Məhkəmə qərarları › İş №1(103)-421/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-421/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-421/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxsin hüquqi varisi Fənar Babaş qızı Hüseynovanın, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1986-cı ildə Laçın rayonunun Alcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Maşınqayırma” pansionatında məskunlaşmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1,128 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Bəbəş qızı tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ümumilikdə 17.360 (on yeddi min üç yüz altmış) manat məbləğində mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri-96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi,iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı binanın qarşısında asfalt örtüyün üzərində qanabənzər ləkələrdən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş nümunə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd açıq-göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar, X5 əynində olmuş, tamlığı pozulmuş vəziyyətdə bir ədəd boz rəngli uzunqol köynək məhv edilməsi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bir ədəd revolverin aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki,Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlamış, daşımış, gəzdirmiş, qəsdən sağlamlığa yüngül zərər vurmuş və qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.Belə ki, o, xx xxxxxx 2018-ci ilin təxminən may-iyun aylarında istintaqa məlum olmayan mənbədən bir ədəd kustar üsulla hazırlanmış 5,6 mm kalibrli yivsiz odlu silah revolver, döyüş sursatı hesab edilən yeddi ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli patronları qanunsuz olaraq əldə edib, üzərində və qardaşı Şahid5 mülkiyyətində olan, özünün etibarnamə və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi «Mercedes» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlamış, daşımış və gəzdirmişdir. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində Şamaxı şəhərində keçiriləcək toy mərasimi ilə əlaqədar sifariş əsasında gəlmiş sürücü Şahid3 idarə etdiyi «X15» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla qohumları ilə birlikdə Bakı şəhərindən Şamaxı şəhərinə gedib toyda iştirak etdikdən sonra axşam saat 20 radələrində həmin avtobusla Şamaxı şəhərindən Bakı şəhərinə qayıdarkən «20 Yanvar» dairəsi yaxınlığında avtobusun içərisində qohumu Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə sonuncuya öz iradını bildirib avtobusdan enməsini tələb etdikdə aralarında yaranmış mübahisə zəminində yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərblə vurub, sonuncuya almacıq nahiyəsinin, burunun sıyrıqları kimi dərəcələri təyin edilməyən və sağ göz almasının ağlı qişasının qan sızması, sağ gözaltı nahiyənin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur.Bundan başqa o, həmin gün qeyd edilən avtomobillə Bakı şəhərinə qayıtdıqdan sonra saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatının ərazisində yaşadığı evin yaxınlığında olarkən, onun tərəfindən Zərərçəkmiş şəxs sifət nahiyəsinə xəsarət yetirilməsi barədə məlumatlı olaraq həmin yerə gəlmiş sonuncunun ögey qardaşı X5 ondan Zərərçəkmiş şəxs kimin xəsarət yetirməsini soruşaraq qəflətən başı ilə onun sifət nahiyəsinə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid alının əzilmiş yarası xəsarəti yetirməsindən sonra hiddətlənərək qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla şalvarının kəmərinə keçirib üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış 5,6 mm kalibrli odlu silah hesab edilən revolver tapançanı çıxarıb Sərvər Quliyevin boyun nahiyəsinə iki dəfə atəş açmaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik sol gicgah nahiyəsinin kəllə boşluğuna keçməyən kor odlu silah-güllə yarası və ölüm ilə birbaşa səbəbli əlaqəli olan onurğa sütunu Vİ-Vİİ (C6-C7) boyun və İ-İİ (Th1- Th2) döş fəqərələri səviyyəsində onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnmələri ilə müşayiət olunan odlu silah-güllə yarası xəsarətləri yetirərək X6 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 128 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyindən və onun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi deyil, həmin Məcəllənin 123.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan qismən istintaq aparmaqla həmin hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlini həmin maddələrlə tövsif etməklə yeni ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 128 və 228.1-ci maddələrinə xitam verməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ədalətli və humanist qərar verilməsini xahiş etmişdir. Eləcə də birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızı apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin cinayətkar əməllərinin, qanunvericiliklə müəyyən olunmuş sanksiyalarının yuxarı həddlərində yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1ci maddəsində nəzərdə tutulmuş 14(on dörd) il, eyni Məcəllənin 128-ci maddəsinə görə 1(bir) il, 228-ci maddəsi ilə 3(üç) il müddətinə cinayətlərin məcmusunu toplamaqla qəti olaraq 18(on səkkiz) il müddətinə azadlıqdan məhrum etməsi cəzasının müəyyən edilməsi, mülki iddianın ona dəymiş maddi ziyan 15.860 manat, mənəvi zərər qismində 1500 manat, cəmi 17.360 manatın alınıb ödənilməsi barədə apellyasiya şikayətimin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, məhkum Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, islah yoluna qədəm qoymasını, cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törənməsini, baş verimş hadisədən peşmançılıq hissi keçirməsini, Şuşa şəhərindən məcburi köçkün olmasını,könüllü olaraq silahı polisə təqdim etməsini,himayəsində üç azyaşlı uşağının olmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, maddi və sosial vəziyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1,128 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 128 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyindən və onun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi deyil, həmin Məcəllənin 123.1-ci maddəsinin, eləcə də həmin Məcəllənin 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123.1,128 və 228.1-ci maddələrilə tövsif etməklə barəsində ədalətli və humanist hökm çıxarılmasını, birinci instansiya məhkəməsinin həmin hökmündən zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıapellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1,128 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs cinayətkar əməllərinin, qanunvericiliklə müəyyən olunmuş sanksiyaların yuxarı həddlərində yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş 14(on dörd) il, həmin Məcəllənin 128-ci maddəsi ilə 1(bir) il, həmin Məcəllənin 228-ci maddəsi ilə 3(üç) il müddətinə cinayətlərin məcmusu ilə cəzaları toplanmaqla qəti olaraq 18(on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddianın ona dəymiş maddi ziyan 15.860 manat, mənəvi zərər qismində 1500 manat, cəmi 17.360 manatın alınıb ödənilməsi barədə ədalətli və humanist qərar qəbul edilməsini, birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçitərəfindən verilmiş apellyasiya şikayətlərinin isə əsassız olduğundan təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X9 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1,128 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassz olduğundan təmin edilməməsi və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli, 1008 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət – alının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 26 saylı X4 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1004 saylı ekspert rəyindən görünür ki, Hüseynova Fənar Bəbəş qızının bədənində aşkar edilmiş xəsarətlər-alt çənənin sıyrığı və qançırı əşya (əşyalar) təsirindən töənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən iki-üç gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1029 saylı ekspert rəyindən görünür ki, Şahid4 bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1030 saylı ekspert rəyindən görünür ki, Şahid2 Rafael oğlunun bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1005 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyənin əzilmiş yarası, almacıq nahiyəsinin, burunun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də, ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; almacıq nahiyəsinin, burunun sıyrıqları isə istər birlikdə, istərsə də, ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli, 150 saylı ekspert rəyindən görünür ki, mərhum X5 meyitində sol gicgah nahiyəsinin kəllə boşluğuna keçməyən kor odlu silah-güllə yarası, onurğa sütunu Vİ-Vİİ (C6-C7) boyun və İ-İİ (Th1- Th2) döş fəqərələri səviyyəsində onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnmələri ilə müşayiət olunan odlu silah-güllə yaraları aşkar edildi, qeyd olunan xəsarətlər odlu silahdan açılmış azı iki atəşin təsirindən xx xxxxxx 2018-ci il tarixli, 26 saylı X4 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixdə və şəraitdə əmələ gəlmələri istisna olunmur, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X13 ölümünə bilavasitə səbəb onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnməsi ilə müşayiət olunan odlu silah-güllə yarası nəticəsində yaranmış baş beyin və onurğa beyinin ödemi olmuşdur. X13 ölümü xx xxxxxx 2018-ci ildə, saat 22.20-də Neyrocərrahlıq Xəstəxanasında baş vermişdir (stasionar xəstənin 2266 saylı tibbi kartasına əsasən). Hansı ki, ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən inkar edilmir. X13 adına tərtib edilmiş tibbi sənədlərdə odlu silah yaralarından başqa digər hər hansı bir xəsarətlərin olmaması barədə qeydiyyat aparılmamışdır. X13 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. X13 adına Respublika 26 saylı X2 ambulator xəstələrin qəbulu jurnalında və Neyrocərrahlıq Xəstəxanasında tərtib olunmuş stasionar xəstənin 2266 saylı tibbi kartasında xəstəxanaya daxil olarkən sərxoş olub-olmaması barədə qeydiyyat aparılmamış, fotocədvəllər ekspert rəyinə əlavə olunmamışdır. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Prokurorluğunun təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx xxxx 2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və müəyyən edilmişdir ki, onun təqdim etdiyi yerlər və şərait ifadəsində göstərdiyi hallar və hadisə yerinin müayinəsi zamanı aşkar edilmiş hallarla və yerlərlə üst-üstə düşür, fotocədvəllər protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair xx xxxxxx 2019cu il tarixli 85/2019 MTKŞ saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş X7 məxsus alt köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək və qısaqol köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair xx xxxxxx 2019cu il tarixli 115/2019 MTBŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinəəsasən). X5 ABO sistemi üzrə qrup göstəricisi: Abeta (H)/İİ/. Ekspertizaya təqdim edilmiş Sərvər Quliyevə məxsus boz rəngli köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar, göy rəngli qısaqol köynək, bir ədəd uzunqol köynək, bir ədəd pambıq topası üzərində olan ləkələrdə kişi genetik cinsinə mənsub insan qanı aşkar olunmuş, həmin ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» və «H» antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Sərvər Quliyevə və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanında müşahidəçi «H» antigeni varsa). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, kobudluq, eqosentrizm, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, cinayət əməlini törətməzdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir dəyişiklik yaranmamış, psixiemosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətləri müşahidə olunmadı və o, hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cuiltarixli 3160 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli revolverdir, yivsiz odlu silahdır, tətiyini çəkmədən atəş açılmır, atəş açmaq üçün yararlıdır; dörd ədəd patron Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli (T0Z-8, T0Z-16, T0Z-17, T0Z-8M, T0Z-18 və sair) yivli idman ov tüfənglərində, (T0Z-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və sair) karabinlərində və sair silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə tədqiqata təqdim edilmiş kustar üsulla hazırlanmış revolverdən atəş açmaq mümkündür; üç ədəd giliz Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli (T0Z-8, T0Z-16, T0Z-17, T0Z-8M, T0Z-18 və sair) tüfənglərində, (T0Z-35, İJ-1 və sair) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və sair) karabinlərində və sair silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissəsidir - gilizləridir və tədqiqata təqdim edilmiş kustar üsulla hazırlanmış revolverdən atılmışdır, ekspertiza tədqiqatının dəyəri 96 (doxsan altı) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Saylı Respublika Psixiatriya Xəstəxanasının xx xxx 2019-cu il tarixli, 3058 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayon sektorunun xx xxx 2019-cu il tarixli 8725 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonundan məcburi köçkün düşməklə ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatında məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayon sektorunun xx xxxx 2019-cu il tarixli, 124/03 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatında qeydiyyatda olub, onun haqqında Komitənin Xəzər rayon sektoruna şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2011-ci il təvəllüdlü Simarə, xx xxxxx 2013-cü il təvəllüdlü Cəsur, xx xxxxxx 2015-ci il təvəllüdlü Cavidan adlı üç az yaşlı uşağı vardır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Bəbəş qızı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi təqdim edərək məhkəmədən Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri səbəbindən dəyən maddiziyan 15.860 (on beş min səkkiz yüz altmış) manat, doğma oğlu X5 həyatdan məhrum edilməsi ilə bağlı güclü stress keçirməklə təxirə salınmaz tibbi müalicəyə 1.500 (bir min beş yüz) manat dəyərində mənəvi zərərin cəmi olaraq 17.360 (on yeddi min üç yüz altmış) manat maddi və mənəvi ziyanın dəyərinin alınıb ödənilməsinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkməsi tərəfindən mövcud sübutlara qiymət verilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.Həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərər çəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürmədə təqsirkarın niyyətinin zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməlidir. Plenum qərarı ilə məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli qərarına əsasən «könüllü gəlib təqsirini boynuna alma» müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli həmin qərarında, həmçinin qeyd olunur ki, açıq-aşkar cinayət törətdikdən sonra şəxsin hüquqmühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq-mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməlidr. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məişət zorakılığının qarşısının alınması haqqında” x xxxxxxx 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 4.0.1 maddəsinə əsasən həmin qanun təqsirləndirilən şəxsin yaxın qohumu olan ailə üzvlərinə, o cümlədən arvadına şamil edilir. Həmin Qanununun 7.0.4-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı, araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərilməsinə yönələn tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini-böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir: «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir (2-ci bənd). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır.Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması məhkumun, zərər çəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1,128 və 228.1-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təh-lükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri,Təqsirləndirilən şəxs himayəsindəiki azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır, Təqsirləndirilən şəxs əməlində cinayətin odlu silah vasitəsi ilə törədilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır, məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində işin halları, Təqsirləndirilən şəxs Şuşa şəhərindən köçkün olması,istintaq zamanı səmimi ifadələr verməsi, ilk dəfə məhkum olunması, himayəsində üç azyaşlı övladının olması, törədilmiş hər iki cinayətin zərər çəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmayaraq ona ağır cəza təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyindən və onun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi deyil, həmin Məcəllənin 123.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğunun, zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızı apellyasiya şikayətində isə məhkum Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsinin göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təh-lükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Hüseynova Fənar Babaş qızıtərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar