Məhkəmə qərarları › İş №1(103)-354/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-354/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-354/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-1058/2022 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətinə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi həmin qərarı çıxararkən belə nəticəyə gəlmişdir ki, iş üzrə məhkumun məhkəmədə hüquqlarını müdafiə etməsi üçün müdafiəçi ayrılmış və hökmdən apellyasiya şikayətinin verilməsi barədə izah yazılmış, məhkum hökmü vaxtında almışdır. Eyni zamanda məhkum barəsində hökm icraya yönəldiyi vaxtdan uzun müddət keçmişdir və səhhətində yaranmış nasazlıqlarla bağlı hər hansı bir sənəd şikayətə əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən ötürülmüş müddət üzürlü hesab edilməməli və bərpa olunmamalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli sözügedən qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ötürülmüş müddətin bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum apellyasiya şikayətini tam müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı 26 may 2022-ci il tarixli hökmdən apellyasiya şikayətinin müddət ötürülməklə verildiyini, müddətin bərpa edilməsi üçün isə heç bir üzrlü səbəb və əsasın olmadığını göstərərək, verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti 27 may 2022-ci il tarixli məktubla məhkuma təqdim edilməsi üçün 03 saylı İstintaq Təcridxanasına göndərilmiş, hökmün surəti isə məhkum Təqsirləndirilən şəxs tərəfindən 10 iyun 2022-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət isə onun tərəfindən 05 oktyabr 2022-ci il tarixdə imzalanmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinə 17 oktyabr 2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 03 aydan çox müddət keçmiş və məhkumu bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs psixoloji durumunda olan narahatçılıqlar səbəbindən apellyasiya şikayətini vaxtında verə bilmədiyini qeyd etsə də, məhkəməyə buna dair hər hansı bir sübut təqdim etməmişdir ki, bu da hökmdən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrsüz səbəbdən buraxıldığına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-1058/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), İbrahim İbrahimli, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar