Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-293/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X8, hakimlər X6 və X4) 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 19 aprel 2022ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamin əldə edib, üstündə daşımaqla qanunsuz saxlamış, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 05:15-də X13 Alayının polis nəfərləri tərəfindən ünvan 4 ünvanda narkotik vasitələrin qəbulunda şühbəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanda yerləşən Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram ağ rəngli kristalşəkiili kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib işinə yenidən baxılaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, apellyasiya şikayətini müdafiə etdiklərini, şikayətin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmünün dəyişdirilməklə Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas olmadığını, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmü Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunmaldır ki, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlayaraq daşıması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif olunmamış və nəticədə sonuncu daha ağır cinayət əməlini törətməsinə görə təqsirli bilinmişdir. Belə ki, CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Həmin Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. İbtidai araşdırma zamanı toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamin əldə edərək, üstündə saxlamaqla daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs saxlanılmasına səbəb ünvan 7 ünvanda hərəkətdə olan zaman şübhəli davranışı ilə polis əməkdaşlarının diqqətini cəlb etməsi olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından o, 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, elə həmin tarixdə barəsində şəxsi axtarış və götürmə aparılmışdır, Bundan sonra 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmiş və o, 20 aprel 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələri kimdən, nə vaxt, hansı üsulla alması, onun əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, əvvəllər kimlərə, harada və nə vaxt narkotik vasitə satması faktının əməliyyat yolu ilə müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir, həmin tapşırığa Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 10 may 2022-ci il tarixli cavab məktubunda keçirilən əməliyyat tədbirləri zamanı R.Hüseynovun əvvəllər narkotik vasitənin satışı ilə məşğul olması faktının müəyyən olunsa da, onun konkret hansı şəxslərə narkotik vasitə və psixotrop maddə satmasının müəyyən edilmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını göstərmişdir. Cinayət işi materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 19 mart 2022-ci il tarixdən 19 aprel 2022ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, və digər məlumatların götürülməsi qərara alınmış, həmin qərar müstəntiq İsa Həbibzadə tərəfindən icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materialları məhkəmə tərəfindən tədqiq olunarkən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən məlumatların götürülməsinə dair qərar qəbul edilsə də, müvafiq məlumatlar mobil operatordan əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə işə ittiham və müdafiə tərəfinin təqdim etdiyi sübutlar əsasında baxır, hazırki işin hallarından isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını təsdiq edən kifayət qədər sübutlar toplanmadan ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə verilmişdir. Beləliklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən 01 ədəd bükümdə külli miqdarda heroin və külli miqdarda 01 ədəd bükümdə metamfetaminin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa belə, bu onun həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmü Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda təqsirləndirilən şəxsin əməlinin ağır cinayət əməli olan CM-in 234.4.3cü maddəsindən az ağır cinayət əməli olan CM-in 234.1-ci maddəsinə tövsif edilməsi nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs hazırda CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur ki, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 234.1-ci maddəsi ilə tövsif olunması ilə sonuncunun əməlinin ağır cinayət əməlindən az ağır cinayət əməlinə tövsif edilmişdir ki, bu da öz növbəsində sonuncuya cəza təyini zamana nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası onu qeyd edir ki, cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroinin külli miqdar təşkil etdiyi və həmin Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bu miqdardan (külli miqdardan artıq miqdar hesab edilməsi üçün 2 qramdan) dəfələrlə çox olan, 12,588 qram narkotik vasitə heroin və 3,087 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra narkotik vasitənin şəxsi istehlak məqsədi ilə əldə edilmiş olması halında belə, müvafiq olaraq miqdar əlamətinə görə fərqli tövsifedici əlamətlər olaraq qiymətləndirilməklə, cinayətlərin ağırlıq təsnifatına münasibətdə fərqləndirilmişdir (CM-in 234.1 və 234.1-1-ci maddələri). Bu isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarsı mübarizə tədbirlərinin davamı olaraq qanunvericiliyə dəyişikliklər edilərək cəzaların sərtləşdirilməsi prosesinin aparıldığına və həmin cinayət əməlinə qarşı kəskin mövqe nümayiş etdirildiyinə dəlalət edir. Həmçinin qeyd olunmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilmiş, 234-cü maddə üzrə 234.1-1-ci maddə (“234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”) əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə müvafiq cinayət əməlini törətdiyindən, qanuna dəyişiklik isə bundan sonra, yəni 26 aprel 2022-ci il tarixdə edildiyindən və həmin Qanun 20 may 2022-ci il tarixdə qüvvəyə mindiyindən, CM-in 10.1-ci maddəsinin tələbi baxımından (Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.) təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin külli miqdardan dəfələrlə çox olması əlaməti hazırkı halda onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini istisna edir. Lakin həmin hal, yəni narkotik vasitənin və psixotrop maddənin külli miqdardan dəfələrlə çox olması əlaməti Təqsirləndirilən şəxs münasibətdə CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilərkən cəzanın növünü və həddini müəyyən edərkən nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın təqsirləndiirlən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsindən Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunsun. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(101)-1328/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) saat üçün 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-293/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-293/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver