Məhkəmə qərarları › İş №1(103)-322/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-322/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-322/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X6, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs Arif oğlunun, Müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmü ilə (hakimlər X4 (sədrlik edən), X7 və X8) xx xxxxxx 1991-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri Füzuli küçəsi, ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Arif oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs Arif oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Arif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,668 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisindən ibarət qrup üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşıyaraq əvvəlcədən təyin olunmuş Abşeron rayonu Xırdalan şəhəri, «Heydər Əliyev» adına istirahət parkından 24 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində əldə edib üzərində daşıyaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış, 25 aprel 2022-ci il tarixdə saat 20.15 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı nömrəsiz evin qarşısında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirilmiş və həmin gün saat 21.40 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə, təmiz çəkisi 0,013 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 09 ədəd bükümdə sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,269 qram, 0,308 qram, 0,583 qram, 0,292 qram, 0,260 qram, 0,275 qram, 0,320 qram, 0,303 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 2,668 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, səthində narkotik vasitə heroinə məxsus izlər olan 6x11 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, müdafiəsi altında olan Təqsirləndirilən şəxs Arif oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1687/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi və ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmənin hökmü ilə razılaşmaq olmaz, təqsirləndirilən şəxs barəsində həddindən artıq ağırdır, onun şəxsiyyətinə uyğun deyildir, ona görə də dəyişdirilməlidir. Qeyd olunmalıdır ki, müdafiəm altında olan Təqsirləndirilən şəxs Arif oğlu özünü qismən təqsirli bilərək narkotik vasitələrin istifadəçisi olduğunu etiraf etmişdir, üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadan hökm çıxarılmışdır, müdafiəm altında olan Təqsirləndirilən şəxs Arif oğlu törətdiyi əməli səmimi etiraf etmişdir, əməlindən peşmançılıq hissi keçirdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, o evlidir, himayəsində iki azyaşlı uşağı vardır, atası X12 müharibəsi veteranıdır və ailənin yeganə qazanc gətirənidir. Onun uzun müddətə həbsdə qalması zərurəti yoxdur, artıq islah olunmuşdur və cəmiyyət üçün itirilmiş adam deyildir. O, öz əməlindən səmimi peşman olduğunu bildirmişdir, islah olunmağa meyillidir. Əvvəllər məhkum edilməmişdir, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilmişdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həmçinin o cəmiyyətdə müsbət xarakterizə olunur, törətdiyi cinayət hadisələrin təsadüfi axarında özündən asılı olmayan vəziyyətdə baş vermişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Arif oğlu və onun müdafiəçisi X2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun barəsində daha yüngül cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X10 məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxs barəsində daha yüngül cəza təyin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs Arif oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs Arif oğluna təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən halları (himayəsində iki azyaşlı övladının olmasını) və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs Arif oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs Arif oğlunun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Arif oğlunun hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun ilk dəfə cinayət əməli törətməsini və törətdiyi əməlindən səmimi peşman olmasını onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmü məhkum edilmiş şəxsə cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmü dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1687/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) aya endirilsin. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs Arif oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar