Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-374/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X3 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmü ilə (sədrlik edən F.Ə.Qəniyev, hakimlər M.M.Ağalarov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının 06 may 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psxiotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsi barədə razılığa gəlib qeyrisinin satış üçün göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda olan təmiz çəkisi 5,376 qram heroini və 2,362 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, onlardan 0,455 qram metamfetamini və 0,184 qram heroini 06 may 2023-cü il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində 20 manat müqabilində Şahid3 satmış, həmin tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində 1,371 qram heroini 20 manat müqabilində Şahid4 satmış, yerdə qalan 3,821 qram heroini və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram və 1,105 qram olmaqla ümumi təmiz çəkisi 1,907 qram təşkil edən psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq daşımış, 06 may 2023-cü il tarixdə saat 15:15 radələrində onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, həmin Polis Bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 3,821 qram təçkil edən narkotik vasitə olan heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,802 qram və 1,105 qram olmaqla ümumi təmiz çəkisi 1,907 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmü ilə təyin edilmiş cəzadan narazı olduğundan, cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə təyin edilmiş cəzadan narazıdır. Cinayət işinə yenidən baxılmasını xahiş edir. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs Məhərrəm oğlu apelyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmünün dəyişdirilərək, ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha az cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materialları, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarına, digər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlu tərəfindən cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Məhərrəm oğlu tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs apelyasiya məhkəməsində çıxışında birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Barəsində olan birinci instansiya məhkəməsinin hökmünü dəyişərək ona daha yüngül cəzanın təyin edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri, hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair apelyasiya icraatında təqsirləndirilən şəxsin bildirdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 12 il müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın- 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(101)-2138/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Posessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-374/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-374/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver