Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-280/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakim X3) xx.xx.1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olmuş, Yevlax rayon, Aran qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi – 371,154 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 1305 qram (1 kq 305 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 1 ünvanda yerləşən yaşadığı fərdi evdə gizlətməklə saxlamış, daha sonra həmin narkotik vasitənin üzərindən ümumi təmiz çəkisi 5,054 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək bir ədəd bükümə yığıb satış məqsədilə üzərində saxlamaqla daşımış, 31 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,054 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 31 mart 2021-ci il tarixdə, saat 20:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aparılan baxış zamanı Təqsirləndirilən şəxs evinin qonaq otağındakı divanın saxlanc yeri hesab olunan alt hissəsində idman çantasının içərisində gizlətdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki qəhvəyi rəngli heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 170,9 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 195,2 qram olan xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə heroinlə və yaşadığı evə keçirilən baxış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə fərqlənən tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində heroinin izlərinin olduğu bir ədəd üzərində “Beurer” yazısı olan “max.3kq” markalı elektron tərəzi, üç ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 1305 qram (1 kq 305 qram) olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 495,0 qram və 305,0 qram olan və tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, hal-hazırda səhhəti ilə bağlı halları nəzərə almamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsini məhkumun özünün etirafı, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 aprel 2021-ci il tarixli, 7/303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan tünd göy rəngli idman çantasındakı 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 505,0 qram; 495,0 qram; 305,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 1305 qramdır (1 kq 305 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2021-ci il tarixli, 6/1273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ....” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,054 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs oğlkunun yaşadığı evdən aşkar olunmuş....” yazısı olan idman çantasındakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 170,9 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 195,2 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd üzərində “Beurer” yazısı olan “max. 3kq” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 371,154 qramdır. Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki qəhvəyi rəngli heroin yaşadığı evdən götürülmüş təmiz çəkisi 170,9 qram olan qəhvəyi rəngli heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, lakin yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 195,2 qram olan tünd qəhvəyi rəngli heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə onlardan fərqlidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 1613 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkumun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ona törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan və cəzanı yüngülləşdirən halların olmasına dair iş üzrə bütün halları nəzərə almadan ittiham hökmü çıxarmasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin etsə də, məhkumun şəxsiyyətini, törətdiyi əməli və işdə olan digər halları kifayət qədər nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunmamışdır və hesab edir ki, onda aşkar olunmuş narkotik vasitə olan heroinin və marixuanın miqdarı Təqsirləndirilən şəxs daha çox müddətə azadlıqdan məhrum etmə cəzasının, yəni 09 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə əsas ola bilməz və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəza müddətinin kifayət qədər çox olduğunu nəzərə almamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-280/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-280/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver