Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-279/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,486 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib 03 ədəd bükümə bölərək üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Heydər Əliyev adına park”ın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 04 may 2021-ci il tarixdə, saat 19:00-da qeyd edilən ünvanda saxlanılaraq İdarəyə dəvət edilmiş və orada həmin tarixdə, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 1,085 qram, 1,169 qram və 1,232 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 3,486 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Əli Məmmədov və Telman Hüseynov) 02 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixindən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs verilmiş ittihamın ümumi işin xarakteri ilə uyğunluq təşkil etmədiyini və hökmün qanunsuz və əsassız olduğunu, ona elan olunan ittihamın nə ibtidai istintaq zamanı toplanmış, nə də məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini, həmçinin cinayət işi materiallarında qeyri mötəbər sübutlara istinad olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxsin müdafiəçiləri apellyasiya şikayətində məhkum edilmiş şəxsin AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək Təqsirləndirilən şəxs barəsində bəraət verilməsini xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 05 may 2021-ci il tarixli, 6/1826 nömrəli, ambulator məhkəmə-psixatrik ekspertizasının 23.06.2021-ci il tarixli, 1352 nömrəli və məhkəmənarkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli, 2285 nömrəli rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilməsi protokolu, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Müdafiəçi apellyasiya şikayətində iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitələrin satışı barədə olmadığını, həmçinin onun, narkotik maddələrin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda və həmçinin ayrı-ayrı bükümlərdə olmuşdur. Belə ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk məlumatlara baxış keçirilən zaman müəyyən olunur ki, yazıların məzmunu narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar olmaqla göndərən şəxslər həmin maddəlardən və vasitələrdaən almaq istəmişlər. Təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrələrinə qeyd edilən yazışmaların göndərildiyi telefonların sahibləri bildirmişlər ki, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri Təqsirləndirilən şəxs məxsusdur. Müxtəlif mobol telefon istifadəçilərindən təqsirləndirilən şəxsin istifadəsində olan telefona narkotik vasitə və ya psixotrop maddələri almaq istəmələri ilə bağlı məzmunda SMS mətnlərinin göndərilməsi faktı bir daha sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasaydı, şəxsən özünün istifadəsində olan qeyd edilən telefon nömrələrinə bu məzmunda SMS mətnləri də göndərilməzdi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıya görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza ağır cəzadır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilməsi mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının maddənin sanksiyasında minimum həddə müəyyən etməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R: Apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 02 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 5 (beş) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-279/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-279/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver