Məhkəmə qərarları › İş №1(103)-40/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-40/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-40/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər – Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Tərlan Əkbərov) 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyathadisəsi törətmişdir. Belə ki, o, 14 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Tranzit FT 280 S Yük” markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Güney Azərbaycan 3 küçəsi ilə Şüvəlan-Buzovna istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən yolun 1-ci kilometirliyində yerləşən “Əncirlik” marketin yaxınlığında olan geriyə dönmə hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçməkdə olan piyada X4 vurmuş, təpə nahiyəsinin, alın nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin əzilmiş yaraları; təpə nahiyəsinin, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin sıyrıqlar; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin əzilməsi; sol İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirilməklə 15 noyabr 2021-ci ildə saat 01:35-də 3 saylı Birləşmiş Kilinki Şəhər Xəstəxanasında ölməsinə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ford Tranzit markalı **-TM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2022-ci iltarixli, 8/3256 nömrəli rəyi işin faktiki hallarına uyğun deyil. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anının mövcud olduğu müddətdə, yəni alkoqol sərxoşluğu vəziyyətində olan piyada X2 iti sürətli qaçışla hərəkət hissəsinə daxil olduğu andan avtomaşınla vurulduğu ana qədər 5,5 metr məsafənin qət edilməsinə sərf etdiyi müddət ərzində, avtomaşının piyadanın vurulduğu nöqtədən hansı məsafədə olması nəzərə alınaraq bu məsafədən sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Qeyd edilənlərə görə birinci instansiya məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair ittihamedici hökm çıxarmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçiləri tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 14 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində şəxsi işi ilə bağlı etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən “Əncirlik” marketi keçdikdən sonra yolun geriyə dönmə hissənin yaxınlığında təqribən 100-150 metr məsafədən bir nəfər piyadanın yolun sağ tərəfində dayandığını görmüş, piyadaya çatmağa təqribən 25-30 metr qalmış piyadanın qəfildən yolun sağ tərəfindən sol tərəfinə qaçmağa başladığını görüb onu vurmamaq üçün sərt əyləci sıxmış, lakin buna baxmayaraq, avtomobilin qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuş, piyada bir qədər maşın sürüşdüyündən kapotun üzərində getsə də, avtomobil dayanarkən yerə düşmüş, həmin zaman maşında dostu Şikar da yanında oturmuş, dərhal avtomaşından düşüb yerdə uzanmış piyadaya köməklik göstərilməsindən ötrü ilk öncə təcili tibbi yardıma, daha sonra isə DİN “102” zəng xidmətinə məlumat vermişdir. “Mərhumu hansı hissədə vurduz?” sualına cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsi yolun sağ tərəfindən sol tərəfinə qaçan zaman vurmuş, “Onu hansı formada vurmusuz?” sualına cavab olaraq bildirmişdir ki, əyləcə basdığı anda maşın mərhuma dəymişdir. Məhkəmə iclasında Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti X6 şahid qismində çıxış edərək bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixli, 8/2904 saylı rəy tərəfindən tərtib edilmişdir. Yol-nəqliyyat hadisələri üzrə tədqiqat metodikası əsasında ekspertiza keçirilmiş, ekspertiza zamanı istintaq və müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmləri əsasında rəy verilmişdir və rəyin düzgünlüyünü təsdiq edir. “Hadisə mexanizmini müəyyən etmək ekspertin səlahiyyətlərinə aiddirmi? “ sualına cavab olaraq bildirmişdir ki, işin faktiki hallarına uyğun olaraq ekspert hadisə mexanizmi tərtib edə bilər. Birinci instansiya məhkəməsində • təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onun avtomobil idarə etmək üçün “BC” kateqorİyalı sürücülük vəsiqəsi vardır, 14 noyabr 2021-ci il tarixdə saat 23 radələrində şəxsi işi ilə bağlı etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən “Əncirlik” marketi keçdikdən sonra yolun geriyə dönmə hissənin yaxınlığında təqribən 100-150 metr məsafədən bir nəfər piyadanın yolun sağ tərəfində dayandığını görmüş, piyadaya çatmağa təqribən 25-30 metr qalmış piyadanın qəfildən yolun sağ tərəfindən sol tərəfinə qaçmağa başladığını görüb onu vurmamaq üçün sərt əyləci sıxmış, lakin buna baxmayaraq, avtomobilin qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada bir qədər maşın sürüşdüyündən kapotunun üzərində getsə də, avtomobil dayanarkən yerə düşmüşdür. Həmin zaman maşında dostu Şikar da yanında əyləşmişdir. Dərhal avtomaşından düşüb yerdə uzanmış piyadaya köməklik göstərilməsindən ötrü ilk öncə təcili tibbi yardıma, daha sonra isə DİN “102” zəng xidmətinə məlumat vermişdir. Hazırda mərhumun hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əvvəllər heç bir cinayət törətməmişdir, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. • zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 göstərmişdir ki, 14 noyabr 2021-ci il tarixdə X17 qəsəbədən keçən Şüvəlan-Buzovna yolunda yerləşən “Əncirlik” maketin qarşısından piyada yolu keçərkən sürətlə gələn “Ford Tranzit” markalı **-TM- *** dövlət nömrə nişanlı avtomaşın onu vurmuşdur. Mərhum atası həmin zaman dərhal Bakı şəhəri 3 saylı Şəhər Kiliniki Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonradan onlara məlum olmuşdur ki, atasını vuran sürücünün adı Təqsirləndirilən şəxsdur. X17 15 noyabr 2021-ci il tarixdə saat 01:35-də reanimasiya şöbəsində vəfat etmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, buna görə də o, Elxan ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. • şahid qismində dindirilən X7 göstərmişdir ki, 14 noyabr 2021-ci il tarixdə saat 23 radələrində şəxsi işləri ilə bağlı Elxanın etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edirmişlər. Həmin zaman Elxan maşını təxminən 60 km/saat sürətlə sürürmüş, hərəkətdə olarkən “Əncirlik” marketi keçdikdən sonra yolun geriyə dönmə hissənin yaxınlığında 100-150 metr məsafədən bir nəfər kişinin yolun sağ tərəfində dayandığını görmüş, piyadaya təxminən 25-30 metr qalmış onun qəfildən qaçaraq yolu sağdan sola keçdiyini görmüşdür. Elə həmin anda Elxan qabaqlayıcı tədbir görərək avtomaşında sərt əyləci basmışdır. Lakin bunu baxmayaraq, avtomobilin qabaq sağ hissəsi ilə həmin yolu sağdan sola keçən piyadanı Elxan idarə etdiyi avtomaşınla vurmuş və piyada bir qədər maşın sürüşdüyündən kapotunun üzərində getsə də, avtomobil dayandığından, yerədüşmüşdür. Avtomaşında onlardan başqa heç kim olmamışdır. Daha sonra isə onlar dərhal avtomaşından düşüb yerdə uzanmış piyadaya köməklik göstərilməsindən ötrü ilk öncə təcili tibbi yardıma, daha sonra isə DİN “102” zəng xidmətinə məlumat vermişlər. Həmin hadisə zamanı özü heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • Hadisə yerinə baxış keçirilməsi haqqında 14 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna şose yolunun “Əncirlik” marketin qarşısında baş vermişdir. • Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2021-ci il tarixli 202 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum X2 meyitində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin, alın nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin əzilmiş yaraları; təpə nahiyəsinin, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin əzilməsi; sol İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitə, yəni 14 noyabr 2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. A.M.Hüseynovun ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar və baş beynin əzilməsi olmuşdur. A.M.Hüseynovun ölümü 14 noyabr 2021 -ci ildə, saat 23:55-də X16 X15 baş vermişdir (X16 X15 tərtib olunmuş C5576 saylı xəstəlik tarixinə əsasən). Mərhum A.M.Hüseynovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,8%o etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur, Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 3702/K, xx.xx.2021). • Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2022-ci il tarixli 8/3256 saylı ekspert rəyindən görünür ki, “Ford Tranzit markalı **-TM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. • 15 noyabr 2021-ci il tarixli 1/2205 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. • AD seriyalı 173545 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. • Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 18 dekabr 2021-ci il tarixli, 016-149437-1221 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 28 noyabr 2014-cü il tarixdə (28 noyabr 2024-cü il tarixədək müddətə etibarlı olan) AD 173545 nömrəli “BC” kateqoryalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 20 dekabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ibtidai istintaq dövründə alınmış 07 yanvar 2022-ci il tarixli, 8/3256 nömrəli rəyi ilə razılaşmayan müdafiə tərəfinin vəsatəti təmin olunaraq təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Alınmış 17 noyabr 2023-cü il tarixli 8/2904 nömrəli rəylə Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olması bir daha təsdiq edilmişdir. Bu rəylə də razılaşmayan müdafiə tərəfi ekspert-trassoloqun iştirakı ilə təkrar ekspertiza keçirilərək “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zədələr nəzərə alınıb, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anının mövcud olduğu müddətdə, yəni alkoqol sərxoşluğu vəziyyətində olan piyada X2 iti sürətli qaçışla hərəkət hissəsinə daxil olduğu andan avtomaşınla vurulduğu ana qədər 5,5 metr məsafənin qət edilməsinə sərf etdiyi müddət ərzində, avtomaşın piyadanın vurulduğu nöqtədən hansı məsafədə olması, həmin məsafədən sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olması, göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olması barədə suallar qoyulmasını xahiş etmişdir. Müdafiə tərəfinin vəsatəti yenə də təmin olunaraq iş üzrə kompleks məhkəmə trassoloji və təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspertizanın 14 aprel 2023-cü il tarixli 8/798 nömrəli rəyində ilkin rəylərə analoji nəticə verilmişdir. Beləliklə, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində aparılmış istintaqla müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs “Ford Tranzit markalı **-TM- ***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada X4 vurub ölümlə nəticələnən xəsarətlər yetirmiş və Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərər çəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına, mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(003)-120/2022 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X5 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar