Məhkəmə qərarları › İş №1(103)-329/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-329/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-329/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi X8, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmünə əsasən (hakimlər Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər X6 və X4 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinyaət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gülçülük sovxozu ərazisindəki torpaq sahəsində olan iki ədəd 25 ton su tutumlu hər biri 6000 manat olmaqla ümumi dəyəri 12000 manat olan çənlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 noyabr 2021- ci il tarixdə saat 15 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində torpaq sahəsindəki 4000 manat dəyərində 12 metr uzunluğunda, 2,5 metr enində və 2,5 metr hündürlüyündə olan bir ədəd dəmir konteynerini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 həmin məbləğdə məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda 23 ədəd bükümdə, ümumi təmiz çəkisi külli miqdarda 95,85 qram narkotik vasitə heroin, 07 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 7,551 qram psixotrop maddə metamfetamini əldə edərək bir hissəsini ünvan 3 ünvanda olan yaşayış otağı kimi istifadə etdiyi yardımçı binada, bir hissəsini isə üzərində saxlayaraq daşımış, 09 fevral 2022-ci İl tarixdə saat 21:30- da Bakı şəhəri Suraxanı RPİnin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılaraq orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən ayağına geyindiyi qara rəngli corabın içərisinə qoyduğu ağ rəngli kağıza bükülmüş 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,247 qram, 2,831 qram, 4,932 qram, 6,214 qram, 3,392 qram, 4,378 qram, 4,027 qram, 2,654 qram, 4,136 qram, 2,220 qram, 3,369 qram, 4,071 qram və 2,126 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 47,597 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,402 qram və 0,340 qram olmaqla ümumi təmiz çəkisi 1,150 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün onun yaşayış otağı kimi istifadə etdiyi ünvan 7 ünvanda yerləşən yardımçı binaya keçirilmiş baxış zamanı oradakı çarpayının altında gizlətdiyi kibrit qutusunda olan 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,461 qram, 4,391 qram, 5,492 qram, 3,350 qram, 6,110 qram, 5,061 qram, 4,235 qram, 4,570 qram, 4,401 qram və 5,182 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdarda 48,253 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,081 qram, 0,175 qram, 0,056 qram və 0,089 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdarda 6,401 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd üzərinə narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)- 1294/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək prosessual pozuntulara yol verildiyini, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını, bəzi sənədlərə məcburən imza etdirildiyini, narkotik vasitələrdən istifadə etsə də onların alqı-satqısı ilə məşğul olmadığını, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə özünü təqsirli bildiyini və zərərçəkmişə vurulmuş ziyanı ödəməklə barışıq əldə etdiyini göstərərək hökmün ləğv edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayətləri, dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının icasında iştirak etmirlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 oktyabr 2021-ci il tarixdə tanışı Şahid4 zəng edərək əvvəlcədən birlikdə gördükləri və oğurlayaraq satmaq qərarına gəldikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gülçülük sovxozu ərazisindəki torpaq sahəsində olan iki ədəd 25 ton su tutumlu su çənlərini satmaları üçün icra nümayəndəliyindən arayış alması və onları birlikdə satmalarını bildirmişdir. Onlar razılaşdıqdan sonra Elmarla icra nümayəndəliyinin qarşısında görüşmüş və sonuncunun yanında “156” yük daşıma şirkətinə zəng edib su çənlərinin olduğu yerə çağırmışdır. Həmin vaxt şirkətin nümayəndəsi daşınacaq su çənlərinin sənədi olub- olmadığını soruşmuş və o da, sənəd olduğunu təsdiq etmişdir. Sonra onlar birlikdə icra nümayəndəliyinin həyətinə girmiş, Elmarın şəxsiyyət vəsiqəsini götürüb inzibati binaya daxil olmuş və sonuncunun adına arayış almaq istəmişdir. Lakin icra nümayəndəsi bu barədə arayış vermək səlahiyyətinin olmadığını, bununla bağlı polis sahə inspektorunun arayış vermək səlahiyyətinin olduğunu bildirib, imtina etmişdir. Bir az gözlədikdən sonra “156” şirkətinin sürücüsü zəng edərək çatmasına az qaldığını demiş, o isə su çənlərinin Hovsan qəsəbəsi, Gülçülük savxozunda olduğunu bildirmişdir. Sonra o, Bağır adı ilə tanıdığı taksiyə zəng edib olduğu yerə çağırmış, Vaqif adı ilə tanıdığı kran idarə edən şəxsə zəng edərək Hövsan qəsəbəsi, Gülçülük savxozunda su çənləri olduğunu və onları yük avtomobilinə yükləmək lazım olduğunu bildirərək onu da həmin torpaq sahəsinə çağırmışdır. Daha sonra onlar Bağırın “Kia” markalı avtomobilinə əyləşərək Hövsan qəsəbəsi, Gülçülük savxozuna getmişlər. Yolda Hövsan qəsəbəsi, “Ləvəngi” deyilən yerdə Vaqiflə görüşərək birlikdə qeyd olunan yerə getmişlər, Bir qədər sonra yük daşıma şirkətinin işçiləri həmin yerə çatmış, şirkətinin işçiləri su çənini daşımaq üçün arayış olmadığına görə onları daşımaqdan imtina etmiş və o, həmin yerə gəldikləri üçün Vaqifə 15 manat, evakuator şirkətinin işçisinə isə 35 manat pul verib yola salmışdır. Bundan sonra internet vasitəsilə hazırda xatırlamadığı hansısa bir şirkət tapıb ona zəng edərək yük avtomobilini sifariş etmişdir. Sürücü ilə mobil telefonla əlaqə saxlayaraq özünə məxsus 2 ədəd su çəni olduğunu, onları daşımaq üçün sənəd olmadığını, lakin aparıb satmaq istədiyini bildirmiş, həmin sürücü də razılaşaraq təxminən 3 saat sonra həmin torpaq sahəsinə gəlmişdir. Bu zaman o, Vaqifə zəng edib təkrar həmin yerə çağırsa da, Vaqif narahat olduğunu və gələ bilməyəcəyini demişdir. Daha sonra onlar taksi sürücüsü Bağırla birlikdə Hövsan qəsəbəsində yerləşən FHN-nin inzibati binasının qarşısına gedib oradan Tofiq adı ilə tanıdığı kran sürücüsünün əlaqə nömrəsini tapmış və orada gedərək Hövsan qəsəbəsində yerləşən “Okean” balıq evində əyləşmişlər. Həmin yerdə olduğu zaman Şahid4 mobil nömrəsi ilə Tofiqlə əlaqə saxlayaraq su çənləri olduğunu, onu yük avtomobilin yükləmək lazım olduğunu, iki saatadək “Ləvəngi” deyilən yerdə görüşmələrini bildirmiş və razılaşmışlar. Təxminən iki saat sonra onlar Bağırın avtomobili ilə “Ləvəngi” deyilən yerə gedib Tofiqi də götürərək Gülçülük savxozunda yerləşən torpaq sahəsinə getmişlər. Sonradan isə danışdığı yük avtomobili də qeyd olunan yerə gəlmiş və orada Tofiq öz kranı ilə həmin iki ədəd su çənini götürüb yük avtomobilinə yükləmişdir. Yük avtomobili hərəkət etdikdən biraz sonra yer palçıq olduğu üçün torpağa batmış, buna görə də həmin yerə sonradan çağırdığı tanımadığı bir traktorun vasitəsilə tros tapıb gətirərək yük avtomobilini trosla traktora qoşub dartıb çıxarmışdır. Daha sonra Elmarla birlikdə Bağırın avtomobili ilə yük avtomobilinin arxası ilə Dərnəgüldə yerləşən “X19” şirkətinə getmişdir. Hava soyuq olduğu üçün Elmar avtomobilindən enməmiş və avtomobildə onu gözləmişdir. O, isə gedib hər iki su çənini çəkdirib cəmi 4180 manata satmışdır. Avtomobilə qayıtdıqdan sonra isə xərcləri hesaba almaqla həmin pulu Elmarla öz aralarında bölmüşdür, Bağıra isə yalnız taksi kimi yol pulunu vermişdir. Bağır və digər şəxslərin həmin çənlərin onlar tərəfinizdən oğurlanması barədə heç bir məlumatları olmamışdır. Bundan üç gün sonra o, Elmarla görüşdüyü zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində gördükləri bir ədəd konteyneri oğurlayaraq satıb qazanc əldə etmələri barədə söhbət etmişlər. Aralarında razılaşdıqdan sonra Elmar ona əvvəlcə oğurladığı konteynerləri satdığı şirkətin nümayəndəsi ilə əlaqə saxlayıb bu barədə bildirəcəyini demişdir. Sonra Şahid4 konteynerin şəklini çəkərək həmin şəxsə göndərmiş və nümayəndə konteynerə görə 4000 manat verə biləcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən Elmarla birlikdə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində konteynerin olduğu yerə getmişdir. Həmin vaxt konteyneri alacaq şirkətin nümayəndəsi də qeyd olunan yerə gəlmiş, Elmarın çağırışı əsasında gəlmiş Tofiq adlı şəxs idarə etdiyi kran vasitəsilə konteyneri şirkət tərəfindən gətirilmiş yük avtomobilinə yükləmişdir. Şirkətin nümayəndəsi Elmara 4000 manat pul verib getmişdir. Elmar həmin pulun 100 manatını yük avtomobilin sürücüsünə, 100 manatını isə Tofiqə verib yola salmış, qalan pulu ilə öz aralarında bölmüşlər. Bundan başqa ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Koperativ küçəsi, ev 24-də qeydiyyatda olmaqla, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 6-da yaşamışdır. Lakin narkotik vasitələrdən istifadə etdiyi üçün anası və qardaşı ilə yola getməmiş və ünvan 2 ünvanda yaşayan qohumu Qətifənin razılığı ilə sonuncunun həyətyanı sahəsində olan bir otaqda yaşamışdır. Narkotik vasitələri tanımadığı İran vətəndaşından telefonuna gələn hesab nömrəsinə ödəmə terminalandan pul köçürtməklə əldə etmişdir. Narkotik vasitələri pulunu köçürdükdən sonra şəhərin müxtəlif yerlərində gizlədilərək, yeri barədə “Whats app” vasitəsilə sms göndərilmiş və o, da qeyd olunan yerə gedərək götürmüşdür. 09 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər şəxs Suraxanı RPİ-nİn 30-cu PŞnin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Saxlanıldığı zaman üzərində 8 qram narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları onu 30-cu PŞ-nə aparmışlar və orada dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə polis əməkdaşı ona üzərində qanunsuz əldə edilmiş hər hansı narkotik vasitə və ya başqa əşya olduğu təqdirdə çıxardıb təqdim etməsi təklif edilmişdir. O da, ayağında olan qara rəngli corabının içində gizlətdiyi həmin 5-6 gün əvvəl aldığı içərisində narkotik vasitə heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Saxlanılan zaman onun üzərində metamfetamin olmamışdır. Bunlardan başqa şəxsi axtarış zamanı göy rəngli cins şalvarının sağ cibində olan 05 ədəd 01 manatlıq pul əskinazlarını, 01 ədəd «Samsunq A 12» markalı mobil telefonu da təqdim etmişdir. Narkotik vasitə olan kağız bükümləri öz istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar olunmuş heroin bükümləri polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Həmin istintaq hərəkəti zamanı o, müvəqqəti olaraq yaşadığı ünvan 2 ünvanda olan yaşadığı otaqda çarpayının altında narkotik vasitə və psixotrop maddələr saxladığını bildirməmiş, lakin polislərin həmin ünvana baxış və götürmə istintaq hərəkəti keçirilməsinə etirazının olmadığına dair ərizə yazdıqdan sonra həmin gün polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı o, yatdığı dəmir çarpayının döşəyinin altında 14 ədəd kağız bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Lakin onun həmin narkotik vasitə olan heroin, metafetamindən və tərəzidən xəbəri olmamş, həmin heroin, metafetamin və tərəzi ona məxsus olmamış, yatdığı dəmir çarpayıda döşəyin altına həmin narkotik maddələrin və tərəzinin kim tərəfindən qoyulmasnı bilmir. Cinayət işinin İ cildinin 70-72-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə müdafiəçisi Elçin Əmirovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Koperativ küçəsi, ev 24də qeydiyyatda olmaqla, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 6-da yaşamışdır. Lakin narkotik vasitələrdən istifadə etdiyi üçün bir müddət əvvəl anası və qardaşı ilə yola getməmiş və evi tərk edib ünvan 2 ünvanda yaşayan qohumu Qətifənin razılığı ilə sonuncunun həyətyanı sahəsində olan bir otaqda yaşamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən üç ay əvvəl narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitələri tanımadığı İran vətəndaşından onlayn vasitəsi ilə yəni, telefonuna gələn hesab nömrəsinə ödəmə terminalandan pul köçürtməklə əldə etmişdir. Heç vaxt narkotik vasitə aldığı şəxsləri görməmişdir. Narkotik vasitələri pulunu köçürdükdən sonra şəhərin müxtəlif yerlərində gizlədilərək, yeri barədə “Whatsapp” vasitəsilə sms göndərilmiş və o, da qeyd olunan yerə gedərək götürmüşdür. Tutulmamışdan 5-6 gün əvvəl yenə də, həmişə olduğu kimi tanımadığı İran vətəndaşının göndərdiyi hesaba 200 manat ödədikdən sonra narkotik vasitə və psixotrop maddələri Masazır qəsəbəsində bir ünvanda gizlədilməsi barədə mobil telefonuna sms və şəkil göndərilmiş və o, qeyd olunan yerə gedərək həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşdür. Əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aparıb ünvan 2 ünvanda yerləşən tək yaşadığı otaqda çarpayının altında gizlətmişdir. Bundan sonra 09 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər şəxs onu saxlayıb Suraxanı RPİ-nİn 30-cu PŞ-nin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Saxlanıldığı zaman üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşları onu 30-cu PŞ-nə aparmışlar və orada dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış və istintaq hərəkəti aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarışın keçirilməsində müdafiəçinin iştirak etməməsinə heç bir etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə polis əməkdaşı tərəfindən ona üzərində qanunsuz əldə edilmiş hər hansı narkotik vasitə və ya başqa əşya olduğu təqdirdə çıxardıb təqdim etməsi təklif edilmişdir. O da, ayağında olan qara rəngli corabının içində gizlətdiyi həmin 5-6 gün əvvəl İran vətəndaşından 200 manata aldığı içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetmin olan bükümlərini çıxarıb təqdim etmişdir. Bunlardan başqa şəxsi axtarış zamanı göy rəngli cins şalvarımın sağ cibində olan 05 ədəd 01 manatlıq pul əskinazlarını, 01 ədəd «Samsunq A 12» markalı mobil telefonu da təqdim etmişdir. Narkotik vasitə və psixotrop maddələr olan kağız bükümləri öz istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar olunmuş özünə məxsus 16 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və üzərini iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Qeyd edilən istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, və işitrakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin istintaq hərəkəti zamanı o, müvəqqəti olaraq yaşadığı ünvan 2 ünvanda olan yaşadığı otaqda çarpayının altında narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmiş, həmin ünvana baxış və götürmə istintaq hərəkəti keçirilməsinə etirazının olmadığına dair ərizə yazdıqdan sonra həmin gün polis əməkdaşları vətərindən müdafiəçinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı onun yatdığı dəmir çarpayının döşəyin altında saxladığı 14 ədəd kağız bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin və özünəməxsus olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı otağından aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddələri İran vətəndaşından alaraq üzərində saxlayaraq daşıdığı heroin və metamfetaminin bir hissəsi olduğunu bildirmişdir. Çarpayının altından aşkar olunmuş içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 14 ədəd bükümlər və 01 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra qeyd olunan istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib olunmuş, sonra iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 09 fevral 2022-ci İl tarixdə gecə saat 21:30-da ünvan 10 ünvanının qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zərurətinin yarandığını bildirərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına getmişdir, Orada Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən, eləcə də, hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən bir ədəd kağız bükümünü, əynində olan cins şalvarının cibindən bir ədəd “Samsung A12” markalı mobil telefonu, 05 ədəd 1 manatlıq pul əskinazlarını çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açıldıqda içərisindən 16 ədəd şəffaf sellofan bükümləri aşkar edilmişdir. Həmin bükümlərdə nə olduğu, harada, kimdən, nə məqsədlə alındığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, təxminən 5 gün əvvəl İran İslam Respublikası vətəndaşından şəxsi istinfadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir-bir açılıb baxıldıqda 13 ədədinin içərisində qəhvəyi rəngli kütlələr, 03 ədədinin içərisində isə ağ rəngli kristalşəkilli maddələr olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 16 ədəd sellofan bükümlər bir zərfdə, mobil telefon və 05 ədəd 1 manatlıq pul əskinazları digər bir zərfə təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir Təqsirləndirilən şəxs Əlöhsət oğlu yaşadığı ünvanda da narkotik vasitə saxladığını və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyindən keçirilmiş əməliyyat-axtarış tərbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasını bildirməsi nəzərə alaraq onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin otağında olan yatağın üstündəki yorğanı qaldıraraq döşəyin üzərindəki bir ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini göstərmişdir. Kibrit qutusu açıldıqda içərisində 14 ədəd selofan bükümləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən müdafiəçisi həmin bükümlərin kimə məxsus olduğu bir daha soruşduqda Təqsirləndirilən şəxs həmin narkotiklərin özünə məxsus olduğunu bir daha bildirmişdir. Aşkar edilmiş 14 ədəd bükümlər bir ədəd kağız zərfə, elektron tərəzi isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cnayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/829 nömrəli 10 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin otağında ...” və. s yazılar, imzalar olan kağız paketdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,461 qram, 4,391 qram, 5,492 qram, 3,350 qram, 6,110 qram, 5,061 qram, 4,235 qram, 4,570 qram, 4,401 qram, 5,182 qram olmaqla ümumi təmiz çəkiləri 48,253 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 10 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,081 qram, 0,175 qram, 0,056 qram, 0,089 qram, ümumi təmiz çəkiləri 6,401 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi...” və s. yazılar, imzalar olan paketdəki 1 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin üzərindəki heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin otağında..” və s, qeydli paketdəki heroin kütlələri ilə “şübhəli şəxs Təqsirləndirilən şəxs Əlöhsət oğlunun üzərindən..” və s. qeydli paketdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında, həmçinin həmin paketdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/830 nömrəli 10 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 13 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,247 qram, 2,831 qram, 4,932 qram, 6,214 qram, 3,392 qram, 4,378 qram, 4,027 qram, 2,654 qram, 4,136 qram, 2,220 qram, 3,369 qram, 4,071 qram, 2,126 qram olmaqla ümumi təmiz çəkiləri 47,597 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 13 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,402 qram, 0,340 qram, ümumi təmiz çəkiləri 1,150 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 2695 nömrəli 21 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 09 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə videogörüntüdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağında olan qara rəngli corabın içərisindən ağ rəngli, içərisində 16 ədəd şəffaf sellofan bükümləri olan kağız bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd 1 manatlıq əskinazları, bir ədəd “Samsung A12” markalı mobil telefonu çıxarıb təqdim etmiş, həmin 16 ədəd şəffaf sellofan bükümlərdə narkotik maddəyə bənzər kütlələr aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu təxminən 5 gün əvvəl 80 manata şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından “zakladka” yolu ilə aldığını, Masazır qəsəbəsindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 16 büküm bir kağız zərfdə, bir ədəd mobil telefon və 05 ədəd 1 manatlıq əskinazlar isə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, “Zərflər üçün №194“ saylı möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD “diskə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən ağ rəngli kağız bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən pul əskinazlarını və bir ədəd ’’Samsung A12" markalı mobil telefonu çıxarıb təqdim edir. Bundan sonra şəxsi axtarış davam etdirilir və başqa hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız büküm açıldıqda içərisindən 16 ədəd şəffaf sellofan bükümləri aşkar edilir. Həmin bükümlər bir-bir açılıb içərilərinə baxıldıqda 13 ədəd bükümlərdə açıq qəhvəyi rəngli kütlələr, 03 ədəd bükümlərdə ağ rəngli kristalşəkilli maddələr görünür. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinazları sayıldıqda cəmi 05 ədəd 1 manatlıq əskinazlar olduğu müəyyən edilir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu təxminən 5 gün əvvəl 80 manata şəxsi istifadəsi üçün İran İslam Respublika vətəndaşından “zakladka" yolu ilə aldığını, Masazır qəsəbəsindən götürdüyünü bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 16 bükümlər bir kağız zərfdə, bir ədəd mobil telefon və 05 ədəd 1 manatlıq əskinaslar digər bir zərfə qoyularaq qablaşdırılır, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənir. Cinayət işinin materiallarına əlavə edilmiş “mənzilə baxış və götürmə aparılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən yaşadığı evin otağına baxış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan yatağın üstündəki yorğanı qaldıraraq orada olan bir ədəd kibrit qutusunu və gümüşü korpuslu bir ədəd elektron tərəzini təqdim edir. Həmin kibrit qutusunun içərisindən 14 ədəd büküm aşkar edilirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 14 ədəd bükümlər bir kağız zərfdə, bir ədəd elektron tərəzi digər bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşadığı ünvana baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD “diskə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçısı, polis kapitanı X1 Tural Əlsöhbət oğlunun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi, ev 3/1 ünvanına baxış keçiriləcəyini elan edir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirir, özü polis əməkdaşlarını evə dəvət edərək müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə daxil olub iştirakçıları evin bir otağına aparıb, həmin otaqda yaşadığını bildirir, Təhqiqatçı, polis kapitanı X21 Babazadəyə yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan yatağın üstündəki yorğanı qaldıraraq orada olan bir ədəd kibrit qutusunu və gümüşü korpuslu bir ədəd elektron tərəzini təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərdə ümumilikdə təxminən 04 qram narkotik vasitə olduğunu, 2 qramını 20 manata İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını bildirir. Vəkilin həmin narkotik vasitələrin kimə məxsus olduğu sualına Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu bir daha təsdiq edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 14 ədəd bükümlər bir ədəd kağız zərfdə, bir ədəd elektron tərəzi digər bir ədəd zərfə qoyularaq qablaşdırılır, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olmasını, dövriyyəsi qadağan olunmuş həmin maddə və vasitələrin ayrı-ayrı növlərdə olmasını nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin tövsifi dəyişdirilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində işin halları ilə təsdiq olunmayan dəlilləri (polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, elektron tərəzinin olmaması və s.) təqdim etməklə subyektiv mülahizələrinə əsasən özünə haqq qazandırmağa çalışmışdır. Belə ki, iş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olan Tibbi sanitar hissədə tərtib olunmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi baxış keçirilərkən sol baldırda çapıq toxuması aşkar edilmişdir. Həmin zədəni həbs olunmamışdan əvvəl almışdır. Yeni xəsarətlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub (ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmamasını), ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-1294/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar