Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-277/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi2, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)-735/2022 nömrəli hökmündən dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)- 735/2022 nömrəli hökmünə əsasən (sədrlik edən hakim N.İmanova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, məhkəmə istintaqı zamanı 18 oktyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 01 ay 05 gün müddət, cəmi 01 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 18 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməklə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilərək o, ərazi narkoloji dispanserdə qeydiyyata qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, o, tamah məqsədi ilə 30 mart 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evinin giriş qapısı üzərində olmuş kilidi sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində su qızdırıcısını, 03 ədəd ümumi dəyəri 200 manat olan səs ucaldan aparatı, 01 ədəd 450 manat dəyərində qaz sobasını, 01 ədəd 350 manat dəyərində hava təmizləyicini (aspirator), 01 ədəd lavaş bişirmək üçün 60 manat dəyərində elektrik aparatı, 02 ədəd hər birinin dəyəri 25 manat ümumi dəyəri 50 manat olan ağ rəngli sintifon yastıqları, 01 ədəd qırmızı rəngli arxa hissəsində «dayısından hədiyyə» sözləri yazılmış 10 manat dəyərində qabı, 01 ədəd üzərində «EM-7531» yazısı olan Almaniya istehsallı çəhrayı qara rəngli 10 manat dəyərində saç fenini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,024 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 20 aprel 2022-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi yaşayış evinin qarşısında şübhəli şəxs kimi saxlanılıb polis şöbəsinə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)- 735/2022 nömrəli hökmündən dövlət ittihamçısı X3 apellyasiya protesti verərək hökmü, Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuha almasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Hökmdə təqsirləndirilən şəxsin “törətdiyi əməlləri etiraf edərək səmimi peşman olması”nın cəzanı yüngülləşdirən hal kimi göstərilməsinə münasibət bildirərkən qeyd edilməlidir ki, əvvəla Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən xidmət aparılarkən ona yaxınlaşan zaman sonuncu həyəcanlı şəkildə uzaqlaşmağa cəhd etdiyindən və qeyri-adekvat hərəkətlər etdiyindən şəxsiyyətinin müəyyənləşdirilməsi üçün saxlanılaraq şöbəyə gətirilmiş və üzərindən məlum narkotik vasitə aşkar edilmişdir. Üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqla daşıyan bir şəxsin həmin sferada cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanında törətdiyi əməli etiraf etməsi heç də səmimiliyin və etirafın göstəricisi deyildir, məqsəd həmin vəziyyətdən çıxış yolu axtarılmasına cəhd etmək olmuşdur. Lakin məhkəmə həmin halı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa, hökmdə təqsirləndirilən şəxsin “könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna alması”nın cəzanı yüngülləşdirən hal kimi göstərilməsinə münasibət bildirərkən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bağlı şübhəli şəxs qismində dindirilərkən ona “Bundan başqa hər hansı bir cinayət törətmisinizmi?” sualına cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etdiyini könüllü şəkildə bildirməsi faktı təkcə onun verdiyi məlumatla deyil, aparılmış ibtidai istintaq zamanı toplanmış digər sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidin ifadələri, əşyanın götürülməsi, tanınmaya təqdim edilməsi və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri ilə, eləcə də digər sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən sadəcə başqa bir cinayətlə bağlı məlumat versə də, məhkəmə əsassız olaraq həmin halı da cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan əlavə, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinə münasibət bildirərkən xüsusilə vurğulamaq lazımdır ki, qüvvədə olan qanuna əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddinin isə 2 qram olduğunu nəzərə aldıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı heroinin miqdarı şəxsi istehlak miqdarından , təxmiriən 7 dəfə artıq olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs digər əməli, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətməsi də törədilmə üsuluna görə daha təhlükəli hesab edilir. Talama cinayəti törətdikdən sonra yenidən hüquqazidd əməllərinə davam edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması Təqsirləndirilən şəxs şəxsiyyətinin nə dərəcədə təhlükəli olduğunu göstərir. Bunlara baxmayaraq, məhkəmə həmin hallara da əhəmiyyət verməmişdir. Apellyasiya protestində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilmir. Hökmdən məhkum edilmiş şəxs, zərərçəkmiş şəxs apellyasiya şikayətləri verməmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlindən çox peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş tam ödədiyini, yol verdiyi əmələ görə cəmiyyətdə və onu tanıyanların qarşısında utandığını, heç vaxt bir daha qanuna zidd əmələ yol verməyəcəyini, subay olmaqla artıq ailə qurmaq istədiyini, bu yaşına qədər həmişə insanlar arasında özünə hörmət qazanmağa çalışdığını göstərərək apellyasiya protestinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında işirak etmir və məhkəmə kollegiyası Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkum edilmiş şəxsin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)-735/2022 nömrəli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını (CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini), cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi), AR CM-nin 177.2.3cü maddəsinə münasibətdə cinayət nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM-59.1.13), könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna almasını (AR CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs barəsində “şəxsin könüllü gəlib təqsirini boynuna alması” halının əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə alındığı göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012- ci il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası protestin həmin dəlilinə münasibətdə qeyd edir ki, oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hüquq-mühafizə orqanlarına bəlli olmamış, həmin cinayəti törətmiş şəxs qeyri-müəyyən olmuşdur. Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyini etiraf etməsəydi, gələcəkdə həmin cinayət əməlinin açılmasında çətinliklər yaranacaqdır. Başqa sözlə, birinci intansiya məhkəməsi oğurluq əməlinə münasibətdə onun özünün məlumat verməsini könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs əməlindən peşiman olmasının əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir kİ, Təqsirləndirilən şəxs əməlindən peşiman olması iş materialları ilə kifayət qədər təsdiq olunduğundan, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq həmin halı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günlərindən törətdiyi əməli etiraf etməklə, habelə digər cinayət əməli barədə könüllü məlumat verməklə törətmiş olduğu cinayət əməllərinin açılmasına hər hansı çətinlik yaratmamışdır. Bundan başqa, apellyasiya icraatı zamanı məhkum olunmuş Təqsirləndirilən şəxs məhkəmə çıxışında Təqsirləndirilən şəxs əməlindən çox peşiman olduğunu, yol verdiyi əmələ görə cəmiyyətdə və onu tanıyanların qarşısında utandığını, heç vaxt bir daha qanuna zidd əmələ yol verməyəcəyini, subay olmaqla artıq ailə qurmaq istədiyini, bu yaşına qədər həmişə insanlar arasında özünə hörmət qazanmağa çalışdığını bildirmiş və bununla da əməlindən peşiman olduğunu açıq-aydın nümayiş etdirmişdir. Bundan başqa, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edib qeyd edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasəən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş, təyin olunmuş cəzanın məqsədini təmin edən cəza təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə ilə əvəz edilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında və cinayətlrin məcmusu üzrə cəzanın məqsədlərini təmin edən cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya ptotesti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)-735/2022 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)-735/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-277/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-277/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver