Məhkəmə qərarları › İş №1(103)-464/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-464/2020

22.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-464/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Əflatun İbrahim oğlunun sədrliyi və məruzəsilə, X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin Bakı Şöbəsinin prokuroru X6 oğlunun, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində 2009-cu il təvəllüdlü uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olarq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair 31 yanvar 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə, həmçinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları X8, Zərərçəkmiş şəxs, Şahid1 və X1 birlikdə əvvəllər dəfələrlə yığışdıqları və gecələdikləri ünvan 3 ünvanında yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə 03 may 2017-ci il tarixdə, gecə saat 02-03 radələrində spirtli içki qəbul edib yatdıqdan sonra həmin gün saat 06 radələrində Elman Məhərrəmovu yuxudan oyadaraq Zərərçəkmiş şəxs onun (Elman Məhərrəmovun) şalvarının arxa cibini kəsib pulunu götürməsini bildirdikdə Elman Məhərrəmov ayağa qalxıb təxminən 3-5 metr aralıda yatmış Zərərçəkmiş şəxs yaxınlaşıb yuxudan oyatmış, pulunu götürməsinə iradını bildirərək yaxasından tutub ayağa qaldırmış, Zərərçəkmiş şəxs pulu götürmədiyini və pulu kimin götürməsindən xəbəri olmadığını dedikdə, Elman Məhərrəmov sərxoş halda cüzi səbəbdən, yəni cibindən üç manat məbləğində pulunu götürməsini bəhanə edib xuliqanlıq niyyəti ilə, ağır dərəcəli sərxoş vəziyyətində olması səbəbindən müqavimət göstərmək imkanından məhrum olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə yaxasından tutaraq Elman Məhərrəmov onu özünə tərəf çəkib kəllə ilə baş nahiyəsinə və gözünün qaş hissəsinə zərbə vurmuş, ardınca yumruğu ilə sifətinin sol tərəfində qaşla göz arasındakı nahiyəyə daha iki zərbə vurmuş və zərbədən arxası üstə yerə yıxılmış Zərərçəkmiş şəxs yaxasından tutub özünə tərəf çəkərək, sağ tərəfi üstə fırladıb yerə yıxaraq təpiklə ayaqqabısının alt hissəsi ilə üz-alın nahiyəsinə zərbələr vurarkən, o, Elman Məhərrəmovla həmrəy olduğunu nümayiş etdirərək sonuncuyla eyni vaxtda bir qrup şəxs halında təpik zərbələrilə ayaqqabısının alt hissəsi ilə Zərərçəkmiş şəxs üz və alın nahiyəsinə çoxsaylı təpik zərbələri vuraraq sağ qaşın tış kənarında bir ədəd əzilmiş yara və qançır, sağ göz ətrafını əhatə edən qançır, alın nahiyyəsində ortada qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə nəticələnərək ölümünə səbəb olmuş xəsarətlər yetirib Zərərçəkmiş şəxs bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmlə özünü təqsirli bilmədiyini və işin Nərimanov rayon prokurorluğuna qaytarlmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı mövqeyini bir daha dəqiqləşdirərək, Zərərçəkmiş şəxs ölümündə iştirak etmədiyini və təqsirinin olmadığını, yalnız həmin cinayət haqqında məlumat verməməkdə özünü təqsirli bildiyini göstərmişdir. Hökmdən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən isə apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və həmin Məcəllənin normalarının düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifini mübahisələndirmiş və birinci instansiya məhkəməsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Lakin, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi sərbəst ifadəsində mərhum Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxın tanıdığını, asudə vaxtı olanda Müşfiqlə, əvvəllər CÇM-də tanış olduğu Elman Məhərrəmovla və digər şəxslərlə görüşüb spirtli içki qəbul etdiyini, hadisə günü həmin şəxslərlə birlikdə sökülmüş “Qarabağ” mehmanxanasının yerində olan sahədə görüşüb spirtli içki qəbul edib orada gecələdiklərini, yatdıqları vaxt Müşfiqin lezva ilə Elmanın arxa cibini kəsərək 3 manat pulunu çıxardığını, bu barədə Elmanı oyadıb Müşfiqin onun cibinə girdiyini dediyini, Elmanın əsəbiləşdiyini, həmin vaxt Müşfiqin Elmanın cibini kəsdiyini və pulunu götürmək istədiyini inkar etməsindən daha da əsəbiləşib sonuncunun ünvanına söyüş söydüyünü və yaxınlaşıb dirsəyi ilə boğazına udlağının üstündən bir dəfə zərbə endirdiyini, həmin zərbədən Müşfiqin səndələdiyini, lakin yıxılmadığını, bu vaxt Elmanın kəllə ilə Müşfiqin baş nahiyəsinə və gözünün qaş hissəsinə zərbə vurduğunu, ardınca yumruğu ilə sifətindən vurduğunu və Müşfiqin arxası üstə yerə yıxıldığını, Elmanın Müşfiqin yaxasından tutub özünə tərəf çəkərək, sağ tərəfi üstə fırladıb yerə yıxaraq təpiklə ayaqqabısının alt hissəsi ilə üz-alın nahiyəsinə zərbələr endirdiyini, Müşfiqin üz-gözünün qana bulaşdığını və böyrü üstə fırlanaraq həmin formada yerdə qaldığını, həmin zaman yaxınlaşıb Müşfiqin ünvanına söyüş söydüyünü, Müşfiqin yerdə uzanıb xırıldadığını, yaxınlaşıb baxanda Müşfiqin öldüyünü başa düşdüyünü, bir müddət Bakı şəhərində gizləndikdən sonra Balakən rayonuna getdiyini, oradan isə gizli sərhədi keçərək Gürcüstanın Laqadexi rayonuna getdiyini, lakin orada polis tərfindən yaxalandığını və sərhədi qanunsuz keçdiyinə görə iki il müddətinə azadlıqdan məhrum edildiyini sonra isə Azərbaycana ekstradisiya olunduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Vəlihəd oğlu ifadəsində, mərhum Zərərçəkmiş şəxs həmyerlisi kimi hadisədən təxminən 4 ay əvvəl tanıdığını, Müşfiqin tüfeyli həyat tərzi sürdüyünü, spirtli içkilərə meyilli olduğunu, gündəlik ödənişi 2 manat olan evlərdə kirayə yaşadığını, pulu olmayanda isə əvvəl «Qarabağ» mehmanxanası kimi tanınmış və sökülmüş binanın yerində dostları ilə gecələdiyini, Müşfiqin ormal həyat tərzinə qaytarmağa çalışdığını, Müşfiqə Xırdalan şəhərində iş tapdığını və bu barədə məlumat vermək məqsədlə xx.xx.2017-ci ildə saat 15 radələrində “Qarabağ” yataqxanasının yerləşdiyi yerə getdiyini və həmin əraziyə yaxınlaşdıqda əvvəllər tanıdığı Tofiqin və adlarını bilmədiyi daha iki nəfər şəxsin spirt içdiyini gördüyünü, Müşfiqin isə həmin şəxslərin yaxınlığında təxminən 4-5 metr aralıda yerdə uzanıqlı vəziyyətdə üzü örtülü vəziyyətdə olduğunu gördüyünü, Müşfiqin üzünü açdıqda onun sifət nahiyəsinin qan içində olduğunu, hündür boylu, orta çəkili, təxminən 35-40 yaşlarında şəxsin ayağa qalxaraq “Müşfiqin üzünü ört qoy yatsın” dediyini, həmin şəxsə məhəl qoymayıb Müşfiqin bədəninə baxıb öldüyünü başa düşdüyünü: “Bunu kim belə edib?” dedikdə, hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs “mən vurub öldürmüşəm” dediyini, o, 102 xidmətinə zəng edəcəyini deyib cibindən telefonu çıxartdığını, bunu görən Raminin və digər şəxslərin oradan qaçdığını, 2017-ci ildə Elman Məhərrəmovun məhkəməsində olduğunu və Elmanın ifadəsində Müşfiqi Raminlə birlikdə döyüb öldürdüyünü göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onunla birlikdə əvvəllər 12 saylı CÇM-də cəza çəkmiş, 2017-ci ildə azad olunmuşdur. Bakı şəhərində özünə iş axtardığı zaman Təqsirləndirilən şəxsla rastlaşmışdır. Raminə iş axtardığını bildirdikdə sonuncu onu «Yaşıl bazara» yük daşıyan fəhlə kimi işə düzəldəcəyini, özünün də orada fəhlə işlədiyini bildirmişdir. O, Ramin kimi gündəlik ödəniş qiyməti 2 manat olan kirayə evlərdə qalmış, bəzən isə sökülmüş «Qarabağ» mehmanxanasının yerində digər tüfeyli həyat sürmüş Tofiq, Müşfiq, Sanya və digər şəxslərlə gecələmiş, hər gün əldə etdikləri spirt və arağı qəbul etmişlər. Müşfiq Raminin tanışı olmaqla onu hadisədən 10-15 gün əvvəl tanımışdır. Hadisə baş verən gün yenə qeyd etdiyi ərazidə hamısı birlikdə spirtli içkilər qəbul edib yatmışlar. Müşfiq onun yanında yatmışdır. Gecənin yarısında Ramin onu oyadaraq demişdir ki, Müşfiq şalvarının cibini kəsib pulunu götürmüşdür. Onun şalvarının arxa cibində 3 manat pulu olmuşdur. Əlini cibinə ataraq görmüşdür ki, cibi kəsilmiş, pullar isə götürülmüşdür. Bu səbəbdən əsəbləşib Müşfiqi yatdığı yerdə oyatmış, ayağa qaldırmış, ondan pulunu tələb etmiş, Müşfiq pulu götürməyi inkar etdikdə başı ilə Müşfiqin sifət nahiyyəsindən vurmuş, Müşfiq yerə yıxıldıqda təpiklə 2 dəfə başından vurmuş, sonra isə yenidən yıxılıb yatmışdır. Lakin Ramin yerdə olan Müşfiqə yaxınlaşaraq onu söyə-söyə təpikləmiş, Müşfiq hərəkətsiz qaldıqda isə paltosunu üzərinə atmışdır. Digər hallardan onun xəbəri olmamışdır. Yəni, Rafiq adlı şəxsin hadisə yerinə gəlməsi və polisə zəng etməsindən xəbəri olmamışdır. Onu yatdığı yerdə polis əməkdaşları oyadıb bölməyə aparmışlar, barəsində cinayət işi olmuş, 2017-ci ildə elə bu məhkəmədə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bildirmək istəyir ki, o, Müşfiqi vurub ondan aralandıqdan sonra Müşfiq sağ idi, ölməmişdir. Müşfiq yalnız Raminin zərbələrindən sonra ölmüşdür. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı və X5 məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, Müşfiqin Ramin və Elman tərəfindən döyülməsi nəticəsində öldüyünü bilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə, X8 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək czasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarının 5-ci bəndində qeyd edilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin qərarın 6-cı bəndində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərarın 13-cü bəndində qeyd edilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkum Təqsirləndirilən şəxs münasibətdə “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə” nin xüsusiyyətləri iş üzrə dindirilmiş şəxslərin, eləcə də məhkum Təqsirləndirilən şəxs ifadəsinə, habelə məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs şikayətinə münasibətdə, işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş hüquq normalarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin mötəbər sübutlar əsasında iş üzrə müəyyən etdiyi faktiki halları qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından tam əsaslı və tədqiq olunmuş sübutlara uyğun sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli qiymət verərək, düzgün nəticəyə gəlməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.2 və 120.2.9-cu maddələri ilə düzgün tövsif etmişdir. Onun təqsiri zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin işin faktiki hallarına uyğun olan fadələri ilə, həmçinin müvafiq ekspert rəyləri, maddi sübutlar və işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin araşdırılması zamanı tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə aidiyyətini düzgün müəyyən etmişdir. Odur ki, birinci instansiya məhkəməsi məhkumun, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə bağlı müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun düzgün qiymətləndirmiş və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara istinad etməklə gəldiyi nəticələri istintaq orqanı tərəfindən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə irəli sürülmüş ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyin aşağıda qeyd olunan tələbləri baxımından qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayət hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxscəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 61-ci maddələrinə müvafiq olaraq, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələrinə əməl etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə alaraq, ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələrinin sanksiyasında müəyyən edilmiş həddə cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Bununla da, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L İ R: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9cu maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar