Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-463/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)- 12/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)- 12/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə qaldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış “İ-Qafqaz” firmasına məxsus “DAEWOO BS090” markalı, Az-**-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılması, iş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrində texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi ilə idarə etdiyi «İ-Qafqaz» firmasına məxsus «DAEWOO BS090» markalı, Az-**-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşrut avtobusu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinin 5-ci sırasının sonundan 60 metr aralı məsafədə yerləşən «Dan ulduzu» kafesi yaxınlığındakı oboy mağazasının qarşısında yerləşən minik meydançasında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, göstərilən yerdə «DAEWOO BS090» markalı, Az-**-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşrut avtobusun qabaq qapısından düşən sərnişin xxx Zərərçəkmiş şəxs tam düşməsini, avtobusdan kənarlaşmasını gözləmədən avtobusun qarşı qapısını açıq vəziyyətdə saxlamaqla avtobusu hərəkətə gətirməsi zamanı xxx Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyərək avtobusun alt hissəsinə yıxılmış, nəticədə avtobusun qarşı sağ təkəri xxx Zərərçəkmiş şəxs bədəni üzərindən keçərək ehtiyatsızlıqdan sonuncuya sol aşağı ətrafın geniş ölçülü dərialtı hematoması, sol pəncənin əzilmiş yarası, sol ayağın 1-ci barmağının qapalı, yerdəyişmiş sınıqları, sağ yuxarı ətrafın geniş ölçülü əzilmiş-cırılmış yaraları, dəri və toxuma defektləri, sol baldırın dərin venaların və ağciyər arteriyasının tromboemboliyasından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, almış olduğu xəsarətlərlə əlaqədar xxx Zərərçəkmiş şəxs «Modern Hospital» xəstəxanasına yerləşdirilmiş və xx.xx.2019-cu il tarixdə xxx Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən yaşadığı evdə ölmüşdür. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə apelyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-12/2020 saylı hökmünü ləğv edərək, cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq aparılarkən müstəntiq tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, dolğun istintaq aparılmamış, təhqiqat və istintaq orqanının iş materialları ilə təsdiq olunmayan fərziyyəsinə uyğun olaraq işin materialları, təhrif edilərək saxtalaşdırılmış, təqsirləndirilən şəxsin bütün prosessual hüquqları, o cümlədən müdafiə hüquqları kobud, məhkəmədə aradan qaldırılması mümkün olmayan şəkildə pozulmuşdur. Nəticədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş əsassız və qanunsuz saxta ittiham əsasında məhkəmə tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Fəxrəddin oğlu xx.xx.2019-cu il tarixdə onun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi üçün vəkil Müdafiəçila müqavilə bağlamış və həmin tarixdə axşam saatlarında müstəntiqlə telefonla əlaqə saxlayaraq Tahirov vəkillə birlikdə Qaradağ RPİ-nə gələrək İŞnin müstəntiqi polis mayoru Elnur Abdullayevlə görüşərək ona ******* saylı orderi, təqsirləndirilən şəxs və vəkil tərəfindən imzalanmış müşayiət ərizəsini təqdim etmişdir. Lakin, müstəntiq təqsirləndirilən şəxsi tutulan zaman müvəqqəti saxlama kamerasında təzyiq və aldatma yolu ilə və heç bir izahat almadan, həbsdən azad etmə adı ilə əvvəlcədən tərtib edilmiş sənədlərə heç bir müdafiəçinin iştirakı olmadan imza etdirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsə digər sənədlərə onun yanına gələrək onun iş yerinin yanında qarajın qarşısında aldadaraq yekun istintaq sənədlərinə qol çəkdirmiş, sonradan işdə, faktiki olaraq iştirak etməmiş, təqsirləndirilən şəxsə təqdim edilməmiş özü tərəfindən istintaq zamanı dövlət hesabına təyin edilmiş, lakin heç bir istintaq hərəkətində iştirak etməmiş (hadisə yerinə baxış fotoları da bunu təsdiq edir) vəkilə formal olaraq istintaq sənədlərinə imza etdirərək işi prokurorluq vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəməhazırlıq iclasında istintaqın qərəzli, natamam, saxtakarlıqla aparılmaqla məhkəmə istintaqı zamanı aradan qaldırılmasının qeyri-mümkünlüyü, təqsirləndirilən şəxsin müdafiə və müdafiəçinin hüquqlarının kobud pozulması və çoxsaylı kobud prosessual pozuntulara yol verildiyindən, həmçinin cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsinin mümkün olmaması səbəbindən AR CPM-nın 303-cü maddəsinə əsasən cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etsəm də, cinayət işi ittihamçının xahişi ilə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə istintaqı zamanı da ibtidai istintaq tərəfindən yol verilmiş prosessual pozuntuların nəticəsini aradan qaldırılması mümkün olmamış, məhkəmə faktiki olaraq ittiham aktını elektron daşıyıcı vasitəsilə hökmə köçürməklə (bütün orfoqrafik, qrammatik səhvlərlə) qərar qəbul etmişdir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən idarə edilən avtobusla xəsarət yetirilməsini göstərən yeganə sübut zərərçəkmiş şəxsin hadisədən bir gün sonra Bakı Şəhəri Qaradağ RPİ-i TŞ-nin baş təhqiqatçısı X1 tərəfindən xx.xx.2019-cu il tarixdə xəstəxanada zərərçəkmiş şəxsin nümayəndəsi G.Əhmədova tərəfindən imzalanmış ziddiyyətli izahatdır. Məhkəmə baxışı zamanı, sonradan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, G.Əhmədova iltizam altında məhkəmədə verdiyi ifadəsində atasının xəstəxanada izahat vermək iqtidarında olmadığını və izahat vermədiyini bildirdi və istintaq zamanı atası tərəfindən vermiş izahata düzəlişlərlə əlaqədar müstəntiqə izahat vermədiyini bildirmişdir. Bundan sonra, zərərçəkmişin oğlu A.Mirzəyevin xahişi ilə o, G.Əhmədovanı əvəz edilmişdir. Təəssüflə bildiririk ki, hökmdə onun məhkəmədə verdiyi ifadələr də tam olaraq düzgün göstərilməmişdir. Qeyd etmək istəyirik ki, zərərçəkmiş şəxsin hüquqi varislərinin nümayəndələrinin, təqsirləndirilən şəxsin və digər iştirakçıların ifadələri hökmdə düzgün göstərilmədiyindən məhkəmə iclas protokolu ilə tanış olaraq qeydlər verdikdən sonra əlavə şikayət veriləcəkdir. Zərərçəkmişin xəsarət alması hadisəsi Sədərək yarmarkasında, bazarda çoxsaylı insanların olduğu ərazidə baş versə də və həmin şəxslərin TŞ kameralarında tam aydın şəkildə sifətləri görünsə də istintaq tərəfindən, hesab edirik ki, məqsədyönlü şəkildə bir nəfər belə hadisə barəsində şahid qismində dindirilməmişdir. Təhlükəsizlik kameralarının görüntülərinə məhkəmə hazırlıq iclası zamanı baxış keçirilərkən görüntülərin bir hissəsinin kəsilərək götürülməsi, hadisənin ümumiyyətlə görüntüyə düşməməsi, zərərçəkmiş şəxsin hansı şəraitdə xəsarət alması, ümumiyyətlə YNH-nin olması barədə konkret fikir irəli sürməyə imkan vermir. Belə olan halda zərərçəkmiş şəxsin nədən xəsarət aldığını, YNH baş vermişsə onun mexanizmini müəyyən etmək üçün mütləq hadisənin şahidləri dindirilməli, yaxınlıqdakı mağazalarda olan kameralara baxış keçirilməli idi və bu mahiyyəti üzrə düzgün qərar qəbul edilməsi üçün mütləq təxirə salınmadan edilməlidir. Bundan əlavə, təhlükəsizlik kameralarının tam görüntüləri əldə edilərək təqsirləndirilən şəxsin idarə etdiyi avtobus daxil olmamışdan əvvəl zərərçəkmişin hadisə yerində yıxılıb qalıb-qalmaması, ondan əvvəl hansı nəqliyyat vasitələrinin keçməsi, konkret hansı nəqliyyat vasitəsi tərəfindən vurulması müəyyənləşdirilməlidir. Bundan sonra, müstəntiqin fərziyyəsi əsasında deyil, faktlar əsasında YNH mexanizmi dəqiq müəyyən edildikdən sonra YNH-i ekspertizası təyin edilməlidir. Qeyd etmək istəyirəm ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə hadisə yerinə baxış keçirərək oradakı satıcılarla ayaqüstü söhbət zamanı onların razılığı ilə onların bir neçəsinin videogörüntülərini telefon vasitəsilə almışıq (ehtiyac olarsa diskə köçürüb məhkəməyə təqdim edə bilərik). Onların zərərçəkmiş, hadisə barəsində kifayət qədər məlumatları vardır. Hadisəni görənlər də vardır. Həmin şəxslərin ifadələri alınmalıdır. Bundan əlavə, hadisə yerində bilavasitə təqsirləndirən şəxsə kömək edərək zərərçəkmişi avtobusa mindirib tibb məntəqəsinə aparıb və orada düşürmüş, yolda təqsirləndirilən şəxsin xahişilə özünün ***-***-**-** nömrəli telefonu ilə təcili yardıma zəng etmiş Nuray adında qadın olmuşdur (ailəsinə görə məhkəməyə gəlmək istəmir). Onun izahatı alınmalıdır. İş üzrə məhkəmə trasoloji, kimyəvi, bioloji ekspertizalar keçirilərək avtobusun təkərlərində qan izlərinin, zərərçəkmişin əynindəki paltarların hissəciklərinin olubolmaması, zərərçəkmişin əynində olan paltarları trasoloji, kimyəvi ekspertizaya verilərək zədələrin xarakterləri, mexanizmləri, üzərində olan hissəciklər müəyyən edilməmişdir. Bundan əlavə, qeyd etmək istəyirik ki, zərərçəkmişin aldığı xəsarətlər dərəcələrinə görə həyat üçün təhlükəli olmayan sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olmasına baxmayaraq tibbi ekspert tərəfindən əsassız olaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri kimi qiymətləndirilmişdir. Ümumiyyətlə iş üzrə keçirilmiş tibbi ekspertizanın rəyi, o cümlədən meyitin daxili müayinəsinin aparılması, ölümün səbəbinin düzgün müəyyən edilməsi əsaslı şübhələr yaradır. İş materiallarında xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları, əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri və baxımsızlıq nəticəsində, xəstənin vəziyyətinin ağırlaşmasını ehtimal etmək üçün kifayət qədər hallar mövcuddur. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına görə xəsarət yetirildikdən sonra əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri, tibbi yardım göstərilərkən yol verilmiş qüsurlar (defektlər) və s. nəticəsində əmələ gəlmiş hallar özlüyündə sağlamlığa zərər vurmanın dərəcəsini dəyişməyə əsas verməməlidir. Belə hallarda məhkəmə-tibb eksperti öz rəyində baş vermiş ağırlaşma və yaxud ağırlaşmanın xarakterini göstərməklə onların mövcud xəsarət ilə hansı səbəbli əlaqədə olmasını qeyd etməyə borcludur. Xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları nəticəsində xəstənin vəziyyətinin ağırlaşması müvafiq ixtisasdan olan mütəxəssislərin iştirakı ilə müəyyən edilir və sağlamlığa zərər vurmanın dərəcəsinin artırılmasına əsas vermir. Belə hadisələrdə məhkəmə-tibb ekspertləri baş vermiş ağırlaşmanın, yaxud fəsadın xarakterini göstərməli, həmçinin onların xəsarətlərlə, yaxud göstərilən tibbi yardımın qüsurları ilə hansı səbəbli əlaqədə olmasını ekspert rəyində qeyd etməlidirlər. Ekspertin rəyi kifayət qədər əsaslı olmadığından, şübhə doğurduğundan, ekspertiza aparılmasının prosessual qaydaları pozulduğundan, iş üzrə təkrar kompleks ekspertizanın keçirilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə kollegiyasına apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-12/2020 saylı hökmünü ləğv edərək, cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı2 məhkəmə kollegiyasına izahatında qeyd etmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-12/2020 saylı hökmünü ləğv edərək, cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması üçün əsaslar yoxdur. Apelyasiya şikayəti məhkəmə baxışı təyin edilməsi və Müdafiəçi barəsində qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti üzrə icraata xitam verilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)- 12/2020 saylı hökmü ləğv edilməli, cinayət işi materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsi göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaqda təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxs istədiyi vəkili müdafiəçi seçməyə, onunla birlikdə müdafiə hüququnu həyata keçirmək kimi hüquqları olmasına baxmayaraq müstəntiq tərəfindən bu təmin edilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi ilə Təqsirləndirilən şəxs Fəxrəddin oğlu arasında hüquqi xidmət göstərilməsi ilə bağlı xx xxxx 2019-cu ildə müqavilə bağlanılmış, bunun əsasında vəkil orderi tərtib edilmişdir. Bu order isə xx xxxx 2019-cu il tarixdə ibtidai istintaqı aparan müstəntiqə təqdim etmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/673 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 315-ci vərəqəsində Təqsirləndirilən şəxs Fəxrəddin oğluna hüquqi yardım göstərilməsi ilə bağlı xx xxxx 2019-cu il tarixli vəkil orderinin kserosurətinin arxa hissəsindəki “Qəbul etdim: 23.07.19” yazıları və həmin yazılarının qarşısındakı imza - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi şübhəli hesab edilməlidir. Belə ki, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi ilə Təqsirləndirilən şəxs Fəxrəddin oğlu arasında hüquqi xidmət göstərilməsi ilə bağlı xx xxxx 2019-cu il tarixdə müqavilə bağlanılmış, bunun əsasında vəkil orderi tərtib edilmişdir. Lakin, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilməsi ilə bağlı ibtidai istintaq zamanı iştirakı təmin edilməmişdir. İş materiallarından da görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 xx.xx.2019-cu il tarixdən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə kollegiyası hətta ekspert rəyi olduğu təqdirdə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 2019-cu il tarixdən ibtidai istintaqda müstəntiqdən asılı olmayaraq iştirakının mümkün olmamasını inandırıcı hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası ekspert rəyinin nəticələrinin şübhəli olması qənaətinə gəlir və onu inandırıcı hesab etməyərək həqiqəti əks etdirməyən kimi qiymətləndirir. Beləliklə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə: - məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; - cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) ilə yol verildikdə çıxarılır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti üzrə icraata xitam verilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(002)- 313/2019 saylı hazırlıq iclasının qərarı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-12/2020 saylı hökmü ləğv edilməli, cinayət işinin materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsi göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 391.8.1 və 391.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş apelyasiya şikayəti üzrə icraata xitam verilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(002)- 313/2019 saylı hazırlıq iclasının qərarı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-12/2020 saylı hökmü ləğv edilsin. Cinayət işi materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsi göndərilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X2 X5
Məhkəmə qərarları › İş №1(103)-463/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-463/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver