Məhkəmə qərarları › İş №1(103)-471/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-471/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-471/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qurbanov Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilməsi və daha aşağı həddə cəza verilməsinin xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edən zaman onun əlilliyini, himayəsində xəstə yaşlı anasının olmasını və ailəsinin maddi durumunun aşağı olmasını nəzərə almayaraq daha ağır cəza təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətində onun əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verməmişlər. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi X3 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək, onun cəzasının yüngülləşdirilməsi üçün əsas görmür və bu barədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, iş üzrə məhkumun özünün etiraf ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə edilmiş hökmlərdən və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 03 il 10 aya endirilmiş, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 04 aya endirilmiş, Nizami Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının tam çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 1(008)708/2019 saylı Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)226/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsində hazırda qüvvədə olan normalarına uyğunlaşdırılmış, məhkum Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən, həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzasının çəkib qurtarması nəzərə alınmışdır. Göründüyü kimi məhkumun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə törətdiyi cinayət əməli xx.xx.2019-cu il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarı ilə az ağır cinayətlər təsnifatına aid edilmiş və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yaranmış məhkumluğu hazırkı cinayət əməlinə münasibətdə aradan qalxmışdır. Cinayət işində mövcud olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 58.1 və 71.5-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu zaman cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsinin sanksiyası həddində residivə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli, eləcə də cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 48, 51-2, 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair xx.xx.2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qurbanov Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar