Məhkəmə qərarları › İş №1(103)-386/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-386/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-386/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi ev 27, mənzil 19-da pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş qəti cəza olan 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi - 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanaraq 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o xuliqanlır niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində kirayədə yaşadığı ünvan 1-də tanışı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra, ev sahibi Şahid1 onların evdən çıxmalarını tələb etməsi səbəbindən Şahid1 ilə mübahisə edərkən, həmin mübahisənin gedişatında, Zərərçəkmiş şəxs evdən getməyə razılıq verməsini bəhanə edib, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsindən mətbəx bıçağı ilə bir dəfə vurub Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sağ daxili döş arteriyasını və ağciyəri zədələyən deşilmişkəsilmiş yarası kimi xəsarətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, özünü qismən təqsirli bildiyini, əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq törətmiş olduğu cinayət əməlinin düzgün tövsid edilməsini və cəzasının məhdudlaşdırma ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı və bu cinayətin tərkibi ilə əhatə olunduğuna görə tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən hökmün qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayəti də buna əsas vermir. Şikayətində Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunmadığını, daha yüngül maddəyə tövsif edilməli olduğunu və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməli olduğunu iddia etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, özünün mövqeyini (gəldiyi nəticəni) hökmdə sübutlara, işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət bu nəticənin qanunsuz olması qənaətinə gəlməyə heç bir əsas vermir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 3 il əvvəl Gəncə şəhərindən Bakıya gəlmiş və müxtəlif ünvanlarda kirayə yaşamışdır. Evli olub boşanmaqla, himayəsində 2013-cü il təvəllüdlü İrfan adlı oğlu vardır. Bakı şəhərində çay evlərində və kafelərdə ofisant işləməklə dolanmış, 2020-ci ilin əvvəllərindən isə Biləcəri qəsəbəsində yerləşən "İstisu” kafesində işləmişdir. Orada işləyərkən Zərərçəkmiş şəxsla tanış olmuş, Orxan onu sevdiyini, onunla evlənəcəyini, oğluna atalıq edəcəyini desə də, ancaq sonradan Orxanın onu aldatdığını görüb ayrılmışdır. Karantin tədbirləri ilə bağlı kafe bağlandığından işsiz qalmış və qalmağa yeri olmamışdır. xx xxxx 2020-ci il tarixdə tanışı Azər adlı şəxs onun qalmağa yeri olmadığını bilib ona zəng edib kirayə ev tapacağını demiş, həmin gün axşam saatlarında Azər onu, oğlu ilə birlikdə Binəqədi qəsəbəsində yerləşən evə aparıb yerləşdirmiş, ayı 100 manata orada qala biləcəyini demişdir. Səhəri gün saat 10 radələrində ev sahibi Malaqat onun qaldığı otağa gəlib nə səbəbə öz başına otağa girib qaldığını soruşmuşdur. O, Malaqata Azərin bu barədə məlumat verdiyini desə də, Malaqat ondan evdən çıxmasını tələb etdiyi üçün o da başqa ev axtarmağa getmişdir. Günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edib onu Binəqədi qəsəbəsində yerləşən "Limon” kafeyə dəvət etdiy üçün oraya gedib Orxanla görüşmüşdür. Orada Orxan pivə içmiş və ona söz verib onu saxlayacağını onunla birlikdə qalacağını, kirayə pulu olan 100 manatı da verəcəyini demişdir. O da Orxana inanıb barışmış və onlar birlikdə kirayədə qaldığı Binəqədi qəsəbəsində yerləşən Malaqatın evinə getmiş, yolda yemək üçün ərzaq, kolbasa və araq da almışlar. Evə çatdıqdan sonra orada Orxanla birlikdə yemək yeyib araq içmişlər. Belə ki, o, 2 qədəh araq içmiş, qalanını isə Orxan içmiş, hətta qonşuda kirayədə yaşayan İzzət də sonradan onlara gəlib Orxanla yeyib içmişdir. İzzət getdikdən sonra Orxan onu İzzətə qısqanmış və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan yumruqla sifətindən vurmuş, sonra qolunu burub onu yerə yıxmış səs-küyə ev sahibi Malaqat gəlib qapını döyüb onları çağırmış və onlardan evdən çıxmalarını istəmişdir. Yenidən Orxan onunla dalaşmış və onu yerə yıxıb üzərində oturmuşdur. Bundan sonra baş verənləri xatırlamır. Özünə gəlikdə Orxanın yarı oturulu vəziyyətdə divara söykəndiyini görmüş, Malaqatın "ərin öldü” "ərin öldü” "sən öldürdün” dediyini eşitmiş, Orxana kömək edib birlikdə həyətdən küçəyə çıxarmışdır. Küçədə Orxan yerə yıxılmış, üst-başı qan içində olmuşdur. Sonra orada olan şəxslərin polisə zəng etmək istədiyini görüb oğlu İrfanla birlikdə oradan uzaqlaşmışdır. Sonra polislər onu saxlayıb bölməyə aparmışlar. Son olaraq göstərmişdir ki, baş vermiş hadisələrdən peşmançılıq çəkir. Barəsində olan cinayət işinə düzgün baxılmaqla, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ilin dekabr ayında "İstisu" kafesində tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Samirəyə zəng edib görüşmək istədiyini demiş, həmin gün Binəqədi qəsəbəsində yerləşən kafedə Samirə ilə görüşmüş, Samirənin az yaşlı oğlu da yanında olmuşdur. Kafedə pivə içdikdən sonra Samirəyə ərzaq və araq alıb Samirənin kirayə yaşadığı evə gedib yeyib-içməyi təklif etmiş, Samirə də razı olduğundan kafedən çıxıb taksi ilə Samirənin kirayə yaşadığı Binəqədi qəsəbəsində yerləşən evə getmiş, yolda 0,5 İitr araq və bir qədər ərzaq da almışlar. Samirənin kirayə yaşadığı evdə yeyib içmiş, araqları bitdiyindən Samirə marketə gedib yenə də 0,5 İitr araq alaraq geri gəlmiş, həmin vaxt evə Samirənin ona dostu kimi təqdim etdiyi bir nəfər oğlan da gələrək, onlarla bir qədər oturub yeyib-içmiş və sonra çıxıb getmişdir. Bir qədər sonra təxminən saat 21 radələrində evin qapısı döyülmüş, o, Samirədən kim olduğunu soruşduqda, Samirə ev sahibi Malaqat olduğunu demişdir. Qapının döyülməsinə baxmayaraq Samirə qapını açmamış Malaqata çıxıb getməsini söyləmişdir. O Samirədən qapını açmasını istəsə də, Samirə qapını açmamış, əksinə özünü qəribə apararaq masanın üzərindən taxta tutacaqlı mətbəx bıçağını götürüb, özünü doğrayacağını demişdir. Bu vaxt o, Samirənin artıq sərxoş olduğunu görüb bıçağı əlindən alıb masaya qoyaraq qapını açmışdır. Qapını açdıqdan sonra Malaqat evə keçib onlardan evdən çıxmalarını istəmişdir. Həmin vaxt o, Malaqata heç bir problem olmadığını deyib, çıxıb gedəcəklərini deyərək otaqdan çölə çıxmış, Malaqat isə otağa girib Samirəyə də evdən çıxmasını söyləmiş və geri qayıdaraq otaqdan çıxıb həyətə gəlmişdir. O, Malaqat, Malaqatın bacısı və Samirənin oğlu həyətdə dayanarkən Samirə otaqdan əlində həmin mətbəx bıçağı ilə çıxmış və yenə özünü doğrayacağını söyləmişdir. O Samirəni sakitləşdirib, sakit olmasını, özünə heçnə etməməsini, çıxıb getmələrinin məsləhətli olduğunu demişdir. Elə bu vaxt gözləmədiyi halda Samirə sağ əlindəki bıçağı onun sinə nahiyəsindən bir dəfə vurmuşdur. O, əlini sinəsinə vurduqda yaş olduğunu, deşildiyini hiss etmiş və həyətdən çölə çıxmışdır. Bir qədər irəlilədikdən sonra özündən gedib, yerə yıxılmış, bundan sonra özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Samirənin onu nə səbəbə bıçaqla vurduğunu bilməmişdir. Bildirir ki, Samirə ilə nə hadisəyədək, nə də hadisə günü aralarında heç bir münaqişə və mübahisə olmamış, Samirənin ifadəsində göstərdiyi kimi hadisə günü evə gəlib onlarla birlikdə yeyib-içən İzzət adlı şəxsə Samirəni qısqanmamış, Samirə ilə bununla bağlı heç bir mübahisə etməmişdir. Hadisə günü Samirəyə heç bir xəsarət yetirməmiş, onunla mübahisə belə etməmişdir. Hadisə zamanı Samirə Malaqat adlı ev sahibəsi ilə sonuncunun evdən çıxmalarını tələb etməsi səbəbindən mübahisə etmişdir. O, Malaqatın israrla evdən çıxmalarını tələb etdiyini görüb, Malaqata bu barədə heç bir problem olmadığını, evdən çıxacaqlarını bildirmişdir. Hadiə günü Samirə ilə təxminən 01 litr həcmində arağı tam olaraq içmişlər və Samirənin özü də kifayət qədər sərxoş olmuşdur. Malaqat qapını döydüyündə Samirənin elə reaksiya verməsinin səbəbini bilməmiş, lakin evin qapısının davamlı olaraq döyülməsi ona da xoş təsir etməmiş, nəsə bir problemin olduğunu başa düşmüşdür. Hadisə günü ilk dəfə Samirənin yaşadığı məhz həmin evə getmiş, ondan əvvəl Samirənin orada yaşadığını bilməmişdir. Son olaraq göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində Şahid1 qız ifadəsində göstərmişdir ki, yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 4, ev 4-ün həyətində arxa tərəfdə 1 otaqlı tikililəri kirayə verməklə dolanışığını təmin edir. xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində əvvəllər tanımadığı bir nəfər oğlan onun evinə gəlib kirayə ev axtardığını, bir xanımın uşağı ilə evdə qalacağını demiş və onunla aylıq kirayə haqqı 100 manata olmaqla razılaşmışlar. Həmin şəxs ona qadının sabah gəlib evə yerləşəcəyini demişdir. Sabahı gün səhər saat 10 radələrində əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs az yaşlı oğlan uşağı ilə birlikdə evinin arxasındakı bir otaqlı tikilidə olduqlarını görüb Samirədən nə vaxtdan evinə gəldiyini soruşmuşdur. Samirə ona gecəni onun evində qaldığını söyləmişdir. Samirənin ondan xəbərsiz evində qalması, həm də zahiri görünüşü, danışıq tərzi xoşuna gəlmədiyindən Samirəyə evindən çıxmasını söyləmişdir. Həmin gün axşam saat 20 radələrində qonşudan evə qayıtdıqda 1 otaqlı tikilinin pəncərəsindən Samirənin araq butulkasını başına çəkib içdiyini görmüş və içəridən kişi səsi gəldiyini eşidib pəncərəni döymüş, onlardan evdən çıxmalarını tələb etmiş, bu zaman Samirə qapını açmayıb içəridən onu söyməyə başlamışdır. Bu vaxt qonşuluqda yaşayan bacısı Səhnə də səsə gəlib, ondan nə baş verdiyini soruşduqda içəridən kişi səsi gəldiyini ancaq qapını açmadıqlarını bildirmişdir. O, yenidən pəncərəni döyüb, Samirədən evindən çıxmalarını tələb etmişdir. İçəridən gələn səslərdən oğlanın gedəcəyini dediyini, Samirənin isə sonuncuya "getmə-getmə özümü doğrayacam” deyə cavab verdiyini eşitmişdir. Samirə qapını açıb ondan nə istədiyini soruşduqda, içəridə əvvəllər tanımadığı adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs görüb, Samirədən oğlanın kim olduğunu soruşmuşdur. Samirə ona cavabında həmin oğlanı əri kimi təqdim etsə də, o buna inanmamış, bir daha evindən çıxmalarını tələb etmişdir. Bu vaxt Samirə onun saçından tutub onunla mübahisə etmiş, bacısı Səhnə isə araya girərək onları aralaşdırmışdır. Həmin vaxt Samirə və Orxan sərxoş olduqlarından ayaq üstə dura bilmirdilər. O, sonunculara dəfələrlə evindən çıxıb getmələrini söyləsə də, Samirə otaqdan mətbəx bıçağını götürüb onun üzərinə gəlmidir. Həmin vaxt Orxan Samirəyə sakit olmasını, çıxıb gedəcəyini dedikdə, Samirə də bundan əsəbləşib əlindəki bıçağı Orxanın sinəsinə vurub,- "öl elə’’demişdir. Xəsarət aldıqdan sonra onsuz da sərxoş olduğundan düzgün yeriyə bilməyən Orxan həyətdən çölə çıxmış, bacısı Səhnə isə Samirənin əlindən vurub bıçağı yerə salmışdır. Samirənin oğlu bıçağı götürüb kənara tulladıqdan sonra Samirə də həyətdən çölə çıxdığı üçün o və bacısı da Samirənin arxası ilə çölə çıxmış və Orxanın qan içində yerdə uzandığını görmüşlər. Samirə yaxınlaşıb Orxanın başından təpiklə vurub yenə "öl elə” ifadəsini işlətmişdir. Daha sonra Samirə onların polisə məlumat verəcəyindən qorxub oğlu ilə birlikdə oradan qaçıb getmişdir. Onlar polisə və təcili yardıma zəng edib məlumat vermiş, Təcili Tibbi yardım maşını gələrək Orxanı xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsində Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacı olmaqla, qonuşuqda yaşayırlar. xx xxxx 2020- ci il tarixdə, təxminən saat 20 radələrində bacısı Malaqatla birlikdə qonşuda əyləşdikdən bir qədər sonra Malaqat evlərinə getmişdir. Bir qədər sonra Malaqatın evinin həyətindən səs-küy gəldiyini eşidib oraya getmiş, həyətə daxil olduqda Malaqatın evin arxa tərəfində kirayə verdiyi tikilinin qapı və pəncərəsini döydüyünü görmüşdür. Malaqatdan nə baş verdiyini soruşduqda, Malaqat evdən kişi səsi gəldiyini, qapını döydüyünü ancaq açmadıqlarını demiş və yenidən pəncərəni döymüşdür. Bundan sonra Samirə qapını açıb Malaqatın üzərinə cumaraq saçından tutduqda, o, araya girib onları aralaşdırmışdır. Malaqat Samirədən evdə olan oğlanın kim olduğunu soruşduqda Samirə əri olduğunu demişdir. Malaqat onlardan evdən çıxmalarını tələb etdiyi zaman, Orxan getməməsi üçün Samirənin onun ayaqqabılarını gizlətdiyini söyləmişdir. Həmin vaxt müşahidə etmişdir ki, Samirə və Orxan sərxoş olduqlarından ayaq üstə dura bilmirlər. Malaqat Samirə və Orxana dəfələrlə evindən çıxmalarını desə də, Samirə evdən çıxmayacaqlarını demiş və içəri keçmişdir. Samirə evdən əlində bıçaqla çıxıb Malaqatın üzərinə getdiyi zaman Malaqat Samirədən qaçmışdır. Bu vaxt Orxan Samirəyə sakitləşməsini, çıxıb gedəcəyini söyləmiş, bundan əsəbləşən Samirə isə əlindəki bıçağı Orxanın sinə nahiyəsindən vurmuşdur. Orxan qaçıb həyətdən küçəyə çıxdığı zaman, o Samirənin əlindən tutub buraraq bıçağı yerə salmış və Samirənin oğluna bıçağı götürüb kənara atmasını söylədiyi üçün, uşaq da bıçağı götürüb ağacın altına atmışdır. Bundan sonra Samirə də həyətdən küçəyə çıxmış, o da bacısı ilə birlikdə Samirənin arxasınca küçəyə çıxmışlar. Samirə küçədə yerdə uzanmış üst başı qan içində olan Orxanın başından təpiklə vurmuş, onlar araya girib Samirəyə vurmamasını söyləsə də, Samirə,- “qoy ölsün” deyə cavab vermiş, daha sonra Samirə Orxanı yerdən qaldırıb aparmaq istəsə də, hər ikisi yerə yıxılmışlar. Samirə yerdən qalxıb qolunun sındığını demiş və onların polisə məlumat verəcəklərini eşidib oğlunu da götürüb oradan qaçıb getmişdir. Onlar polisə və təcili yardıma məlumat vermiş, təcili yardım maşını ilə Orxanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvllər tanımamış, onlarla heç bir münasibəti və əlaqəsi olmamışdır. Təxminən 2020-ci ilin mart ayının ortalarından Şahid1 Binəqədi qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə onunla birlikdə kirayə yaşayan Azər adlı oğlan, tanışı Samirə adlı qadının az yaşlı övladı ilə birlikdə kirayə qalmağa yer axtardığını, Malaqatla danışdığını və qonşu otaqda qalacaqlarını bildirmişdir. Həmin gün Samirə az yaşlı oğlu ilə birlikdə qonşu otaqda qalmışdır. Səhəri gün axşam tərəfi saat təxminən 19 radələrində Samirə oğlunun atasının gəldiyini demiş, onların otaqda yeyibiçdiklərini görmüş, hətta onu da qonaq dəvət etmişlər. Təxminən 5-10 dəqiqə onarla oturmuş, bir qədəh də araq içmişdir. Samirə və oğlunun atası kimi təqdim etdiyi Orxan da araq içmişdir. Bir qədər sonra onlarla sağollaşıb otaqdan çıxıb getmiş, təxminən saat 23 radələrində evə qayıtdıqda, Samirənin həmin oğlanla dalaşdığını və oğlanı bıçaqladığını eşitmişdir. (cild 01, iş vər.146-147). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş 2013-cü il təvəllüdlü, yetkinlik yaşına çatmamış Şahid3ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Atası Rafael digər qardaşları Osman və Ömərlə birlikdə Gəncə şəhərində yaşayır, o, isə anası Samirə ilə Bakı şəhərinə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında anası ilə birlikdə evdən çıxıb taksi ilə Orxanın yanına daha sonra birlikdə kafeyə getmişlər. Orxanla anası pivə içmiş, o isə çipsi yemişdir. Sonra yenə evə qayıtmışlar. Yemək yedikdən sonra anası ona yatmasını söyləmiş, ancaq o yatmamış, Orxan onunla oyunuyub, onu başının üzərinə qaldırarkən Orxan yıxılmış və sobaya dəymişdir. Biraz sonra ev sahibi qapını döymüş, anası qapını açmamış, ev sahibi evdən çıxmalarını istəmiş, sonra hamısı evdən çölə çıxmışlar, çöldə anası qışqırdığından o qorxusundan evin yanında gizlənmiş, daha sonra Orxanın qarnının qanadığını görmüş, yerdə gördüyü bıçağı götürüb uzağa atmışdır. Anası köynək gətirib yerdə uzanmış Orxanın üzərinə örtmüşdür. Bundan sonra anası ilə birlikdə oradan çıxıb getmişlər. (cild 01,iş vər. 180-183). Bu ifadələr və birinci instansiya məhkəməsində iş üzrə toplanmış sübut növləri - Bakı şəhəri Abşeron RPİ-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan xx xxxx 2020-ci il tarixli raportu, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərar, “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, xx xxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu, “Götürmə aparılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokol, “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 560 saylı rəyi, məhkəmə-tibbi kriminalistik ekspertizasının 209/2020 MTKŞ saylı xx xxxx 2020ci il tarixli rəyi, məhkəmə-bioloji ekspertizasının 336/2020 MTBŞ saylı, xx.xx.2020-ci il tarixli rəyi, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar, məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1094 saylı rəyi, “Əşyanı tanımaya təqdim edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokol və əlavə olunmuş fotocədvəl, “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar, “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərar, qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixli ərizəsi tədqiq edilərək mahiyyəti üzrə qiymətləndirilmiş və iş üzrə həmin sübutlara tam uyğun olan nəticəyə gəlinmişdir. Bütün bunlar ittihamın, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə cinayət törətməsinin sübuta yetirildiyi, birinci instansiya məhkəməsinin ittihamla bağlı mövqeyinin düzgün olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarının müvafiq olaraq müddəalarını və izahlarını da nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının tövsiyəsində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyət ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli digər Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə bağlı şikayətdə irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin mötəbər sübutlar əsasında iş üzrə müəyyən etdiyi faktiki halları qanunvericiliyin müddəaları baxımından əsaslı sayır və iş üzrə gəldiyi nəticələri tədqiq olunmuş sübutlara uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə, həmçinin iş üzrə toplanmış sənədlərlə müəyyən olunmuş məqamları müqayisəli şəkildə işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və məhkəmənin ittiham hökmü ilə onun təqsirliliyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatlara və iş üzrə topanmış sübutların tədqiqi və təhlilinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin daha yüngül maddəsi ilə tövsif edilməsi haqqında şikayəti əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzanın həddini onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqi düzgün müəyyən edilmişdir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun qadın olması, Zərərçəkmiş şəxsla barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmaması, himayəsində 1 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar