Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-43/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 Ağakərim oğlunun, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər – Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali-hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 05 yanvar 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə eyni zamanda, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq digər şəxsdən 2.000 manat pul müqabilində külli miqdarda bir ədəd sarı sellofan bükümdə ümumi təmiz çəkisi 398,655 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və eyni zamanda 05.01.2021-ci il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində qeyrisinə təmiz çəkisi 0,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manata satmış, həmin gün saat 19 radələrində, daxil olmüş məlumat əsaasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, Yurd kafesinin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-yə gətirilərək üzərinə baxış keçirilən zaman, əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 398,24 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sağ yan cibindən üzərində “mesko” yazılan üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hərtərəfli, tam, obyektiv araşdırma aparmamışdır. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisi, vəkil Müdafiəçi 09.04.2021-ci il tarixində Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmağı və təqsirləndirilən şəxslə görüşməyi üçün şərait yaradılması barədə ərizə ilə Suraxanı RPİ İstintaq Şöbəsinə müraciət etmiş və dəftərxanada həmin tarixdə ərizəsi qeydiyyata alınmışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxsin müdafiəçisi 09.04.2021 və 10.04.2021-ci il tarixlərində müstəntiq və istintaq şöbəsinin rəisi ilə görüşüb cinayət işinin materialları ilə tanış olmaq üçün müraciət etməyinə və rəsmi qaydada müraciət olunmuş ərizəsinə baxmayaraq nəticədə Təqsirləndirilən şəxs müdafiə hüququ kobudcasına pozulmuş, onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmağına və təqsirləndirilən şəxslə görüşüməsinə şərait yaradılmamışdır. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən 12.04.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna şikayət ünvanlanmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun kobudcasına pozulmasına, yəni onun müdafiəçisinin köməyindən istifadə etmək hüququ əlindən alındığına, cinayət işinin materialları ilə tanış olmağına lazımi şərait yaradılmağına görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 29.04.2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatət verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etməsini xahiş etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin etməmiş və bu da təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən 08.05.2021-ci ildə vəsatət verilərək Təqsirləndirilən şəxs və Şahid4 05 yanvar 2021-ci il tarixində telefon əlaqəsi olub-olmaması və Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixində dislokasiya yerinin müəyyən olunması üçün Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten məlumatlarının əldə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və sorğuya əsaəsn anten məlumatları tərəflərə təqdim edilmişdir. Lakin həmin anten məlumatlarında Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixində Şahid4 ilə telefon əlaqəsi saxlamasına dair heç bir məlumat olmamışdır. Buna baxmayaraq məhkəmə sübutlara qiymət verərkən bu məsələyə qiymət verməmiş və təqsirləndirilən şəxsin hüquqlarım növbəti dəfə kobud şəkildə pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində 5 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində tanışının mənzilində olarkən Ələsgər adlı tanışı bədənində ağrılar olduğundan onda narkotik vasitənin olub-olmadığını soruşduğunu, İsrafil isə cavabında 1 qram kakosu olduğunu bildirərək və üzərində olan şəffaf sellofana bükdüyü 1 qram narkotik vasitə olan heroini Ələsgərə vermişdir. Təxminən 15 dəqiqə sonra oraya 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə ona təsir və təzyiqlər olduğundan, məcbur olub etirafedici ifadələr vermiş və narkotik vasitəni Ələsgərə satdığını bildirmişdir. Əslində o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, keçmiş hərbçi olduğuna görə səhhətində yaranmış problemlərlə əlaqədar özü narkotik vasitədən istifadə etmişdir. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifadəsində səhhətindəki problemlərə görə narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını və 1 qram heroini Ələsgərə satmadığını bildirməyinə baxmayaraq, bölmədəki polis əməkdaşlarının təsiri, mənəvi və fiziki təzyiqlərindən sonra məcbur olaraq ibtidai istintaq mərhələsində narkotik vasitəni satdığını bildirmişdir. Buna baxmayaraq məhkəmə bu xüsusatı diqqətə almayaraq təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsini əsas götürmüşdür. Məhkəmə tərəfindən araşdırma aparılan zaman iş üzrə şahid qismində dindirilmiş şəxslərin dairəsi müəyyən edilərək dindirilmişdir. Lakin hazırki cinayət işi üzrə önəmli rol oynayan, Təqsirləndirilən şəxs narkotik maddəni ona satdığı ittihamı irəli sürülən Şahid4 adlı şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə zamanı şahid qismində işə cəlb olunmamışdır. Belə ki, təqsirləndirilən şəxsin vəkilinin bununla bağlı vəsatət verməsinə baxmayaraq Şahid4 adlı şəxs məhkəmə tərəfindən şahid qismində çağırılmamış və bu da cinayət işinin obyektiv araşdırılmamasına şərait yaratmışdır. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı öz ifadəsində təqsirləndirilən şəxsin üzərində əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonunu, ağ rəngli elektron tərəzini və sol yan cibindən isə içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan üzəri yapışqan lentlə bağlanılmış sarı rəngli bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu qeyd etmişdir. Lakin məhkəmə tərəfindən dindirilən zaman Şahid1 təqsirləndirilən şəxsin üzərindən yalnız narkotik vasitə tapdıqlarını, elektron tərəzinin isə təqsirləndirilən şəxsin üzərində olmadığını qeyd etmişdir. Lakin məhkəmə 23 iyun 2021-ci tarixli, 1 (101)-1021/2021 saylı hökmündə şahidin ifadəsini olduğunu kimi qeyd etməmiş, ibtidai istintaq və məhkəmədə verilən ifadələr arasındakı ziddiyəti diqqətə almamışdır. Eyni zamanda, məhkəmə-kimyəvi ekspertizasının 6/147 saylı, 27 yanvar 2021-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketlərdəki Şahid4 götürülmüş və Təqsirləndirilən şəxs götürülmüş heroinin çəkisini və eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu da Təqsirləndirilən şəxs üzərindən tapılan narkotikin ona məxsus olmasım şübhə altına alan əsaslardan biridir. Apellyasiya baxışı iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Təqsirləndirilən şəxs işi üzrə istintaq başlayandan qanun qaydaları pozulmuşdur. Bununla bağlı vəsatətlər də qaldırılmışdır. Lakin buna qiymət verilməmiş və nəticəsiz qalmışdır. Bir neçə şahid dindirilmiş, lakin onların ifadələrində ziddiyyətlər mövcuddur. Sonuncu dəfə Şahid4 adlı şahid dindirilmiş və onun ifadəsində də müəyyən olunmuşdur ki, məhkum edilmiş şəxs və şahid işgəncə altında ifadələr vermişdir. Ən önəmli məsələ ondan ibarətdir ki, məhkum edilmiş şəxs 2016-cı ildə olan hərbi döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Ərazi bütövlüyü uğrunda vuruşan bir zabitdir, ona qarşı süülmüş ittiham qanunsuz və ədalətsizdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasında Dövlət ittihamçısı4 Ağakərim oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmişdir. Narkotik vasitələrin satışında Təqsirləndirilən şəxs təqsiri həm ibtidai istintaq, həm də məhkəmə istintaqları ilə sübuta yetirilmişdir. Bunu Təqsirləndirilən şəxs özü inkar etsə də, ona bu barədə sual verildikdə heç bir məntiqli cavab verməmişdir. Hazırda şahidin ifadələrində də müəyyən ziddiyyətlər mövcuddur. Belə olan zaman, şahidin ibtidai istintaq zamanı verdiyi ifadə rəhbər tutulmalıdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlili məhkum olunmuş şəxs barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan metamfitamin və heroindən istifadə edir. 5 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində tanışının mənzilində olarkən Ələsgər adlı tanışı bədənində ağrılar olduğundan onda narkotik vasitənin olub-olmadığını soruşmuşdur. Həmin vaxt digər tanışları da orada olmuşdur. O 1 qram kakosu olduğunu bildirmiş və üzərində olan şəffaf sellofana bükdüyü 1 qram narkotik vasitə olan heroini Ələsgərə vermişdir. Təxminən 15 dəqiqə sonra oraya 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə ona təsir və təzyiqlər olduğundan, məcbur olub etirafedici ifadələr vermiş və narkotik vasitəni Ələsgərə satdığını bildirmişdir. Əslində o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, keçmiş hərbçi olduğuna görə səhhətində yaranmış problemlərlə əlaqədar özü narkotik vasitədən istifadə etmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs cinayət işinin 53-56 və 73-76-cı vərəqlərində olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, “təxminən 1 aydır ki, narkotik vasitə olan metamfitamin və heroindən çəkmək yolu ilə istifadə edir. 5 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Ələsgər adlı tanışı onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bədənində ağrıların olduğunu və onda narkotik vasitənin olub-olmadığını soruşmuşdur. O da 1 qram kakosu olduğunu bildirmişdir. Ona görədə Ələsgəri Zığ qəsəbəsində yerləşən Vərəm disponserinin yaxınlığına çağırmışdır. Təxminən 10-15 dəqiqədən sonra oraya gəldiyini görmüş və ona yaxınlaşmışdır. O isə üzərində olan şəffaf sellofana bükdüyü 1 qram narkotik vasitə olan heroini ona vermiş və müqabilində 30 manat pul almışdır. Bundan sonra Ələsgər çıxıb getmişdir. Həmin gün saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirib şübhəli şəxs qismində Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-yə gəlmişdir. Polis bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdən və müdafiəçi dəvət olunduqdan sonra üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. O da buna etiraz etməyərək əynində olan göy rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik maddə olan heroini, sağ yan cibindən mobil telefonunu və üzəri ağ rəngli içərisi sarı rəng olan tərəzini otaqda olan stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün nə olduğu ondan soruşulmuş və o da öz növbəsində həmin bükümün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra narkotik vasitəni haradan aldığı soruşulmuş o, isə narkotik vasitəni 2.000 manat müqabilindən Masazırdan tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Eyni zamanda narkotik vasitəni kiməsə satdığı ondan soruşulmuş o, isə tanışı Ələsgər adlı şəxsə 30 manat müqabilində 1 qram narkotik vasitə olan heroin satdığını etiraf etmişdir. Bundan sonra aşkar olunmuş içərisində narkotik vasitə heroin olan həmin büküm və elektron tərəzi polis əməkdaşları tərəfindən onun, həmçinin digər iştirakçıların iştirakları ilə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə və protokola imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, o ifadənin əvvəlində qeyd etdiyi narkotik vasitə hesab edilən heroini ad bildirmək istəmədiyi üçün İran vətəndaşından aldığını bildirmiş, lakin əslində isə təxminən tutulmamışdan bir həftə əvvəl Yeni Suraxanı qəsəbəsində Kazım adlı şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır.” Apellyasiya baxışı iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadə verərək özünü qismən, yəni narkotik vasitə istifadə etməkdə təqsirli bilmişdir. O, narkotik vasitə istifadə edərkən Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bölmədə ona işgəncə verərək və hədə-qorxu altında narkotik vasitənin satışı ilə məşğul olmasını onun üstünə atmağa çalışırdılar. Lakin o, heç kəsə narkotik vasitə satmamışdır. Bütün iş başdan düzgün aparılmamışdır. O, tutulan zaman üzərində narkotik vasitə çıxmamışdır. Ona görə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Suraxanı RPİ-nin 33-cü PB-yə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, istifadəsində və satışında şübhəli olan İsrafil adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. 05.01.2020-ci il tarixdə əməliyyat qrupunun üzvü ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yaxınlığında deyilən forma və əlamətdə olan şəxsin dayandığını görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxsin adının İsrafil olmasını dəqiqləşdirdikdən sonra onun narkotik vasitənin saxlanmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Suraxanı RPİ-nin 33-cü PB-yə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində dövlət vəsaiti hesabına dəvət olunmuş vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. O isə əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonunu, ağ rəngli elektron tərəzini və sol yan cibindən isə içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan üzəri yapışqan lentlə bağlanılmış sarı rəngli bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Əlavə olaraq narkotik vasitədən Ələsgər adlı şəxsə 1 qram satdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq mühürlənmiş, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Yanvar ayının 5-də evdə olduğu zaman polis əməkdaşları İsrafillə birlikdə yaşadığı evə gəlmişlər və oğlunun narkotik vasitənin istifadəsində və satışında şübhəli olduğu üçün tutulduğunu bildirmişlər. Bundan sonra evə baxış keçirmək istədiklərini və buna görə etirazının olub-olmaması soruşulmuşdur. O da buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmişlər və qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində dindirilməmiş Şahid4 ifadə verərək bildirdi ki, onun Təqsirləndirilən şəxs ilə birlikdə işləyən zaman tanış olmuşlar. Sonuncu dəfə təxminən 5 yanvar tarixində o, İsrafilin olduğu yerə gəlmişdir. Oradan çıxanda polis əməkdaşları onu tutmuşlar. Həmin ev də yolun qırağında idi. Polis əməkdaşları da həmin evdən xəbərdar idilər, onları o evə gəlib-gedən zaman görmüşdülər. Həmin gün o, Təqsirləndirilən şəxs o evdə olduğunu bilmiş və oraya getmişdir. Onun telefonu olmadığından, onların arasında telefon danışığı olmamışdır. İsrafilin orada olmasını və oraya getməyini oradan bilmişdir ki, Zaur adlı məhəllə uşağı var idi, o İsrafilin yanına gedib gəldiyi üçün ondan öyrənmişdir. İsrafilin yanına gedəndə Zaur da orada olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs narkotik istəmiş, o da vermişdir. O, 0,4 qram narkotik vasitənin müqabilində səhv etmirsə 20 manat pul vermişdir. Polis əməkdaşları onları tutan vaxt təxmini günortaya yaxın vaxt idi. Bölmədə onların üzərinə çəkiliş edən vaxt günortadan 2-3 saat sonra idi. Bölmədə ən çox zorakılığa məruz qalan İsrafil olmuşdur. İfadələrində 1 qram aldığı göstərilsə də, onda yarım qram narkotik vasitə olmuşdur. İsrafildə narkotik vasitənin olduğunu məhəllə uşaqlarından öyrənmişdir. Sonda Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrindəki ziddiyyətli hallarla bağlı narkotik vasitənin miqdarı və onun müqabilində verdiyi pul ilə bağlı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2006-cı il tarixdən narkotik maddə olan heroini inyeksiya yolu ilə qəbul edir. 5 yanvar 2021-ci il tarixdə İsrafil adlı tanışına telefon vasitəsi ilə əlaqə saxlayaraq bədənində ağrıların olduğunu və onda narkotik vasitənin olub-olmadığını soruşdu. O da 1 qram kakosunun olduğunu bildirdi. Buna görə də onu Zığ qəsəbəsində yerləşən Vərəm disponserinin yaxınlığına çağırdı. Təxminən 10-15 dəqiqədən sonra oraya yaxınlaşdı. Bu zaman İsrafil ona yaxınlaşdı üzərində olan şəffaf sellofana bükdüyü narkotik vasitə olan heroini ona verdi və o da ona 30 manat pul verdi. Bundan sonra çıxıb getdi. Həmin gün saat 15.30 radələrində Bakı şəhəri. Suraxanı rayonu. Zığ qəsəbəsi, Yurd kafesinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etdilər, O da polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-yə gəldi. Polis bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edildi. O da buna etiraz etməyərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, Bakıkart, Samsung markalı telefonunu və sol yan cibindən isə halqada olan 3 ədəd açar və 01 ədəd siqaret gümüşü rəngli kağızma bükülmüş içərisində qəhvəyi rəngli maddə olan sellofan bükümü otaqda olan stolun üstünə qoyaraq polis əməkdaşlarına təqdim etdi. Həmin bükümün nə olduğu ondan soruşuldu və o da öz növbəsində həmin bükümün narkotik vasitə olan heroin olduğunu bildirdi. Bundan sonra narkotik vasitəni haradan aldığı soruşuldu o isə narkotik vasitəni 30 manat müqavilində Zığ qəsəbəsi, R.Göyüşov küçəsində İsrafil adlı şəxsdən aldığını bildirdi. Cinayət işi materiallarında olan 05 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonu, üzərində “mesko” yazısı olan elektron tərəzi, sol yan cibindən isə içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd sarı rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin 1 adda bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroinin İran İslam Respublikası vətəndaşından 2.000 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmiş, aşkar olunmuş bir ədəd sarı rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarında olan 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilərkən protokolda qeyd olunanlar öz əksini bir daha tapmışdır. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/54 saylı, 06 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdə, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 398,24 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/147 saylı, 27 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs götürülmüş heroin və Şahid4 götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş üzərində “mesko” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan – heroinin izləri vardır. Lakin, heroin iz şəkilində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixiatriya ekspertizasının 431 saylı, 26 fevral 2021-ci il tariöli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli, 928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 398,24 qram, birinci tədqiqata 0,2 qram, ikinci tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 398,02 qram narkotik vasitə heroin və üzərində “mesko” yazısı həkk olunmuş üzərində heroin izləri olan elektron tərəzi Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk isə iş cinayət işinə əlavə olunmaqla maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinin nəzərə alınması da tövsiyə edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 398,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi islehlak məqsədilə əldə etməsi ağlabatan deyildir. Onun əldə etmiş olduğu narkotik vasitə heroinin çəkisinin həmin maddələr üçün qanunla müəyyən edilmiş külli miqdarın aşağı həddindən dəfələrcə artıq olması, həmçinin üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsi məhz onun tərəfindən qeyd olunan maddələri satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən mənəvi və fiziki təsiretmə hərəkətləri edilməklə ondan məcburi ifadələr alınması” dəlilinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmaqla, özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş və həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin “ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun kobudcasına pozulması” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxsə müdafiəçi təqdim edilmiş və o, təqdim olunmuş vəkilə etiraz etməyini bildirmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı müdafiə hüququ təmin edilmiş və istintaq hərəkətləri zamanı müdafiəçisi ilə birlikdə iştirak etmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ilə müdafiəçinin bu barədə verdiyi vəsatətə baxılmış və vəsatət təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Qeyd olunanlarla yanaşı, iş materiallarında olan hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, o ifadəsində narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs 30 manat müqabilində əldə etdiyini bildirmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində iştirak etməsi halı təsdiq edildiyindən, həmin hökm və qərar məhkəmə üçün preyudisiya əhəmiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, «baxış keçirilməsi və əşyaların götürülməsi» haqqında protokol, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə tam təsdiq olunur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadə cinayət işi üzrə toplanılmış mötəbər sübutlarla təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Müdafiə tərəfi nə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, nə də apellyasiya şikayətində ittiham tərəfinin təqdim etdiyi və yetərli olan mötəbər sübutları təkzib edəcək “ağlabatan” və inandırıcı hallar təsvir etməmiş və işin konkret hallarına istinad etməklə apellyasiya şikayətini əsaslandırmışdır. Mübahisəsizdir ki, bu formada təqdim olunan apellyasiya şikayəti yalnız müdafiə tərəfinin özünü müdafiə üsulu kimi qiymətləndirilməlidir. Hazırda apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilmədi. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, həmçinin ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilməsinin ümumi prinsipləri nəzərə alınmaqla məhkum edilmiş şəxsə ittiham olunduğu maddələrin sanksiyasının hüdudları daxilində qanuni və əsaslı cəza təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası hüdudunda, cinayət qanununun tələblərinə uyğun, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2021 saylı, 23 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-43/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-43/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver