Məhkəmə qərarları › İş №1(103)-313/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-313/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-313/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri “Mütəllimov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Hüseynov Cavid, hakimlər İsmayılov Eldar, Əliyev Samir) 11 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2022-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə bəraət verilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli basqın edərək quldurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsində olduğu zaman, həmin küçə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Camry» markalı, **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə saxla işarəsi verib taksi qismində saxladaraq, avtomobilə əyləşdikdən sonra, qabaqcadan yol haqqının qiymətini dəqiqləşdirmədən, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Pitomnik» adlanan parkın yaxınlığına sürdürüb, həmin tarixdə, saat 16 radələrində yol haqqını ödəmədən avtomobildən düşərək uzaqlaşdıqda avtomobilin sürücüsü Zərərçəkmiş şəxs də avtomobilindən düşərək ona gediş haqqı ilə bağlı öz iradını bildirdikdə o, əynində olan şalvarının sağ yan cibində gəzdirdiyi tiyəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağını çıxardıb silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edəcəyi ilə hədələdikdə sonuncu həmin təhlükəni real qəbul edərək, üzərində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq cinayət barədə məlumat vermək istədikdə, o, Zərərçəkmiş şəxs əlində mobil telefonu görüb özgənin, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol qarın və iki dəfə sol bud nahiyələrinə vuraraq, sonuncuya qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığına yüngül xəsarət yetirib, Zərərçəkmiş şəxs məxsus 3 manat dəyərində «Azercell» CSM 050 *** ** ** nömrəsi olan, həmin nömrədə 8 manat məbləğində vəsait olan 440 manat dəyərində 01 ədəd «Samsung A10S» markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmdən narazı olduğunu bildirmişdir. Hesab edir ki, onun əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə baxılmalı idi. Məhkəmə ona qarşı olan haqsızlığa məhəl qoymadan ağır cəza təyin etmişdir. İşinin faktiki halları tam araşdırılmamışdır. Odur ki, şikayətçinin olmadığını və ziyan dəymədiyini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilərək əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə baxılaraq cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hesab edir ki, hökm ədalətsizdir, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsində olduğu zaman, həmin küçə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə saxla işarəsi verib taksi qismində saxladaraq, avtomobilə əyləşdikdən sonra, qabaqcadan yol haqqının qiymətini dəqiqləşdirmədən, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Pitomnik» adlanan parkın yaxınlığına sürdürüb, həmin tarixdə, saat 16 radələrində yol haqqını ödəmədən avtomobildən düşərək uzaqlaşdıqda avtomobilin sürücüsü Zərərçəkmiş şəxs də avtomobilindən düşərək ona gediş haqqı ilə bağlı öz iradını bildirdikdə o, əynində olan şalvarının sağ yan cibində gəzdirdiyi tiyəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağını çıxardıb silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edəcəyi ilə hədələdikdə sonuncu həmin təhlükəni real qəbul edərək, üzərində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq cinayət barədə məlumat vermək istədikdə, o, Zərərçəkmiş şəxs əlində mobil telefonu görüb özgənin, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol qarın və iki dəfə sol bud nahiyələrinə vuraraq, sonuncuya qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığına yüngül xəsarət yetirib, Zərərçəkmiş şəxs məxsus 3 manat dəyərində «Azercell» CSM 050 *** ** ** nömrəsi olan, həmin nömrədə 8 manat məbləğində vəsait olan 440 manat dəyərində 01 ədəd «Samsung A10S» markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 may 2022-ci il tarixli, 1285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edir ki, təqsirləndirilən şəxsin səhhətində problem var, xx.xx.2016-cı il tarixdən Bazu sümüyünün aşağı 1/3 hissəsinin sınığı, Sol bazu sümüyünün konndilusdan keçən qeydi-düzgün bitişmiş sınığı, Oynaqların kontrakturası səbəbindən xx.xx.2021-ci il tarixədək İİİ dərəcə əlil olmuşdur. Sonradan əlilliyin 5 illik müddətinin bitməsi səbəbindən əlilliyi dayandırılmış, lakin onun qeyd edilən qüsurları davam etməkdədir. Bundan əlavə onun öhdəsində İİ qrup anası vardır. Gəncdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərəçəkən bununla bağlı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışladığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Lakin əməlini düzgün tövsif etmədiyindən ona ağır cəza təyin edilmişdir. Məhkəmə, həmçinin öz hökmündə qeyd etmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd etmişdir ki, tamah məqsədi bu halda özgənin əmlakının quldurluq yolu ilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Belə olan halda həmin maddədə nəzərdə tutulan əməldə təqsirli bilinərək ağır cəzaya məhkum edilməsi ədalətli hesab edilə bilməz. Bundan başqa, hüquqlarını müdafiə etdiyim şəxs ona qarşı sürülmüş ittihamla özünü qismən təqsirli bilmiş (AR CM-nin 221.3-cü maddəsi ilə) digər maddə ilə özünü təqsirli hesab etməmişdir. Beləliklə ittiham aktına görə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməlidir ona görə ki, o zərərçəkmiş şəxsin xidmət haqqını ödəmədiyinə görə arxasınca gəlib onu söyməsini və vurub yıxmasını, səbəb kimi göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, üzərində olan, soyuq silah hesab edilməyən qatlanan bıçağı yerdə yıxılı vəziyyətdə olaraq zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Buna görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyindən hökm ləğv edilməli, və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Digər maddə ilə bəraət verilməlidir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərindən göründüyü kimi məhkum edilmiş şəxs özünü təqsirli bilməyərək ona AR CM-nin 181.2.5-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasını və əməlinin AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə bir manatlıq evlərdə qalmışdır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu «Aytəkin» adlı xanımla görüşmək üçün C.Hacıbəyov küçəsində yerləşən Azərbaycan Universitetinin qarşısında “Toyota Camry” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əl ilə saxla işarəsi vermişdir. Həmin taksi saxladıqdan sonra o, taksiyə əyləşmiş və sürücüyə, yəni baxılan iş üzrə Zərərçəkmiş şəxs Binəqədi rayonu, 6-cı Mikrorayonda yerləşən “İmam Əli” məscidinə sürməsini sifariş vermişdir. “İmam Əli” məscidinin arxa hissəsində olan dayanacaqda avtomobili saxlatdırmış, taksi sürücüsünə 3 manat pul təklif etmiş, sürücü isə yol pulunun 5 manat olduğunu bildirmiş və pulunu tələb etmişdir. O, avtomobildən düşərək, pul vermədən “Pitomnik” adlanan parkın içərisi ilə uzaqlaşmışdır. Elə həmin vaxt taksi sürücüsü arxadan onu səsləmiş və dayanmasını ondan tələb etmişdir. Taksi sürücüsü ona yaxınlaşaraq, nə səbəbdən pulunu vermədiyini ondan soruşmuş və o, sonuncuya üzərində 3 manat məbləğində pul olduğunu bildirmiş və yenə də yoluna davam etmək istəmişdir. Lakin taksi sürücüsü onunla razılaşmamış, ona “oğraş oğlu” deməklə söyüş söymüşdür. O, söyüşə görə geri çevrildikdə taksi sürücüsü onun burun nahiyəsinə yumruqla vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra o, şalvarının cibində gəzdirdiyi açılıb-bağlanan bıçağı çıxarmış və taksi sürücüsü təkrar onun üzərinə gəlmək istədikdə, yıxılmış vəziyyətdə əlində olan bıçaqla ilk əvvəl sürücünün sol bud nahiyəsinə, daha sonra isə qarının sol tərəfinə zərbələr endirmişdir. Tapdıq geri çəkildikdən sonra ayağa qalxaraq həmin yerdən uzaqlaşmışdır. Hadisənin baş verməsinə səbəb taksi sürücüsünün onu söyməsi və onun burun nahiyəsinə yumruq vuraraq yerə yıxması olmuşdur. Taksi sürücüsü ilə süpürləşdikləri vaxt hər ikisinin telefonu yerə düşmüşdür. O, taksi sürücüsünü bıçaqla vurduğu vaxt həyəcanlı olduğundan yerdən götürdüyü telefonun öz telefonu olmadığını bilməmişdir. Yalnız çıxıb getdikdən sonra telefonun kodunu yığanda telefon açılmadığından həmin telefonun taksi sürücüsünə məxsus olduğunu anlamışdır. Özünə məxsus telefonun isə taksi sürücüsündə qaldığını fikirləşmişdir. Taksi sürücüsünün telefonu 2 gün ərzində onda açıq vəziyyətdə olmuş, nə hadisə vaxtı, nə də hadisədən sonra ondan telefon istəyən olmamışdır. O, tutulacağından qorxaraq taksi sürücüsündən öz telefonunu tələb etməmişdir. Ona görə də telefondakı nömrəni çıxarmış və telefonu satmışdır. Polisə özü təslim olmamış, 6-7 gün sonra tutulmuşdur. Hadisə vaxtı istifadə etdiyi bıçaq dostunun evində olmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsi görmüş, sonuncudan üzr istəmiş və barışmışlar. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün özünə məxsus «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsi ilə hərəkətdə olduğu zaman, bir nəfər əvvəllər tanımadığı şəxs, yəni hazırda baxılan iş üzrə təqsirlənqdirilən şəxs Əbülfəz Şabanov həmin yolda ona əl ilə saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Əbülfəz avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, «İmam Əli» məscidinin yaxınlığına getmək istədiyni ona bildirmişdir. O, Əbülfəzə heç bir qiymət demədən sonuncunu dediyi yerə aparmışdır. Ünvana çatdıqda Əbülfəz ona maşını «İmam Əli» məscidinin arxasına sürməyi sifariş vermişdir. Sifarişi icra etmiş, təxminən saat 16 radələrində həmin yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, «Pitomnik» adlanan parkın qarşısında avtomobilində sərnişin qismində əyləşmiş Əbülfəz Şabanov mobil telefonu ilə danışa-danışa avtomobildən düşərək seyrək yolka ağaclarının arası ilə parkın içərilərinə getməyə başlamışdır. O da maşından düşmüş və «oğlum, hara gedirsən, axı pulu vermədin» deyə ona müraciət etmiş, sonuncu isə «pul gələcək» deyib getməyə davam etmişdir. Artıq təqsirləndirilən şəxs ağacların arasına girmiş, o da onun arxasınca getmişdir. Arada artıq 2-3 metr məsafə olarkən o, Əbülfəzə «pulumu ver, çıxım gedim» dedikdə, sonuncu əl atıb cibindən bıçaq çıxarmışdır. Həmin vaxt o, vəziyyəti görüb özünə məxsus «Samsung A10S» markalı mobil telefonunu çıxarıb DİN-nin 102 xidmətinə zəng etmək istəmiş, lakin çatdıra bilməmişdir. Belə ki, Əbülfəz dönüb onun dalınca düşmüş, onu tutmuş, şəxs bıçaqla ona xəsarət yetirməsin deyə çönüb sonuncunun sifət nahiyəsinə bir dəfə şillə ilə zərbə endirmiş, onlar dartışmış və Əbülfəz yerə yıxılmışdır. Süpürləşdikləri vaxt telefonunun cibindən yerə düşdüyünü hiss etsə də, həyəcandan bunun fərqində olmamışdır. O, maşına tərəf qaçmış və həmin vaxt telefonunun özündə olmadığını görmüşdür. Özünə diqqət etdikdə qarnından qan axdığını görüb köynəyini qaldırmış və qarnının cırıldığını görmüşdür. Gedib telefonunu götürmək istəmiş, telefonunun həmin şəxsin əlində olduğunu, lakin Əbülfəzin onun üstünə gəldiyini, görüb qaçaraq maşınına oturmuş və sürüb məscidin qarşısına getmişdir. Orada məscidin mühafizəçisi olduğunu deyən bir nəfər şəxsə qeyri şəxs tərəfindən bıçaqla vurulduğunu və sonuncu tərəfindən telefonunun aparıldığını bildirib, X10 zəng vurmasını xahiş etmişdir. Adını bilmədiyi həmin şəxs isə onu getməyə qoymamış, sonra özləri onu «Semaşko» xəstəxanasına aparmış və orada onu əməliyyata götürmüşlər. Hadisə vaxtı o, özü heç kimi, o cümlədən Əbülfəzi söyməmiş, ümumiyyətlə söyüş söyməyi heç vaxt sevməmişdir. Hadisə maksimum bir dəqiqə yarım çəkmişdir. Hadisənin baş verdiyi yer camaatın sıx gedib gəldiyi yer olmamış, Əbulfəzlə dava edərkən başqa səs-küy olmamışdır. Təqsirləndirilən şəxsi anasına görə bağışlamış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «İmam Əli» məscidinin yaxınlığında yerləşən avtomobil dayanacağında avtomobillərin park edilməsinə köməklik göstərməklə ailəsini dolandırmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində həmin yerdə olduğu zaman, yanında «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobilin içərisində qabaq sərnişin oturacağında bir nəfər əvvəllər tanımadığı şəxs oturmuşdur. Həmin avtomobilin sürücüsü ondan «Pitomnik» parkı deyilən yerə necə gedə biləcəyini soruşmuş və o, həmin şəxslərə yolu göstərmişdir. Daha sonra avtomobilin ondan təxminən 100 metr məsafədə dayandığını və avtomobildən ilk öncə sərnişinin, sonra isə sürücünün düşərək «Pitomnik» parkı istiqamətində getdiklərini görmüşdür. Bundan təxminən az sonra avtomobilin sürücüsünün avtomobilə həyacanlı şəkildə yaxınlaşdığını görüb, həmin sürücüyə yaxınlaşaraq, nə baş verdiyni soruşmuşdur. Avtomobilin sürücüsü avtomobilində sərnişinin qismində olan şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Daha sonra sürücü ona sol qarın nahiyəsini göstərmiş, həmin nahiyədən qan axdığını görüb, dərhal TTY-a zəng edərək, hadisə yerinə çağırmışdır. Təxminən 10 dəqiqədən sonra həmin yerə TTY-ın əməkdaşları gələrək, «Toyota Camry» markalı avtomobilin sürücüsünü TTY-ın avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Hadisə baş verdiyi ərazi onun işlədiyi yerin 200 metrliyində olmuş, o hər hansı dava-dalaş səsi eşitməmişdir. Zərər çəkmiş şəxsdən qohumlarına məlumat verməsini istədikdə sonuncu telefonunun bıçaqlandığı şəxs tərəfindən aparıldığını bildirmişdir. Yalnız həkimlər gəldikdən sonra ora insanlar toplaşmışdır. Hadisə yerində nə baş verdiyini o, görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, 14 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə etdiyi tətbiq etdiyi yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə edilmişdir. Şəxsin tanınma üçün təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs, ona təqdim olunmuş şəxslərin arasında dayanmış Təqsirləndirilən şəxs göstərərək, həmin şəxsin 14 may 2022-ci il tarixdə ona qarşı quldurluq cinayətini törədən şəxs olduğunu bildirmişdir. Əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bıçağı və 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kartı istintaq orqanlarına təhvil vermişdir. Məhkəmə-tibbi ekspertizasının 06 iyun 2022-ci il tarixli, 1029 nömrəli rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən onun tibbi yardım üçün X8 gətrildiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. 3. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə-kriminalistik ekspertizasının 16 avqust 2022-ci il tarixli, 393- 2022/MTKŞ nömrəli rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayaqlığının ön və arxa səthində 02 (iki) ədəd, köynək və maykanın ön səthinin sol yarısının aşağı hissəsində isə, 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər.

2. Ekspertizaya təqdim olunmuş bıçaq deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi işçi vəziyyətində tərpənməz qalmadığı üçün müqayisəli tədqiqat aparmaq və ekseprtizaya təqdim olunmuş geyim əşyalarının üzərində olan zədələrin təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir.

3. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədələri onun bədənində olan deşilmiş-kəsilmiş yaralar ilə uyğunlaşdırdıqda məlum oldu ki, köynəyin və maykanın ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sol yarısının ön səthində olan bir ədəd; şalvarın sol ayaqlığının ön və arxa səthlərində aşkar edilmiş 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sol budun bayır səthinin deşilmiş- kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər.

4. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər barəsində təqdim olunmuş iş materiallarında onların xətti ölçülərindən başqa, digər xüsussiyyətləri barədə (yara uclarının və yara kanalının xüsusiyyətləri) konkret olaraq heç bir məlumat göstərilmədiyi üçün, həmçinin yaralar cərrahi işlədikdən sonra öz ilkin morfoloji xüsusiyyətlərini itirdiklərinə görə, bu xəsarətlərin konkret olaraq ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı.

5. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmışdır, deşici-kəsici xassəyə malikdir, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur.

6. Tədqiqata təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin üzərində aşkar olunmuş qan ləkələri, o cümlədən şalvarın üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş və sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Şalvarın üzərində olan bəzi qan ləkələri qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlmişdir; şalvarın sağ yarısının yuxarı hissəsində olan qan ləkələri isə axıntı xarakterlidir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 may 2022-ci il tarixli, 1285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd tiyəsi zavod üsulu ilə dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağı, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kart iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd ədəd bıçaq, 01 ədəd köynək, 01 ədəd mayka Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd sim-kart isə saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli özünün, hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun qismən etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 06 iyun 2022-ci il tarixli 1029 nömrəli rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı apellyasiya şikayətində göstərilmiş xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsi ərəfəsində, həyat və sağlamlıq üçün təhlükəli basqın anında və cinayət hadisəsi başa çatdıqdan sonra xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmamış, cinayət hadisəsinin baş verdiyi ərazi ağaclıq park olmasına baxmayaraq ərazidə zərər çəkmiş və təqsirləndirilən şəxslərdən başqa insanlar olmamış, kənarda olan və ya hadisəni görən şəxslərin dairəsi və onların hadisəyə münasibətləri müəyyənləşdirilməmiş, ictimai və sosial tikililər, faktiki iş rejiminin davam etdiyi hər hansı müəssisələr müəyyən edilməmiş, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən konkret hərəkətlərin nədə ifadə olunması müəyyənləşdirilməmiş və qiymətləndirilməmişdir. Baş vermiş hadisə ilkin olaraq şəxsi münasibətlər zəminində başlamış və zərər çəkmiş şəxsin həyat və səhhəti üçün təhlükəli zorakılıqla müşaiyət olunan basqınla sonuncunun bədən xəsarəti almasında və əmlakının talanmasında ehtiva olunan quldurluqla tamamlanmışdır. Haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ədalətsiz olması məsələsinə gəlincə, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı onun cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bununla yanaşı, iş materiallarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə qərarlarından görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Şabanov X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin təyin olunan cəzanı çəkməkdən yayındığından o, Yasamal rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarına əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, şərti azad edildiyi 03 ay müddətində yeni cinayət törətməmişdir. Yuxarıdakı abzasda qeyd olunmaqla tədqiq olunan sənədlərdən də görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Şabanov X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan az ağır cinayətin törədilməsində təqsirli bilinməklə məhkum olunmuşdur və onun baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə təqsirli bilinərək məhkum edilsə də, həmin cəza ilə Təqsirləndirilən şəxs islah olunmayaraq yenidən cinayət törədərək məhkum olunmuşdur. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimai-təhlükəli olmasına, onun kriminal meyillərin təsirindən çəkinməməsinə, ictimai-təhlükəli vərdişlərinin davamlı olmasına dəlalət edən hallardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair 11 noyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair 11 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən Fərid Əyyubov

Hakimlər Emin Mehdiyev

Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar