Xüsusi hissəsinin normalarının böyük əksəriyyətində alternativ sanksiyaların olmasında öz ifadəsini tapır. Buna görə də qanunverici xüsusi olaraq vurğulamışdır ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha sərt cəza növü daha yüngül cəza növünün cəzanın məqsədlərinə çatmağı təmin edə bilmədikdə, təyin edilir. Ədalət prinsipinə mənaca cəzanın yetərliliyi prinsipi çox yaxındır. Yetərlilik prinsipi, təəssüf ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət hüquq normalarında öz əksini tapmamışdır, lakin bu CM-nin 58.3-cü maddəsində yer almışdır: cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yetəlilik prinsipi onda öz ifadəsini tapır ki, cəza mahiyyətinə görə bütün tərəfləri, həm məhkumu, həm də zərərçəkmiş şəxsi, həm də bütövlükdə cəmiyyəti qane etməlidir. Buna yalnız idealda nail olmaq mümkündür. Amma yenə də cəza həddindən sərt olarsa, o zaman ədalət prinsipi pozulacaq. Həddindən artıq ciddi cəza məhkumda inciklik, qəzəb hissi yaradır ki, bu da cəzanın məqsədlərinə çatmağa neqativ təsir göstərir. Eyni zamanda, həddən artıq yüngül cəza təkcə məhkumda deyil, həm də digər şəxslərdə cəzasız qalma illüziyasını yaradır və onları yeni cinayətlərin törədilməsinə təhrik edir. Beləliklə, sosial ədalətə məhkəmə tərəfindən cəza təyin edilərkən aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-nin Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır; vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. rekord. Bu meyar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s. e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin xüsusiyyətlərinə, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi- qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 məhkəmənin hökmünün ləğv edilməklə, Təqsirləndirilən şəxs barəsində daha sərt cəzanın verilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsas görmür və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları və cəzasını yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs peşman olduğunu, 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alaraq, ona təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyası daxilində cəza təyin etmənin ümumi prinsiplərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Məhkəmə kollegiyası tərəfindən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 02 dekabr 2022-ci il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 02 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 06 saat üçün cəmi 36 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 dövlət büdcə vəsaiti hesabına 36 manat işlədiyi Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən hakim Anar İbrahimov Hakimlər Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar