Məhkəmə qərarları › İş №1(103)-299/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-299/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-299/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (sədrlik edən hakim: Solmaz Mustafayeva) xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcrid- xanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 05 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ona Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,001 qram iəşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 may 2022-ci il tarixdə saat 12:20-də Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq, həmin polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli kağız bükümün içindən təmiz çəkisi 1,001 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu, məhkəmə ona cəza təyin edərkən, vərəm xəstəliyindən əziyyət çəkməsini və anasının tək oğlu olduğunu nəzərə almadığını göstərməklə, həmin hökmün dəyişdirilməsini və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə özünü qismən təqsirli bilməklə faktiki olaraq verdiyi etirafedici ifadələri ilə yanaşı; onun tərəfindən cinayətin törədilməsi istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlər- Şahid1, Şahid2 və qeyrilərinin ifadələri ilə; təqsirləndirilən şəxsdən kustar üsulla hazırlanmış 1,001 qram psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə videoçəkişlə aparılmış “şəxsi axtarış və götürmə haqqında” protokolla və videoçəkilişlə; ondan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkinin 1,001 qram təşkil edən kustar üsulla hazırlanmış kütlənin narkotik vasitə metamfetaminin olması barədə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 6\2833 nömrəli 18 may 2022-ci il tarixli rəyi ilə; təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması barədə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın 4068 saylı 25 iyul 2022-ci il tarixli rəyi ilə; onun üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi və psixotrop maddənin ekspertizadan sonra qalıq qalmış çəkisinin saxlanılmasına Bakı şəhəri Nəsimi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilməsinə dair sübutların qiymətlən- dirilməsi barədə 27 may 2022-ci il tarixli qərarla; baxış, götürmə, axtarış, müayinə, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər çoxsaylı mötəbər və təkzibedilməz sənədlərlə tam sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərində olan psixotrop maddə cüzi miqdarda olmuş, əvvəllər narkotik vasitə heroin istifadə etmiş və sonra psixotrop maddə metamfetamin qəbul etmiş, yəni keçən ilin dekabr ayında “Covid-19” infeksiyası- na yoluxmuş, ondan sonra psixotrop maddə və narkotik vasitə qəbul etməmiş, onda olan büküm çoxdan cibində qalmışdır. 17 may 2022-ci ildə saat 12:20 radələrində Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 10 ünvanın qarşısında dayanarkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə Nəsimi RPİnin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmiş, orada videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qeyriqanuni əşya varsa, təqdim etməsini təklif etmişlər. Əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin psixotrop maddəni 10 manata Yasamal rayonu ərazisində “Space TV”-nin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. Bundan sonra üzərində axtarış aparılmış və başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş maddə daha sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Etdiyi əməldən peşman olduğunu və vərəm xəstəliyindən əziyyət çəkdiyini və müalicə aldığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra üzərinə şəxsi axtarış aparılarkən, ondan aşkar olunmuş psixotrop maddənin özünün olması və şəxsi istifadəsi üçün əldə etməsi barədə verdiyi izahatında, sonradan ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə əvvəlcə şübhəli, daha sonra təqsirləndirilən şəxs qismində, habelə birinci instansiya məhkəməsində verdiyi bütün ifadələrində ondan aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda, ibtidai istintaqın sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəçisi ilə birlikdə cinayət işinin materialı ilə tanış olduqdan sonra, cinayət işinin materialı ilə müdafiəçisi ilə birlikdə tam tanış olduğunu, heç bir vəsatəti və etirazının olmadığını göstərməklə, qeyd olunan protokolu irad və narazılıq bildirmədən müdafiəçisi ilə birlikdə imzalamışdır. Bununla yanaşı, hüquqlarının pozulmasına və ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı istintaqda və birinci instansiya məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı dövlət qurumuna və ya digər müvafiq təşkilatlara şikayətlə müraciət etməmişdir. Bundan əlavə, məhkəmədə dindirilmiş şahidlər ifadələrini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı aparılmış çarpaz dindirmələr zamanı deyərək təsdiq etməklə, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayəti törətməkdə təqsirli olmasını bildirməklə yanaşı, həmin cinayət əməlinin törədilməsində onu ifşa etmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». «Şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən narkotik vasitələr və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin 0,15 qramdan artıq hissəsi cinayət məsuliyyəti yaradır, 02 qram və ondan artıq miqdarda hissəsi isə külli miqdar hesab edilir. Cinayət işinin materialından göründüyü kimi və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 1,001 qram təşkil etməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına görə, narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaş-xaş və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törətməsi özünün istintaqda və məhkəmədə verdiyi tam etirafedici ifadələri ilə yanaşı; dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə “şəxsi axtarış və götürmə aparılması barədə protokollarla və çoxsaylı digər sənədlərlə sübuta yetirilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin hökmündən əməlin tövsifi ilə əlaqədar təqsirləndirilən Təqsirləndirilən şəxs özü və müdafiəçisi, habelə dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmiş, məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayəti isə yalnız cəzasının yüngülləşdirilməsi ilə əlaqədar olmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, üzərində olan narkotik vasitənin çəkisinin ittiham aktında göstərilən miqdarda deyil, daha az miqdarda olması ilə əlaqədar verdiyi ifadəsinə iş materialı ilə təkzib edildiyindən tənqidi yanaşmış və hesab etmişdir ki, onun həmin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmədə tədqiq edilmiş videogörüntüdən görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs və onun müdafiəçisi psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı bir etiraz, narazılıq və irad bildirməmiş, əksinə “şəxsi axtarış və götürmə barədə” protokolu könüllü olaraq öz imzaları ilə təsdiq etmişlər. Eləcə də, istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının pozulması və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsinə dair özü və müdafiəçisi tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməklə, pozulmuş hüquqlarının bərpasını tələb etməmişlər. Beləliklə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərə istinad edilməklə təşkil etdiyi müdafiəsi onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməməsi barədə irəli sürdüyü dəlillər yalnız məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması ibtidai istintaq dövründə və məhkəmədə tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın növü və həddi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, məhkəmə hökmün dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələrə dair” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələr və başqa maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilir. Birinci instansiya məhkəməsi dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və müdafiəçisini, şahidləri dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq etməklə, hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı; mənbəyinin mötəbərliyi və əldə olunmasının qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və toplanmış digər materiallarla sübuta yetirildiyindən və əməli həmin maddə ilə düzgün tövsif edildiyindən təqsirlili bilinməlidir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs sonuncu dəfə: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,177.2.2, 177.2.3 və 177.2.4-maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 23 aprel 2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmaqla cəzhasının sonu ilə azad edilmişdir (i.v.121-124). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.6cı maddələrinin tələblərini rəhbər tutaraq, hesab etmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxsdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsini müzakirə edərkən, hesab etmişdir ki, cinayət işinin materiallarına əsaslanaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, onun əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən, onun 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 gün təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli həbsə alındığı gündən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ona Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəzanın həddini və növünü təyin edərkən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda ona təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaqla yanaşı, ona mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməklə ədalətli qərar çıxarılmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə qanuni, əsaslı və ədalətli olduğundan, məhkəmə hökmü dəyişdirilmədən saxlanılmalı və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından və iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, verilmiş apellyasiya şikayətinin təmin olunması üçün əsas yoxdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi maddi sübutlar və digər məsələləri həll edərkən əsaslı olaraq hesab etmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və keçirilmiş ekspertiza tədqiqatında sonra qalıq qalmış, xalis çəkisi 0,951 qram təşkil edən psixotrop maddə metamfetamin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; maddi sübut qismində tanınmış və Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və 55 manat təşkil edən keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesablama hesabına köçürülməlidir. Göstərilənlərəri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayəti işin faktiki hallarına uyğun olmadığından və cinayət işi üzrə toplanmış sübutlarla təkzib edildiyindən əsassız hesab olunmaqla təmin edilməməli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan 05 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün cəmi 120 ( yüz iyirmi ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar